Yaşlı qadının ümidinə qalan,

3 mərtəbəsi çökmüş alban kilsəsi

 

Zaqataladakı 180 illik tarixə malik Qafqaz alban kilsəsi qəzalı vəziyyətdədir. Uçub-dağılmaq təhlükəsi ilə üzləşib. Yerli sakinlərin sözlərinə görə, ərazidə yaşayan tariximizin gələcək nəsillərə ötürülməsi üçün canfəşanlıq göstərən sakinlər bir neçə dəfə bununla bağlı aidiyyatı qurumlara müraciət ediblər. Amma bir nəticə hasil olmayıb.

Hafta.az-ın əməkdaşı sovet dövründə mənfur qonşularımızın təbliğatı nəticəsindəerməni kilsəsiadlandırdığı alban xristianlarınınata babalarımızın ibadət, tapınma yeri olan kilsədə olub. Qəzalı vəziyyətə düşən kilsənin son durumunu müşahidə edib.

Sakinlərin sözlərinə görə, 1820-ci illərdə tikilən kilsə 1836-cı ilə, yəni Çar Rusiyası tərəfindən Alban Katalikosluğunun qədər alban kilsəsi kimi fəaliyyət göstərib. Sonra uzun müddət istifadəsiz qalıb. Ətrafdakı müsəlman icmaları isə xristian dininin ata-babalarımızın bu mədəni irsini göz bəbəkləri kimi qoruyublar.

1900-cü illərin əvvəlində həbsxana kimi fəaliyyət göstərən kilsə ətrafındakı tikililər ikinci dünya müharibəsi illərində tibb kollecinin yataqxanası olub.

Daha sonra sovet hakimiyyətinin ilk illərində kilsənin ətrafına erməni ailələr yerləşdirilib. Onlar da kilsəniözününküləşdirməyəbaşlayıblar. Hər yerdəerməni kilsəsitəqdim edərək öz adlarına çıxmağa çalışıblar. Bu hal 1988-ci ildə milli azadlıq hərəkatı dövrünə qədər davam edib.

 

Yaşlı bir xanımın ümidinə qalan kilsə...

 

Hazırda kilsənin həyətində bir ev var. Maddi dolanışığı o qədər yaxşı olmayan bir xanımın evidir. Evi kilsəyə bitişikdir. Elə bir çox məlumatları da ondan öyrənirik. Tarixi abidəyə bitişik bir məkanda əcəb onlara ev tikməyə icazə verildiyini soruşuruq. Dilbər adlı bu yaşlı, həlim xasiyyətli xanım deyir ki, hazırda onun yaşadığı evdə 1988-ci ilə qədər ermənilər yaşayıb: “Biz burada ev tikməmişik. Bura alban katalikosluğundan sonra həbsxana olub. Çar Rusiyası onlara qarşı mübarizə aparan yerli sakinləri həbs edib buradakı zindana atıblar. Bir müddət kilsənin özü zindan kimi istifadə olunub. Sonradan bu ətraflara ermənilər köçürülüb. Onlar yaşayıblar. 1988-ci ildən isə biz məskunlaşmışıq”.

Hər gün səhər kilsənin ətrafını silib-süpürən Dilbər xanım deyir ki, kilsə üçün bundan artıq qulluq etməyə gücü çatmır: “Kilsə dövlət tərəfindən qorunmur. Dəfələrlə müraciət etmişik. Gəlib baxıblar. Hətta xeyli bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür müəllim gəlib baxıb. Dini Qurumlar üzrə Dövlət Komitəsindən gəlib baxıblar. Nəticə ortadadır. Heç bir tədbir görülməyib”.

Dilbər xanım deyir ki, ara sıra buraya polislər gəlir. Nəzarətdə saxlamağa çalışırlar. Digər sakinlər isə qeyd edirlər ki, bura daha samballı şəkildə qorunmalıdır. Aidiyyatı qurumların mütəmadi nəzarətində olmalıdır. Təmir edilməlidir. Dövlət qoruğu statusu verilməlidir.

Zaqataladakı Dədə Qorqud parkının yaxınlığında yaşayan digər sakinlər bunu təsdiq etdilər. Sakinlər söylədilər ki, bu abidə alban katalikosluğunun süqutdan əvvəlki son dövrünün yadigarıdır. Dövlət tərəfindən qorunmalıdır. Himayəyə götürülməlidir.

Elçin Şəldəyev adlı sakin isə bir məqama diqqət çəkir. Söyləyir ki, bu abidəni restavrasiya edib turistlərin sıx-sıx ziyarət edəcəyi məkana çevirə bilərik: “Zaqatalaya onsuz da xeyrli turist gəlir. Buranın səfalı təbiəti hər kəsə məlumdur. Bu kilsəni təmir edib həm tariximizi təbliğ edə bilərik, həm Qafqaz xalqlarının islamdan əvvəl xristianlığa inandıqlarını ermənilərin Qafqazda sahiblənmək istədikləri abidələrin heç xristian kilsəsi olmadığını sübut edərik. Ümid edirəm ki, tez bir zamanda dövlətimiz bu məsələni öz diqqətinə götürəcək”.

 

Yenə erməni xisləti...

