“Aşıq sənəti də şoulaşdırılıb...”

 

Azərbaycan şifahi xalq ədəbiyyatımızın bir qolu da aşıq yaradıcılığıdır. Hələ Sovetlər Birliyi dövründə bu sənəti qoruyub-saxlamaq, dünya ictimayiyyətinə çatdırmaq üçün Azərbaycanda Aşıqlar Birliyi adlı qurum yaradıldı. Sözügedən birliyə Xalq şairləri Hüseyn Arif və Zəlimxan Yaqub sədrlik edərək, bu sənəti daha da yüksək zirvələrə qaldırmışdılar.

Aşıq yaradıcılığı sənətinin inkişafında Azərbaycan Aşıqlar Birliyinin üzvü, ələsgərşünas alim, şair-filosof Hacı Loğman Babacanın adını çəkməmək olmur. Onun Aşıq Ələsgər haqqında yazdığı 570 səhifəlik elmi monoqrafiyası öz dəyəri ilə seçilir.

Aşıqlar Birliyinin sabiq sədri, Xalq şairi Zəlimxan Yaqub Hacı Loğmanın Ələsgər haqqında yazdığı elmi tədqiqat əsərinə “Ön söz”də qeyd edib:

- Gövhər olar dəryalarda dərində,

Onu qəvvas çəkər Ay üzə tək-tək.

Qəvvas gövhərini necə üzə çıxarırsa, alim də Aşıq Ələsgərin elmini, helmini elə üzə çıxarmalıdır. Bu mənada, şair-tədqiqatçı Hacı Loğmanın Ələsgər yaradıcılığına yeni baxışı, yeni münasibəti diqqət çəkir. Aşıq Ələsgəri Abdal, Mövlanə, Şeyx Sufi kimi təhlil etmək o qədər də asan iş deyil. Hacı Loğmanın qələmində ustadın qoşmaları, gəraylıları, təcnisləri, divaniləri, gözəlləmə, şikayətnamələri, ustadnamə və deyişmələri yüksək səviyyədə açılır, təhlil olunur. Demək olar ki, onun bütün şeirlərinə yeni münasibət bildirilir. “Dədə Qorqud”dan üzübəri elə bir aşıq və şair tanımıram ki, onun şeirləri Ələsgərin şeirləri qədər dillərdə əzbər olsun. Bəs bunun sirri, sehri, ovsunu, cazibəsi nədədir? Bu suala Hacı Loğman qələmi aydınlıq gətirir.

Budəfəki müsahibimiz ələsgərşünas alim, filosof-şair Hacı Loğmandır:

- Hacı Loğman, bir ələsgərşünas alim, filosof-şair kimi sizi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində tanıyırlar. Hər gün mətbuatı, televiziya kanallarını izləyirik. Türk mədəniyyətinin başlıca elementi aşıq sənətinin təbliğində və öyrənlməsində bir tədqiqatçı alim kimi sizin zəhmətiniz az olmayıb. Amma həmin tədbirlərdə siz görünmürsünüz. Bu, nədən irəli gəlir?

- Bir ziyalı kimi deyə bilərəm ki, hər birimizin qarşısında bu gün və sabahımız üçün böyük məsul vəzifələr durur. Bizə qədər min bir əzab-əziyyətlərlə qorunub-saxlanılmış bu ulu sənətin gələcək nəsillərə necə ötürülməsi məsələsi çox vacib olan günün ən aktrual problemlərindən biridir. Çünki bugünümüzə qədər Sovetlər dönəmində aparılan məqsədyönlü siyasətdə qeyri-xristian xalqlara qarşı proqramlaşdırılmış siyasət xalqları milli kökündən, mədəniyyətindən uzaqlaşdırmağa, tarixini və özünü unutmağa yönəltmişdir. Həmin sırada ən öndəgedən Azəri türklərinin dünyanın ən qədim sivil mədəniyyətə malik olması Qərb tərəfindən daim öyrənilmiş, tədqiq olunmuş və onun tarixini məhv etməyə yönəldilən siyasət aparılmışdır. Hətta mən bu barədə “Novruzum, Oğuzum” kitabında açıqlamalar vermişəm. Sözümün canı odur ki, hər bir ziyalı Azərbaycan mədəniyyətinə və tarixinə xidmət edən ən sadə bir yazını belə təbliğ etməli, alqışlamalıdır. Ancaq nədənsə, mənə qarşı olan münasibət tamamilə başqadır. Doğru deyirsiniz, üç ildən çoxdur, Aşıq Ələsgər haqqında televiziya kanallarında ardıcıl verilişlər gedir, respublikasəviyyəli tədbirlər keçirilir, amma onların heç birinə məni dəvət etməyiblər. Bu barədə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıya telefon açıb, iradımı bildirdim, mənə qarşı olan bu soyuqluğun səbəbini soruşdim. Əslində, bu mənə qarşı deyil, Azərbaycan mədəniyyətinə, sənətinə qarşı olan bir xəyanətdir. M. Qasımlı deyir ki, sənin yazdığın “Aşıq Ələsgər” kitabını qəbul etmədilər.

