Əsl şair xalqın yanında olmalıdır

 

Bu gün ədəbi mühitimizdə sayılıb-seçilən, gözəl şeirləri ilə ruhlarımızı həkk edən, bir sözlə, sənət aləmində öz imzasını imzalar içində görən şairlərimizdəndir Qabil Fəqani.

Sabirabaddda  Dəli Kürün ayna suları sahilində  bir kənd qərar tutur, adına Ucalı deyirlər. Bu kənd alimləri, şairləri, mütəfəkkirləri, zəhmət adamları ilə tanınır, igid oğulları və ismətli qızları ilə seçilir. Qabil Fəqani  1957-ci ildə bu kənddə doğulub.  “Ədəbi düşüncə” rubrikasının budəfəki qonağı da elə şair Qabil Fəqanidir.

- Qabil müəllim, necə oldu ki, Fəqani adını özünüzə təxəllüs götürmüsünüz. Axı, bu ad sizin atanızın adını, söy-kökünüzü daşımır?

- Qarabağ müharibəsi hər bir ailənin ürəyinə özü böyda çalın-çarpaz dağ çəkib. Qardaşım Fəqani Aslanov Ağdamın Güllücə və Qaradağlı kəndlərinin müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə şəhid olub. Mən qardaşımın şəhid adını yaşatmaq üçün onun adını özümə təxəllüs götürdüm. Yaradıcılığımda da  Qarabağ, Vətən mövzusu daha çox yer tutur.

- Nə vaxtdan şeir yazmağa başlamısınız?

- Mən əlimə qələm alıb şeir yazmıram. 15 yaşımdan şeir mənə bədahətən gəlir. Sözləri  qəlbimdən  keçirib,  dilimdə bişirə-bişirə misralara, şeirə çevririrəm. Sonra hazır vəziyyətdə onu kağıza köçürürəm. Yeganə adamam ki, bu günə kimi yazdığım bütün şeir və poemalarımın hamısını bədahətən yazmışam və  yaddaşımda da qalıb. Bütün şeirlərimi əzbərdən bilirəm. Baxmayaraq, uşaqlıq illərindən şeir yazırdım, amma 1972-ci ildə “İlk məhəbbətim” şeirim Sabirabad rayonununMuğan” qəzetində çap olunubbu şeirlə də ədəbiyyata  gəldim.

- Şeirlərinizi mətbuatdan oxumuşam, sevgi şeirləri çoxluq təşkil edir. Heç sevmisinizmi?

- Çoxları kimi mənim də ilk məhəbbətim uğursuz alınıb. Yəni ilk sevdiyim qızla ailə həyatı qura bilməmişəm. Bəxtiyar Vahabzadə demişkən, ilk sevgi uğursuz olmasaydı, onda məhəbbət, sevgi haqqında bu qədər gözəl şeirlər, əsərlər yazılmazdı. Sevgi, mənim fikrimcə, ürəkyanğısı, uğursuz məhəbbətin fəryadıdır. Sevgi yanan bir atəşdir. Yandıqca, onun qığılcımları ətrafa səpələnir.  Sevgi saf bir duyğudur.

- Əsl şair necə olmalıdır?

- Əsl şair səmimi olmalı, yalan yazmamalı, xalqın yanında olmalıdır.

- Bəs klassik şairlərimizdən kimi bəyənirsiniz?

- Klassik şairlərin hər biri əlçatmaz bir zirvədir. Ə.Xaqani bir neçə ilkə imza atmış şairdir.  Belə ki, ilk poemanı o yazıb, qəzəldə ilk dəfə təxəllüs işlədib, nəşr nümunələri var. N. Gəncəvi “Xəmsə” yaradıb. N. Gəncəviyə irad tutanlar var ki, əsərlərini fars dilində yazıb. Nizaminin 20 000 beyitdən ibarət “Divan”ı olub. Həmin “Divan” əlimizdə yoxdur. O “Divan” tapılsa,  əminəm ki, Nizaminin türkcə də şeirlərini oxuya bilərik. Nizami poeziyanı fəlsəfiləşdirdi. Ş.İ. Xətai isə heca vəznini, xalq danışıq dilini ədəbiyyata gətirdi. O tayda M. Şəhriyar, bu tayda S.Vurğun kimi imperiya ilə vuruşan olmayıb. Amma sözün, poeziyanın Allahı  Füzulidir.

- Bir yaradıcı adam kimi, “poeziya” anlayışını necə dərk edirsiniz?

- Poeziya hər şeydən əvvəl hissin ifadəsidir. Bu da hər şairdə olmur. Hər bir insanın daxilində öz dərdi, sevinci olduğu kimi, onun da  öz pünhan saxladığı sirləri var. Bir insan kimi, sirlərimi saxlasam da, amma şeirlərimdə gizlədə bilmirəm. Mən şeirə bütün varlığım ilə bağlı bir adamam.

