Təbiətə rəng qatan yaşıl məkan

 

Göyçay şəhərinin günbatanında – Ağdaşa gedən yolun sol kənarında çox böyük bağ var. Yerli camaat bu ərazini hələ sovet dönəmində “saqqız ağacının məskəni” adlandırıblar. Hələ o illərdə Göyçay və yaxın rayonların bağlarını, küçə və meydanlarını, şosse yollarının kənarlarını məhz bu bağda yetişdirilən tinglər bəzəyərdi. Amma məndə onsuz da yaşıllığa qərq olmuş bölgədə belə bir bağa baş çəkmək həvəsi orada konfet ağaclarının yetişdirilməsi idi.

Göyçay-Ağdaş magistralının sol yamacında yerləşən alaqapıdan içəri girib hər iki kənarında onillərə şahidlik etmiş şam ağacları sıralanan yarıasfalt yolla xeyli irəlilədim. Doğrudan da maraqlı məkandır.

İri gövdəli şam ağaclarından ibarət səfin arxasında sırayla əkilmiş meyvə ağacları göz oxşayır. Sağ tərəfdə ilk olaraq əncir bağı salınıb. Ağacların zahiri görünüşündən yaşlı olduqları görünsə də, qullu-budaqlı, yamyaşıldırlar. Üstəlik, hələlik kal olsalar da budaqları barın ağırlığından əyilib. Yolun qarşı tərəfində də eyni cür meyvə ağacları sıralanıb. Burada nə yoxdur: heyva, nar, armud, əncir – hansı ağacı görmək istəsən bu bağda var. Beləcə ətrafı seyr edə-edə yolun sonuna çatdım.

Əslində bu cənnətməkan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyil, Kənd Təsərrüfatı Nazirliyinə aiddir. Buna baxmayaraq funksiyası eynidir – başda Göyçay rayonu olmaqla Azərbaycanı yaşıllaşdırmaq. Özü də meyvəli ağaclar həm yaşıllaşdırma, həm də qida sənayesi üçün nəzərdə tutulduğundan ikiqat səmərəlidir.

 

91 yaşlı bağ

 

Meyvəçilik və Çayçılıq İnstitutunun Göyçay Dayaq Məntəqəsi olan bağın mərkəzində bir qatlı inzibati bina tikilib. Günortaüstü olduğundan hər kəs işinin başındaydı. O cümlədən məlumat ala biləcəyim səlahiyyətli şəxslər də bağın ənginliklərində ağacları suvarırdəlar. Odur ki, vaxt itirmədən bir neçə fotoşəkil çəkib, yanımda dayanan sıravi işçilərlə bir-iki ağız söhbətləşdim. Nəhayət budur, səlahiyyətli nümayəndə olduğu bildirilən, baş elmi işçi Firdovsi Əliyev də gəlib çıxdı.

Firdovsi müəllim deyir ki, bu ecazkar bağ 1928-ci ildə elmi tədqiqat işləri aparmaq üçün salınıb. Artıq 91 ildir ki, burada onlarla yeni meyvə növü yetişdirilib və çoxaldılıb və təbii ki, ölkənin hər yerinə yayılıb. "Mövcud olduğu dövrdə gördüyünüz bu elmi tədqiqat Dayaq Məntəqəsində yetişdirilən yüz minlərlə meyvə tingi nəinki ölkənin, hətta keçmiş Sovet İttifaqının, bu gün isə bəzi xarici ölkələrin bağlarında əkilməkdədir. Bizim institut Quba rayonda yerləşir. Amma Lənkəran, Zaqatala, Qəbələ, Binə və gördüyünüz kimi, Göyçayda Dayaq Məntəqələri fəaliyyət göstərir" deyən F.Əliyev qeyd edib ki, 75 hektardan çox ərazisi olan bu bağda əvvəllər hər cür meyvə tingi yetişdirilib. "Burada yetişdirilən meyvə tingləri hesabına Sabirabaddan belə bir çox rayonlarımızda iri bağlar salınıb ki, bu gün də insanlar onların barı ilə qidalanmaqdadır. Amma təəssüflər olsun ki, hazırda burada yalnız narın fərqli növlərindən ibarət tinglər yetişdirilməkdədir" deyir böyük elmi işçi F.Əliyev.

 

“Konfet” ağacları

 

Söhbət əsnasında maraqlı bir faktla tanış oldum. Sən demə 91 yaşlı bu bağın günümüzə gəlib çatan ən yaşlı sakinləri “Konfet” ağaclarıdır. Hazırda bağda mövcud olan üç “Konfet” ağacından ikisi 1947-ci ildə əkilib. Yəni bu ağacların hər birinin 72 yaşı var. Üçüncü ağac isə təxminən 15 il əvvəl əkilib.