- Buna səbəb nə idi?

- Doğrusu, M. Qasımlının dedikləri gülünc bir haldır. Halbuki bu kitab haqqında 20-yə yaxın dünyanın məşhur alimlərinin məqalələri, elmi fikirləri dərc olunub. Amma M. Qasımlıdan bunun səbəbini soruşanda, belə cavan verdi ki, “Sən İran Aşıqlar Birliyinin sədri Səlzuq Şahbazi ilə dostluq edirsən. Hərçənd, o mənim düşmənimdir. Ona görə də biz səni yaxına qoymuruq”.

Belə yerdə Məşədi İbad demişkən, heç hənanın yeridir? Xalqın mədəniyyətini, keçmişini şəxsi münasibətlərlə qarışdırmaq olarmı? Sadəcə, bu, bəhanədir, bu ancaq qısqanclıqdır, paxıllıqdır. Burada başqa bir səbəb də vardır. Açığını deyim, bu həqiqətləri təbliğ edib xalqa çatdırmaq, əslində, çox alimlərin mənasız elmi işlərinin ifşa olunması deməkdir. Onsuz da Aşıq Ələsgər haqqında yazdığım bu kitab dünyanın bir çox ölkəsinə yayılıb.

- Deyə bilərsinizmi, Aşıqlar Birliyinin Zəlimxan Yaqubdan sonrakı durumu nə yerdədir?

- Zəlimxan Yaqub aşıq sənətini diriltdi, ayağa qaldırdı. Təsadüfi deyil ki, dünya mədəniyyətinin və sənətinin dahiyanə bilicisi, Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev məhz Zəlimxan Yaqubu bu birliyə rəhbər təyin etmişdi. Çünki Z.Yaqub elmə, mədəniyyətimizə, milliliyimizə xidmət edən böyük şəxsiyyətlərdən biri idi. Z. Yaqubla Birliyin indiki rəhbərliyi arasında böyük fərq var. Yeri gəlmişkən deyim ki, Ələsgərlə bağlı kitabım çapdan çıxanda, onun ilk nüsxəsini aparıb evlərində Zəlimxan Yaquba verdim. Xəstə olmasına baxmayaraq, Z.Yaqub kitabı alıb vərəqlədi və mənə dedi ki, “10 dəqiqədən sonra bizə gələ bilərsənmi?”. ...Martın əvvəlləri, soyuqlu bir hava idi. Dedim, gələrəm. On dəqiqə tamamında Z. Yaqubgilə getdim. Həyət evinin darvazasının çölündə məni gözlədiyini gördüm. Dedim, “Qağa, axı xəstə adamsan, sizə soyuq ola bilər”. Dedi, “Loğman, sən mənim qardaşımsan, bu sənin öz evindir. Mənim evimə sən yox, Ələsgər qonaq gəlib, onu qarşılamağa çıxmışam”.

Ancaq bu kitabı Məhərrəm Qasımlıya verəndə təbrik etmək, oxumaq əvəzinə, nöqsan axtarmağa başladı. Ona görə də Aşıqlar Birliyində hərc-mərclik yaranıb. Mən haqlı olaraq onları bir neçə dəfə tənqid etmişəm. Kiçik bir misal; yalnız Tovuzdan olan aşıqlara “Əməkdar mədəniyyət işçisi” adı verilir. Məhəmmədəli Məşədiyev adlı bir sənət bilicisini özünə müavin təyin edib. Məhəmmədəlinin çox savadlı adam olduğunu görüb, onu Birlikdən uzaqlaşdırdı. Əgər belə davam etsə, bu aşıq sənəti tənəzzülə gedə bilər. Sənəti kamil bilən ustadlar və aşıqlar bu gün Aşıqlar Birliyindən kənarda qalıb. Təəssüflər olsun, aşıq sənətini də şou aləminə çeviriblər.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 11 iyun.- S.7.