“Prezident onun ailəsi üçün
hazırladığım sərnici
çox bəyəndi”
Kərbəlayi
Əliyev 52 yaşının içindədir. Amma dediyinə
görə, 45 il iş təcrübəsi var. Misgərdir. 7
yaşından atasının yanında “çıraqlıq”
edib. “Şəyird” olub. İndi onu nəinki Lahıcda, İsmayıllıda,
ölkəmizin bir çox yerlərində, eləcə də
Azərbaycandan kənarda tanıyırlar.
Həmsöhbətim hafta.az-ın obyektivinə gördüyü işlərdən elə ağızdolusu bəhs edir ki, danışdıqlarına diqqət kəsilməyə bilmirsən. İndi Lahıcın turistlər qaynaşan əsas küçələrindən birində onun atadanqalma bir emalatxanası var. İçərisi yarıqaranlıq olsa da, mis heykəldən qazana, sərnicə, güyümə, nimçəyə, siniyə qədər nəyi axtarmaq istəsən, tapa bilərsən. Hamısını özü hazırlayıb. Adı Kərbəlayi olsa da, kənddə-kəsəkdə hər kəs ona “Kəbleyi” deyir. İndi Kəbleyinin danışdıqlarına qulaq kəsilək.
“Günə ən
azı 100 manat qazanıram...”
Kərbəlayi kişidən günə nə qədər qazandığını soruşuram. Hər gün evə bir “qızıl yüzlük” apardığını söyləyir. Özü də hər gün səhər tezdən gəlib emalatxananın qapısını açır. Yarım qalmış işlərini tamamlayır. Sonra yeni sifarişlər alır. Yarımçıq işi başa vurmamış sifariş götürmədiyini bildirir: “Şükür ki, ac qalmıram. Hər fəsildə pulum olur. Turistlər gəlməyəndə də kənd camaatına, yeni evlənənlərə mis qazanlar, sərniclər, səhənglər düzəldirəm. Hələ 7 yaşım olanda televiziyadan Lahıca çəkilişə gəlmişdilər. Film çəkirdilər. O zaman hələ bu sənətin sirlərini yeni-yeni öyrənirdim. Atamın emalatxanasına – yəni buraya da baş çəkdilər. Balaca qazanları da gördülər. Atam dedi ki, bunları oğlum hazırlayıb. Həmin sənədli filmdəki balaca uşaq mənəm. Mis qazan hazırlayan yerdə çəkiblər”.
Kəbleyi o vaxtdan bu vaxta qədər hər gün öz üzərində işlədiyini, bu sənətin sirlərini daha dərindən mənimsədiyini söyləyir. Onu da vurğulayır ki, günə 100 manat qazanmasa, demək ki, işləməyib: “Naşükür deyiləm, nə qazansam, qane oluram. Bu elə bir sənətdir ki, indiyə qədər heç kimi ac qoymayıb. Hər gün heç işləməyəndə evə bir “qızıl yüzlük” aparıram”.
“Lahıca qaz
veriləndə milli naxışlı məşəli mən
düzəltdim...”
Həmsöhbətim öz məharətlərindən, dövlət əhəmiyyətli sifarişlərdən də danışır: “Bir gün eşitdim ki, Lahıca mavi yanacaq veriləcək. Hamımız qaz həsrəti çəkirdik. Cənab prezidentin də açılışda iştirak edəcəyini söylədilər. Məşəl düzəltmək lazım idi. Elə bir məşəl olmalı idi ki, Lahıcın, eləcə də xalqımızın tarixi, milli adət-ənənələrimiz həmin məşəldə əks olunsun. Hamısı da milli naxışlar... Lahıcdakı sənətkarların hamısı məni məsləhət görmüşdülər. Üç aya o məşəli hazırladım. Üzərinə “SOCAR” sözlərini və emblemini həkk etdim. Cənab prezident və birinci xanım həmin məşəli çox bəyənmişdi. Amma mən o məşəldən bir qəpik də almadım. Bizə mavi yanacaq verilirdi. Bunun əvəzini məşəllə çıxmağa çalışdım. Ən yaxşı əl işlərimdən də biri o məşəl idi”.
“Prezidentin ailəsi üçün
elə bir sərnic hazırladım ki...”
Kərbəlayi
Əliyev prezidentin ailəsi üçün sərnic
hazırladığından da danışır. Söyləyir
ki, beş aya elə bir sərnic hazırlayıb ki, gəl
görəsən. Özü də gecə-gündüz
üzərində işləyib: “Ağlıma maraqlı nə
ideya gəlirdisə, üzərində işləyirdim. O əsl
sənət əsəri idi. Üzərində bir çox
kompozisiyalar vardı. Adətən o cür sifarişlərin
qiyməti 5000 manatdan aşağı deyil. Amma mən sidq
ürəklə prezidentimizə onu hədiyyə edəcəkdim.
