Torpaq
ehtiyatlarından düzgün istifadə olunmur
MBT bu barədə dünya ölkələrinə
çağırış edib
Eroziya hər beş saniyədən bir futbol meydançası ölçüsündə torpaq sahəsini məhv edir. Eyni zamanda, cəmi 2-3 santimetrlik məhsuldar torpağın bərpası üçün təxminən, 1 000 il tələb olunur. BMT torpağın gələcək deqradasiyasının qarşısını almağa, bunun üçün torpaq ehtiyatlarının dayanıqlı idarəetməsinə üstünlük verməyə çağırır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Sözügedən qurum mütəxəssislərinin fikrincə, hazırda dünyada torpaqların üçdəbiri eroziya, germetizasiya, üzvi maddələrin yuyulması, turşuluq, çirklənmə və başqa mənfi proseslərin təsiri altında deqradasiyaya məruz qalıb. Əgər təcili tədbirlər görülməsə, onda 2050-ci ildə eroziya nəticəsində planetin bütün torpaq sahələrinin 90 faizi məhv olacaq. Söhbət onların yuxarı səthində məhsuldar təbəqənin su, külək və ya intensiv əkin vasitəsilə sıradan çıxmasından gedir. Bəzi hallarda torpaq səthinin eroziyası bütün iqlim şəraitlərində və bütün qitələrdə təbii yolla baş verir. Bu proses, əsasən, insan fəaliyyətinin, intensiv əkinçilik və meşələrin qırılmasının nəticəsidir.
Torpağın deqradasiyasının indiki tempi gələcək nəsillərin tələbatının ödənilməsini də təhlükə altında qoyur. Proqnozlara görə, 2050-ci ildə planetimizin əhalisi 9 milyard nəfəri keçəcək. Onların ərzaq təminatı yalnız məhsuldarlığın artırılması və sağlam torpaq zəminində becərilən məhsulun keyfiyyətinin yüksəldilməsidir.
Bundan başqa, torpaq zəmini həm də özünəməxsus filtr rolunu oynayır və hər il on minlərlə kub kilometr suyu təmizləyir. O, karbon qazının tənzimlənməsi üzrə iqlim dəyişikliyinin qarşısını almağa da kömək edir.
FAO özünün son hesabatında qeyd edib ki, son on ildə dünyanın bir neçə regionunda torpaq eroziyası azalıb. Bunun səbəbi isə resurslardan daha səmərəli istifadə olunmasıdır.
Qeyd edək ki, Azərbaycanda da torpaqlar müxtəlif dərəcədə erroziyaya məruz qalıb. Respublikada ümumi torpaq fondunun sahəsi 8,641 milyon hektardan artıqdır. Bunun 4,47 milyon hektarı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 milyon hektarı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 milyon hektarı və ya 37,4 faizi istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və s.) torpaqlardır. Ərazinin geoloji quruluşundan, relyefindən, iqlim şəraitindən, torpağın rütubətlənmə şəraiti və mexaniki tərkibindən, sukeçirmə qabiliyyətindən, strukturundan və s. asılı olaraq yaranan ekocoğrafi problemlər də müxtəlif olur.
Azərbaycanda torpaqların 36,4 faizi müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1faizi zəif, 10,7 faizi orta, 11,6 faizi şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf edib. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8 faizi, Quba-Xaçmaz zonasında 48,2 faizi, Abşeron yarımadasında 40,3 faizi, Şirvan düzündə 27,7 faizi, Şəki-Zaqatala zonasında 55,7 faizi eroziya proseslərinə məruz qalıb. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.
Su eroziyası dağlıq ərazilərdə, xüsusilə Böyük Qafqazın cənub və qismən şimal-şərq yamacında geniş yayılıb. Meşə örtüyü zəif olan yamaclarda, xüsusilə Şinçay, Kişçay, Girdimançay, Pirsaat və Qozluçayda dağıdıcı sellər daha tez-tez müşahidə olunur. Qeyd olunan çaylar qədər daşqınlara məruz qalan Katex, Mazımçay və Balakən çaylarının hövzələri Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və ona görə də buradakı meşələr, subalp və alp çəmənlikləri çox yaxşı mühafizə olunduğundan eroziya prosesi zəif gedir və adı çəkilən çaylarda sel hadisələrinə təsadüf edilmir. Meşə zonasından yuxarı subalp və alp çəmənliklərdə eroziya prosesinin inkişafına təkan verən əsas amil mal-qara və qoyun sürülərinin göstərdiyi antropogen təzyiqin getdikcə güclənməsidir. Bu səbəbdən yaranan eroziya proseslərinə məruz qalan torpaqlar Quba, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Gədəbəy, Daşkəsən və işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının dağ çəmənliklərində daha çox sahə tutur.
Su eroziyası ilə yanaşı külək eroziyası da torpaqlara ziyan vurur. Onun ən çox yayıldığı yerlər Abşeron yarımadası, Qobustan, Samur çayından başlamış Qızılağac körfəzinə qədər Xəzər dənizinin sahil zonası, Mil və Muğan düzləri, Ceyrançöl, Acınohur düzü və Bozdağ sistemidir. Buradakı təsərrüfat sahələrinə külək eroziyasının vurduğu ziyan çox böyükdür. Məsələn, küləklərin hakim olduğu ərazilərdə torpaq örtüyü sovrularaq öz münbitliyini itirir, məhsuldarlıq dəfələrlə azalır və bəzi hallarda tamamilə sıradan çıxır. Respublikada külək eroziyasına məruz qalan torpaqların ümumi sahəsi 200 min hektardır.
