Xəzərin ekosistemi
təhlükə ilə üzləşə bilər
Son illər ərzində Xəzər
dənizinin səth suyunun temperaturu
yüksəlib. Temperaturun yüksəlməsinin
davam etməsi dənizin ekosistemi
üçün fəsadlar yarada bilər. Bu barədə
Trend-ə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin
hidrometeorologiyası şöbəsindən məlumat veriblər. Bildirilib ki, 2001-2015-ci illər ərzində Xəzər
dənizinin səth suyunun temperaturu 0.35 dərəcə selsi,
ildə isə orta hesabla 0,023 dərəcə selsi artıb. Şöbənin
apardığı tədqiqatların nəticələrinə
görə, dənizdə temperaturun qalxıb-enməsi qeydə
alınmalıdır. Amma Xəzərdə
15 il ərzində temperaturun
enməsi deyil, ardıcıl olaraq, yalnız artımı müşahidə
edilir:
"Artım belə davam edərsə, dənizin ekosistemi üçün fəsadlar yarana bilər. Çünki səth sularının temperaturunun çox yüksəlməsi dənizin ekosisteminə çox mənfi təsir edir. Balıqlar, suitilər müəyyən temperatura alışırlar. Onların çoxalma dövrləri hansısa temperaturla müşayiət olunur. Əgər bu temperaturda 0,5, yaxud 1 dərəcə yüksəlmə olursa, onda fəlakət yaranır, onlar kütləvi şəkildə qırılırlar”.
Xəzərdə səth sularının temperaturunun yüksəlməsi əsasən, qlobal iqlim istiləşməsi ilə izah edilir: “Temperaturun yüksəlməsi hava ilə birbaşa təmasda olan suyun da temperaturunun yüksəlməsinə səbəb olur. Digər tərəfdən, Xəzər dənizinin suyunun səviyyəsinin enməsi də buna təsir edir”.
Məlumat üçün
bildirək ki, Xəzər dənizi
dünyanın ən böyük su hövzəsidir və dünya
göl sularının 44 faizini
təşkil edir. Səviyyə tərəddüdündən
asılı olaraq 10-20 faiz
dəyişməyə məruz qalır və orta
hesabla 370 min km2 sahəni
əhatə edir. Uzunluğu təqribən
1200 km, maksimal eni 466
km, minimum eni isə
204 km-dir. Xəzər dənizinin
sahil xəttinin uzunluğu 7 min km-dir ki, onun da 955 km-i Azərbaycan Respublikasının payına
düşür. Xəzər dənizinin
su balansında əsas rolu dənizə tökülən
130-a qədər çay
təşkil edir.
Dənizin qidalanmasında
1380 min km2 hövzəsi olan
Volqa çayının
xüsusi əhəmiyyəti
vardır . Bu çay vasitəsilə dənizə
ümumi illik axar Volqa çayı
80 faiz, digər çaylar - Kür 6 faiz, Ural 5 faiz, Terek, Sulaq və
Samur birlikdə 4,5 faiz, İran ərazisindən Səfidrud,
Şirrud, Gürgan və s. 4,0-4,5 faiz təşkil edir. Xəzər dənizində axınlar mövcuddur ki, bunların da yaranmasına səbəb olan amillər əsasən küləklər,
dəniz dibinin relyefi, sahil xəttinin konfiqurasiyası,
dənizin müxtəlif
sahələrinin suyunun
temperatur fərqi, dənizə tökülən
çaylardır.
Xəzər dənizinin sularının
şəffaflığı ilin fəsli və coğrafi rayonundan aslı olaraq dəyişir. Dibin relyefi
axınların istiqaməti
və sürətinə
əsaslı təsir
göstərir. Dənizin dibinin
relyefi üç əsas formada təzahür edir - şelf, materik yamacı və dəniz dibinin dərin çökəklik
sahələri. Xəzər dənizində
şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır.
Şelf zonasından sonra materik yamacı başlayır.
Orta Xəzərdə
bu zona 500-600 metr dərinliyində, Cənubi Xəzərdə
isə 700-750 metrdə
qurtarır. Xəzər dənizində iki
dərin Dərbənd
(788 m.) və Lənkəran
(1025 m.) çökəklikləri qeydə alınıb.
Coğrafi mövqeyinə görə
Xəzər dənizi
üzərində şimal-qərb,
şimal və cənub-şərq küləkləri
hökm sürür.
Buna uyğun olaraq
Xəzər dənizində
şimal və şimal-qərbdən, cənub
və cənub-şərqə
və ya cənub-şərqdən şimal-qərbə
və şimala doğru hərəkət
edən dalğalar yaranır.
Xəzərin fauna və florasının özünəməxsus zənginliyi
var. O başqa dəniz
və göllərdən
seçilir. Xəzərin faunası tipik
dəniz faunasından
ciddi fərqlənir və burada 920-yə yaxın heyvan növü, habelə 101 müxtəlif balıq növü və forması yaşayır.
Bunlara nərəkimi balıqlardan
olan 5 metrlik nəhəng bölgədən
tutmuş 45 mm uzunluqda
olan hirkanobus xul balığı da daxildir. Onlar başlıca olaraq çayların dənizlərə
töküldüyü yerlərdən
yuxarıda və nadir
hallarda dənizdə rast gəlirlər.
