Abşeronun oksigen meşəsi – Nəbatət bağı

 

Bakının ən yüksək səmtində hamımızın yaxşı tanıdığı yaşıl vahə var – Nəbatət bağını deyirəm. Artıq 85 ildir Abşeronun qayalı-daşlı, quraq çöllərini rəngləyən, dörd tərəfini gün boyu tüstüsü ilə havanı zəhərləyən avtomobillərin şütüdüyü yolların sardığı 41,3 hektar ərazisi olan bu bağ paytaxtımızın ağ ciyəridir desək yanılmarıq.

Salındığı ilk gündən onilləri üzüağ adlayaraq günümüzə gələn bağda bu gün vəziyyət necədir, ağacların sağlamlığımıza verdiyi töhfəyə necə qarşılıq veririk? Sualların cavabını almaq üçün yol aldım bu yaşıl məkana.

Bir ağac iki insanı yaşadır

Girişdəki meydançadan hər istiqamətə ayrılan asvalt yollar və onlardan da şaxələnən çınqıllı cığırlarla xeyli gəzib-dolaşdım. Burada nə yoxdur:  şam ağaclarından kölgəsində böyüdüyümüz çinarlara, tut açacından vələsə, gül-çiçəklərə və nəhayət çoxumuzun filmlərdən izlədiyi tropik ekzotik bitkilərədək nə desən görmək mümkündür. Payız üzüqışa soyuyan nəfəsi ilə istisevər ağacların yarpaqlarını yolub töksə də, şam, küknar, başqa bəzi soyuğa təslim olmaq istəməyən ağaclar yaşıl görkəmini hələ də qoruyur.

Təsadüfi deyil ki, vaxilə bura Abşeronun oksigen bağı alandırılıb. Axı yarpaqların timsalında bitkilər günəş şüalarını emal edərək üzvü maddələrə çevirən yeganə laboratoriyadır. Ağaclar həmçinin havadakı tozları və digər zərərli maddələri özünə çəkərək biz insanları xəstəliklərdən qoruyur. Haradansa oxumuşdum ki, bir ağac ildə 120 kiloqram oksigen istehsal edir. Bu da iki insanın 1 il biyunca yaşamasına bəs edir.

Yeri gəlmişkən, il ərzində 1 hektar şam meşəsi 36 ton, eyni həcmdə palıd meşəsi 56 ton tozu özünə çəkməklə havanı təmizləyir. Hətta bir hektar fıstıq meşəsi maksimum həcmdə - 65 ton tozu özünə çəkərək insanları ekoloji zərbələrdən mühafizə edir. Nəbatət bağına da elə bu prizmadan dəyər vermək lazımdır.

Nəbatət bağından söz düşəndə, tarixinə nəzər salmadan keçmək mümkün deyil. Bağın salınma tarixi ötən əsrin 30-cu illərinə uzanır. 1934-cü il iyulun 3-də Nəbatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan başlayaraq "Qurd qapısı"na gedən yol arasında 80-100 hektar sahə ayrılması və bu sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul olunub. Böyük Vətən müharibəsi dövründə və Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə bağın inkişafında müəyyən durğunluq yaranıb. Amma sonrakı illərdə inkişaf prosesi yenidən axarına düşüb. Hətta 1960-1978-ci illər bağın çiçəkləndiyi dövr sayılır. Bu 18 il ərzində Nəbatət bağı (o vaxtkı adı ilə Botanika bağı) Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, eləcə də Naõçıvanın park və bağlarını yaşıllaşdırmaq məqsədilə, 100 növ üzrə 10 mindən artıq ağac, kol və gül göndərib və həmin ağaclar günümüzdə də paytaxtın bəzi məktəb və bağçalarının həyətində əzəmətli görünüşü ilə göz oxşamaqdadır.

Bir dəfə Türkiyədən olan tanışım söhbət əsnasında Nəbatət bağını Bakı meşəsi adlandırdı. Dedi İstanbuldakı Belqrad meşəsindən çox kiçik olsa da, hər halda belə meşə sahəsinin böyük şəhərdə olması insan sağlamlığı baxımından əvəzsizdir.

