50 illik siyasi kursun
formalaşdırdığı
çiçəklənən
Azərbaycan
İyulun 14-də Azərbaycan xalqının dahi şəxsiyyəti, əvəzsiz lideri Heydər Əliyevin hakimiyyətə gəlməsininin yarım əsri tamam olur. Düz əlli il əvvəl 46 yaşlı Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda Azərbaycan KP MK-nın birinci katibi seçilir. 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə olunur.
1969-cu ilə qədər bütün sahələrdə geri qalan Azərbaycanı SSRİ-nin 15 respublikası arasında öna çıxarmağı bacaran dahi lider 13 il ərzində bütün sahələrdə uğurlara, birinciliklərə imza atır. Təbii ki, onun rəhbərliyi altında qazanılan naliyyətlər Kreml tərəfindən də diqqətlə izlənilir. Kiçik bir ölkəni imperiyanın tərkibinə daxil edilmiş dövlətlər arasında ön plana çıxarmağı bacarmış ümummilli lider çox keçmir ki, Moskvaya – daha böyük vəzifəyə dəvət edilir.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunur.SSRİ-nin rəhbərlərindən biri təyin edilir. Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verir. Bundan sonra SSRİ rəhbəri Mixael Qarbaçovun Heydər Əliyevə təzyiqləri başlayır. Heç şübhəsiz ki, Heydər Əliyevin işdən çıxarılmasının əsas səbəblərindən biri də ona qarşı olan basqılar idi. Heydər Əliyev müalicə aldığı xəstəxanada, Moskvadakı evində də qırmızı imperiya çinovniklərinin nəzarəti altında idi. Rahat buraxılmırdı. Ev dustağı şəraitində müalicə alırdı. Ulu öndərin “politbüro”dan gedişindən sonra ermənilərin Azərbaycan ərazilərinə əsassız iddiaları başlayır. Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə bağlı məsələ gündəmə gətirilir. Onu da qeyd edək ki, 1969-87-ci illərdə Heydər Əliyevin republikamıza və SSRİ-yə rəhbərlik etdiyi dönəmlərdə də ermənilər Naxçıvana və Dağlıq Qarabağa ərazi iddiaları irəli sürmüşdülər. Lakin ulu öndərin qətiyyəti, birbaşa diqtəsi və iradəsi ilə Moskva ermənilərin bu alçaq xahişlərini rədd etmişdi.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvarda – red.) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanat verir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxır.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayır. Həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olur. Ali Sovetin sessiyalarında fəal iştirak edilir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilir.
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi. Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Dövlət müstəqilliyi qorunub saxlandı. Silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı. Qəddar düşmənə əks-zərbələr endirildi. Uğurlu “Horadiz əməliyyatı” nəticəsində 22 yaşayış məntəqəsi düşməndən azad edildi. Düşmən meyidlərini və silah-sursatlarını döyüş meydanında qoyub qaçmağa başladı. Bu milli ordumuzun ilk nizami bölüklərinin göstərdiyi ilk rəşadət kimi hərb tariximizə düşür. Horadiz əməliyyatının digər nüanslarından biri də əməliyyata ülu öndərin bir başa rəhbərlik etməsi idi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi Heydər Əliyev şəxsiyyətinin qətiyyətinin sayəsində baş verdi. 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması da həmçinin... Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası statusu verir. Beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləyir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul edir.
Əbədiyaşar lider Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edir. Dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunur.
Sonrakı müddət ərzində onun siyasi kursunu layiqli davamçısı İlham Əliyev öz üzərinə götürür. Geridə qoyduğumuz 16 il ərzində Azərbaycan böyük sürətlə Avropaya və dünyaya inteqrasiya etməkdədir.
50 illik siyasi kursun formalaşdırdığı çiçəklənən Azərbaycan bu gün dünyanın hazırda dünyanın inkişaf etməkdə olan ölkəsidir. Ən etibarlı tərəfdaşdır. Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Şərqlə Qərbi birləşdirən böyük layihələrin əsas iştirakçılarındandır.
Tural Turan
Həftə içi.- 2019.- 15-18
iyun.- S.5.