AYB mükafatları ehtiyacı olan

gənc yazarlara verməli idi

 

Budəfəki həmsöhbətimiz heç bir təqdimata, tanıtıma ehtiyacı olmayan imzadır, Rüstəm Behrudidir. Onu dövrün gənc yazarları türk sözünə şaman möhrünü vuran, öz havası, havacatı olan bir şair kimi qiymətləndirir.

“Salam dar ağacı” ilə bütün türk dünyasını bir ağacın başına yığıb millətinin dərdini danışan şairlə söz süfrəsində oturduq. Rüstəm Behrudi hafta.az-a müsahibəsində yazarlarımızın dünya ədəbiyyatına düşə bilməməsinin səbəblərindən, fəxri adların ədəbiyyatdakı yerindən, mövcud ədəbi proseslərdən danışdı. Monitora yaxın əyləşin ki, söhbətimizə qulaq kəsilə biləsiniz.

-Rüstəm müəllim, yaradıcılıqda nə var, nə yox?

-İstənilən halda mən həmişə məşğul olduğum işimləyəm (gülür). Yazı yazıram. Əkrəm müəllimin gözəl bir sözü var. Deyirdi ki, ədəbiyyat mənim vətənimdir. Yazı yazmaq da mənim əzəli-əbədi işimdir. Mən elə yazı yazmaqdan ibarətəm. Başqa heç bir işim-gücüm yoxdur.

-Nizami Gəncəvi 60 yaşına “Yeddi gözəl”lə, Viktor Hüqo “Səfillər”lə, rəhmətlik Zəlimxan Yaqub “Peyğəmbər”lə gəlmişdi. Bəs Rüstəm Behrudi 60 yaşına nə ilə gəldi?

-Mənim nə ilə gəldiyimi siz deyə bilərsiniz. Oxucularım desə daha doğru səslənər. Yenə xatırlatmaq istəyirəm, 18 yaşında başladığım işi günbəgün davam etdirdim. İndi mən nə ilə gəldiyimi deyə bilmərəm. İllər keçəndən sonra onu daha dəqiq şəkildə oxucu deyə bilər. Bu gün atdığım addımlar 18 yaşımda atdığım ilk addımlardan gəlir. Həmin addımlarla səsləşir. Düşünürəm ki, mənim bütün yaradıcılığım 18 yaşından 60 yaşına atılan bir addımdan ibarətdir. Bircə addım...

-Yəni ədəbiyyata bircə addımla gəlmisiniz?

-Bəli. Məndə hər şey birdən-birə olub. Birdən-birə şeir yazmışam. Azərbaycan oxucusu elə ilk şeirlərimdən məni tanıyıb. Bir kitab yazmışam, onunla artıq hər şey həll olunub. Bütün Azərbaycan məni şair kimi qəbul edib. Orxan Vəlinin bir şeirində dediyi kimi, hər şey birdən-birə oldu. Mən də də bu cür baş verdi...

-Keçmiş təhsil naziri, böyük araşdırmaçılarımızdan olan Firudin Cəlilov bu yaxınlarda yazmışdı ki, türk dünyası 20-ci əsrdən 21-ci əsrə cəmi bir şeirlə “Salam, dar ağacı” ilə daxil oldu. Siz necə düşünürsünüz?

- Oxumuşdum. Tanışam bu fikri ilə... Firudin mənim çox yaxın dostlarımdan biridir. Onunla ortaq düşüncələrimiz də çoxdur. Gələcəyə baxışlarımız, ümidlərimiz... Ortaqlıq çoxdur. Bu yaşımızda da düşünürük ki, türk xalqlarının taleyində gələcəkdə nələrsə olacaq. Sağ olsun, bu onun fikridir. Bəlkə də bu fikir bir çox şairləri qıcıqlandıra bilər. Əgər Frudin müəllim bu cür dəyərləndirirsə, çox şadam. Təşəkkür edirəm. Amma mən o fikirdə deyiləm. Əslində Azərbaycan ədəbiyyatının 20-ci əsrdən 21-ci əsrə keçirə bildiyi çox böyük şeirlər var. Məsələn, birini siz dediniz, “Salam, dar ağacı”. İkinci şeir isə Əhməd Cavadın “Çırpınırdı Qara dəniz, baxıb Türkün Bayrağına” şeiridir. Belə nümunələri çox çəkmək olar. Yəni, 20-ci əsrdən 21-ci yüzilə çox şeirlər keçib. Bəlkə də Fridun bəlkə də bunları dostluq xatirinə deyib. Dediyində də müəyyən qədər həqiqət var (xəfifcə gülümsəyir).

