“Televiziya
məcbur edir ki, aparıcı
müğənnidən,
sponsordan asılı olsun"
Müasir dövrlə ayaqlaşmaq
lazımdır. Lakin tariximizi, ənənəmizi unutmaq mənfi
haldır. Bu gün dünyada İKT-nin inkişafı bizdə
keçmişi olanları unutmağa gətirib
çıxartdı.Elə bu təsir mətbuatdan da yan
keçmədi. Müxtəlif informasiya agentlikləri,
portallar ənənəvi televiziya seyirçiliyini arxa plana
saldı. Təsadüfi aparıcılar, diktorlar da ekrana ayaq
açmağa başladılar. Müsahibimiz
tanınmış televiziya xadimi, teletənqidçi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir.
Söhbətimiz olduqca maraqlı alındı.
Hafta.az müsahibəni təqdim edir:
- Elçin müəllim, son zamanlar
efirlərə ayaq açan aparıcılar çoxalır.
Bir televiziya direktoru olsaydız, aparıcıları hansı
parametrlərə görə təyin edərdiniz?
-
Televiziya təbiətinə görə postmodernist təhkiyəyə
söykənir. Birmənalı şəkildə bu kütləvi
sənətdir. Və postmodernist janrlar da müxtəlif
formalara bölünür. Daha sadə dildə desək
televiziya şou tələb edir. Televiziya aparıcısı
deyəndə ümümiləşdirmək lazım deyil.
Sipiker var ki, xəbər aparıcısıdır. Bəziləri
tok-şou aparıcısıdır. Şoumen başqadır.
Hər birinin qarşısında ayrı-ayrı vəzifələr
durur. Mən bunlar haqqında yazmışam. Şoumen şou
göstərməlidir. Yaponiya cəmiyyəti ən mühafizəkar
ölkədir. Amma Yaponiya televiziyalarında açıq,
erotik, pornoqrafik tok-şoular olur. Mən demirəm, bu
Hollandiyada da olur. Televiziya öz sifariş vericilərindən,
reklam verənlərindən çox asılıdır.
İkincisi, televiziyada sərhəd yoxdur. Bütün hallarda
reytinqə, rəqəmlərə işləyir. O rəqəmlər
də yüksək olmalıdır. Bu gün biz sərhəd
qoymalı deyilik. Siz ədibsiz. Mən bir sual verim: Ədəbiyyatda
sərhəd varmı, televiziyada da olsun? Britaniyada dövlət
və ictimai televiziyalara, BBC və onun qollarına baxış
47 faizdir. Əyləncə kanallarının heç biri BBC-yə
gəlib çatmır. Buna mədəniyyət immuniteti deyirlər.
Bizdə o immuniteti yaratmaq üçün Azərbaycan
dövləti tək AzTv-yə 56 milyon, Mədəniyyət
kanalına 7 milyon pul ayırır. Hər il İctimai kanala
12-14 milyon pul ayrılır. Bu 56 milyonun 10 milyonu maaşa,
binaya xərclənsin. Yerdə qalan 46 milyona kanal hansı
kinonu çəkib? Bu büdcə özü də hər il
ayrılır. Bir dənə də olsun tarixi film çəkməyib.
Halbuki Rusiyanın birinci kanalı oktiyabr inqilabının
yüzülliyinə həsr olunmuş serial çəkdi. Digər
kanal olan RTR isə Lenin haqqında film çəkdi. Yesenin
haqqında gözəl bir film çəkildi. Biz Mikayıl
Müşfiq haqqında film çəkmişik?