 “Konfet” ağacından söz düşmüşkən, həmsöhbətimiz deyir ki, salxım şəklində xırda meyvələri olan bu ağac nadir olmaqla yanaşı, həm də qiymətlidir. Çünki meyvələri həm faraş, həm də qurudulmuş şəkildə nəfis dada malikdir. Ondan hazırlanan mürəbbə və kampotun isə əvəzi yoxdur. Ağacı daha qiymətli edən isə sağlamlığa verdiyi töhfədir: "Ötən il İsraildən gəlmişdilər, dedilər burada konfet ağacının olduğunu eşidiblər. Aparıb ağacları göstərdik, bar verən vaxtı idi. Meyvəsindən xeyli topladılar. Dedilər bu ağacın meyvəsinin tərkibində xərçəng xəstəliyinin müalicəsində istifadə olunan əvəzolunmaz maddələr mövcuddur. Bunlardan həm xüsusi dərman hazırlanır, həm də ümumiyyətlə meyvəsini yemək xərçəng xəstəliyinin sağalmasına kömək edir".

Söhbət əsnasında o da məlum oldu ki, “Konfet” ağacı əsasən toxum yolu ilə yayılır. Olduqca xırda və boz-qara rəngli toxumlarını cücərtməklə çoxaldılan tinglərə maraq da böyükdür. Elmi-tədqiqat bağından bu tingləri nəinki azərbaycanlı bağbanlar, hətta Rusiya və İrandan olan sahibkarlar da alıb aparıblar.

 

Həm də bol qida

 

F.Əliyev deyir ki, Sovet dönəmində elmi-tədqiqat müəssisəsi kimi bu bağın rolu çox böyük olub. Müstəqillik illərində burada fəaliyyət müəyyən mənada zəifləsə də, hər halda ölkə ərazisini bar verən ağaclarla yaşıllaşdırma sahəsində əvəzsiz rolunu hələ də qoruyur. "Günümüzdə burada bir neçə kolleksiya bağları mövcuddur. Məsələn, kolleksiya heyva bağında 11 növ heyva ağacı yetişdirilir. Kolleksiya xurma bağında isə 29 növ xurma ağacı mövcuddur. Giriş tərəfdə gördüyünüz kolleksiya əncir bağında hazırda 21 növ əncir yetişdirməkdəyik" deyən böyük elmi işçi əlavə edib ki, Dayaq Məntəqəsinin ərazisində çox qiymətli quru subtropik meyvə olan 5 növ innab ağacından ibarət ayrıca bağ salınıb.

Bu gün Dayaq Məntəqəsində qurumuş ağacların yerinə yeni tinglərin basdırılması və ümumiyyətlə yeni meyvə bağlarının salınması prosesi gedir. "Bizim işimiz elmi araşdırmalar aparmaqla yeni bitki növlərinin alınmasından ibarətdir. Nəticə olaraq ötən il əlavə 2,1 hektar ərazidə xurma, təxminən 2 hektar ərazidə isə bar bağı salmışıq" deyir F.Əliyev.

Bu yerdə qeyd edək ki, bağın böyük hissəsində ağacların arası şumlanmışdı və biz ərazidə olarkən iş davam etdirilirdi. Bir yandan da bağın yabanı ot-alaqdan təmizlənmə işləri aparılırdı. Aldığımız məlumata görə, bu işlər yekunlaşan kimi bütün bağda ağacların ikinci dəfə dərmanlanmasına start veriləcək.

 

Hər dərdin dərmanı nar

 

Göyçay rayonunda bağ ola, orada nar yetişdirilməyə - olmayacaq işdir. Elə bu əfsanəvi məkanda da nar bağları sahəsinə deyil, çeşidlərinə görə dillər əzbəridir. Eşitdiyimə görə ümumiyyətlə rayon ərazisində narın 70-ə yaxın növü becərilir ki, onlardan əksəriyyətini məhz burada görmək mümkündür.

