“Çalışıram ki, bütün sahələrdə

əməkdaşlığımız genişlənsin”

 

Kubanın ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo ilə çoxdan tanışam – həm davamlı olaraq sosial şəbəkələrdə əlaqəmiz var, həm də müxtəlif rəsmi tədbirlərdə qarşılaşıram, amma ilk dəfədir üzbəüz oturub müsahibə edirəm. Bütün kubalılar kimi istiqanlı, mehriban, gülərüzdür.

Hətta şən davranışı ilə Kubanın ölkəmizdə daha əvvəllər səfiri olmuş, biz jurnalistlərin əziz dostuna çevrilmiş Marsello Kabalyero Toresi xatırlatdı. Ordan-burdan söhbət etdik, Karib dənizi bölgəsində heç də xoş olmayan hərbi-siyasi şəraitdə “Azadlıq adası” adlandırılan Kubanın indiki vəziyyətindən danışan səfirin dediklərini mirvari misralara dönən müsahibədən oxuyaq:

- Kuba xalqı bu il inqilabın 60 illiyini qeyd edir. Bu il həmçinin ölkəmizin inkişafı üçün böyük iqtisadi-sosial imkanlar açan yeni konstitusya qəbul edilib, xeyli mütərəqqi islahatlar aparılıb. Mən deyərdim ki, bu konstitusiyada xalqımızın illər ərzində iqtisadiyyatda, sosial sferada, elmdə, təhsildə, səhiyyədə və sair qazandığı uğurlar əksini tapıb. Bu gün də çalışırıq ki, uğurlarımızın sayını artıraq, iqtisadi-sosial sahələrin inkişafını daha da genişləndirək.

- ABŞ ölkənizə qarşı əvvəllər yumşaltdığı sanksiyaları yenidən ağırlaşdırıb...

- Kubaya qarşı blokadanı saxlamaq üçün Vaşinqton hər zaman bəhanə tapmağa çalışıb və bu gün də eyni münasibətini davam etdirir. İnqilabın qələbə qazandığı gündən indiyədək ABŞ Kuba adasının ona məxsus olduğunu inandırmağa çalışıb və bu yönümdə siyasət yürüdüb. Onlar Kuba ərazisində hərbi bazalar yerləşdirib və bu gün də Quantanamo ABŞ-ın işğalı altındadır. Birləşmiş Ştatlar inqilab qələbə çalandan sonra adaya qarşı iqtisadi sanksiyalar tətbiq edib və bu sanksiyalar 1990-cı illərin sonlarında Sovet sistemi dağılmağa başlayandan sonra da davam etdirilib. Düzdür, Barak Obamanın hakimiyyəti dönəmində Kuba-ABŞ münasibətlərində bir sıra müsbət addımlar atılıb, əlaqələrin yaxşılaşacağına ümidlər doğmuşdu. Lakin Trampın iqtidara gəlməsilə bu irəliləyişlərin qarşısı kəsildi və münasibətlər yenidən pisləşdi. Bu həmçinin "Helms Burton Qanunu"nun tamamilə tətbiq edilməsinə gətirib çıxarıb.

- Yeri gəlmişkən, amerikalılar bu qanunu qəbul etməklə Kubanın daxili işlərinə daha çox müdaxilə edirlər. Bu haqda nə deyərdiniz?

- “Helms Burton Qanunu”nun tətbiqi xarici sərmayənin Kubaya gəlməsinin, eləcə də xarici ölkələrin, şirkətlərin Kuba dövləti ilə əlaqələrinin qarşısını kəsmək məqsədi daşıyır. Amma kubalılar sülhsevər, inqilabçı ruhlu, məğrur xalqdır və hər zaman bu cür vəziyyətlərdən çıxa bilib. Bizdə belə bir fikir var ki, birlikdə olsaq qalib gələ bilərik. Kuba dünyaya açıq dövlətdir. Sanksiyaların olmasına rəğmən ildən ilə bizə dəstək verən ölkələrin sayı artmaqdadır. Bu gün Kuba dünya iqtisadiyyatına inteqrasiya etməkdədir.

- Maraqlıdır, ABŞ-ın sanksiyalarına kubalılarla eyni soykökdən olan Latın Amerikası ölkələrinin münasibəti necədir?