Pampers,
diş məcunu reklamlarına baxan kütləni
güldürmək də lazımdır, ağlatmaq da. Eyni
zamanda məhsulu göstərib, reklam etmək də
lazımdır. Buna televiziya tarixində "Argentina
böhranı" deyirlər. Argentinada bir neçə il
öncə belə bir hadisə baş verdi. Televiziya və
insanların real həyatı müqayisə olundu. Amma nəticə
etibari ilə uyğun gəlmədi. İnsanlar serialda
olduğu kimi yaşamaq istədilər. Və ölkədə
iqtisadi tələblər başladı. Yəni maaşlar
qalxsın və s. Hökumət məcbur oldu beynəlxalq
valyuta fondundan kreditlər götürsün. Necə ola bilər
ki, ciddi qurumlar serialların maliyələşməsinə
maraqlı olsun? Səbəbi odur ki, üçüncü
ölkələrə məhz iqtisadi vəziyyətin
yaxşı olduğunu göstərmək istəyirlər.
Bizdə də Prezidentin milli seriallarla bağlı sərəncamı
oldu. Mən bunu çox alqışladım. Cənab Prezident
bu addımı atdı. Ortaya qoyulan məhsulların keyfiyyətsiz
olması isə ayrı məsələdir. Zəiflik var, çünki
alternativ yoxdur. Ona görə çox qabarıq görsənir.
- Aztv-dən danışdız.
Bildiyiniz kimi kadr dəyikliyi də oldu. Sizcə yeni müsbət
bir şeylər gözləniləndirmi?
- Amerikada
belə bir qayda var: Prezidentin yüz günü... Prezidentə
özünü göstərmək üçün yüz gün
vaxt verirlər. Yüz gündən sonra hesabat olur. Hələ
bizim sədr təyin olunmayıb, sədr əvəzidir.
Yüz günü gözləyək. Gəncdir, bu çox təqdirə
layiq hadisədir. İctimai kanala da yeni gənc sədr təyin
olundu. Mənim şəxsən gözləntim
böyükdür. Amma AzTv-yə gəldikdə hələ
indidən o sözü deyə bilmərəm. Birinci
atdığı addım var ki, Ramiz Həsənoğlunu ora gətirdi.
Mən Ramiz bəyin yaradıcıllığını da,
şəxsiyyətini də çox yaxşı
tanıyıram. Ramiz Həsənoğlu Azərbaycan televiziya
tarixində ən gözəl tele-tamaşaların rejissorudur.
Ramiz bəy dörd hissəli "Fatihlərin divanı"
kimi möhtəşəm əsər ortaya qoymuş
adamdır. Təbliğat və tarixi öyrənmək
baxımından çox gözəldir. Mənim atam çəkildiyi
üçün tərifləmirəm. Həqiqətən o
filmi ilk dəfə görəndə çox sevindim. "Ac hərflər"i
də məhz Ramiz Həsənoğlu çəkib, çox
möhtəşəmdir.
- Qayıdaq yenidən
aparıcılara. Elçin bəy, ola bilər ki,
aparıcı istedadsızdır ama yaxşı
görünüşü xətrinə ekranlardadır?
-
Tamaşaçı ilk on saniyədə insanın
görünüşünə fikir verir. Onuncu saniyədən
sonra başlayır onun danışığına diqqət
yetirməyə . Yalnız bir neçə dəqiqədən
sonra onun nə dediyini dərk etməyə başlayır.
Televiziyada kimin nəyi necə deməsi olduqca önəmlidir.
Mən çıxıb deyirəm ki, Azərbaycanda zəlzələ
olacaq. Neçə nəfər buna inanacaq? Bunu 18
yaşında bir qız desə ona inanmayacaqsınız. Xarici
ölkələrin televiziyalarında hava proqnozunu belə
yaşlı adamlar aparır. Xəbərə etimad
olmalıdır. Çünki təfəkkürümüz
belədir. İdarə edənlər menecer deyil. Televiziyada
baş prodüser olmalıdır. O artıq keyfiyyətli məhsul
istehsal etməlidir. Bizdə isə yoxdur, televiziya rəhbərləri
özlərini dahi hesab edirlər. ATV- də dörd il bədii
rəhbər işləmişəm. Mən universitetlərdən
normal görkəmli xanımları dəvət edirdim.
Onları stajor kimi dəvət edirdim ki, öyrənsinlər.
