Ruhu Ağdamı dolaşan Əhliman həkim...
Bu fani dünyada
hər bir insan Allahın verdiyi bir ömür payını
yaşayır. Kimisi çox, kimisi də nakam
köçür bu dünyadan. Gərək, bu ömür
payını yaşayanda da kişi kimi yaşayasan...
Tanınmış həkim, uşaqlıq dostum Əhliman Bayramov
da vaxtından tez fələyin amansız oxuna tuş gəldi
və gözümüz baxa-baxa dərd onu caynağına
alıb müqəddəs ruhlar aləminə apardı... Qırx gündür aramızda yoxdur Əhliman həkim,
bu qırx gün müddətində cismən bizdən
uzaqlaşsa da, ruhən daha da yaxınlaşır. İndi
ruhu doğma yurd yerlərimizə, doğulduğu Ağdam
rayonunun Kolanı elinə, Əlimədədli kəndində
gedib.
Atası,
el ağsaqqalı Fərman müəllimin, tanınmış
həkim əmisi Soltan Bayramovun, hələ 15 yaşlarında
əfsanəvi qəhrəmanlıq göstərmiş
yaşıdlarını xilas edərək özü igidliklə
həlak olmuş, ölmündən sonra Ağdam şəhər
1 saylı orta məktəbin adını daşıyan Sədrəddin
Soltan oğlu Bayramovun məzarlarını oxşayır. Eləcə
də uşaqlıq çağlarında yamaclarından məröyçə,
qulançar, bənövşə yığdığı dəvəbelli
dağların ətəklərini dolaşır, sonra da
Xaçın gölünün sahilinə gəlib, öz
yasını unudaraq kimsəsiz qalmış yurdlara yas tutur...
Yenidən qayıdır hələ öyrəşmədiyi,
isinişmədiyi ruhlar aləminə ...
Bu gün Əhliman həkimin ölümü onu tanıyanlardan hər kəsi sarsıdır, yandırır, xatirəsi ürəklərdə qövrə çevrilir... 40 gündür ki, mənə çoxlu zəng gəlir, məni tanıyanların telefon zəngləri... Telefonu açıram, tanış adamlardır. Deyir, Əhliman həkimin yanına xəstə aparmaq istəyirəm. Amma günün hansı vaxıntda işə gəldiyini bilmək istəyirik, zəhmət olmasa, onu öyrənib bizə deyə bilərsinizmi?.. Cavab verə bilmirəm, həqiqəti deməyə gücüm çatmır... Zənglər yenə gəlir, dərdi daş edib bağrıma basaraq susuram...
Sonra qəhər məni boğa-boğa özümdə güc toplayıb deyirəm: artıq Əhliman həkim Bakı şəhər 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Xəzər klinikasında işləmir, bizdən qabağa düşdü, ruhu çıxıb gedib girov qalmış doğma ellimiz olan, Ağdama, ata yurduna...
Bu gün Əhliman həkimin ancaq şirin xatirələri qəlbimizdə dolaşır. Onunla uşaqlığımız bir keçib. Yaxınlarla bir az o şirin xatirələrdən danışıb, özümüzə təsəlli verə-verə onu xatırlayıb yad edirik. Mənim, təxminən, 10, onun isə 12 yaşı olardı. Quzuya gedərdik. Quzuları Xaçın çayının sahilində otarardıq. Bir gün Əhliman həkim Ağdam şəhərinə əmisigilə gedəndə balıq tutmaq üçün xeyli tilov-qarmaq almışdı. Təxminən, 2-3 metr uzunluğunda qamış tapdıq və adama bir tilov düzəltdik. Quzuları örüşə buraxdıq və özümüz də göldən balıq tutmağa başladıq... Axşamadək balıq tutduq. Gölün kənarında balaca gölməçə düzəldib tutduğumuz şirin çay balıqlarını ora atırdıq ki, ölməsinlər. Təxminən, 40-a yaxın balıq tutduq.
...Artıq hava qaralırdı, balıqları bölmək istəyirdik. Balıqlar getdikcə durulan gölməçədə üzürdü, Əhliman həkim bir neçə dəqiqə üzən balıqlara tamaşa etdi. İçində xırda balıq da var idi. Sonra gölməçənin qabağını açıb balıqları gölə buraxıb dedi: “İnsanlar da balıqlar kimi canlıdırlar. İçərisində xırdaları da var, onlar da yaşamaq istəyirlər, anaları onları gözləyir, ürəyim gəlmir bu su mələklərini göldən ayırmağa, qoy yaşasınlar...
Qarmaqları da sındırıb dərin xəndəklərin birinə atıb, quzuları da qabağımıza qatıb lal-dinməz evə qayıtdıq. Əhliman həkim uşaqlıqdan təbiəti sevərdi, bir canlını öldürməyə əli gəlməzdi.
