“İnsanlara
nur bəxş edən alim”
Aprelin 28-də görkəmli
oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 96 illiyi tamam
olur. Görkəmli oftalmoloq, respublikamızda tibb elminin
inkişafına mühüm töhfələr vermiş akademik
Zərifə xanım Əliyevanın anadan olmasının 96
illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə
qeyd olunub.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
doğum günü ərəfəsində Nəsimi rayon
İcra Hakimiyyətinn təşkilatçılığı
ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin pulsuz göz müayinəsi təşkil
edilib.
Tibb
ocaqlarında ixtisaslı həkimlər
tərəfindən sakinlərin
görmə qabiliyyətləri müəyyən edilib,
göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin
olub-olması yoxlanılıb. Həkimlər görmə
problemi olanlara yerindəcə müəyyən tibbi xidmətlər
göstərib, ambulator müalicələr üçün
müvafiq reseptlər veriblər.
Azərbaycan
Tibb Universitetinin akt zalında Nəsimi
rayon İcra hakimiyyəti və
Azərbaycan Tibb Universitetinin görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın anadan olmasının
96-cı ildönümünə həsr olunmuş
“İnsanlara nur bəxş edən alim” mövzusunda birgə tədbiri
keçirilib. Tədbiri giriş sözü ilə
açan Universitetin rektoru, professor Gəray Gəraybəyli oftalmoloq-alim Zərifə
Əliyevanın tibb elminin inkişafına mühüm
töhfələr verdiyini,oftalmologiyanın aktual problemlərinə
dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti
ilə həkimlərin yeni nəslinin yetişməsinə və
Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir
göstərdiyini qeyd edib.
Nəsimi
rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov
Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru,
professor, əməkdar elm xadimi, Zərifə xanım
Əliyevanın həyat və fəaliyyəti barədə məlumat
vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım
Əliyeva respublikamızda tibb elminin inkişafına
mühüm töhfələr verərək oftalmologiyanın
aktual problemlərinə dair tədqiqatları ilə nəinki
keçmiş SSRİ məkanında, həmçinin
dünya miqyasında böyük şöhrət
qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti
həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda
oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Bildirilib
ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin
əsas istiqamətlərindən birini də peşə
oftalmologiyası təşkil edib. Alim dünyada ilk dəfə
görmə orqanının peşə patologiyasını
araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və
praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə
oftalmologiyası”nın əsasını qoyub.
Görmə
orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə
görə akademik Zərifə Əliyeva keçmiş
SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər
mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının
M.İ.Averbax adına mükafatına layiq görülüb.
Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın
alim kimi onun adı oftalmologiya elminin tarixinə
düşüb.
Ümummillli
Lider Heydər Əliyevin ömür gün yoldaşı olan
Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm
də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə
xanımın işıqlı obrazı yüksək vətənpərvərlik
və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq,
onun parlaq xatirəsi daim anılacaq, qədirbilən
xalqımızın qəlbində əbədi
yaşayacaqdır.
Daha
sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya” kafedrasının müdiri professor
Paşa Musayev və
“Oftalmologiya” kafdrasının
dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat
və fəaliyyətinin müxtəlif məqamlarından
söz açıb, onun Azərbaycan səhiyyəsinə
verdiyi töhfələrin əhəmiyyətini yüksək
dəyərləndirmişlər. Bildirmişlər ki, Zərifə xanım Əliyeva təkcə
çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib,
yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə
və oftalmoloq-həkimlərin ixtisaslarının
artırılması işinə də xüsusi diqqət
yetirib. Taleyini tibb elminə həsr edən akademik Zərifə
xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə
dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra
göz xəstəliklərinin müalicəsində, o
cümlədən Azərbaycanda traxomanın
kökünün kəsilməsində böyük əmək
sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin
öyrənilməsi və müalicə metodlarının
tapılması istiqamətində böyük xidmətlər
göstərib.
Tədbirin
sonunda pulsuz tibbi müayinəsi
təşkil edilmiş aztəminatlı ailələrdən
olan bir qrup məktəbliyə eynəklər hədiyyə
edilmişdi.
Azad
Həftə içi.- 2019.- 27-29
aprel.- S.8.