- Müasir poeziyaya münasibətiniz...

- Müasir poeziyanı tam izləmək imkanım olmasa da, amma əsil şeir nümunələrinə rast gəlmək olur.

- Şair zaman inciyir?

- Şairlər çox kövrək olurlar, hər an inciyə bilirlər.

- Xoşbəxrlik sizin üçün nədir?

- Xoşbəxtlik nisbi anlayışdır. Mütləq xoşbəxtlik yoxdur.

- Vətənpərvərlik dedikdə, nəyi başa düşürsünüz?

- Mən vətənpərvərliyi xalqa Vətənə təmənnasız xidmətdə görürəm.

- Deyirlər, dünyanı gözəllik xilas edəcək.

- Əksinə, dünyanı elə bu günə qoyan  gözəllikdir. Əgər Vətənimiz Azərbaycan gözəl olmasaydı, başımıza bu qədər faciələr, müsubətlər gəlməzdi.

- Müəllim olmasaydınız, hansı sənəti seçərdiniz?

- Mən uşaq vaxtı  aktyor olmaq istəyirdim.

- Onda  niyə müəllim oldunuz?

- Şeir gələndən sonra belə düşündüm ki, hökmən ədəbiyyat müəllimi olmalıyam. Sonralar bildim ki, böyük şair yazıçılar başqa ixtisas sahibi olublar.

- Sizcə, Vətən sevgisi nədən başlayır?

- Anaya olan sevgidən başlayır. Anaya olan münasibət eyni ilə Vətənə olmalıdır.

- Şairliklə-müəllimlik bir-biri ilə uyğunlaşa bilirmi?

- Mən ədəbiyyat müəllimiyəm, sənətimi çox sevirəm. Şairliyim müəllimliyimə kömək edir.

- Həyatınızda elə an olubmu ki, özünüzlə baş-başa tənha qalmısınız? Onda hansı hissləri keçirmisiniz?

- Ən yaxşı söhbəri özümlə edirəm. Özüm-özümə hesab verirəm. Hərə tənhalığı bir cür qəbul edir. Adam var, insanlardan qaçaraq, tənhalığa qapanır. O, dəlilik əlamətdidir, axmaqlıqdır. Şairin tənhalığı dünyada baş verənlərdir. Torpaq necə nəfəs alır, ağaclar necə çiçəkləyir, onu fikirləşir. Gözəlliyi hər kəs görə bilər. Ancaq elə qeyri-adi gözəllik var ki, onu ancaq şair qəlbi görə bilər. Dünyada elə zoraklı əməllər var ki, onu adi adamlar hiss edir, amma  dünyada elə haqsızlıqlar da olur ki,  onu ancaq şair qəlbi dərk edə bilir. Mən tək qalanda da tənha olmuram. Əksinə, özümlə həmsöhbət olmağa fürsət tapıram.

- Digər bölgələrdə olduğu kimi, Aran bölgəsində Azərbaycan Yazıçılar Birliyinin nümayəndəliyi fəaliyət göstərir. Sözügedən bölgənin  fəaliyyəti ilə bağlı deyə bilərsiniz?

- AYB Aran bölgəsinin ancaq adı var.  Ona kim rəhbərlik edir, düzü, adını da bilmirik. AYB bölgələrdən uzaq düşüb. onlar bizi tanıyır, biz onları. Bu günə qədər bizimlə maraqlanan olmayıb.  Vallah, AYB-nin yerləşdiyi ünvanı da bilmirəm. Amma bölgədəSuqovuşanƏdəbi Məclisi fəaliyyət göstərir ki, mən həmin qurumun üzvüyəm.

Məclisin əhatəsi çox böyükdür, Azərbaycanın hər bir bölgəsindən üzvlər  var. Aralarında istedadlı şairlər çoxdur. Hətta Türkiyədən belə şairlərin şeirləri məclisin almanaxlarında dərc olunur. Türkiyədə Qazanti Universtitetinin professoru rəhmətlik Babək Qurbanov bizim dərnəyin üzvü idi. O, bizimlə türk yazarları arasında bir ədəbi körpü salmışdır. Məclisimizin üzvləri Türkiyədə  daha çox çap olunur, tanınır, nəinki Azərbaycanda. Qardaş Türkiyədə ədəbiyyat, mətbuata daha çox önəm verilir, daha çox oxunur. Bizdə şairlərə soyuq münasibət bəslənilir. Demək olar, gənclərimizin böyük əksəriyyəti kitab oxumur.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 20-22 iyul.- S.4.