-2000-ci illərdən üzübəri ədəbiyyatımızda, daha dəqiq desək poeziyamızda sanki bir yolsuzluq dövrü başladı. Yol, iz, cığır yoxdur. Konkret bədii poetik lövhələr var. Milliyətçilik və ya hansısa məfkurə poeziyamızdan qopmuş vəziyyətdədir. Sanki cərəyan anlayışları poeziyamızdan silinmiş durumdadır. Sizcə bunlar nə ilə əlaqədardır?

-Müasir Azərbaycan şeirinin ən böyük faciəsi odur ki, heç bir şairin öz yolu yoxdur. Əslində heç kim öz yolunu yaratmayıb. Bəlkə də var, gələcəkdə püxtələşəcək və yol kimi görünəcək. Hətta mən iz, cığır belə görmürəm. Hamı kiməsə bənzəmək, kiməsə oxşamaq istəyir. Görkəmli dilçimiz Tofiq Hacıyevin gözəl bir məqaləsi vardı. O zaman yazmışdı ki, son 50 ildə bir Əli Kərim yolu var idi. Oradan bir Ramiz Rövşən çəhliminin ayrıldığını, axır vaxtlar isə yeni iz kimi Rüstəm Behrudinin öz cığırını açdığını vurğulayırdı. Tofiq Hacıyev məşhur bir alimdir. Sevdiyim, hörmət etdiyim bir adamdır. Yəni, indiki şairlərin özlərinin ortaya qoyduğu bir yol yoxdur. Hamı kiməsə oxşamağa çalışır. Bəlkə də gələcəkdə püxtələşəcəklər. Hərənin öz yolu olacaq. Amma hələ ki, mən ədəbiyyatda müstəqil bir yol görmürəm. Bu yol ancaq mənə məxsusdur, onu ancaq mən gedəcəm- deyən birinə rast gəlməmişəm. Bir şeirim var, orada deyirəm ki, mən səni gedəcəyəm ey yol, mənim taleyim, zalım dostlar arxamca gəlsə də, gəlməsə də... Bunu 30 il əvvəl yazmışam. Ağrılı və acılı olsa da heç kim öz yolunu getmək istəmir. Asan üsula əla atırlar. Başqalarının getdiyi yolla məşhurlaşmaq istəyirlər. Hər kəsin öz yolu olmalı, bir kimsəyə bənzəməməli...

-Yaşlı nəslin nümayəndələri pis-yaxşı özlərinə bir yol seçiblər. Onlar bundan sonra öz cığırlarını, yollarını dəyişəsi deyillər. Bəs gənclərdən kimləri oxuyursunuz? Kimlərdə işıq, yol işartıları görürsünüz?