“Burada çox nar növləri var ki, Sovet dönəmindən yetişdirilməsinə başlanılıb. Məsələn, “Kazaki”, “Yaxşılaşdırılmış Kazaki”, “Vesna”, “İridənəli”, “Malta”, “Balamürsəlli”, “Mərdəkan”, “Oleq”, “Vanderfu”, “Çəhrayı Gülövşə”, “Qərməzəqabıq”, “Qəşəng” və sair nar növləri var ki, onlar bu bağın bəzəyidir” deyən böyük elmi işçi əlavə edir ki, bu nar adlarının hər birinin öz mənşəyi-tarixi var. Məsələn, “Malta”, “Mərdəkan” kimi adlar bu ölkə və ya qəsəbə ilə rayon arasında olan hər hansı əlaqənin şərəfinə qoyulub. “Oleq” adının yaranmasına gəldikdə, müsahibimiz deyir ki, çox illər əvvəl bu bağda Stripkova soyadlı rus əsilli elmi işçi çalışırmış. O, seleksiya yolu ilə yeni nar növü yaradır və adını da özü üçün əziz olan kiminsə xatirinə “Oleq” adlandırır. “Kazaki” və ya “Yaxşılaşdırılmış Kazaki” adlarının yaranma tarixi də eyni cürdür. Maraqlıdır ki, haqqında söz açdığımız bu xanım elmi işçi çalışdığı müddətdə aldığı çox sayda yeni növlərə ancaq rus mənşəli adlar qoymayıb, məsələn, “Mərdəkan” adlı nar növü də onun kəşflərindən biridir.

Onu da qeyd edək ki, bu bağda yetişdirilən nar növlərinin məhsuldarlığı bir hektar üçün 8-13 ton olduğu halda, İraq, İran və sair ölkələrdə hər hektardan normal halda 18 ton məhsul yığılır. Buna baxmayaraq, Göyçayda yetişdirilən nar keyfiyyəti, şirəliliyi və tərkibindəki mineralların zəngiliyi baxımından ilk sırada yer alır.

 

Möcüzə yaradan “Liliput”lar

 

Nardan söz düşmüşkən, bağda olarkən məlum oldu ki, hazırda institut səviyyəsində Dayaq Məntəqəsi ilə İsrail arasında əlaqələr yaradılıb. Elə bu əlaqələrin nəticəsidir ki, bir il əvvəl İsraildən 20 ədəd qəribə nar tingi gətirilib, bağda əkilib. Yarpaq, çiçək quruluşu və sair zahiri görünüşünə görə eynilə yerli nar növlərinə bənzəyən “Hicaz” adlı İsrail narını fərqləndirən yeganə cəhət kök sistemidir. Bu narın kökü dəniz canlısı olan meduzanı və bir az da xırda hörülmüş saçı xatırladır. Tinglər bağda əkilən bu bir il ərzində yerli təbiətə tam uyğunlaşıb və hazırda çiçəkləyib. Əgər bu tinglərin gələcəkdə verəcəyi meyvənin keyfiyyəti elmi baxımdan qənaətbəxş olarsa, “Hicaz” növünün artırılaraq rayonda və Azərbaycanın hər yerində yayılması üçün addımlar atılacaq.

Diqqəti bir maraqlı məqama da yönəltmək yerinə düşərdi. Bu bağa yolu düşən hər bir kəs “Liliput” adlı nadir nar növü ilə tanış olmaq imkanı qazanır. Adından da göründüyü kimi, nar ağacı o qədər kiçikdir ki, sadəcə dibçəkdə becərilir. Olduqca xırda meyvələri olur və ona görə də bu növ sadəcə dekorativ bitki olaraq yetişdirilir. Buna baxmayaraq, F.Əliyev də deyir ki, hazırda dünya alimləri məhz “Liliput” növünü narın əcdadı hesab edirlər.

Bu arada, Göyçayda yetişdirilən Hind narı və ya başqa adıyla, Qüdrət narı da hazırda artırılaraq ölkənin hər yerinə satılmaqdadır. O cümlədən, Göyçayda “Aznar” tərəfindən yeni salınan sənaye əhəmiyyətli bağlara, Bakı-Sumqayıt yolunun yaxınlığında ərsəyə gətirilmiş min hektara yaxın əraziyə məhz bu bağda yetişdirilən tinglər əkilib.

Bağda qəribə qoz növləri də mövcuddur. Əsasən küçələrin, bağ və parkların yaşıllaşdırılması üçün münasib olan bu qoz yerli dillə Hind qozu, elmi adla isə Pekan qozu adlanır. F.Əliyev deyir ki, əslində bu qoz Pekin qozudur və təhrif edilərək dilimizə Pekan qozu kimi keçib. Bağda gördüyümüz qədər, bu ağaclar az qala ekvaliptlər kimi uca və qollu-budaqlıdır, xırda – fındıq boyda meyvələri olur. Amma ləpələri adi qozda olduğundan daha yağlıdır. Tərkibindəki mineral və yağların çeşidi, miqdarı da daha çoxdur. Odur ki, Hind və ya Pekan qozu şəhər və qəsəbələri yaşıllıqlara bürüməklə yanaşı, həm də qida sənayesi üçün əvəzsuz nemətdir.

 

Vüsal Tağıbəyli

 

Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" yazılıb

 

Həftə içi.- 2019.- 11 iyun.- S.6.