- Latın Amerikası və Karib dənizi regionu ölkələri birmənalı şəkildə Kuba xalqı və dövləti ilə həmrəydirlər, sanksiyalara qarşı çıxırlar. Lakin ABŞ-da son illər artan mühafizəkarlıq şəraitində Kubaya qarşı sanksiyalar da gücləndirilib. Sevindirici haldır ki, Amerikanın ultra sağçı iqtidarının sanksiyaları qarşısında Kubaya dəstək verən ölkələrin sayı 1992-ci ildən üzü bu yana ildən-ilə artmaqdadır. Məsələn, ötən il ABŞ və İsraildən başqa bütün ölkələr – 190 dövlət Kubaya dəstək verib. 2017-ci ildə isə 191 ölkə Kubanı dəstəkləyib və həmin il ABŞ tək qalmışdı. Onu da deyim ki, “Helms Burton Qanunu”nun xüsusilə 13-ci bəndi kubalılara daha çox ziyan vurur. Mən deyərdim ki, bu qanunun tətbiqi Kuba xalqına qarşı açıq-aşkar soyqırımdır.

- Söz açdığınız qanunun qəbulu Azərbaycanla münasibətlərdə də özünü göstərir?

- Dost Azərbaycan xalqı hər zaman bizi dəstəkləyib. Bu vəziyyəti doğru dəyərləndirə bilən ləaqətli insanların dəstəyini hərmişə hiss etmişik. Bizim Azərbaycanda çox sayda dostlarımız var. Bunların bir çoxu vaxtilə Kubada təhsil alan ziyalılardır.

- Yaxşı münasibətlərin kökündə həmişə güclü iqtisadi bağlar durur. Kuba böyük şəkər istehsalçısı, dünyada ən yaxşı siqarın vətəni, eləcə də inkişaf etmiş dərman istehsalçısıdır. Azərbaycanla bu müstəvidə hansı əməkdaşlıq planlarınız mövcuddur?

- Əlbəttə ki. ölkələrimiz arasında iqtisadi əlaqələri genişləndirmək üçün yaxşı imkanlar var. Kuba aqrosənaye dövlətidir. Tibb sənayesində böyük uğurlarımız var və istək olduğu təqdirdə qarşılıqlı əlaqələr qurula bilər. Kubada ağciyər xərçənginə qarşı nadir deyə biləcəyimiz dərman istehsal olunur. Bu dərmanlar xəstələrin sağalmasına çox yaxşı töhfə verir və hazırda həmin dərmanlardan bir çox inkişaf etmiş ölkədə istifadə edilməkdədir. Eləcə də diabet yaralarını sağaldan dərmanların istehsalçısıyıq. Bu dərmanın üstünlüyü odur ki, şəkər xəstəsinin ayağının qanqren olmasının qarşısını alır və əlbəttə ki, həmin insanın ayağının kəsilməsi risqini də aradan qaldırır. Kubada eyni zamanda dəri xərçənginin sağalmasına kömək edən dərmanlar istehsal edilməkdədir. Bu gün Kuba ilə qonşu ölkələr arasında qida istehsalı sahəsində əməkdaşlıq mövcuddur. Rusiya ilə biotexniki sahədə çox geniş əməkdaşlıq edirik. Həmçinin Türkiyə, Belarus, İran, Çin, Qazaxıstanla da. Əgər bu ölkələrlə biotexniki sahədə əməkdaşlıq üçün sazişlər imzalaya bilmişiksə, bunu niyə Azərbaycanla da imzalamayaq? Hesab edirəm ki, biz bu məsələdə də uğurlar əldə edəcəyik.

- Müştərək dərman istehsalı zavodu tikmək və sair kimi layihələrin icrası müstəvisində Azərbaycan tərəfi ilə danışıqlarınız olub? Bilirsiniz, Azərbaycan dərmanların böyük hissəsini idxal edən 10 milyonluq bazardır...