- Feysbuk sosial şəbəkəsində qarşıma çıxan əksər gənc şairləri oxuyuram. İstedadlılar çoxdur. Tural Turan, Emil Rasimoğlu, İntiqam Yaşar, Ümid Nəccari, Fuad Cəfərli, Zakir Qurbanov... Aydan Ay da yaşına görə öz düşüncəsi, poetik dünya görüşü olan biridir. O balaca qızcığaz var ha, onu deyirəm. Bu yaxınlarda bir şair vardı, onun şeirini paylaşdım. Yazdım ki, bu əsl şairdir. Azərbaycanda yaşamır. İndi adını xatırlaya bilmirəm. Belə gənclər çoxdur. Şeirlərini bəyənirəm. Amma bütövlükdə şair kimi görünənlərin sayı çox azdır. Sadaladığım üç-dörd adam var. İndi hamı – bütün Azərbaycan şeir yazır (gülür). Ən dəhşətlisi, bəlkə də ən yazıq gəlinəsi odur ki, hamısı, daha doğrusu, böyük əksəriyyəti özünü dahi hesab edir. Hamı hamıya dərs keçir. Mən sizə deyim ki, Azərbaycanda sözün indiki qədər urvatdan düşdüyü zaman olmayıb. Söz bu qədər urvatdan, dəyərdən düşüb. Çox qəribədir, söz urvatdan düşdükcə kəndirbazlar, falabaxanlar, ədəbiyyata gəlir mənbəyi, şöhrət kimi baxanlar daha da çoxalır. Hansı məclisə gedirəmsə, görürəm ki, məndən başqa hamı şairdi, hamı şeir oxuyur, hətta onların arasında elələri var ki, 15-20 kitabı çıxıb.

- Rüstəm müəllim, gələk bu “Xalq şairləri məsələsi”nə. Bir müddət öncə bir neçə şair fəxri ada layiq görüldü. Kimlər haqqını aldı, kimlərə haqsız verildi?..

