Dünyanın bir rəngi
var
(Əvvəli ötən
sayımızda)
Ümumi olaraq keçid üçün bundan əvvəl
“Yazarlar və yazılar” adlı on beşinci yazıda da
adlarını çəkdiyim Vasiliy Yan və Tarle, eyni zamanda
onların yazdıqları bir neçə əsər
haqqında qısa fikir bildirmək istəyirəm. Vasiliy Yan və onun digər
əsərləri ilə yanaşı xüsusi ilə diqqət
çəkən, faydalı ola biləcək “Çingiz Xan” , “Kurqanlardan gələn işıq” tarixi
–müharibələrlə dolu romanları.
Tarle (Åâãǻíèé Âè́êòîðîâè÷ Òà́ðëå) və onun da müharibə
mövzulu digər əsərləri ilə yanaşı
“Napoleon” əsəri. Tarle bu əsərdə Napoleonun timsalında çəlimsiz,
cılız lakin, olduqca çalışqan bir uşaqdan
ölkələr fəth edən, papanı hüzuruna gətirən,
fatehə qədər inkişaf etmiş, anında
mühüm qərarlar verməyi bacaran, müharibə qərarları
alanda qətiyyətli sərkərdə, döyüşdə
öndə gedən, cəsur, qələbəyə
susamış əsgər, sevgidə aciz və eyni zamanda odlu
– atəşli aşiq, idarəetmədə incə, adi
detalı da unutmayan, dərin düşüncəli, sonunda
baş əymədən təslim olmağı bacaran insan
obrazı yaratmağı bacarmışdır. Bu
iki yazardan və onların yazdıqlarından bəhrələnmək
olar.
Qismən
nümunə ola biləcək, yəni
müəyyən məqamlarda faydalanmaq mümkün olan Ernest
Heminquey, Sent-Ekzüperi barədə onu qeyd edə bilərəm
ki, bu yazarların təsvirləri, ifadə vasitələri
güclüdür.
Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından
üç yazar və üç əsər timsalında
fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa
çalışacağam. Bu əsərlərin birində hərbçinin
mülki həyatda hissləri və istəkləri, ikincisində
həm mülki, həm də xidmətdə olan hissləri və
fəaliyyəti, üçüncüsündə isə həm
mülki, həm xidməti, həm də döyüşdə
başına gələnlər, düşdüyü real vəziyyətlər,
həyat həqiqətləri oxucunun gözləri
önündə canlanır...
Birinci,
dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat
sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya
Markesin 1956-1957-ci illərdə yazdığı və ilk dəfə
1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur”
povesti – hamını özünə borclu bilən bir hərbçinin
xidmətdən (bütün həyatını nəyinsə
və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi
hisslər...
İkinci, yenə məşhur, görkəmli İtaliya
yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar
çölü”. Bu roman haqqında bir az ətraflı
yazmaq istəyirəm. Romandan və qəhrəmandan
söhbət açmazdan əvvəl bir məsələni nəzərinizə
çatdırmaq istəyirəm. İnanın ki, əgər
bu romanın adını dəyişib məsəl
üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən
sonra”, “Qarşı duran dağlar” və s. və i... qoysaq və
Covanni Droqonu Məlikşah adlandırıb, bəzi adları,
təbir və terminləri müasirləşdirib,
özümüzünküləşdirsək, hadisə və
hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə
bizim orduya və hərbçilərə elə uyum
sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda,
Haramı düzündə və ya digər bir bölgədə
- təmas xəttində xidmət etmiş zabitin qələmindən
çıxıb... Bu dərəcədə oxşardır vəziyyətlər...
Dino
Bussatinin “Tatar çölü” əsərinin qəhrəmanı
Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün
həyatı, gənc zabit kimi seçim qarşısında
qalması, ümidlərlə dolu xidməti, mülki həyatla
ordu həyatı arasında çırpıntılar,
dünyadan istədikləri, ala bildikləri, nələrin
uğrunda nələrdən vaz keçdikləri və son... Hamısı elə ustalıqla təqdim olunub ki,
yazarın ustalığına heyran olmamaq mümkün deyil.
Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə
götürmək, əxz etmək lazımdır... Və nəhayət
üçüncü, Emmanuil Kazakeviç və onun 1948 – ci
ildə qələmə aldığı “Äâîå â
ñòåïè” povesti ( Ýììàíóè́ë Ãǻíðèõîâè÷ Êàçàêǻâè÷, “Äâîå â ñòåïè”). Təəssüfki,
bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm.