- Mən istər Prezident Admnistrasiyasında, istər Xarici İşlər Nazirliyində, istər Elmlər Akademiyasında - hər bir görüşümdə bu cür məsələləri qabardıram və çalışıram ki, bütün sahələrdə əməkdaşlığımız genişlənsin. Təbii ki, qarşı tərəfin münasibəti də müsbətdir və hesab edirəm irəliləyiş əldə olunacaq. Səfirlik olaraq bizim işimiz əlaqədar insanları görüşdürmək və nəticələr əldə etməkdir.

- Məncə biznesforum kimi geniş tədbirlərin keçirilməsi də bu sahədə yaxşı nəticə verərdi...

- Bu müstəvidə hər il Havanada keçirilən Beynəlxalq Yarmarkanı sərfəli məkan hesab edirik. Dünyanın hər yerindən o yarmarkaya gəlirlər və qarşılıqlı mənfəət əsasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq barədə müqavilələr imzalayırlar. Biz səfirlik olaraq çalışırıq ki, istər dövlət təmsilçiləri, istərsə də iş adamları həmin tədbirlərə qatıla bilsinlər.

- İndiyədək bizim nümayəndələr iştirak edə bilib o yarmarkada?

- Ölkələrimiz arasında əvvəllər hökumətlərarası birgə komissiya fəaliyyət göstərib. Həmin komissiya həm Bakıda, həm də Havanada iclaslar keçirib və hətta şəxsən mən o tədbirlərin birində tərcüməçilik də etmişəm. Lakin sonradan komissiyaların iclaslarının sayı azalıb. Düşünürəm bu vaxt qazanmaq üçün edilib.

- Sirr deyilsə, Azərbaycanla Kuba arasında iqtisadi ticarət əlaqələrinin həcmi nə qədərdir?

- Bu haqda nəsə demək çox çətindir. Çünki məsələn, Azərbaycanda satılan bir çox məhsullar fərqli şirkətlər tərəfndən gətirilir. Amma bütün hallarda ticarət əlaqələri zəifdir və çalışacağıq ki, bu sahədə də böyük uğurlar qazanaq.

- Kuba Azərbaycan bazarına hansı məhsullarını təklif edə, əvəzində Azərbaycandan daha çox hansı ehtiyac duyduğu məhsulu ala bilər?

- İlk növbədə Kuba manqosu və avakado meyvələrini Azərbaycana ixrac edə bilərik. Kuba adını çəkdiyim bu keyfiyyətli tropik meyvələri ilə məşhurdur. Eləcə də Azərbaycandan quru subtropik meyvə olan nar idxal etmək istərdik. Çünki Kubada nar becərilmir və bazarlarımızda bu məhsula tələbat var. Bununla yanaşı, Azərbaycanda yetişdirilən feyxua kimi kiçik ölçülü sitrus meyvələrə, giləmeyvələrə ehtiyac var. Bizim beşulduzlu otellər həmin meyvələri məmnuniyyətlə alarlar.

- Amma bu əlaqələrin genişlənməsi üçün yolun uzunluğu da mənfi təsir edir...

- İstanbuldan Havanaya birbaşa aviareys fəaliyyət göstərir. İki il əvvəl həftədə 2 uçuş olduğu halda indi həftədə 5 dəfəyə qədər artırılıb. Məncə problem olmayacaq.

- Yoldan söz düşmüşkən, gediş-gəlişin həcmi nə qədərdir?

- Konkret rəqəm deyə bilmərəm. Çünki çox azərbaycanlılar var ki, Kubaya ya Moskvadan, ya da İstanbuldan uçurlar. Amma sevindirici bir halı qeyd edə bilərəm ki, bu gün səfir kimi akkreditə olunduğum dörd ölkə arasında Kubaya gediş-gəlişin sıxlığı baxımında Azərbaycan birinci yerdədir. Hansı ki, bir il əvvəl birincilik Gürcüstana məxsus idi.

- Azərbaycan idman ölkəsi kimi böyük nailiyyətlər qazanmaqda, beynəlxalq yarışlara ev sahibliyi etməkdədir. Kuba da dünya şöhrətli idmançıları ilə tanınır. İdman sahəsində hansı proqramlarınız var?

