Azərbaycan ədliyyə sektorunun müasirləşdirilməsi
ilə bağlı böyük uğurlar qazanıb
İyunun 4-də Bakıda Dünya
Bankının təşkilatçılığı
ilə "Azərbaycanda
ədliyyə sektorunun
nailiyyətləri: keçmişə
və gələcəyə
baxış" mövzusunda
forum keçirilib. Forumda
120-dən çox nümayəndə,
o cümlədən Nazirlər
Kabinetinin məsul şəxsləri, Milli Məclisin deputatları, hökumət üzvləri,
digər dövlət
qurumlarının, məhkəmə
hakimiyyətinin yüksək
səviyyədə təmsilçiləri,
elm və təhsil müəssisələrinin rəhbərliyi,
diplomatik korpusun, biznes birliklərinin, vətəndaş cəmiyyətinin,
Dünya Bankının
nümayəndələri iştirak
ediblər.
Tədbir ədliyyə sektorunda islahatların icrası zamanı qazanılan uğurların geniş auditoriyaya çatdırılmasına,
Dünya Bankının
Azərbaycan ilə əməkdaşlığının müsbət nəticələrinin
dayanıqlılığını təmin edəcək gələcək çağırışlara
və növbəti addımlara dair fikir mübadiləsinin aparılmasına həsr olunub.
Dünya
Bankının Cənubi
Qafqaz üzrə
regional direktoru xanım
Mersi Tembon forumda çıxış
edərək Azərbaycan
ilə Dünya Bankı arasında səmərəli əməkdaşlığı
qeyd edib, ədliyyə sistemində
birgə həyata keçirilən uğurlu
layihələr barədə
məlumat verib. O, Azərbaycanın ədliyyə
sektorunun tərəqqisindən,
nailiyyətlərindən və
bu sektorun müasirləşdirilməsi planlarından
danışıb. Qeyd edib
ki, Azərbaycan ədliyyə sektorunun müasirləşdirilməsi ilə
bağlı böyük
uğurlar qazanıb.
Həyata keçirilən tədbirlər nəticəsində
Azərbaycan məhkəmələrin
səmərəliliyi, şəffaflığı,
əlçatanlığı baxımından böyük
nailiyyətlərə imza
atıb. Bir çox
elektron ədliyyə xidmətləri artıq digər ölkələrdə
tətbiq edilir.
Sonra layihənin
nəticələrinə dair
videoçarx nümayiş
etdirilib.
Tədbir Dünya Bankının ölkə üzrə meneceri Navid Həsən Naqvinin moderatorluğu ilə
"Azərbaycanda ədliyyə
sektorunda aparılan islahatlar çərçivəsində
əldə olunan uğurlar, qarşılaşmış
çətinliklər, eləcə
də gələcək
çağırışlar və növbəti addımlar" mövzusunda
panel müzakirələrlə davam edib.
Müzakirələrdə Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək
Azərbaycanda ədliyyə
sektorunda islahatların
uğurlarına, problem və
yeni çağırışlara
həsr olunmuş müzakirələrin bu sahədə inkişafa əlavə təkan verəcəyinə əminliyini
bildirib. Nazir qeyd edib ki, Azərbaycan üçün demokratik inkişaf yolunu seçmiş xalqımızın
ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizin
məhkəmə-hüquq sistemi
beynəlxalq prinsiplərə
uyğun olaraq tamamilə yenidən qurulub. Üçpilləli müstəqil məhkəmə
sistemi yaradılıb,
şəffaf prosedurlarla
hakim seçimi aparılıb,
məhkəmə nəzarəti
institutu təsbit edilib, hər kəsin hüquq və azadlıqlarının
məhkəmə müdafiəsinə
təminat verilib.
Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın davamlı tərəqqisi və inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə
reallaşdırılan islahatların
məhkəmə-hüquq sahəsini
də əhatə etdiyini bildirib. Qeyd edib
ki, məhkəmə-hüquq
sistemində islahatların
dərinləşdirilməsinə dair Fərman məhkəmələrin inkişafında
yeni mərhələnin
başlanğıcı olub.
Bu Fərmanın məqsədi cəmiyyətdə
məhkəmə hakimiyyətinin
nüfuzunun artırılması,
vətəndaşların məhkəmə
fəaliyyətinə inamının
gücləndirilməsidir. Eyni zamanda, Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin
təkmilləşdirilməsi üzərində iş aparır.
Panel müzakirələrdə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın
inkişafı istiqamətində
köklü islahatlar həyata keçirilir. Ölkəmizdə məhkəmələrin əlçatanlığı
sahibkarlıq fəaliyyətini
daha səmərəli
edir. Bu, hər bir sahibkar
üçün vacibdir.
Çünki digər peşə
mənsubları kimi sahibkarlar da məhkəmələrə müraciət
edirlər.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, Ədliyyə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının
tətbiqi sahəsində
ən qabaqcıl qurumlardan biridir. Ədliyyə sistemində tətbiq olunan müasir informasiya texnologiyaları hər bir qurum
üçün vacibdir.
Bu gün Azərbaycan
ədliyyəsində ən
müasir texnologiyalar tətbiq edilir. Azərbaycan ədliyyəsində ən
müasir informasiya texnologiyalarının tətbiqi
digər ölkələrin
də diqqətindədir
və müsbət qarşılanır.
Tədbirdə, həmçinin Ədliyyə
nazirinin müavini, layihə rəhbəri Azər Cəfərov
"Ədliyyə sahəsində
Dünya Bankı ilə səmərəli əməkdaşlıq" mövzusunda
çıxış edib. Layihənin
əlaqələndiricisi, Avropa
Şurasının Ədalət
Mühakiməsinin Səmərəliliyi
üzrə Avropa Komissiyasının Prezidenti
Ramin Qurbanov, Dünya Bankının “Mütərəqqi ədliyyə
xidmətləri və
müasir məhkəmə
infrastrukturu” layihəsinin
informasiya texnologiyaları
üzrə baş məsləhətçisi Qoran
Edström ədliyyə
sektorunda vətəndaşlara
xidmətlərin göstərilməsində
birgə nailiyyətlər
barədə təqdimatlarla
çıxış ediblər.
Azad
Həftə içi.- 2019.-
5-7 iyun.- S.2.