- Söyləsəm ki, ad məsələsi pis şeydir, deyəcəklər ki, Rüstəm Behrudiyə ad-zad verməyiblər. Ona görə belə danışır. Təbii ki, siz məni tanıyırsınız. Fəxri adlarla bağlı düşüncələrimi təxminən 20 il bundan əvvəl yazmışdım. Yəni, fəxri adlar ədəbiyyatın ölçüsü ola bilməz. Amma çox sevdiyim dostum Kamal Abdulla Xalq yazıçısı fəxri adı aldı. Onu təqdir edirəm. Dostum Ramiz Rövşən uzun illərdir ki, xalqın şairidir. İndi də Xalq şairi fəxri adı aldı. Azərbaycanın sevimli şairidir. Musa Yaqubla 40 ilə yaxın dostluğumuz var. O da artıq canlı klassikə çevrilmişdi. O da Xalq şairi fəxri adına layiq idi və aldı. Burada mənə çox qəribə gələn bir nüans da oldu. Mənim ilk şeirlərimi “Ulduz” jurnalında çap edən, onun da ilk kitabının adını qoyduğum, redaktoru olduğum Vaqif Cəbrayılzadəyə (Vaqif Bayatlı Odər – red.) münasibət məni çox narahat etdi. Ona Azərbaycanın İncəsənət xadimi adı veriblər. Vaqif isə ömrü boyu incəsənətin bir növü ilə məşğul olub. O da şeir yazmaqla. Mən belə düşünürəm ki, Xalq şairi fəxri adına ən layiqli adamlardan biri də elə Vaqif Cəbrayılzadə idi. Vaqif Cəbrayılzadəyə Xalq şairi adının verilməməsini haqsızlıq hesab edirəm. Çünki onun gördüyü yeganə iş şeir yazmaq idi. Onu da mükəmməl şəkildə bacaran adamdır. Əgər başqalarına verilirdisə, birinci növbədə ona verilməli idi. Ancaq ona Əməkdar İncəsənət xadimi adı verildi. Bu da ədəbiyyat adına düzgün bir yanaşma deyil. Amma ədəbiyyatımızda fəxri adlar məsələsindən danışanda başqa nümunələrə də rast gəlirik. Məsələn, Əkrəm Əylisli nümunəsi var. O, Azərbaycanda ən böyük mükafatları almışdı. Xalq yazıçısından tutmuş ən yüksək orden və medalları almışdı. Günlərin bir günü ona Xalq yazıçısı fəxri adını və həmin orden-medalları verənlər hamısını geri aldı. Deməli, fəxri adların geri alınma ehtimalları da çoxdur. Əgər bir seyi istənilən vaxt səndən geri ala bilərlərsə, onunla təltif olunmağa nə hacət?! İnsanın ən böyük dəyərlərindən biri də imtina etmək bacarığıdır. Lazım olduğu anda bir şeydən imtina edə biləsən. İnsan bununla – xarakteri, şəxsiyyəti, imtina etmək bacarığı ilə böyükdür. İnsan bu cür dəyərlərlə formalaşır. Mən demirəm ki, bu şeylər – fəxri adlar, titullar pis şeydir. Prezident düz edib Ramiz Rövşənə, Vaqif Cəbrayılzadəyə, Kamal Abdullaya fəxri adlar verib. Çünki Azərbaycanda yoldan keçən də Xalq artistidir, Xalq şairidir, Xalq yazıçısıdır. Onların içərisində bizim tanıyıb-tanımadığımız, qəbul edib-etmədiklərimiz də var... Azərbaycan dilində bir kəlmə danışa bilməyən adam da Xalq yazıçısıdır. Məsələn, Çingiz Abdullayev. O da Xalq yazıçısıdır. Xalq şairlərini də bilirsiniz. İndi adları yadıma düşmür. Çünki onlar mənim üçün şair deyillər. Ona görə də adları yadımda qalmır. Deməli, bu ölçülər düzgün ölçülər deyil. Ədəbiyyatda mükafatlar məsələsində Əkrəm Əylisli nümunəsi varsa, deməli bunların hamısı boş və cəfəngiyat bir şeydir. Yəni, sənə verilən şeyi nə vaxtsa səndən geri ala bilərlər. Əgər sənə veriləni səndən almaq mümkündürsə, ona layiq görülmək və ya buna can atmaq nəyə lazımdır?! İstənilən halda hamıya verilirsə, niyə Ramiz, Kamal, Vaqif, Musa almamalıdır?! Amma bu mükafatlara görə pul verilib-verilmədiyini mən bilmirəm. Çünki mən Yazıçılar Birliyinin üzvü deyiləm. Heç nizamnaməsini də oxumamışam. Bu mükafatlara görə pul verilib-verilməməsindən də xəbərim yoxdur. Varsa, bu da yaxşıdır. Ola bilsin ki, həmin adamların pula ehtiyacları var. Bu yaşdan sonra gedib harada işləyə bilərlər ki?! Bəlkə onlara maddi yardım da ediləcək. Məsələn, mənim buna ehtiyacım yoxdur. Mənim əlimin qabarına baxın (əllərinin içini açıb göstərir) bağımda nə varsa, özüm əkib-becərmişəm. Özüm əkib-biçirəm. Dolanıram. Azərbaycanda heç kim bilmir ki, mən nə işlə məşğulam. Nə ilə dolanıram...

-Sirr deyilsə, nə işlə məşğulsunuz?

-Kənardan baxan adam da deyir ki, Rüstəm Behrudi yaxşı yaşayır. Mən öz əlimin qabarına görə yaxşı yaşayıram. Zəhmət çəkirəm. Mənim heç kimə ehtiyacım yoxdur. Azərbaycanda bir adam deyə bilməz ki, mən Rüstəm Behrudi üçün nəsə eləmişəm. Çünki mən həmin adamlara bunu demək üçün haqq verməmişəm. Nə etmişəmsə, özüm etmişəm. Elə olub ki, ev təmir edərkən o fiziki işləri də özüm görmüşəm. Yaşımın bu çağında həmin fiziki işləri görə bilirəm. Ona görə də mənim hansısa mükafata, ondan gələn vəsaitə ehtiyacım yoxdur.

- Bu yaxınlarda ölkə başçısı Yazıçılar Birliyinə 800 min manat pul ayırdı. AYB – də ayrılan vəsaitdən tələm-tələsik bir mükafat fondu düzəltdi. Kamal Abdullaya, Sabir Rüstəmxanlıya, Elçin Əfəndiyevə pul ayırdı. Özü də 2000 manat. Buna adları çəkilən yazıçıların ehtiyacları var idimi? İmkansızlıqdan kitabını çap edə bilməyən nə qədər gənc yazarlarımız var...Həmin pul ehtiyacı olan istedadlı gənc yazarlara verilsə, daha yaxşı olmazdımı?