Dərman birkilərinin kolleksiyası

Bağın aqronumu, bialogiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev də bizimlə söhbət zamanı bildirdi ki, Nəbatət bağının yeri 1934-cü ilədək boz, qayalı çöl olub. Bitki genefondunun qorunması məqsədi daşıyan bu bağın salınması haqda qərar veriləndən sonra əraziyə Qafqaz, xüsusilə Azərbaycan təbiətinin inciləri olan bitki nümunələri gətirilib, əkilib. Eyni zamanda, dünyanın dörd bir yanından - Avstraliyadan tutmuş Güney Amerikaya, Yaponiyadan Avropaya, Afrikayadək coğrafiyalardan Abşeronun təbiətinə xas olmayan bitki növləri gətirilib. “Beləliklə, gördüyümüz bu ərazidə insanı valeh edən möhtəşəm bağ salınıb. Xaricdən gətirilən bir çox bitkilər əvvəlcə Nəbatət bağındakı istixanalarda əkilir, müəyyən müddət yerli şəraitə uyğunlaşması gözlənilir. Nə vaxt ki, uyğunlaşdı, o zaman açıq şəraitdə əkilir və hətta çoxaldılır” deyən bioloq mütəxəssis əlavə etdi ki, Abşeron ərazisi bitki əkib yetişdirmək üçün əlverişli deyil. Çünki ilin 35-40 günü əsən çox güclü külək onların yetişməsinə mane olur.

Bu yerdə qeyd edək ki, uzun illər ərzində ərsəyə gətirilən, məhz insan əməyinin bəhrəsi olan Nəbatət bağında hazırda 2 min növ ağac, kol və ot becərilir. Bağda bütövlükdə 20-25 min ağac və kol mövcuddur ki, onlardan bir çoxunun 80-85 yaşı var.

Qeyd edək ki, ekoloji tarazlığın qorunmasında bütün bitkilərin rolu böyükdür. Amma Nəbatət bağında yetişdirilən bəzi ağac növləri var ki, onların rolu müstəsnadır. Sidr, küknar, şam, ardıc, palıd, çinar və akasiya ağacları havanı ən yaxşı təmizləyən vasitələrdir. Eyni zamanda, şam ağaclarının ifraz etdiyi efir yağı bakteriya və viruslara öldürücü təsir göstərdiyi üçün əvəzolunmazdır.

Bağda ayrıca, sırf dərman məqsədli bitkilərdən ibarət kolleksiya da yaradılıb ki, hazırda burada 500 növdən çox ağac, kol, ot növləri yetişdirilir.

Qışda çiçəkləyən bitkilər

 Nəbatət bağının il boyu al-əlvan olmasına səbəb orada hər iqlimə mənsub bitkilərin olmasıdır. Burada bir çox bitki növləri var ki, oktyabr-noyabr aylarında çiçəkləyir. Hansı ki, Azərbaycanın yerli florasına aid ağaclar bu aylarda yarpağını tökür. Qışqabağı çiçəkləyən ağaclardan çiyələk ağacı, yapon əzgili, eləcə də daş sarmaşığın bütün növlərini misal göstərə bilərik.

Bioloq-alimlə söhbət zamanı o da məlum oldu ki, Nəbatət bağı heç də sadəcə özünə aid ərazini yaşıllaşdırmaqla məşğul olmur. Onun sözlərinə görə, xaricdən gətirilən yeni növ bitkilər burada yerli təbii şəraitə uyğunlaşdırıldıqdan sonra müxtəlif yollarla artırılır. Yetişdirilən həmin bitkilər sonradan Azərbaycanın bütün bölgələrində, eləcə də Bakı şəhərinin bağ və parklarının yaşıllaşdırılmasıda istifadə olunur.

“Xaricdən alınan yeni bitki növlərinin Nəbatət bağında artırılmasının müsbət tərəfləri çoxdur. Bu yolla həm bitkinin alınması üçün əlavə xərclərə ehtiyac qalmır, həm də dolayısıyla onların törədə biləcəyi fəsadların önü kəsilir. Bitki yetişdiyi təbii bölgəsindən özü ilə bilmədiyimiz xəstəlikləri də gətirə bilər. Nəbatət bağında isə onun xüsusiyyətləri tam öyrənildiyi üçün narahatlıqlar aradan qalxır” deyən A.Mehralıyev əlavə edib ki, hazırda bağın Abşeronda fəaliyyət göstərən bir sıra idarələri ilə müqaviləsi mövcuddur. Yəni yaşıllaşdırma məqsədilə həmin idarələri müxtəlif növ bitkilərlə təmin edir.