Məqsədim alt bazanı yaratmaq idi. Ona görə ki,
hansısa aparıcı hirslənib, çıxıb gedəndə
efir boş qalmamalıdır. Onu əvəzləyən insan
olmalıdır. Xaricdə peşə məktəbi tipində
televiziyalar var. Elə bizim AzTv-nin də akademiyası var. Məqsəd
peşə məktəblərində nitqi, mimikanı,
sözlə hərəkəti etməyi öyrətməkdir.
Bizdə gənc jurnalistlər öyrədilmirsə, hansı
peşəkarlığı tələb edək? Məsələn,
bizdə hər hansı jurnalistə deyirlər bu verlişi
aparmalısan. Maaşa gələndə 400 manat...
Düzdür, brend aparıcılar vardır ki, bu gün
üç min manat pul alırlar. Onlar ora gəlib çatana qədər
nə yolu keçiblər, onu mən bilirəm. Onlar
müğənnilərdən, sponsorlardan asılı olublar.
Televiziya məcbur edir ki, aparıcı müğənnidən,
sponsordan asılı olsun. Çünki ona yaxşı
maaş verə bilmir.
" - Nitqdən söz
düşmüşkən, jurnalistlərin səhv dediyi
sözlərin siyahısı
çıxarılmışdı. Məlum oldu ki, ən
yaxşı jurnalistlərimiz milli sözləri bərbad hala
salırlar. Siz heç olur ki, eşidəndə qıcıq
olmusuz, yoxsa əhəmiyyət vermirsiz?
- Orada mənim
də adım var. Nitqimdə qüsurlar tapıblar. Mən bir
dəfə ona görə cavab verdim, amma yenə də təkrar
cavab verirəm. Mənim nitqimdə qüsur tapanın başqa
yerində qüsur var. Mən bu fikrimi əsaslandırıram.
Mən moderatoram. Əsəblər gəriləndə
vurğunun hara düşdüyünü, sözün necə
tələffüz olunduğunu düşünə bilmərəm.
“Amma” nı “ama” kimi tələffüz etməyimi irad tutublar.
Onu hazırlayan Dilçilik İnstitutu orfoepiya lüğəti
hazırlayıb, ortaya qoymayıbsa onların
danışmağa haqqı yoxdur. 120 minə qədər
sözün orfoepiyasını çıxarmaq
üçün beş dəfə çap ediblər.
“Əskinas” sözü hər dəfə bir cür
yazılır. Bu gün Mərkəzi Bank “əskinas”
sözünü ayrı cür yazır, AZƏRTAC isə
ayrı cür yazır. Hər ikisi dövlət qurumudur. Gedin
öz probleminizi həll edin, sonra aparıcılarda səhvləri
taparsız. Aparıcı canlı efirdə bu kimi
nüanslarlı səhv deyə bilər. Ola bilsin xəbər
aparıcısında bu səhvlər olmasın,
çünki oxuyur. Ancaq səhv olarsa
bağışlanandır, çünki canlı efirdə
bunlar qaçılmaz olur bəzən. Siz AzTv-nin
diktorlarını görmək istəyirsiz? Dərs keçənlər
deyirlər ki. Azərbaycanda böyük aparıcılar –
Rafiq Hüseynov, Ofelya xanım və s. gözəl
aparıcı olublar. Onlar bilmir ki, adını çəkdikləri
adamlar aparıcı yox, diktor olublar. Mənim onlara həmişə
böyük hörmətim olub. Ancaq onlardan birini gətirin
indiki dövrdə aparıcılıq etsin, edə bilməzlər.
Ola bilər mənim verlişim çox aşağı səviyyədə
olan bir verlişdir, razıyam. Amma mənim verlişimi onlar
apara bilməzlər. Çünki onlar yaxşı diktorluq
üçün yaranıblar. Arşın məsələsi
var. Sən televiziya aparıcısının nitqin nə ilə
ölçürsən? Televiziya sintetik sənətdir.
İdman, hava, mədəniyyət, iqtisadiyyat və siyasətin
ayrı-ayrı müxbirləri var. Bunu ədəbi dil
normaları ilə məhdudlaşdırmaq gülməlidir.
