15 iyundan etibarən Azərbaycanda

həqiqi dövlətçilik quruldu

 

“Həftə içi” qəzetinin və hafta.az saytının müsahibi YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyevdir.Onunla 15 İyunun Azərbaycan tarixindəki rolu və Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkəmizdə əldə olunan sabitlik barədə həmsöhbət olduq.

 

- Musa müəllim, 1993-cü ilin iyun ayınadək Azərbaycanda nə baş verirdi?

- 1993-cü il 15 iyuna qədərki günlər Azərbaycan xalqının tarixində ən ağır və gərgin günlər idi. Müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, təəssüf ki, dövlətçiliyimizi qura bilmədik. Dövlətçiliyimizin ilk illəri çox ağır keçdi. İstər Ayaz Mütəllibovun, istərsə də Əbülfəz Elçibəyin komandası müstəqil dövləti qura bilmədilər. Bunun bir çox səbəbləri var idi. Ən böyük səbəb isə o idi ki, onların heç biri xalqa layiq, onun etimadını qazanan lider deyildi. Bu da ölkədə xaosun, anarxiyanın, özbaşınalığın yaranması ilə nəticələndi. AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir il ərzində dövlət idarəçiliyinə yaxın heç bir fəaliyyət göstərə bilmədilər. Nə Konstitusiya qanunu normalarına uyğun idarəçilik yarada, nə də vahid komanda formalaşdıra bildilər. O dövrdə hər bir nazirin, demək olar ki, öz komandası var idi. Belə bir dövrdə, şübhəsiz ki, milli birlikdən, dövlətin möhkəmlənməsindən danışmaq olmazdı. Amma Azərbaycan xalqı həmişə müdrik qərarlar qəbul edib. Belə çətin məqamda xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Əgər Heydər Əliyev respublika rəhbərliyinə gəlməsəydi Azərbaycan dövləti yer üzündən silinəcək və xalqımız uzun illər davam edəcək ağır vətəndaş müharibəsi ilə üz-üzə qalacaqdı. Nəzərə alsaq ki, həmin dövrdə Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr də ölkəni içəridən parçalamaq niyyətini açıq-aşkar ortaya qoymuşdular. Belə bir halda, şübhəsiz ki, güclü liderə, dövlətçilik təcrübəsi və dünyada nüfuzu olan şəxsiyyətə ehtiyac var idi. Bu şəxsiyyət, əlbəttə ki, o zaman Naxçıvan Ali Sovetinin Sədri olan Heydər Əliyev idi. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlməsi və Milli Məclisdə çıxış etməsi hər birimizin yadındadır. O çıxışda Azərbaycan xalqı öz ümidini, öz gələcəyini görürdü.

- O dövrdə hadisələr əsasən, hazırda sizin də millət vəkili olduğunuz Gəncə şəhərində cərəyan edirdi. Hakimiyyətdaxili maraqların toqquşması, nəhayət, Gəncədə hərbi qiyamla nəticələndi. Bu barədə nə deyə bilərsiniz?