Suvarılan torpaq sahələrində gedən eroziya proseslərindən biri də irriqasiya eroziyasıdır. Suvarma mədəniyyətinin aşağı səviyyədə olması, torpağa normadan artıq su verilməsi və suvarmanın selləmə yolu ilə aparılması nəticəsində əkin sahələrindəki narın hissəciklər yuyulub aparılır və torpağın münbitliyi aşağı düşür. Bu hal meylli yamaclarda daha intensiv gedir və ona bütün suvarılan sahələrdə rast gəlinir.
Torpaqların şoranlaşması isə Azərbaycanda ən böyük ekocoğrafi problemlərdən biri hesab edilir. Ölkədə şoran torpaqların ümumi sahəsi 2 milyon hektardan artıqdır və bunun 1,32 milyon hektarı Kür-Araz ovalığındadır. Müəyyən edilib ki, respublikanın suvarılan torpaqlarının (1,43 milyon. ha) 600 min hektardan çoxu şoranlaşıb və bunun 224 min hektarı daha şiddətli şorlaşmış torpaqlardır. Beləliklə, ən çox şorlaşmaya məruz qalan torpaqlar Kür-Araz ovalığındadır. Bundan əlavə Siyəzən, Xızı rayonlarında, qismən Abşeron yarımadasında, Naxçıvan MR-da, Ceyrançöldə, Acınohur düzündə və s. yerlərdə də şoran torpaqlar mövcuddur. Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbirlər görülmədikdə onun sahəsi genişlənərək daha böyük ərazidə torpaq və həm də bitki örtüyünün deqradasiyasına gətirib çıxarır. Digər tərəfdən mütəxəssislərin fikrincə, suvarma qaydalarına düzgün əməl olunmadıqda əvvəlcədən şor olmayan, yaxud əsaslı yumadan sonra düzgün istifadə olunmayan sahələr şorlaşır. Bu prosesə təkrar şoranlaşma deyilir. Şoranlaşmış torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün əsas vasitə onların su ilə yuyularaq duzlardan təmizlənməsidir. Yuma aparmaq və yuyulacaq sahələrdən duzları çıxarmaq üçün yeni kollektor-drenaj şəbəkəsinin yaradılması və köhnə şəbəkənin tam bərpa edilməsi əsas məsələdir. Çoxillik tədqiqatların nəticələri göstərir ki, respublikada torpaq sərvətlərinin deqradasiyası əsasən, üzvi maddənin (humus) itkisi, bioloji fəallığın zəifləməsi, fiziki aşınma, torpaq eroziyası (külək, su eroziyası vasitəsilə), torpaqların şorlaşması və şorakətləşməsi, qida çatışmamazlığı, rütubət çatışmamazlığı, texnogen və kimyəvi çirklənmə, torpağın-sənaye, şəhər, yol, kanal, aeroport, oyun meydançaları, kanal, su hövzələri, tikintilər, zibilxanalar, borular, neft mədənləri, bataqlıqlaşma, subasma və s. amillərdən asılıdır. Azərbaycanda torpaq örtüyünün ekocoğrafi vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi tələb olunur. Buraya istehsal vasitələri və torpaq ehtiyatları üzərində mülkiyyət formasının dəyişdirilməsi, torpaq və su ehtiyatlarının dəqiq inventarizasiyası, torpaq kadastrı, torpaqların keyfiyyətcə qiymətləndirilməsi, kompleks meliorativ tədbirlərin həyata keçirilməsi, eroziya təhlükəsinə qarşı mübarizə, torpağın münbitliyi və suvarma sularının keyfiyyəti üzərində monitorinq aparılması və s. aiddir.
Məsələyə
münasibət bildirən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri
Telman Zeynalov deyib ki, dünyada
iqlim dəyişikliyi hər 40-50 ildən
bir özünü
göstərir: “Azərbaycan dövləti öz
daxilində iqlim dəyişiklikləri ilə
mübarizə aparmalıdır. Bu, müəyyən
proqram, plan əsasında
həyata keçirilə bilər. Yaşıllıqlar
artırılmalıdır, su kanalları
çəkilməlidir ki, torpaqlar
erroziyaya məruz qalmasın. Buxarlanma minimuma endirilməli,
torpaqların münbitliyi qorunmalı, torpaqlardan düzgün
istifadə edilməli və tullantılar düzgün
idarə edilməlidir. Düzdür,
ölkəmizdə son illərdə
yaşıllıqların sayının
artırılmasına xüsusi fikir verilir. Bu tədbirlər iqlim dəyişikliklərinə
qarşı mübarizənin göstəricisidir. Təəssüf
ki, bəzi böyük dövlətlər digər ölkələrin
ərazisində süni şəkildə
su problemi yaradır və
bunu iqlim dəyişikliyi
kimi təqdim edirlər. Amma
bu məsələdə süni
amillərin rolu az deyil”.
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Sevinc
Həftə
içi.- 2019.- 10-11 dekabr. S. 6.