Dünyanın bir rəngi var...

 

Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ... Budəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərbmövzulu yazılardır. Günümüzdə “Yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda, bizim bundan vacib mövzumuz ola bilməz”, – deyə düşünməkdəyəm.

Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundanəvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misal gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. İndi isə vəziyyət tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərbmövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər ehtiyac yaranarsa, mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi, bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir.

Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür... Acı-acı gülür... Bilirsiniz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim... Hərbmövzulu yazılar, əslində, məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni – “10 metr - 5 metr” məsələsini xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusilə son dövrlər Birinci Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər, əsasən, subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub; məsələn: dünyaca məşhur Remarkın (Erich Maria Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir... Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim Remarkla heç bir işimiz yoxdur. Misalı, sadəcə, ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Haradasa, az qala, hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var.

Sadəcə, bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta yanaşmaq” lazımdır. Necə deyərlər, “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər... Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti yazarın hadisələrə reala yaxın təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər. Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

Haşiyə

Bəşər övladı əlinə qələm alan gündən onu əsas iki məsələ – döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir.

İddia edirəm ki, dünyada tək bircə əsl rəng var: o da qırmızıdır, al-qırmızı... Yerdə qalan ağdan-qarayadək olan rənglər, sadəcə, qırmızının ağa doğru solğunlaşmasından, nəhayətdə “AĞ”dan – XEYİR (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən sonda “QARA” dan – ŞƏR (GECƏ) ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın özü yaralandıqda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb), baş verə bilərdi... Çox güman ki, insan oğlu ilk müharibənin başlanması xəbərini də elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır...

Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin simvoludur, qırmızı... Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı... Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür.

Mətləbdən uzaqlaşmayaq, əlbəttə, yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində, əsərin adı artıq özü barədə tam məlumat verir. Bu, sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil. “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol...” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur.

Nə qədər dəyərli və mükkəmməl olsa da ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral 2019 – cu il saat 13:31 - ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə qısa açıqlama verəcəyəm. Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi.

Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark tam birtərəfli yazıb. Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm - əvvəlcədən üzr istəyirəm) müəllifi Kirst Qans olan “Fabrika ofiüerov”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur.

 

(Ardı var)

 

Zaur Ustac,

şair-publisist

 

Həftə içi.- 2019.- 21 iyun.- S.7.