Təxminən, mən 3-cü, o isə 4-cü sinifdə oxuyardıq. Kəndimizin ayağında, sovxozun həyətinə bitişik bir iydəlik var idi. Cərgə ilə əkilmiş iydə ağaclarının qarşısı ilə arx axırdı. Arxın içində bir nehrə gördük, elə bildik ki, sınıq olduğundan onu suyun içinə atıblar. Hərəmiz bir məftil parçası tapıb yüyən kimi nehrənin uc hissəsinə bağladıq, sonra Əhliman həkim nehrənin bir başına, mən də o biri başına minib, kürək-kürəyə hərəmizin əlində bir çubuq başladıq nəhrəni döyəcləyib, onu at kimi çapmağa. Başımız qatışdığından, vaxtın tez gəlib-keçdiyini, hətta havanın qaraldığını belə hiss etmirdik. Birdən bağın gözətçisi, xalq artisti Nəzakət Teymurovanın atası Xosrov dayı gəldi, bizi qovalığa qatdı. Onların evi həmin bağın içində və arxa çox yaxın olduğundan sən demə suya qoyublar ki, nehrə suda qalıb islanıb şişsin. Baxdıq ki, quzular yoxdur. Tez quzuları tapıb evə sarı gəlirdik. Artıq evə yaxınlaşırdıq, qəflətən Əhliman həkimin atası sovxozun həyəti tərəfdən çıxıb bizi qabaqladı. Qeyd edim ki, Fərman müəllim axşam məktəbinin (o vaxtlar belə adlanırdı: fəhlə-gənclər məktəbləri) direktoru olduğundan evə gec gələrdi. Çox ciddi, bir az da qəzəbnak adam idi... Günahlarımız üstündə əsəbiləşəndə bizi ciddi tənbeh edərdi... Olduqca obyektiv və dürüst ağsaqqal idi.
Təkcə biz şagirdləri deyil, ümumiyyətlə qadınlı-kişili hamı ondan çəkinərdi, haqlı sözünün qabağına söz deyilməzdi... Əsl el ağsaqqalı, xalq müəllimi idi və indinin özündə də belə xatırlanır...
Qonşu və qohum idik... Biz hiss elədik ki, bugünkü “günah”ımızı ona çatdırıblar... Onun əsəbi olduğunu və bizə yaxşıca qulaqburması verəcəyini hiss etdik, istədik ki, qaçıb canımızı qurtaraq. Amma fürsət olmadı... Əhliman işi başa düşdü və tez atasını qabaqlayıb, yalvarış tərzdə dedi: “Əmi (onlar atalarına “əmi”, biz isə atamıza “qağa” deyə müraciət edərdik), vallah, biz bilmədik, elə bildik ki, sınıq nehrədir, kimsə gətirib arxa atıb. Hadisəni olduğu kimi danışdıq. Günahsız olduğumuzu görüb, kişi bizi bağışladı... Eh, o qədər bunaoxşar xatirələr var ki, hansını danışasan, hansından söz açasan?!
...Artıq illər keçib, Əhliman həkim
işləyir, mən jurnalist, Nəzakət xanım isə
xalq artistidir. Bir gün
Müslüm Maqomayev adına Opera və Balet Dram Teatrına
bilet almışdım. Uşaqlarımız balaca idilər,
ailəvi adıçəkilən teatra gedib, “Leyli və Məcnun”
operasına tamaşa edirdik. Leyli rolunda Xalq Artisti Nəzakət
Teymurova, Məcnun rolunda isə Xalq Artisti, yaxın dostumuz Mənsum
İbrahimov oynayırdı. Tamaşa çox maraqlı
keçdi. Hamı göz yaşı içində idi.
Tamaşadan sonra pərdə arxasına keçib, Mənsum
müəllimlə və Nəzakət xanımla
görüşdük. Onları təbrik edəndə Nəzakət
xanım üzünü Mənsum müəllimə tutub
gülə-gülə dedi: “Əhliman həkimlə, Qələndər
müəllim mənim kəndçim və
qohumlarımdır. Uşaq vaxtları nehrəmizi
sındırıblar. O vaxtdan bu günə nehrəni alıb
gətirmirlər”.
Əhliman
həkim şirin danışığı ilə yanaşı,
həm də gülərüz, çox səmimi,
zarafatları var idi. O zarafatla dedi: “Nəzakət xanım, biz
nehrənizi almağa hazırıq, amma bir şərtlə.
Əvvəlcə siz sağmal bir inək alın, onu
sağın, südünü çalın,
qatığını yığın, biz də sizə gedib
nehrə alacağıq”. Nəzakət xanım güldü. Hər
dəfə Xalq Artisti ilə görüşəndə həmin
əhvalat xoşluqla xatırlanardı...
Bəli,
bu gün Əhliman həkimlə bizi birləşdirən və
ürəyimdə qövr eyləyən çoxlu sayda
şirin, uşaqlıq xatirələrimizdir. O xatirələr
ki, yaddan çıxmır, illər keçdikcə daha da
şirinləşir. Ancaq onu da deyim ki, Əhliman həkim
çox xeyirxah adam idi. İmkansız adamlara, xüsusilə də
Qarabağ əlillərinə, şəhid ailələrinə,
məcburi köçkünlərə, qocaman müəllimlərə
və eləcə də yazarlara hörmət edərdi.
Onları müalicə edəndə və cərrahiyyə əməliyyatı
aparanda pul almazdı... Heyf, o əlçatmaz günlərdən...
Bax,
Əhliman həkimsiz dərdli 40 günümüz beləcə
gəlib-keçdi... Bu qırx gündə bizi şirin xatirələri
və nəcib əməlləri ilə dərd içində
yaşada-yaşada nağıllar aləminə, döndü
Əhliman həkim... O nağıllar ki yaşayacaq,
insanların dilindən düşməyəcək. Necə ki
nağıllarımızda olduğu kimi, biri vardı, biri
yoxdu, bu dünyada bir Əhliman həkim vardı...
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 20 fevral.-
S.8.