Siz təsəvvür edin iqtisadiyyatı aparan ədəbi dildə
danışır. Axı o terminlərlə
danışmalıdır. İqtisadiyyatda necə desin ki,
malların qiyməti qalxıb. O “infiliyasiya” termini işlətməlidir
və s... Televiziya dili ayrıca üslubdur. Televiziya və
radio aparıcısı həm el dilində
danışmağı, həm terminlərdən istifadə
etməyi bacarmalıdır. Bizim Dilçilik İnstitutu deyir
ki, hamınız ədəbi dildə danışın.
- Bəzən radioda
aparıcıların bir-biri ilə müzakirəsi zamanı
jarqon ifadələr işlədirlər: “qaqaş”, “ala” niyə
bu gün jarqon sözlər mətbuatımıza siraət edə
bildi?
- Mən
də sevmirəm o sözləri. Hətta eşidəndə
nifər edirəm. Bizim insanlar bəsit danışmaqla, sadə
danışmağı səhv salırlar. “Alə” olmaz. “ay
qaqaş” olmaz. El dilində danışmaq, küçə
dilində danışmaq deyil. Moskvada küçədəki
dil başqadır, rus ədəbi dili başqadır. Televiziya
dili isə ikisinin arasından qırmızı xət kimi
keçən bir dildir. Həm ədəbi dil qaydaları var,
həm el dilində danışma qaydaları. Bunu peşəkarcasına
edirlər. Bizdə bir çox aparıcıların mütaliəsi
yoxdur. Onlar fikirlərini ifadə edə bilmirlər. Ya jarqona
keçirlər, ya efirə yaraşmayan dilə. Bu cür
olmamalıdır.
- Yaxınlarda Milli Televiziya və
Radio Şurası (MTRŞ) sizin verlişi tənqid etmişdi.
Səbəb Maral Tahirqızı adlı xanım
iştirakçı təhqir etməniz olub...
-
Birincisi, mən orada təhqir edəcək heç nə
işlətməmişəm. Demişəm ki, Azərbaycan
musiqisinin qara nöqtəsisiniz. İkinci söz demişəm
ki, sizi sosial şəbəkələrdə dolayırlar. Bir
insan qoymamalıdır onu dolasınlar. Bunu qabardan adamlar
içində şüvənlərdən biri də
vardır - müğənnidir. Elmi dərəcəsi də
var. Üç uşaq dünyaya gətirib. Mənə
maraqlıdır uşaq dünyaya gətirəsən, elmi
iş yazasan və hər gün toyda olasan... Bu yalnız Azərbaycanda
olur. Öz əxlaqında problem olan adam məni tənqid edir.
Guya mən Azərbaycan qadınını təhqir etmişəm.
Maral Tahirqizi Azərbaycan qadının simvoludur? İnsan
alaverinin üstündə həbs olunan adam və yaxud sosial
şəbəkələrdə lağ yeri olan Azərbaycan
qadının necə simvolu olur? Mən ona orda Azərbaycan
qadını kimi yanaşmamışdım. Mən ona sənətə
xəyanət edən adam kimi yanaşmışdım. Azərbaycan
musiqisinə, Azərbaycan mədəniyyətinə xəyanət
edən adamı təhqir edərəm. Çünki mən sənətşünasam.
6 il bakalvr, magistr, doktoranturanı ona görə
oxumamışam ki, icazə verəm bir-iki ünsür sənətə
xəyanət edə. Mən sona qədər bununla mübarizə
aparmağa hazıram. Qoy buna görə söyülüm.
Üzeyir bəyi də söyürdülər.
