Xalqının sonsuz sevgisini

qazanan Birinci xanım

 

Azərbaycan xalqının şanlı tarixində qəhrəman qadınlarımızın özünəməxsus yeri və rolu olub. Bu sırada ilk diplomat qadın Sara Xatun, Tomris və digərlərinin adını çəkə bilərik. Bu adlar dövlətçilik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Müasir müstəqil Azərbaycan dövlətinin ən yeni dövrü Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, birinci xanım Mehriban xanım Əliyevanın dövləti və xalqı üçün atdığı addımlara şahidlik edir. Bu fəaliyyət cəmiyyətimizin bütün kəsimlərini əhatələyir. Təhsildən tibbə, mədəniyyətdən iqtisadiyyata qədər elə bir sahə yoxdur ki, orada Mehriban xanım Əliyevanın imzasına rast gəlinməsin. Azərbaycan xalqı özünün birinci xanımına böyük sevgi və ehtiram göstərir. Onun xalqımızın qəlbindəki yeri, göstərilən dəyərin sərhədləri çoxdan ölkəmizin hüdudlarını aşıb. Bu illər ərzində Mehriban xanımın Azərbaycan dövləti qarşısındakı xidmətləri, dünya mədəni irsinin qorunması, sivilizasiyalararası dialoqun təşkili və s. dünyamiqyaslı fəaliyyətinə bir çox ölkələrin ən məşhur dərgiləri böyük diqqətlə yanaşıblar. Mehriban xanım haqqında bir çox xarici media orqanlarında silsilə məqalələr dərc edilib.  

Onlardan bir neçəsini sizlər üçün də təqdim edirik.

İngiltərənin “Capital Finance International” jurnalının 17 aprel 2014-çü il tarixli nömrəsində "Mehriban Əliyeva daha gözəl dünya üçün çalışır" sərlövhəli məqalədə deyilir:

"Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xarici ölkələrə səfərləri zamanı ağıl, insanlar və ürəklər bir araya gəlir, Şərq ilə Qərb qovuşur və yaxşı əməllər ortaya çıxır. Birinci xanım qadınlara və uşaqlara göstərilən diqqət və qayğının rəmzidir. Dünyanı müsbət mənada dəyişməyi qarşısına məqsəd qoymuş UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda səhiyyə, təhsil, mədəni irsin qorunması və s. sahələrdə həyata keçirilmiş mühüm layihələrin təşəbbüskarıdır".

Məqalədə bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm layihələr həyata keçirir, ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərdə fəal iştirak edir. Azərbaycanın birinci xanımının sivilizasiyalararası dialoqun və dini tolerantlığın möhkəmləndirilməsi işinə verdiyi töhfələrin xüsusi vurğulandığı yazıda Heydər Əliyev Fondunun Macarıstanda, Rumıniyada və Şərqi Avropanın digər ölkələrində kimsəsiz uşaqlara yardım məqsədilə həyata keçirəcəyi iddialı planlardan geniş söhbət açılıb.

"Yazıda vurğulanıb ki, Mehriban Əliyeva misilsiz xidmətləri ilə Azərbaycanın zəngin milli mənəvi dəyərlərini bütün dünyada layiqincə təbliğ edir" - deyə məqalədə vurğulanır.

Pakistanın tanınmış "Daily Times" qəzetinin 26 Avqust 2018-ci il sayında dərc olunmuş  "Mehriban Əliyeva: qəhrəman müsəlman lider" sərlövhəli məqalə də diqqəti cəlb edir.

Məqalədə vurğulanıb ki, Mehriban xanım Əliyeva Qərb və Şərq mədəniyyətinin möhtəşəm sintezinin simvolu kimi İslam dünyasının qadınları üçün ilham mənbəyi olub. Mədəniyyət və incəsənətin təbliğində əsas simalardan olaraq, o, islami və insani dəyərlərin qorunmasına daim öz əhəmiyyətli töhfəsini verib. 1995-ci ildə onun təşəbbüsü ilə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu müxtəlif tədbirlər və nəşrlər vasitəsilə Azərbaycanın mədəni sərvətlərinin təbliğ edilməsində mühüm rol oynayıb. Özünəməxsus aydın vətəndaş mövqeyi olan xanım lider Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi siyasi həyatda mühüm rol oynayır.

Məqalədə Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində gördüyü işlərdən bəhs olunaraq, onun Azərbaycanın ənənəvi klassik musiqisi olan muğamın qorunması üçün tədbirlər həyata keçirdiyi, eləcə də müxtəlif etiqadlar arasında tolerantlıq, harmoniya və dinc birgəyaşayışın vətəni olan Azərbaycanda çoxsaylı məscidlər, kilsələr və digər məbədlər inşa etdirdiyi oxucuların nəzərinə çatdırılıb.

