Misir kitabxanasında
Nəsiminin əlyazmaları
tapıldı
“Vətənpərvər” – Azərbaycanın
Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim
Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin əlyazmalarını aşkar
edib.
Bu
barədə Hafta.az-a məlumat verən S.Nəsirov deyib ki,
Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər
əl-Kutub əl-Misriyyə) apardığı tədqiqatlar
zamanı Nəsiminin əlyazmalarını ortaya
çıxarıb. O, əlyazmaların Azərbaycan və
fars dillərində olduğunu bildirib.
Azərbaycan
dilində olan əlyazmanın uzərində "Nəsimi
Külliyatı" yazılıb. Bu külliyat şeir və
nəsrdən ibarətdir. Aralarında qəzəllərin də
olduğu şeirlərin çoxu rubai və məsnəvi
üslübünda yazılıb. Nəsrlər isə əsasən
öyüd-nəsihət və peyğəmbərin əhli
beytindən bəhs edir.
S.Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, ayrı-ayrı sonu eyni hərflə bitən şeirlərin olması olub. 254 vərəqdən ibarət əlyazma kiçik hərflərlə nəstəliğ xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsx olunub.
Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şerlərdən ibarətdir. Adı "Divan Nəsimi"dir. Şikəstə xəttinə bənzəyən nəstəliğ xəttilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu isə 16 sm-dır və sayı 86-dır.
S.Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrə həsr olunmuş onlarla məqalənin müəllifidir.
Qeyd edək ki, “Misir Kitablar Evi” dünyanın ən məşhur kitabxanalarındandır.
Vüsal
Həftə içi.- 2019.- 13
iyun.- S.8.