“Hindistan azərbaycanlı rəssamların gözü ilə”

 

Hindinstanın ölkəmizdəki səfirliyində balaca rəssamların əl işlərindən ibarət “Hindistan azərbaycanlı rəssamların gözü ilə” adlı rəsm sərgisi təşkil olunub.Hafta.az yazdığına görə, tədbirin açılış mərasimində çıxış edən Hindistanın Azərbaycandakı müvzqqəti işlər vəkili Govindan Paçeni bildirib ki, hazırda ölkələrimiz arasında dostluq və bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf etməkdədir.

“Biz inkişaf edən əlaqələrimizi daha da genişləndirmək məqsədilə bir sıra əməkdaşlıq sahələrini müəyyənləşdirmişik. Əslində Hindistanla azərbaycan arasında əlaqələrin kökü çox qədim dövrlərə uzanır. Məsələn, “Atəşgah” od məbədi ilə bağlılığımız buna sübutdur. Son vaxtlarda Mədəni Mübadilələr Proqramını imzalamışıq və onun əsasında ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyə başlamışıq. Əminik ki, bu proqram əsasında daha böyük işlər görə biləcəyik” deyən diplomat iştirakçısı olduğumuz tədbirə işarə edərək bildirib ki, hazırda sərgidə 7-15 yaş arasında olan təxminən 100 balaca rəssamın əl işləri sərgilənməkdədir. Hind mədəniyyəti və ənənələrini özündə əxz etdirən 150-dək rəsm əsərinin müəllifləri arasında ən azyaşlı rəssamın cəmi 7 yaşı olduğunu xatırladan G.Paçeni qeyd edib ki, həmin qəhrəman Arzu Şükürovadır.

Diplomat çıxışının sonunda vurğulayıb ki, iştirakçısı olduğumuz sərgidə əslində heç vaxt Hindistanı görməyən balaca rəssamlar ölkələrimiz arasındakı qədim və zəngin tarixi-mədəni əlaqələri təbliğ etməyə çalışıblar.

Çıxış edən Azərbaycan Rəssamlar İttifaqı Qrafika şöbəsinin rəhbəri Arif Hüseynov bildirib ki, Hindistan səfirliyinin belə bir mədəni layihə həyata keçirdiyini ilk dəfədir görür və buna görə çox şaddır. “Gördüyümüz bu rəsm əsərlərinin sahibləri azyaşlı balacalardır. Onlar heç vaxt görmədikləri Hindistan haqda öz təsəvvürlərini rənglərin dili ilə canlandırmağa çalışıblar” deyən A.Hüseynov Hindistanla bağlı öz maraqlı xatirlərindən də söz açıb.

A.Hüseynov qısa çıxışının sonunda əmin olduğunu bildirib ki, gələcəkdə bu balaca rəssamların müəyyən hissəsi Hindistana gedərək təsəvvürlərini daha da zənginləşdirmək fürsəti qazanacaqlar. Çünki qədim və zəngin Hindistanda mövcud olan tarixi əsərlər – abidələr, möhtəşəm tikililər, oradakı muzeylərdə sərgilənən rəs əsərləri və sair mütləq bu uşaqların yaradıcılığına təsir göstərəcək.

Daha sonra Rəssamlar İttifaqının fəxri üzvləri Aygün İsgəndərova və Elnurə İsgəndərova diplomlarla təltif olunublar. Bundan sonra isə sərgi iştirakçısı olan azyaşlı rəssamların diplomlarla mükafatlandırılması mərasimi keçirilib.

Tədbir hind müsiqisinin sədaları altında bədii hissə ilə başa çatıb.

Yeri gəlmişkən, sərgidə iştirak edən azyaşlı rəssamlardan bir qrupunun müəlliməsi və bədii rəhbəri ilə də ayaqüstü söhbətləşdim. Həmsöhbətim olan Kərimova Sevinc bildirdi ki, 257 saylı orta məktəbi təmsil edirlər. “Mən məktəbin rəsm müəllimiyəm, eləcə də Rəssamlar İttifaqının üzvüyəm. Hazırda burada 30 balaca rəssam şagirdimlər gəlmişəm. 7-15 yaş arasında olan bu uşaqlar çalışıblar rəsmlərində Hindistanla bağlı baxışlarını göstərsinlər. Bəzi işlərdə isə xalqlarımız və dövlətlərimiz arasında əlaqələrə işarə edilir. Ancaq uşaq təxəyyülü onları daha çox Budda heykəlləri, fil, pələng və sair şəkilləri çəkməyə vadar edib. Təbii ki, uşaqlar həmin təsəvvürləri öz düşüncələrində telekanallarda, şəkillərdə gördükləri obrazlar əsasında formalaşdırıblar” deyən S.Kərimova bildirdi ki, sərgiyə qatılan 30 uşağın hamısı xüsusi diplomlarla mükafatlandırılıb. Hətta bir nəfəri müsabiqənin ən azyaşlı iştirakçısı olduğu üçün digərlərindən fərqli mükafat alıb.

S.Kərimova bildirib ki, bu vaxtadək bənzər müsabiqələrdə iştirak ediblər. İlk belə tədbiri Türkiyənin ölkəmizdəki səfirliyi, ikincisini isə İran səfirliyi təşkil edib və 257 saylı məktəbin azyaşlı rəssam heyəti həmin tədbirlərə öz əl işləri ilə qatılıblar. “Hindistan səfirliyi isə bu siyahıda üçüncüdür” deyən qrup rəhbəri qeyd edib ki, gələcəkdə hansı səfirlik belə müsabiqə keçirərsə, onlar can-başla iştirak etməyə hazırdırlar.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2019.- 19 fevral.- S.8.