-Təbbi ki, doğrudur. Adlarını çəkdiyiniz adamların heç birinin həmin pula ehtiyacları yoxdur. Məşhur bir məsəl var, deyilir ki, insanı məhv etmək üçün ona çox etmək lazım deyil. Arzularını keçiltsəniz bəsdir. Bəlkə həmin yaşda onlar daha çox şey istəyir. Amma mən belə düşünmürəm. Nə Kamal Abdullanın, nə Sabir Rüstəmxanlının bu kimi şeylərə ehtiyacı yoxdur. Düz deyirsiniz, həmin pulları ehtiyacı olan cavan şairlərə, yazıçılara vermək lazım idi. Bu da həmin gənclərə öz yaradıcılıqları ilə məşğul olmaq imkanları verəcəkdi. Düşünürəm ki, bu məsələ də məqsədli şəkildə edilib. Yəni, Azərbaycandakı istedadlı adamlar “Moşu”ya, “Gülümsərov”a çevrilsin. Çünki cəmiyyətin ruhunu ifadə eləyə biləcək adamların fikirləri yuxarıdakıların düşüncəsindən fərqli olanda bu yuxarıdakılara sərf eləmir. Bəlkə də məhz buna görə gənc şair və yazıçılara verməyiblər. Çünki o adamların yolları bəllidir. Artıq onlar açılmış kartdır. Onlara nə etməli olduqlarını yaxşı bilirlər. Amma cavan nəsli bilmirlər. Onların nə işlə məşğul olacaqları, nələr yazacaqları bəlli deyil. Cavan nəsil yazarlar onlar üçün çox təhlükəlidir.

-Azərbaycanda fəth olunmayan şair və yazıçılar sırasında kimlərin adını çəkə bilərsiniz? Yəni, həmin şairlər bu və ya digər mənada ələ alınmadı, fəth edə bilmədilər...

- Baxın, 30 il Yazıçılar İttifaqının üzvü olmuşam. Heç kim deyə bilməz ki, 30 ildə mən oradan 1 manat pul almışam. Yaxud ev, maşın verilib. Heç kim deyə bilməz! Hətta kitablarımı belə onlar çap etməyib. Xətta xaricdə çap olunan kitablarımdan belə xəbərləri yoxdur. Həbsdə olanda oradan Yazıçılar İttifaqına məktub yazdım. Hətta həbsxanadan çıxandan sonra da məktubuma cavab vermədilər. Belə nümunələr var. Misal olaraq özümü çəkə bilərəm, Rüstəm Behrudi! Başqa kimi deyə bilərəm, siz mənə kömək edin...(ani susqunluq).

-Mükafat alana qədər Ramiz Rövşəni deyə bilərdik...

-Ramiz Rövşənin özü; o mükafat alsa belə bizim adamdır. Ramiz Rövşən Xalq şairi adını alanların əksəriyyətindən daha çox haqq etmişdi bu adı. Eləcə də Vaqif Cəbrayılzadə üçün hər hansı mükafatın fərqi yoxdur. Vaqif üçün də fərqi yoxdur, o mükafatı ona niyə, hansı məqsədlə veriblər. Düşünürəm ki, Ramiz Rövşən üçün də bunun fərqi yoxdur.

-Rüstəm müəllim, bəs bir gün sizin özünüzə fəxri adlar versələr... Onda necə olacaq, götürəcəksiniz ya yox?