Bilirdim ki, nə vaxtsa Lahıca yenə gələcək.
Sonuncu dəfə buraya gələndə səhər tezdən
son naxışları vurub sərnici hazır elədim. Birdən
qapını döydülər ki, prezident gəlir, buranı
bağlayıb çıxın. Prezident gələndən
sonra emalatxananı açarsınız. Lap qanım
qaraldı. Cangüdənlər hər tərəfi nəzarətə
götürmüşdü. Eşitdim ki, böyük
qardaşım prezidentlə görüşən kənd
ağsaqqalları arasındadır. Aparıb sərnici ona
verdim. Prezidentə hədiyyə etdi. Mən özüm orada
iştirak edə bilmədim. İlham müəllim də,
Mehriban xanım da sərnici çox bəyəniblər.
Qardaşım hamısını mənə
danışdı. Sonra üzərində 5 il işlədiyim
bir qəhvədanı Leyla xanım üçün hədiyyə
etdim. O, da əl işimi çox bəyənib təşəkkür
etmişdi. Bilirsiniz, gərək nə iş görsəniz
üzərində həvəslə
çalışasınız. Adi bir sifarişi də,
başqa bir işi də həvəslə görürəm.
Çünki onu düzəldən mənəm”.
“40 manata satdığım iş də
olub 10 min manata da...”
Kərbəlayi
kişi söyləyir ki, bahalı işlərini ya biznesmenlərə,
ya da imkanlı turistlərə satıb. Yaxşı da pullar
qazanıb. Dediyinə görə onun işlərini
başqalarından fərqləndirən klassik üslubda
hazırlamamasıdır. Yeri gəldikcə öz
fantaziyalarını işə salır. Adi mis qazanın
üzərində lirik, tarixi işləmələr,
naxışlar vurur.
Kərbəlayi
Əliyevdən sifariş verilərkən
ölçünü necə müəyyənləşdirdiyini
soruşuruq. Cavabı qısa olur: “Mis qazanların
ölçü vahidi düyüdür. Bir kilo diri
düyü tutan qazanda on nəfərlik ailənin yeməyi
bişir. Yarım kiloluq düyü qazanda beş nəfərlik.
Kənd camaatı üçün bir qazanı 30-40 manata
hazırlayıram. Turistlərə isə 50 manatdan
aşağı satmıram. Bahalı mis məmulatlarını
daha çox xaricilər, ucuzlarını yerli turistlər
alır. Hətta cehizlik mis qablar da hazırlayıram. 300-500
manata dəst işlər sifariş alıram.
Üç-beş günə də təhvil verirəm. 40
manata satdığım iş də olub, 10 min manata da... Elə
turist olub ki, dostunda əl işimi görüb, bəyənib.
Azərbaycana, Lahıca məhz həmin qabdan eynisini almaq
üçün gəlib.”
“5-6 nəfər götürüb
bu sənətin sirlərini öyrədəcəyəm...”
Həmsöhbətim
deyir ki, oğlanları da bu sənətin sirlərinə
hakimdirlər. İndi özləri misgərlikdən pul
qazanıb ailələrini dolandırırlar. Həm də dədə-babadan
gələn bir el sənətini “ölməyə” qoymurlar. Kəbleyi
bununla da misgərlik qarşısında işini bitmiş
hesab etmir: “Beş-altı nəfər kənd cavanlarını
götürüb bu sənətin sirlərini öyrədəcəyəm.
Bu sənət “ölməməlidir”. Çörək verən
sahədir. Yenə deyirəm, heç bir misgər ac
qalmayıb indiyə kimi. Həm onlar da ömrlük
çörək aparsın evlərinə, həm də bu sahə
itib-batmasın. Mənim özümün imarət kimi evim var.
O biri küçədədir. Hamısı bu sənətin
hesabınadır. Zəhmətkeş adamı bu sənət də
sevir. Təkcə qazan hazırlamıram, mis çıraq da
düzəldirəm. Xarab olan mis məmulatları da bərpa
edirəm. İşin böyüyü-kiçiyi olmur”.
“Kəbleyi” bizimlə söhbətini
bitirib işinin başına keçir. Yarım qalmış
işlərini tamamlayacağını söyləyir:
-Bir saata
qonşu gəlib qazanını aparacaq. Üzərində
bir-iki naxışlıq iş qalıb. Hazır edim ki, gələndə
gözləməsin...
Tural Turan
Həftə içi.- 2019.- 23 aprel.-
S.7.