Nəsimi ili: klassik ədəbi irsə müasir

baxış, milli və bəşəri ideyaların təbliği

 

Hər bir xalq öz keçmişi, dünya mədəni irsinə töhfələri ilə tanınır. Azərbaycan dünyada çox azsaylı dövlətlərdəndir ki, bəşəriyyətə adlarını saymaqla qurtarmayacaq qədər dahi şəxsiyyətlər, filosoflar, şairlər, alimlər bəxş edib.

Nizami, Füzuli, Xaqani, Nəsirəddin Tusi, Bəhmənyar…Bu adlar tək Azərbaycan xalqının yox, həm də dünya mədəniyyətinin qızıl fondunun ən nadir və qiymətli əsərlərini yaradan dahilərimizdir. Onların sırasında özünəməxsusluğu, fərqli fəlsəfəsi və dünyagörüşü, bu günün reallıqları ilə də çulğalaşan düşüncələri ilə seçilən dahi şair-filosoflarımızdan biri də İmadəddin Nəsimidir.

Onun adı ədəbiyyat tariximizdə bir çox ilklərlə də bağlıdır. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub, söz sənətimizi forma və məzmunca zənginləşdirib, özündənsonrakı nəsillər üçün ədəbi irs qoyub gedib. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoyub.

Prezident İlham Əliyev 2018-ci il noyabr ayının 15-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu il yanvar ayının 11-də “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ilielan edilməsi haqqında” Sərəncamlar imzaladı.

Yubileylə bağlı Sərəncamda da qeyd edilir ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.

Prezidentin 2019-cu ilin “Nəsimi ilielan edilməsi ilə bağlı Sərəncamının hansı zərurətdən doğduğu elə həmin sənədin özündə ətraflı şəkildə izah edilir. Sərəncamda da vurğulanır ki, Nəsimi irsi müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını hələ də qoruyur, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətlidir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, bu irsin sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Yubiley ilində şairin həm Azərbaycan, həm də başqa dillərə tərcümə edilmiş kitabları, haqqında elmi tədqiqat əsərləri, biblioqrafiya (M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən) işıq üzü görüb, yubiley sərgiləri açılıb. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsimiyə bir sıra əsərlər – Xalq yazıçısı İ.Hüseynovun “Məhşər” romanı, Xalq şairi R.Rzanın “Son gecə” poeması, Xalq şairi Qabilin “Nəsimi” poeması, Ə.Kərimin “Şəhidliyin zirvəsi”, Ə.Kürçaylının “Nəsimi” şeirləri, F.Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması, C.Cahangirovun “Nəsimi” kantatası, A.Rzayevin “Nəsimi” simfonik poeması, M.Abdullayev tərəfindən çəkilmiş portret, “Nəsimi” filmi (tammetrajlı) həsr olunub, şeirlərinə musiqi bəstələnib, poçt markası buraxılıb.

Şairin ana dilində divanının elmi-tənqidi mətnini ilk dəfə Azərbaycan alimlərindən professor Cahangir Qəhrəmanov nəşrə hazırlayıb. O, Bakı, Leninqrad (indiki Sankt-Peterburq) və İrəvan əlyazmaları fondlarında saxlanılan beş nüsxəni İstanbul və Bakı nəşrləri ilə tutuşduraraq şairin ana dilində əsərlərinin ilk elmi tənqidi mətnini 1973-cü ildə ərəb əlifbası ilə çap etdirib.

1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəli ucaldılıb (heykəltəraşlar T.Məmmədov, İ.Zeynalov), Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna, Bakının ən böyük rayonlarından birinə və metro stansiyasına onun adı verilib.

2004-cü ildə Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə Nəsiminin 2 cilddə “Seçilmiş əsərləri” təkrar nəşr olunub. 2012-ci ilin sentyabrında Heydər Əliyev Fondu fransız dilində Nəsiminin poeziyasına həsr olunmuş kitab nəşr edib.

İmadəddin Nəsimi irsinə göstərilən bu ehtiram bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla daha da zənginləşdirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ilielan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Bu fikirləri bizimlə söhbətində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva bildirdi.

Onun sözlərinə görə, İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar da məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. “Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixində imzaladığı Sərəncam Ulu Öndərin bu istiqamətdə gördüyü dəyərli işlərin uğurlu davamıdır”.