 

Kilsənin həyətində yaşı 250-i keçmiş köklü-köməcli bir xan çinarı var. Dilbər xala uzun payalı süpürgəsinə söykənir, mən qarşısında dayanıb üzü kilsəyə söhbətləşirik. Deyir ki, 1988-ci ildə ermənilər gedənə qədər kilsənin giriş tərəfdəki qapısının yuxarısında məbədin kim tərəfindən tikildiyi, neçənci yüzildə, hansı ildə inşa olunduğunu göstərən lövhə vardı. Onlar kilsənin yerli əhaliyə - Qafqaz albanlarının törəmələrinə mənsub olması ilə bağlı izi itirmək üçün həmin lövhəni sökərək özləri ilə aparıblar: “Mən o lövhəni görmüşdüm. Kilsəni tikən yerli sakinlər o dövrün məşhur ustaları, memarları olub. Deyilənə görə, hətta bəziləri müsəlman imiş. Belə danışırlar. Dəqiqini tarixçilər bilər. Həmin lövhəni mən görmüşdüm. İri daş lövhə idi. Söküb apardılar. İzi itirmək üçün etdilər. Biz o vaxt bunu başa düşmədik. İndi-indi anlayırıq”.

Dilbər xanım deyir ki, ermənilərin kilsə ilə bağlı mənfur xisləti bununla da yekunlaşmayıb. Onlar ara qarışan vaxtı gecə ikən kilsəni yandırmağa cəhd göstərdilər: “Bir neçə cəhddən sonra bacardılar. Sonra da bizim üstümüzə atdılar ki, guya müsəlmanlar edib. Amma biz etməmişdik. Bəlkə yandıran zaman kimisə öyrədib ortalığa salıblar. Amma ağlı-başında olan müsəlman bunu etməzdi. Ermənilər gələnə qədər bu kilsəni yerli əhali ata-baba yadigarı kimi qoruyub saxlayıblar. Yəni, hələ o vaxt onların bu cür təxribatı iflasa uğradı”.

 

Kilsənin içində var, yox?...

 

Kilsənin şəhərə giriş tərəfdən qapısına qıfıl vurulub. vaxtdan qıfıllandığını bilən yoxdur. Qıfıl paslanıb. Taxta qapısı isə sınıq-salxaqdır. Nəmişlikdən çürüməyə məruz qalıb. Dar dalanla ön yox, yan hissədən kilsənin içərisinə keçirik. Yerli sakinlər bizi müşaiyyət edir. Gördüklərimizdən dəhşətə gəlirik. Deyirlər ki, kilsə üç mərtəbədən ibarət olub. Hər mərtəbəsi bir dini rituala müəyyən dini məsələlərə xidmət edirmiş. 50-60  il əvvələ qədər hər üç mərtəbəsi salamat imiş. Sakinlərin dediklərinə görə baxımsızlıq, qış-yaz dövründəki aramsız yağışlar əvvəlcə kilsənin dam örtüyünü, sonra tavanını uçurub.

Hətta ermənilər belə yuxarı hissəni təmir etdirməyiblər. Kilsəyə sahib çıxmaq istəsələr həmişə ögey münasibət sərgiləyiblər. Çünki bu kilsə Qafqaz memarlığına xas üslubda tikilmişdi. Ona görə restavrasiya etdirmək onlara sərf etmirdi. Kilsəyə yaxın ərazidə yaşayan ziyalı sakinlər belə deyir.

Sonra hissə-hisə hər üç mərtəbə uçub-tökülüb. Zəlzələlərin bu işdə payı az olmayıb. Yeri gəlmişkən, biz ərazidə olarkən ard-arda 3-4 bal gücündə zəlzələ baş verdi. Yeraltı təkanları əməlli-başlı hiss etdik. Hətta sakinlərin sözlərinə görə 2011-ci il zəlzələsi zamanı kilsənin divarlarında çatlar əmələ gəlib. Amma aidiyyatı qurumlar bu dəfə kilsəni görməzlikdən gəlirlər. İndi kilsənin içərisində, kənarlarında yabanı otlar bitib. Baxımsızlıqdır. Təmizləyən yoxdur. Ahıl yaşında olan Dilbər xanımın gücü isə onun həndəvərini gündə bir neçə dəfə təmizləməyə çatır...

İndi kilsənin divarları yeniyetmələrin, “saqqallı uşaqlarınsevgi ismarışları, bayağı şeir misraları iləbəzənib”.

 

İndi kilsədə qeyri-etik işlər görülür?

 

Bəzi sakinlər iddia edirlər ki, ara-sıra kilsəyə dələduzlar yığışır. Buranı gözdən-könüldən iraq yer bilib qumar oynayırlar. Spirtli içkilər qəbul edirlər. Hətta iddialara görə narkotik vasitə qəbul etmək üçün adıçəkilən məkana vaxtilə gələnlər az olmayıb. Zaqatala sakinləri kilsənin bu duruma düşməsindən çox narahatdırlar. Onlar, ümid edirlər ki, Azərbaycan dövləti tezliklə ata-babalarımızdan bizə ötürülmüş bu mədəni irsə sahib çıxacaq. Onu təmir edib, ağuşuna alıb gələcək nəsillərə əvvəlki əzəməti ilə bir yerdə ötürəcək.

 

Tural Turan

 

 Həftə içi.- 2019.- 15-16 avqust.- S.4.