-Desəm ki, almayacağam. Deyəcəklər ki, buna verməyiblər, ona görə də belə danışır. Yenə deyirəm, 20 il bundan əvvəl yazmışdım ki, fəxri adlar ədəbiyyatın göstəricisi ola bilməz. Ədəbiyyat təkbaşına adamların işidir. Mən təkbaşına öz missiyamı yerinə yetirirəm. Mən şeir yazarkən nə xalqın qarşısında öhdəlik götürmüşəm, nə də xalqın mənim qarşımda öhdəliyi var. Yəni, mən xalqa şeir yazacam, o da bunun qarşısında orden və medal verəcək. Heç vaxt bu cür düşünməmişəm. Xalqın mənim qabağımda belə bir öhdəliyi yoxdur. Heç hökumətin də belə bir öhdəliyi olmamalıdır. Məşhur bir Xalq şairi var idi, dostluq münasibətlərimiz vardı, o deyirdi ki, şairi xalq saxlamalıdır. Mən ona bildirirdim ki, xalq sənə get şeir yaz demir. Buna görə mən səni saxlayacam- cümləsini də söyləmir. Get daş yon, bina tik, yol çək... Özünə lazım olan azuqəni özün topla. Xalq səni saxlamaqla qarşı öhdəlik götürməyib. Sən şeir yazmaya da bilərsən. Xalqın sənin yazdıqlarına da ehtiyacı yoxdur. Əgər sən ondan nəsə umursansa... Məsələn, şair Əlisəmid Kür... hansı mükafatı alıb? Bəzən küçədən keçəndə bir çoxu onu tanımaya bilər. Amma Azərbaycanın 3-5 şairindən biridir. Doğrudan da Əlisəmid şairdir. Məsələn, Akif Səməd var idi. Bu il də 60 illiyidir. Çox yaxın dost olmuşuq. Bu adamın ömrü boyu təmənnası olmadı. Təmənna ummadan ancaq şeir yazmaqla məşğul idi. Akif Səmədin nə xalqdan, nə ölkədən heç bir təmənnası yox idi. Tanrının ona verdiyi işlə məşğul idi. Elə Ağamalı Sadiq Əfəndi olsun, o da təmanna uman adam deyildi.

-Vahid Əzizin Xalq şairi fəxri adına layiq görüləcəyini gözləyirdinizmi?

-Yox, gözləmirdim.

-Əgər Azərbaycanda yaşayan bir şairə və bir şeirə heykəl qoyulsaydı o hansı şair və şeir olardı?

-Onu mən deyə bilmərəm. Desəm səmimiyyətdən çox uzaq olar.

-Rüstəm müəllim, tez-tez xarici səfərlərdə olursunuz. Gəzib dolaşırsınız. Xaricdən Azərbaycan, bizim ədəbiyyatımız necə görsənir? Oradan görünən boyu nə qədərdir?

-Bir dəfə Avropaya getmişdim. 10-15 gün qaldım. Yuxarı elitanın nümayəndələri ilə görüşmüşdüm. Bakıya qayıtdıqdan sonra televiziyaların birinə çağırmışdılar. O zaman da bu sualı vermişdilər. Mən cavab verdim ki, Avropadan Azərbaycan görsənmir. İndi də belədir. Çünki onlar təkcə Bakını tanıyırlar. Bir də ki, axır vaxtlar Avroviziya müsabiqəsi, Avroliqa futbol turniri və bunu kimi beynəlxalq yarışlar keçirilib. Ola bilsin ki, bir də həmin azarkeşlər tanısın. Biz Azərbaycan haqqında çox böyük iddia ilə danışırıq. Düşünmək azdır, həmin səviyyəyə qaldırmaq söhbəti var. Kubada olmuşam. Orada heç Azərbaycanın harada yerləşdiyini bilmirlər. Vyetnamda da tanımırlar. Olduğum ölkələrdən misal çəkirəm. Avropada tək-tük adamlar neftə görə Bakını tanıyırlar. Afrikada Nelson Mandelanın evinin inzibatçısı ilə dostlaşmışdım. Dedim ki, Azərbaycandan gəlmişəm. Bir saat xəritədə Azərbaycanı axtardı. Söylədi ki, belə bir ölkə tanımır. Azərbaycan nefti ilə yox, Nizamisi, Nəsimisi, Füzulisi ilə tanınmalı idi. Onları təbliğ etməliydik. Arif Məlikov kimi böyük bir istedad dünyasını dəyişdi. Azərbaycanda bir nəfərin tükü də tərpənmədi. Onun “Məhəbbət əfsanəsi” dünyanın bütün səhnələrində tamaşaya qoyuldu. Baxıldı. Təkcə Azərbaycandan başqa... bütün düya onu bu əsərlə tanıyır. Avropanın elitar təbəqəsi Azərbaycanı bu kimi şəxsiyyətləri ilə tanıyırlar.

