Ekoloji
tarazlığın qorunmasına böyük töhfə
Məlum
olduğu kimi, dekabrın 6-da Azərbaycanda bir gün ərzində
indiyədək görünməmiş sayda - 650 min ağac əkilib.
Bu ekoloji aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik
yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə həyata keçirilib. Qeyd edək ki, ağacəkmə
aksiyası respublikanın bütün regionlarını əhatə
edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
ağacların əkiləcəyi yerləri əks etdirən
xəritə hazırlanıb. Xəritədə
Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın
regionlarında ağacların əkiləcəyi yerlər
qeyd olunub. Aksiyada nazirliyin tinglik təsərrüfatlarında
yetişdirilən 50 növə yaxın ağac əkilib.
Yeri
gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Şamaxı rayonunda keçirilən ağacəkmə
aksiyasında iştirak ediblər. Ekologiya və Təbii sərvətlər
naziri Muxtar Babayev aksiya barədə dövlət
başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyi münasibətilə respublikamızın
bütün ərazisini əhatə edən ağacəkmə
aksiyası çərçivəsində, ümumilikdə,
83 şəhər və rayonda 37 növdə 650 min
ağacın əkilməsi nəzərdə tutulub. Əkiləcək
ağacların becərilməsində damcılı suvarma
sistemindən və suvarma kanallarından istifadə olunacaq.
Qeyd
edilib ki, Şamaxı rayonundakı ağacəkmə
aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə
tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə
keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin
relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar
şamı ağacları əkilib. Burada əkilən
ağaclar ilə "Nəsimi 650" yazısı
formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı
gənc və könüllü ilə yanaşı, IDEA
İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional
İnkişaf İctimai Birliyinin üzvləri də fəal
iştirak ediblər. Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva da ağac əkiblər.
Yeni
Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra
katibi, Baş Nazirin müavini Əli Əhmədovun fikrincə,
dekabrın 6-nı ölkəmizin ekologiya tarixində
xüsusi gün adlandırmaq olar: “Nəsiminin 650 illik yubileyi
münasibətilə Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü ilə bir gündə
650 min ağac əkilir. Hesab edirəm ki, bu, miqyas etibarilə
çox böyük aksiyadır”.
Onun
sözlərinə görə, vətəndaşlar Birinci
vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü
yüksək əhval-ruhiyyə ilə qarşılayırlar:
“Azərbaycanın bir çox kənd və qəsəbələrində
insanlar böyük coşqu ilə yaşıllıq
zolağının salınmasına, ağacların əkilməsinə
dəstək verərək kampaniyaya qoşulublar. Əkilən
ağaclar Azərbaycanın ekoloji şəraitini
yaxşılaşdıracaq".
Əli
Əhmədov qeyd edib ki, bir neçə ildən sonra bu
ağaclar böyüyəcək və yaşıllıq
zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin
yaxşılaşmasına böyük köməklik göstərmiş
olacaq: "Bütövlükdə Azərbaycanda Prezident
İlham Əliyevin rəhbərliyi altında böyük
quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan
müasirləşir, kəndlərimiz, qəsəbələrimiz
gözəlləşir. Əhalinin yaşaması
üçün rahat, əlverişli şərait
yaradılır. Vacib komponentlərdən biri də
insanların yaxşı ekoloji mühitdə, təmiz hava
şəraitində yaşamasının təmin edilməsidir.
Bu ağacların əkilməsi həmin məqsədə
xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən
qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif
rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki,
ən fəal iştirak edən YAP-ın üzvləri olacaq.
YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər
layihə də həyata keçirir. Bu, əkilən
ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə
bağlıdır".
Qeyd
edək ki, böyük şair İmadəddin Nəsiminin
dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə
təbliği, xatirəsinin əbədiləşdirilməsi,
Azərbaycanın ədəbi və mədəni irsinin
tanıdılması məqsədi daşıyan ağacəkmə
aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq
təşkilatların təmsilçiləri, dövlət və
özəl qurumların əməkdaşları iştirak
edib.
Mütəxəssislər
isə bildirirlər ki, 650 min ağacın əkilməsi
ölkəmizdə yaşıllıqların daha da
artırılmasına, bütün bəşəriyyət
üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin
azaldılmasına, karbon qazının udulmasına, həm də
torpaqların şoranlaşmasının
qarşısının alınmasına müsbət təsir
göstərəcək.