- Azərbaycan idman, bədən tərbiyəsi sahəsində geniş sosial siyasət yürütməkdədir. Düşünürəm Azərbaycan bu siyasəti ilə gənclərin sağlam və güclü olmasını təşviq etməkdədir. Bunun nəticəsidir ki, son vaxtlar ölkənizə gələn kubalı idmançıların sayı da artıb və gələcəkdə daha da çoxalacaq. Qeyd edim ki, Kubadan ritmik idman heyəti ilk dəfə Azərbaycanda yarışlarda iştirak edib. Eləcə də gözdən əlil paraolimpiya idmançıları da Bakıda olublar. Çalışırıq boks, güləş, cüdo və sair sahələrdə də idmançılarımız arasında əlaqələr genişlənsin.

- Bayaq dörd ölkədə səfir olduğunuzu qeyd etdiniz, hansı daha yaxın gəlir sizə?

- Hərəsinin özünə görə yaxınlığı var və onları bir-birindən fərqləndirmək istəməzdim. Məsələn, Bakı dünyanın ən iri gölünün sahilində yerləşir. Bulvarı Havana şəhərini xatırladır. Öz küləyinə, adətlərinə, müsəlman ənənələrinə görə çox maraqlı olan Bakı da Havana kimi qədim və müasir hissələrdən ibarətdir. Tiflis isə qədim və böyük bir çayın hər iki sahilində salınmış şəhərdir. Aşqabada gəlincə, olduqca – təmiz şəhərdir. Nəzərə alsaq ki, böyük bir səhranın kənarında salınıb, insan əlinin belə bir şəhər sala bilməsi adamı heyrətləndirir. Daşkənd isə çox böyük şəhərdir və özü kimi küçələri-prospektləri də genişdir, uca ağacları ilə məşhurdur – olduqca sakit və fərəhverici şəhərdir. Dediyim kimi, hər şəhərin özünəməxsus gözəlliyi və təsiredici funksiyası var.

- Kubada da maraqlı və gözəl şəhərlər var. Məsələn, paytaxt Havana, Santyaqo De Kuba...

- Havana əsl ispan şəhəridir, dənizin sahilində yerləşir, müasir rayonlardan başlayaraq qədim hissəyədək uzanan bulvarı ilə məşhurdur. Havana bu görünüşünə görə Bakıya çox bənzəyir. Santyaqo De Kuba isə tipik Karib şəhəridir – orada daha çox afroamerikalılar yaşayır. Bu xüsusiyyətləri iki şəhəri xeyli fərqləndirir.

- Azərbaycanın bölgələrində olmusunuz?

- Demək olar ki, hər yerində olmuşam. İlk səfərim Naxçıvana olub, daha sonra Lənkəran-Astara bölgəsinə, Qazaxa, Şəkiyə, Qubaya, Naftalana, Sumqayıta və sair yerlərə getmişəm və her yerdə də qonaqpərvərlik, isti münasibət görmüşəm.

- Siz də bilirsiniz ki, ölkələri və xalqları bir-birinə tanıdacaq vasitələr arasında kino və musiqidən daha yaxşı heç nə ola bilməz. Məsələn, bu gün Azərbaycanda çox insan az qala bütün türk aktyorları izlədikləri seriallardan tanıyırlar. Olmazmı ki, kubalı aktyorların, musiqiçilərin, lap elə yazıçıların, jurnalistlərin Azərbaycana səfərlərini təşkil edəsiniz, Kuba filmlərini bizim ekranlara çıxarasınız, xalq da ölkənizi daha yaxından tanımağa başlayar...

- Bu yönümdə bir sıra işlər görülməkdədir. Məsələn, Azərbaycan filmləri Havanada nümayiş olunub. Ötən il Bakıdakı kinoteatrlardan birində Kuba filmini nümayiş etdirdik. Amma hesab edirəm zal kiçik olduğundan az adam seyr edə bildi. Eləcə də ötən il Qəbələdə keçirilən beynəlxalq festivalda kubalı gənc musiqiçilər çox uğurlu konsert proqramı ilə çıxış ediblər. Hətta telekanallardan biri onu yayımlamışdı. Bu il də Kubadan gəlmiş gənc gitara ifaçıları qrupu Bakıda yaddaqalan konsert proqramı ilə çıxış edib.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2019.- 5-7 iyun.- S.3.