-Azərbaycan yazıçı və şairlərinin dünyaya çıxa bilməməsinin səbəblərindən çoxları danışıb. Bizimkilər dünyanın dilini, nə istədiyini bilmədikləri üçün dünya ədəbiyyatına düşə bilmirlər, yoxsa başqa səbəblər də var?

-Burada məsələ başqadır. Dünyaya çıxmaq üçün istedaddan başqa heç nəyə ehtiyac yoxdur. Gözəl şeiri fransız da, ingilis də tapıb oxuyur. Mən bu qənaətdəyəm. Maddi dəstək, pul... bunlar boş şeylərdir. Avropada belədir, naşir baxıb görür ki, filankəs istedadlı adamdır. Götürüb çap edir. Burada tanışlıq keçmir ki?!. Xaricdə mənim də kitablarım çap edilib. Heç birindən də xəbərim olmayıb. Çapdan çıxandan sonra bilmişəm. Nümunələrini göndəriblər. Əgər oxucu hər hansı müəllifi istəmirsə və bu və ya digər müəllifin əsəri naşirə gəlir gətirməyəcəksə, onu çap etmir. Dünyaya çıxmağın bir yolu var – istedad! Artur Remboad adlı bir şair var. Çox sevirəm şeirlərini. Afrikaya gedib gəldikdən sonra gənc yaşında dünyasını dəyişdi. İndi bütün dünya onu tanıyır. Çünki istedadlı bir adam idi. Şeirlərini hamı axtarıb tapdı. Oxudu. Qiymətini də verdi. Çap etdilər. Sənət başqa şeydi. Məsələn Van Qoq. Şizofreniyaya yoluxmuş bir xəstə idi. Sağlığında dərman almağa pulu yox idi. Yemək almağa da pulu olmurdu. Amma indi onun əsərləri milyonlarla dollara satılır. Deməli əsəs olan ortaya sənət qoymaqdır. Qalan şeylər boşdur. Heç bir böyük ədəbiyyat, fikir adamı zamanında öz qiymətini almayıb. Hətta dünyanın ən böyük yazıçıları da... “Nobel” mükafatını almayan və ona layiq olanlar alanlardan daha çoxdur. Bu gün də, sabah da həmin adamların əsərləri oxunacaq. Çünki istedadlı olublar. Ədəbiyyatın istedaddan başqa göstəricisi yoxdur. 100 adam bir müəllif haqqında yazı yazsın, xeyri yoxdur. Oxucu müəllifi oxuduqdan sonra onun qiymətini verir. Hər hansı bir müəllifi oxucuya zorla pərçimləmək mümkün deyil. Xalq yazıçısı, şairi fəxri adlarını alan bəzi yazıçılar var. Onların təmtəraqlı yubleyləri keçirilir. Həmin tədbirlərdə onları ancaq tərifləyirlər. Heç nə oxumurlar. Əhməd Cavadı bu qədər möhtəşəmliyi ilə heç kim görmürdü. İllər keçəndən sonra bir şeiri ilə ədəbiyyat tarixinə düşdü. Bütün şairlər dünya ədəbiyyatında, yerli ədəbiyyatda cəmi bir şeirlə qalır. O birilər həmişə həmin şeirə yardımçı olur. Həmin şeirin işığına toplaşır.

 

Tural Turan

 

Həftə içi.- 2019.- 21 iyun.- S,8.