Xatırladaq
ki, Azərbaycanda çox iri və iri şəhərlərdə
hər adama düşən yaşıllıq sahəsi 10,
böyük şəhərlərdə 9, orta şəhərlərdə
7 kv.m olmalıdır. Bu normalar Nazirlər Kabineti tərəfindən
təsdiqlənmiş “Yaşayış məntəqələrinin
yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini
tapıb. Sənədə
görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər,
dövlət orqanları və bələdiyyələr tərəfindən
riayət edilməlidir. Normalara əsasən,
yaşayış məntəqələrinin layihələndirilməsi
zamanı yaşıllıq faizi ayrılmış ərazinin
minimum 40 faizini təşkil etməlidir.Əhalinin mövcud məskunlaşdığı
məhəllələr yenidən layihələndirilərkən
yaşıllıq faizi isə həmin ərazinin minimum 25
faizini təşkil etməlidir.
Əhalinin
məskunlaşma ərazisi tərəfdən
sanitariya-mühafizə zonasının eni 100 metrədək
olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50
metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz
yaşıllıq zolağının salınması nəzərdə
tutulmalıdır.
Bundan
başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin
fon çirklənmə səviyyəsi, ərazinin relyefi,
istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və
s.) nəzərə alınaraq sanitariya-mühafizə
zonasının eni dəyişdirilə bilər.
Yaşayış məntəqələrində küçə
və prospektlərin layihələn-dirilməsi zamanı bir
adama düşən yaşıllıq norması çox iri,
iri və böyük şəhərlərdə 5 kvadrat metr,
orta şəhərlərdə 4 kvadratmetr, digər
yaşayış məntəqələrində isə 3
kvadratmetr olmalıdır.
Əhalinin
ümumi istifadəsində olan yaşıllıq sahələrindən,
sanitariya-mühafizə zonalarının ölçülərindən,
təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən
asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir
adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə
tutulmalıdır.
Beynəlxalq
Səhiyyə Təşkilatının bu sahədə qəbul
etdiyi normaya əsasən, şəhərlər
üçün yaşıllıq sahələri şəhərin
ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil
edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini
təşkil edərsə yüksək göstərici
sayılır. Başqa sözlə, adambaşına
yaşıllıq norması şəhərlərdə
minimum 9 kvadrat metrdən az olmamalıdır. Bu məqsədlə
Birləşmiş Millətlər Təşkilatının
1992-ci il tarixli Ətraf Mühit və İnkişaf
Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin
ekoloji statusunu müəyyən edən meyarlar üzrə
müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri
yaradılıb.
"Yaşıllıqların
mühafizəsi haqqında" Azərbaycan
Respublikasının Qanununun 11-ci maddəsi isə
"Yaşıllıqların bərpa edilməsi" məsələsi
ilə bağlıdır. Qanunda bildirilir ki,
yaşıllıqların bərpasının əsas məqsədi
torpaqlarda ağac və kol bitkilərinin vaxtında bərpa
olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından,
torpaqlardan əhalinin istirahəti və digər məqsədlər
üçün səmərəli istifadə edilməsindən,
yaşıllıqlar olmayan ərazilərdə
yaşıllıq salınmasından, məhsuldar olmayan
torpaqların ağac və kol bitkilərinin əkini
üçün yararlı vəziyyətə gətirilməsindən
və meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlərin
yaradılmasından ibarətdir. Bu Qanunun 11.1-ci maddəsində
nəzərdə tutulanlar bərpa işlərinin, onların
aparılma üsullarının və bərpa olunacaq ağac
və kol cinslərinin müəyyənləşdirilməsi,
həmçinin, ağac-kol bitkiləri toxumları və əkin
materiallarının tədarükü və əldə
olunması üçün tədbirlərin görülməsi,
müvafiq ərazidə baş vermiş dəyişikliklər
nəzərə alınmaqla, torpaq sahələrinin mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
müraciəti əsasında bu Qanunun 9.1-ci maddəsində nəzərdə
tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yerinə yetirilir. Bərpa tədbirlərinin daha səmərəli
həyata keçirilməsi üçün
yaşıllıqlara qulluq, qiymətli ağac və kol cinslərinin
sort sınağı üzrə işlər aparmaq,
torpaqların münbitliyini artırmaq, onların su və
külək eroziyasının, bataqlaşmasının,
şoranlaşmasının və torpaqların vəziyyətinin
pisləşməsinə səbəb olan digər proseslərin
qarşısını almaq, habelə
yaşıllıqların cins tərkibini
yaxşılaşdırmaq, onların qoruyucu xüsusiyyətlərini
artırmaq əsas şərtlərdəndir. Bütün
növ yaşıllıqların zədələnməsi və
məhv olması hallarında əvəzli
yaşıllaşdırma aparılması
(yaşıllıqların bərpa edilməsi) məcburidir.
"Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidentinin verdiyi fərmanda da yaşıllaşdırma işi
mühüm bir vəzifə kimi önə çəkilib.
Bu
yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Sevinc
Həftə içi.-
2019.- 7-9 dekabr.- S.6.