- 1993- cü ilin əvvəllərindən başlayaraq Azərbaycanda çox ciddi şəkildə dövlətçiliyin dağılması prosesi başlandı. Xüsusilə Kəlbəcər işğal olunduqdan sonra Azərbaycanda demək olar ki, hərbi özbaşınalıq, siyasi böhran başladı. Bu hərbi siyasi böhranın da zirvəsində Sürət Hüseynov və onun rəhbərlik etdiyi post dayandı. Sürət Hüseynov Xalq Cəbhəsi hakimiyyətinin yaratdığı və qəhrəman titulu verdiyi, Nazirlər Sovetinin müavini, deputat və Azərbaycan prezidentinin Qarabağ üzrə şəxsi nümayəndəsi idi. Amma təəssüf olsun ki vahid komandanın olmaması, prezident Əbülfəz Elçibəyin idarəçilik üsulunun sisteminin həmin dövrə uyğun olmaması hər vəzifəli şəxsin özünün komandasının formalaşmasına gətirib çıxardı. Rəhim Qazıyevə, Sürət Hüseynova tabe olan ayrı-ayrı qüvvələr var idi. Əlikram Hümbətovun, İsgəndər Həmidovun, İsa Qəmbərin öz qüvvələri var idi. Bütün bunlar hamısı ölkədə qarşıdurmaya, vətəndaş müharibəsi həddinə gətirdi. Buna görə də Gəncədə qan töküldü. Xalqın təkidi və tələbi ilə, prezident Əbülfəz Elçibəyin də xahişi ilə də Heydər Əliyev Bakıya gəldi. Milli Məclisdə çıxış etdi, sonra Gəncəyə getdi. Əslində Heydər Əliyevin Gəncəyə getməsi özü bir şəxsi fədakarlıq idi. Həmin dövrdə Sürət Hüseynovun ətrafında olduqca başıpozuq bir dəstə var idi. Xüsusən də dəstədə cinayətkar ünsürlər var idi. Heydər Əliyev Gəncədəki vəziyyəti öyrəndikdən sonra gəlib Milli Məclisdə çıxış etdi və nəhayət bu ağır missiyanı öz üzərinə götürdü. Təəssüf ki həmin dövrdə Heydər Əliyevin özünün vahid komandası yox idi. Çünki seçki ilə Yeni Azərbaycan Partiyası hakimiyyətə gəlməmişdi. Elçibəy də Kələkiyə çıxıb getdi. İdarəetmənin bütün ağırlığı Heydər Əliyevin çiyinlərinə düşdü. Heydər Əliyev böyük bir xalq qarşısında misilsiz bir xidmət göstərdi və birinci vətəndaş müharibəsinin qarşısını aldı. Təbii ki, o dövrdə təkcə Gəncə hadisələri bir problem deyildi. Eyni zamanda, şimalda emissarların gəlib getməsi ölkəmizdə ciddi narahatçılıq törətmişdi. Bundan əlavə, Əlikram Hümbətov özünün hərbi dəstələriylə cənubda qondarma Talış Muğan Respublikası elan etmişdi. Heydər Əliyev bütün bunların öhdəsindən təkbaşına müdrik siyasəti ilə gəldi. Azərbaycanı parçalanmaqdan xilas etdi.

- 15 İyunu Azərbaycan xalqının xilas günü adlandırmaq olarmı?

- Əlbəttə ki. 15 iyun Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir. 15 iyundan etibarən Azərbaycanda həqiqi dövlətçilik quruldu və Heydər Əliyev Azərbaycan dövlətinin struktur əsaslarını yaratdı. Yəni, müasir Azərbaycanın bünövrəsi məhz 15 İyundan sonra qoyulmağa başlanıldı. Sonrakı dövrlərdə isə Heydər Əliyev ölkədə tam siyasi ictimai sabitlik yaratdı. Dövlət quruldu, Konstitusiyamız qəbul olundu. Azərbaycanın bugünkü inkişafının bünövrəsi məhz bu tarixdən qoyulub. Həmçinin qeyd edim ki, 1993- cü ildən götürüləsi ibrət dərsləri də var. İlk növbədə dövlət başçısı öz xalqına arxalanmalıdır. Xalqın dəstəyi olmadan heç bir şəxs hakimiyyətə gələ bilmir. İkincisi, əgər hər hansı bir hərbi dəstə qiyam qaldırmışdısa, onu yatırmaq adı ilə qeyri-qanuni şəkildə hərbi hissəni ora göndərmək bir cinayət idi. Bu cinayəti də sonra o dövrün baş naziri Pənah Hüseynov də öz məqaləsində etiraf etdi. Heydər Əliyev dəfələrlə söyləyib ki, müstəqilliyi əldə etmək çətindir, ancaq qorumaq ondan qat-qat çətindir. Dövlətçiliyi, vətən, milli birliyi qorumaq hər birimizin müqəddəs borcudur. Bütün bunlara görə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tamamilə haqlı bir qərardır. 15 iyun nəinki Azərbaycanın, regionun xəritəsini dəyişən bir gün oldu. Bu gün Azərbaycanın qüdrətli bir dövlət olması 15 iyunda başlanan yolun uğurudur. Bu gün bu yol Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

 

Sevinc Osmanova

 

Həftə içi.- 2019.- 13 iyun.- S.3.