Məqalədə vurğulanıb ki, xanım Mehriban Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr onun Pakistana dair səmimi münasibətinin təzahürüdür. Həyatın müxtəlif sahələrindəki roluna və fəaliyyətinə görə, o, Fransanın “Şərəf Legionu” ordeni, Küveytin “Fəxri diplom”u, Pakistanın “Hilal-e Pakistan” ordeni, Polşanın “Xidmətlər görə” ordeni və Serbiyanın “Sreten” ordeni ilə təltif edilib.

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik gündəlik “Əl-Fəcr” ərəbdilli qəzetində  Mehriban Əliyeva...səxavət, vətən eşqi və vətən övladlarına dəstək uğrunda uzun bir yol” adlı məqalədə Mehriban xanım Əliyevanın yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik olduğu qeyd olunur.

Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən müəllif, onun klassik Azərbaycan xalq musiqi janrı olan Muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyini, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirdiyini, Muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olunduğunu diqqətə çatdırmışdır.

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti

Tanınmış jurnalist Həmid Şahinin "Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan" sərlövhəli məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın özünü insanların firavan yaşamasına həsr etmiş nadir insanlardan olduğunu qeyd edərək bildirir ki, tanınmış ziyalı ailəsində böyümüş Mehriban Əliyeva valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrənib.

Yazıda Mehriban Əliyevanın öz xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə Azərbaycan mədəniyyətinin təbliği ilə başladığı vurğulanır. Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirib.

Məqalədə mədəniyyət sahəsinin Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri olduğu qeyd olunur. Bu istiqamətdə görülmüş işlər, inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri və Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Azərbaycan mədəniyyəti haqqında nəşrlər barədə bilgilər məqalədə öz əksini tapır.

Həmçinin Fondun əsas istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən H.Şahin bu təşkilat tərəfindən yüksək standartlara cavab verən məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzinin inşa olunduğunu vurğulayır. Məqalədə, həmçinin Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edildiyi, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi bildirilir.

Vyetnamın "Vyetnam qadını” jurnalı

Dünyanın 135 ölkəsinə yayılan və 15 milyondan çox üzvə sahib Qadınlar Birliyinin mətbu orqanı olan bu jurnalda yayımlanan məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs olunur. "Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, onun təşəbbüsü ilə təsis edilmiş və bir neçə xarici dildə nəşr olunan "İrs” jurnalı Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verir”, - deyə məqalədə bildirilir: "Azərbaycanın xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb”.

Yazıda Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyriyyəçilik tədbirlərindən, Mehriban Əliyevanın Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətindən də bəhs olunur: "Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə Azərbaycanda və dünyada bir sıra mötəbər mükafatlara layiq görülüb, müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilmiş ictimai rəy sorğularında bir neçə dəfə ilin ən nüfuzlu xanımı seçilib”.

Bir müddət əvvəl Türkiyənin nüfuzlu “EkoAvrasiya” jurnalında da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərinə həsr olunan böyük yazı dərc olunub.

Yazıda Sülh və Xoşməramlı səfir olan Mehriban Əliyevanın öz gərgin və bütün dünyada qəbul edilən fəaliyyəti ilə Azərbaycan xalqının xidmətində dayandığı və bu xidmətlərinə görə də bütün dünya azərbaycanlıları tərəfindən böyük hörmət qazandığı bildirilib.

Jurnalda qeyd olunub ki, M.Əliyeva öz humanist və xeyirxah xidmətləri ilə bütün Türk və dünya mətbuatında Azərbaycanın birinci ledisi kimi qəbul edilir. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanında bir “inci dənəsi” kimi parlayaraq ölkəsində gördüyü xeyirxah işləri bu gün də davam etdirir.

Təqdim etdiklərimiz, Azərbaycanın birinci-vitse Prezidenti Mehriban xanım haqqında bu illər ərzində dünya mətbuatında dərc olunmuş məqalələrin çox kiçik bir seçməsi idi. Həmin məqalələrdə səsləndirilən fikirlər dünyada Mehriban Əliyevanın xalqımız və dövlətimiz üçün xidmətlərinə verilən dəyərin göstəricisidir. Bu dəyərin əsas mənbəyi isə xalqının Birinci xanımına sonsuz sevgisi və ehtiramıdır.

 

Azad Əliyev

 

Həftə içi.- 2019.- 27-28 avqust.- S.2.