Xatırladım ki, “Uzun ömrün akkordları” filmində
yazıçı Anar “İnfoteynment”in əsasını
qoydu. Təsəvvür edin, eyni vaxtda bütün kanallarda xəbərlər
başlayır. Onu maraqlı etmək üçün əyləncəli
şəkildə təqdimat gəldi. Mən başqa şeyi
qeyd etmək istəyirəm. Bir gün Sədi Şirazi bazar
meydanına gedir. Görür bir nurani ağsaqqal
ağlayır. Soruşur ki, niyə ağlayırsan? Deyir ki,
filankəs səni bazar meydanında söydü. Sədi də
qayıdıb deyir ki, sən sevinməlisən elə axmaq adam
məni söyür. Bir az sonra biri gəlib deyir ki, sizi söyən
adam indi də tərifləyirdi. Sədi Şirazi
başlayır ki, ağlamağa. Soruşurlar niyə
ağlayırsan? Deyir ki, gör nə günə
qalmışam, o, axmaq adam məni tərifləyir. İndi mən
həmin vəziyyətə düşmüşəm. Məni
söyən adamlar məni tərifləsələr
özümü asaram.
- Verlişinizdən söz
düşmüşkən çağırdığınız
qonaqları istedadlı hesab edirsizmi?
- Suala
sualla cavab vermək istiyirəm. Siz özünüz
istedadlı adamsınız, yoxsa istedadsız? Sizi dəvət
etmişəm verlişimə. Siz mənə deməmisiniz ki,
məni dəvət edin. Deməli mən sizin
istedadınızı görüb dəvət etmişəm.
Mən çalışıram sosial şəbəkədə
insanları oxuyum. İstiyirəm verlişimə
ağıllı, çevik, özünü tapmış,
dinamik adamları dəvət edim. Ola bilər hamısı
uğurlu alınmır. Dörd-dördlük heç nə
yoxdur. Adam var ki, çox istedadlı adamdır, amma
özünü ifadə edə bilmir. Misal üçün
siz... Çox gözəl yazılarınız var. Amma fikirlərinizi
ifadə edə bilmirsiniz. Bir müsbət cəhətiniz var
ki, siz tənqidi çox sağlam qəbul edirsiniz. Bu sizin
inkişafına çox təsir edəcək. Mən həmişə
sizin kimi istedadlı gəncliyin yanında olmuşam. Mənlə
oxuyan, ətrafımda olan bütün istedadlı adamların
tanınması üçün çalışmışam
nəsə edim. Rafiq Tağını Azərbaycanda heç
kim efirə buraxmırdı. Rasim Qaracanı efirə heç
kim buraxmayanda mən dəvət edirdim. Meydan verirdim. Onlar mənim
üçün yaxşı yazarlardır. Rafiq Tağı
kimi yazıçı bir də Azərbaycan ədəbiyyatında
olmayacaq. Mən buna görə fəxr edirəm ki, az da olsa
ona o imkanı yarada bildim. Çox vaxt istedad əsas rol
oynayır. Məsələn, mənim üçün
İkinci Mahmudun, Qan Turalının verlişimə gəlməsi
xoşdur. Ola bilər ki, verlişə gələn insanlar
içində təxribatçı insanlar, avanturistlər
olur. Bunlar ola bilər kimin üçünsə
maraqsızdır. Amma cəmiyyətimiz üçün bunlar
da maraqlıdır, camaat görüb, tanımalıdır. Mənim
tok-şoum subiyektiv tok-şoudur. Yaxşı mənada mən
də dəvət etdiklərimdən istifadə edirəm. Yəni
verlişimdə elə intelektlər danışır,
veriliş maraqlı alınır. Ancaq onlar üçün də
yaxşı olur ki, tanınırlar. Kitablarını göstərirəm,
imzalarını tanıdıram. Əgər Ruzbeh, İkinci
Mahmudu, Cavidi, Qan Turalını tanıyıramsa onda hansısa
istedadı görüb çağırmışam. Ailə-məişətdən
də danışmaq lazımdır. Bəziləri deyir mən
ancaq ədəbiyyatdan danışacam. Mən də sual verirəm
sən məişətdən roman yaza bilirsən, ama
danışa bilmirsən, bu necə olur? Sevgi özü də
məişət problemidir. Sonu yataqla bitir. İstəsən də,
istəməsən də. Məişəti bilməsən necə
yaza bilərsən? Bu sözü deputat deyəndə şoka
düşürəm. Sən məişəti bilməlisən.