Hazırda Xəzərin ekoloji vəziyyəti heç də qənaətbəxş
sayılmır. Mütəxəssislərin fikrincə, dənizin
şelf zonasında
problem daha kəskindir,
artıq bu ərazilərdə ölü
zonalar yaranıb.
Bəzi yerlərdə çirkləndiricilərin
qiyməti normanı
10-20 dəfə artır.
Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla daha
çox Xəzərə
axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər,
sahil zonasında yerləşən şəhərlərdən
və sənaye obyektlərindən çirklənmə,
dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə,
Xəzər dənizi
səviyyəsinin qalxması
nəticəsində sahil
zonasında su altında qalmış mənbələrdən çirklənmə
aiddir.
Bu çirklənmə mənbələri içərisində
birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Məlumatlara görə, çaylar vasitəsi ilə Xəzər dənizinə
ildə 75 milyon ton neft məhsulları gətirilir və bunun 95 faizi Volqa çayının payına düşür.
Digər
tərəfdən, dənizdə
neft quyularının,
eskadalarının tikintisi
və boru kəmərlərinin çəkilməsi
həyata keçirilib.
Artıq
bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatıb.
Köhnəlmiş texniki qurğular
korroziyaya uğruyaraq dənizi çirkləndirir.
Dənizdə fəaliyyət göstərən
müəssisələrin balansında
olan özüllərin
əksəriyyəti istismara
yararsız vəziyyətdə
dəniz akvatoriyasında
atılaraq qalmaqdadır.
Xəzər dənizinin çirklənməsində
neft emalı müəssisələrində neftlə çirklənmiş
suların tam təmizlənmədən
dənizə axıdılması
da rol oynayır.
Təbii ki, su mühitinin
Xəzərsahili ölkələrin
neft hasilatını artırması nəticəsində
ifrat çirklənməsi
balıq sənayesinə
ciddi ziyan vurur. Xəzər dənizi üçün
ən təhlükəli
çirklənmə tərkibində
zərərli kimyəvi
maddələr olan tullantılarla çirklənmədir.
Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri
və ağır metalları göstərmək
olar. Kimyəvi maddələr suyun
və qruntun tərkibini dəyişdirir.
Bu da öz növbəsində Xəzər
dənizinin flora və
faunasına öldürücü
təsir göstərir
Digər tərəfdən, səviyyəsinin
dəyişməsi problemi
- Xəzər dənizi
səviyyəsinin dəyişməsi
sahil zonasında həmişə sosial-iqtisadi
və ekoloji problemlər yaradıb. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların,
o cümlədən limanların
yenidən tikilməsinə
ehtiyac yaranır.
Xəzər faunasının məskunlaşdığı
və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların
kürü tökmək
üçün çaylara
keçməsinə əngəl
yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər
baş verir. Səviyyənin qalxdığı hallarda da sahil
zonasının sosial-iqtisadi
həyatına külli
miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir,
bataqlıqlar yaranır,
evlər və torpaqlar su altında
qalır.
Bu gün Xəzər
dənizinin çirklənmədən
qorunması istiqamətində
davamlı tədbirlər
həyata keçirilir. Azərbaycanda bu məsələyə xüsusi önəm verilir. Ölkəmizdə
bu istiqamətdə həyata keçirilən
tədbirlərdən biri
2007-ci ildən etibarən
hər il
ənənəvi olaraq
qeyd olunan "Xəzər günü"dür.
Bu tədbirlərin məqsədi insanların
ətraf mühitin mühafizəsinə münasibətini
dəyişmək, ictimaiyyətin
diqqətini ekoloji problemlərin həllinə
yönəltmək, əhalinin
bu sahədə şüur və təfəkkürünü inkişaf
etdirməklə təbiəti
qorumağın mümkünlüyünü
diqqətə çatdırmaq,
eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.
Məsələyə münasibət bildirən
ekoloq Telman Zeynalov hesab edir ki, Xəzər
dənizi ilə bağlı ekoloji vəziyyətin yaxşılaşdırılması
üçün vahid
monitorinq qrupunun yaradılması və ora qeyri-hökumət təşkilatlarının ekspertlərinin
daxil edilməsi vacibdir. Onun fikrincə xəzəryanı ölkələrin
bu dənizdə çox böyük donanma saxlaması və hərbi gəmilərin müntəzəm
olaraq öz ballast sularını dənizə
tökməsi Xəzərin
ekologiyasına mənfi
təsir göstərir.
Ekspert həmçinin
vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının
səbəblərindən biri
də quraqlıqdır. Onun sözlərinə görə,
Xəzərdə suyun
çəkilməsi həm
təbii, həm də iqtisadi proseslərlə bağlıdır:
“Yağıntıların miqdarı
azalır. Bununla yanaşı, Rusiyada
Volqa çayında tikilən hidrotexniki qurğular da burada rol oynayır.
Bu qurğular enerjinin çox əldə olunması üçün çaydakı
suyu çəkir.
Buna görə də
kanallara su az buraxılır.
Bilirik ki, Volqa çayı
da Xəzərə tökülür. Mən daha
çox iqtisadi faktor üzərində dayanıram. Digər tərəfdən,
Xəzərə axan çayların istiqamətinin
başqa yerə yönləndirilməsi də
problemlər yaradır”.
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Sevinc.
Həftə içi.- 2019.- 10-11
dekabr. S. 6.