İnstitutun elmi katibi deyib ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib: "İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Mütəfəkkir şair qüdrətli söz ustaları Şah İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının yaradıcılığına böyük təsir göstərib. Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ilielan edilməsi barədə tarixi Sərəncamının əhəmiyyəti birondan ibarətdir ki, orada dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb".

Bu gün Nəsimi yaradıcılığına tək ədəbi baxımdan yox, həm də ictimai-siyasi rakursdan yanaşmaq çox vacibdir. Ölkəmiz dünyada tolerantlıq, dözümlülük, multikultural dəyərləri özündə ehtiva edən bir məkan kimi tanınır, digər dövlətlərə nümunə göstərilir. Azərbaycan xalqının bu yüksək mənəvi dəyərlərinin öyrənilməsi, dünyada tanıdılması baxımından Nəsimi irsinin beynəlxalq səviyyədə təbliği də çox vacibdir. Çünki Azərbaycanın dövlət siyasətinin əsasında humanizm dəyərləri, insan amilinə verilən ən yüksək dəyər dayanır.

Zərrədə günəş axtararaq varlığın bir vücuddan yarandığını söyləyən Nəsimi insanları gözəl və çirkin deyə ikiyə bölmür, milli ayrı-seçkilik axtarmırdı. Könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan şair şeirlərində insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm etməklə insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf edirdi.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nəsiminin humanizmi” məqaləsində bildirilir ki, İslam Şərqinin hər üç hakim dilində - ərəb, farstürk dillərində bu cür humanistruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri də XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairifilosofu İmadəddin Nəsimi idi:

«Nəsimi humanizminin başlıca fərqləndirici cəhətini müəyyən etmək lazım gəlsəydi, yəqin ki, bunun yüksək istedadlı, təbiətdəki harmoniyayainsan gözəlliyinə vurğun olaninsan mənəviyyatının tərbiyəsi prosesində onun oynaya biləcəyi müstəsna rolu qiymətləndirmək qabiliyyətinə malik olan böyük bir şairin humanizmi olduğu fikri üzərində dayanılardı.

Şairin humanizminin özəlliyi onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır. Məhz bu cəhətinə görə Nəsimi özündənəvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirir.

Nəsimi humanizmindən danışarkən, ilk növbədə, bunu nəzərə almaq lazımdır ki, böyük şairin insan sevgisi çoxyönlüçoxtutumludur. Onu bütün yönləri ilə açmaq üçün, əlbəttə, ən azı böyük bir monoqrafiya yazılmalıdır. Nəsimi humanizminin çağdaş dünyamızda gedən ictimai-siyasi proseslər baxımından önəmli olan cəhətlərindən birionun mücərrəd xarakter daşımaması, ikili standartlardan, ikiüzlülük və riyakarlıqdan kənar olan konkret səmimi insan münasibətlərini, real insan gözəlliklərini əks etdirməsidir».

Millət vəkili Sahibə Qafarovanın fikrincə, Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töhfələr verib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyətə malik bir hadisədir: "İmaməddin Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri ideyalar yüksək poetik şəkildə tərənnüm olunub. Onun yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən, bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub. Altı əsr əvvəl yaşamış böyük şair və mütəfəkkirin Azərbaycan ədəbiyyatında və fikir tarixində müstəsna yeri vardır. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifidir".

Sahibə Qafarovanın sözlərinə görə, Nəsiminin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. "Şərqin böyük filosofunun fikirləri, bir növ, Qərb mədəniyyətinin və ədəbiyyatının nümayəndələrinin fikirlərinə bənzəyir. Azərbaycanda 2019-cu ilin məhz belə bir böyük sənətkarın adı ilə adlandırılması bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışdır».

Bəli, Azərbaycan xalqı daim özünün qonaqpərvərliyi, sülhsevərliyi, tolerantlığı ilə tanınıb. Bu dəyərlər Nəsimi, Füzuli, Nizami, Tusi və digər dahilərimizin əsərlərindəki fəlsəfi fikirlərlə əsrlər boyu nəsillərdən nəsillərə ötürülüb. Qorunub saxlanılıb, yaşadılıb və daha da inkişaf etdirilib. Bu gün Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyada sülhə, multtikultural dəyərlərin təbliğinə töhfə verən sivilizasiyalar arası dialoq forumları təşkil edilir. Biz millət və dövlət olaraq dahi şair Nəsiminin də vurğuladığı kimi bütün dünyanı ən ali varlıq olaraq insana dəyər verməyə səsləyirik.

 

Azad Əliyev

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün

 

Həftə içi.- 2019.- 19 iyun.- S.6.