Niyə gəlmirsiz? Siz axı gəlməlisiz,
ağıllı söz deməlisiz. Problemləri örtmək
lazım deyil. Bunun üçün yazıçısı,
jurnalisti öndə olmalıdır. Bir dəfə
verlişimdə əsəbiləşdim. Bir nəfər mənə
izimlərdən danışır. Mən özüm sənətşünasam,
yekəxanalıq çıxmasın bunu əzbər bilirəm.
Mənə Ayaz Salayev, İlham Rəhimli, Aydın Dadaşov
kimi kinoşünaslar dərs deyib. Mənə kinodan
danışanlar heç biri onları görməyib. Mənim
verlişim problemi həll etmir, sanki yaranın
üstünü açır. İşiqlandırır.
Yaranın üstünü bağlayanda sağalmır, irinləyir.
Problemlər də elədir. Nə qədər gizlətsən,
bir o qədər bağlı qalacaq.
- Siz həm də alimsiz, eyni zamanda ədəbiyyatı
da yaxından izləyirsiz. Sizə görə, yeni ədəbiyyat
yaranırmı, yoxsa ortalıq boşdur deyə dəvə dəlləklik
edir?
- İstəmirəm
sərt danışam, onsuz küsəcəklər. Çünki
yetərincə mənə düşman kəsilən adamlar
var. Ədəbiyyatda iki cəbhə olanda ortaya gözəl sənət
numunələri, gözəl yazarlar çıxa bilər.
Toqquşma olanda irəliləyiş olur.
Altmışıncı illərdə şəhər və kənd
romançılığı savaşı gedirdi. Bu tək Azərbaycanda
yox, Moskvada da belə idi. Sibriaklar var idi. Başında Qriqori
Rasputin kimi böyük yazıçı dururdu.
Moskvalıların da başında nəhəng YuriTrifinov
dururdu. Ədəbi müstəvidə müharibə gedirdi.
Acığa romanlar yazılırdı. Onlardan kənarda
disident ədəbiyyat da var idi. Zövqü diktə edirdilər.
Bizdə də o var idi. Bir tərəfdə İsa Muğanna,
İsi Məlikzadə, Mövlud Süleymanlı. Bir tərəfdə
şəhər yazarları - Maqsud İbrahimbəyov, Rüstəm
İbrahimbəyov, Anar, Elçin... Bunlar arasında rəqabət
var idi. 2000-ci ildə AYO, AYB rəqabəti başladı. AYB-də
qocalmış nəsil idi. AYO-da daha dinamik nəsil idi. AYB
öz ətrafına gəncləri yığdı.
Çünki qarşı-qarşıya çıxmaq
üçün gənc nəslə ehtiyac var idi.
Yaxşı nümunələr çıxdı. Bir tərəfin
getməsi yenə boşluğa gətirib
çıxartdı. Bu gün yazarlar arasında rəqabət
yoxdur. Təəssüf ki, tənqidçilərimiz də
şəxsi münasibət, yalnız yaltaqlıq naminə
yola verirlər. Vissarion Belinski olmasa idi, Rus ədəbiyyatı
olmayacaqdı. Nə Qoqollar, nə Dostayeviskilər yetişməyəcəkdi.
18 yaşlı Nikolay Aleksandroviç Dobrolyubov kimi gənc, 60
yaşlı İvan Sergeyeviç Turgenev haqqında tənqidi
yazı yazmışdı. Turgenev küsüb Rusiyadan
getmişdi. O, Fransadan jurnala məktub göndərib ki, mən
boyda yazıçını dünənki uşaq tənqid
edir. Amma o tənqid Turgenovu silkələdi ki, ayıl yeni nəsil
gəlir. Bizdə belə tənqidçi varmı?
- Çox sağ olun maraqlı
söhbət üçün.
- Sağ
olun.
Ruzbeh Məmməd
Həftə içi.- 2019.- 7
fevral.- S.7.