Bağda gəzişdikcə daha çox gözümə görünən şam və küknar ağacları olsa da, üstündən asılmış lövhədə latınca adı yazılan ağaclar da az deyildi. Zarafat deyil, 2 min növdən artıq bitkinin məskənidir Nəbatət bağı. Daş palıd, şabalıdyarpaq palıd, nəcib dəfnə, aleliya, kalina kolları, müxtəlif palma növləri, barbarislər, yapon birgözü, yemişan növləri var ki, müxtəlif idarə və təşkilatlar bu bitkiləri yaşıllaşdırma məqsədilə həvəslə alırlar.

Son bir ildə 130 növ bitki alınıb

Nəbatət bağının bir özəlliyi də ondadır ki, hansısa idarəni bitki ilə təmin edərkən, elmi tövsiyyələrini də əsirgəmir. Burada alıcıya aldığı bitkinin xüsusiyyətləri başa salınır. Yəni su sevəndir, yoxsa quraqlığa davamlıdır, şaxtaya dözürmü, bəlkə kölgəsevər bitkidir və sair. Məsələn, Abşeronun təbiəti quraq olduğu üçün alıcılara daha çox rozmarin, santolin, senerariya və sair kimi susuzluğa davamlı dekorativ bitkilər təklif edilir.

Bu gün də Nəbatət bağı ərazisindəki bitki növlərinin sayını artırmaqda davam edir. Təkcə son bir il ərzində 130 bitki növü ya xaricdən gətirilib, ya da əvvəl alınmış, amma hansısa səbəbdən quruyub sıradan çıxmışlar bərpa olunub.

Yadıma düşmüşkən, A.Mehralıyevdən Nəbatət bağının dünyadakı anoloji bağlarla əlaqələrinin olub-olmadığını da soruşdum. Cavabı bu oldu ki, var, özü də çox ölkə ilə. “Dünyanın 120 ölkəsi və təşkilatı ilə əlaqələrimiz var. Mütəmadi bitki və toxum mübadiləsi edirik. Onlar istədikləri bitki və toxumu bizdən alır, biz də onlardan. Toxumu gətirib səpib yetişdiririk və ya ağacları artırırıq, sonra da Azərbaycanın hər yerindən hansı təşkilat istəsə, göndəririk. Xarici ölkələr də bizdən əsasən Azərbaycan üçün endemik növlər olan Eldar şamı, Lənkəran akasiyası, qaraağac, azat ağacı, şabalıdyarpaq palıd və sair alırlar” deyir bioloq alim.

“Gül-çiçəklər çox olsun...”

 Nəbatət bağının paytaxtımızın sakinlərinin sevimli istirahət yeri olduğunu da bilirik. Nə vaxt bura yolumuz düşsə ağsaqqalından-ağbirçəyindən tutmuş məktəblilərədək insanları görə bilərik. Xüsusilə də tələbə və şagirdlərin sevimli məkanına çevrilmiş Nəbatət bağında ilin bütün fəsillərində bəzi səfirliklərin diplomatlarını da görmək mümkündür. Düzdür, mən bağda olarkən, yəqin havanın çox soyuq və küləkli olması üzündən çox adam gözə çarpmasa da, bir az aralıda ahıl yaşlı cütlüyün bir-birinə sıxılaraq ağaclar arasında dolaşdığını gördüm. Yaxınlaşıb bir-iki ağız söhbətləşdim. “Hasarın o tayındakı binada yaşayırıq. Həmişə nəvəmlə gəlirdim bura. İndi o, tələbədir - dərsdədir deyə yoldaşımla burdayam. Demək olar ki, bu ağaclarla birlikdə qocalmışam. Buranın havası çox təmizdir, həm də sakitlikdir, az da olsa şəhərin daş mühitindən uzaqlaşa bilirəm”, -  yarı rus, yarı azərbaycanca danışan Ədilə xanım dedi. – Palmaları sevirəm, burda həmin ağaclardan ibarət balaca da olsa bir guşənin olmasını arzulayardım. Hə bir də, çox istərdim ki, bağda hər mövsümə uyğun çoxlu gül-çiçək olsun. Ağaclar ciyərlərimizi təmizləyir, qoy güllər də zövqümüzü yeniləsin, - əlavə etdi...

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb

 

 

Vüsal Tağıbəyli

Həftə içi.- 2019.- 5-6 dekabr. S. 6.