Kazakeviçin bu povestdən başqa da hərb mövzulu
bir-birindən maraqlı əsərləri var. Kazakeviç
İkinci Dünya Müharibəsinin sovetlər birliyində
yaşayanlar üçün Böyük Vətən
Müharibəsi adlanan əsas və həlledici hissəsinin
başlandığı ilk gündən qələbəyədək
döyüşən ordunun tərkibndə, olduqca müxtəlif
cəbhələrdə şərəfli döyüş yolu
keçmiş, tanınmış sovet
yazıçısıdır. Görkəmli yazarın həyat
və fəaliyyəti ilə tanış
olduqda görürsən ki, həqiqətən də o fərqlidir
və bütün xüsusiyyətlərinə görə
öz müasirlərindən fərqlənir... Bu
fikri onun öz müasirləri səsləndiriblər.
Onun haqqında
hələ sağlığında belə bir deyim olub:
“Kazakeviç başqaları kimi isti kabinetlərdə,
orda-burda, küncə-bucağa qısılıb
yazmayıb...” Kazakeviçin yaratdığı Oqarkov
obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel Qarsiya Markesin,
görkəmli Dino Bussatinin qəhrəmanlarından nümunə
ola biləcək dərəcədə fərqlənir.
Əlinə qələm alıb hərb mövzusunda nəsə
yazmaq istəyən şəxsin Emmanuil Kazakeviçin
yaradıcılığı ilə, ələxsus bu povesti ilə
tanış olması olduqca faydalı ola
bilər deyə düşünməkdəyəm. Povestdəki istər döyüş səhnələri,
insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin
qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər,
onun ən müxtəlif; həm döyüş, həm şəxsi
münasibətlər zəminində aldığı
doğru qərarlar ibrətamizdir. Əgər fikir
verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən
başqa misal gətirdiyim və əslində ən faydalı
ola biləcək əsərlər
sırasında adı hallanan nümunələr ikisi povest,
biri isə o qədər də böyük həcmli olmayan
roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından
seçmələr idi. Bəs görək
bu qəbildən özümüzün olan, milli, nəyimiz
var?
Və əlbəttə, yenə keçid
üçün tarixilik baxımından İsa Hüseynovun
(İsa Muğanna), İsmayıl Şıxlının
adlarını çəkib onların
ekranlaşdırılmış əsərlərini misal
göstərmək olar.
Sırf hərb
mövzusunda (şəxsi münasibətlərin inkişafı,
döyüş tapşırıqlarının yerinə
yetirilməsi səhnələrinin təsviri baxımından)
mükəmmələ yaxın, yəni,
qırmızımtıl olan yeganə nümunəmiz var. Bu,
ötən əsr, 50-ci illərin əvvəllərində
İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə
alıb, nəşr etdirdikləri “Uzaq sahillərdə” əsəridir.
Kitab az vaxt içərisində geniş
oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ
gəzir. Xalqımızın qəhrəman
oğlu Mehdi Hüseynzadənin Böyük Vətən
müharibəsində (1941-1945) əfsanəvi igidlikləri
barədə oxuculara geniş məlumat verən əsərin
populyarlığı onun filmə çevrilməsinə səbəb
olur. Aradan uzun müddət keçməsinə,
cəmiyyətdə və ictimai şüurda müəyyən
dəyişikliklər olmasına baxmayaraq, görkəmli
rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə
İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə
alınan eyni adlı film Azərbaycan kinosunun nadir incilərindən
biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən
qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından
adı çəkilən nümunələrin də əksəriyyəti
ekranlaşdırılıb. Elə əsərlər
var ki, dövrün tələbinə görə dəfələrlə
təkrar-təkrar müraciət olunub. Bu
faktın özü həmin əsərlərin vacibliyinin və
tərbiyəvi əhəmiyyətinin hansı dərəcədə
yüksək olmasının bariz nümunəsidir.
Bütün bunlarla bərabər bizim bir sevimli
yazarımız da var ki, tarixiliklə müasirliyi
yaradıcılığında böyük ustalıqla birləşdirməyi
bacarıb.
Onun “Batmanqılıncı” nə qədər tarixidirsə,
“Dolu” – su da o qədər müasirdir. Bu şəxs
doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri
olaraq tarixin yaddaş səhnəsində öz yerini
almışdır. İstər roman kimi,
istərsə də film kimi “Dolu” yuxarıda
sadaladığımız tələblərin çoxuna cavab
verən, faydalana biləcəyimiz nümunələr
sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən,
nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda
elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on
beşinci - “Yazarlar və yazılar” adlı yazıda “Əli
və Nino” kimi misal gətirib, nümunə göstərəsən.
İndi mükəmməl yazı ortaya qoymaq istəyən
yazar, “Hərb və sülh”-dən, “Äâîå â ñòåïè”
– dən, “Uzaq sahillərdə”-dən, “Dolu”-dan eyni dərəcədə
bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində
iri həcmli povestlər və ya yığcam romanlar ortaya
qoymaqla dövrümüzün standartlarını
yaratmalıdırlar.
Demək
olmaz ki, heç bir iş görülməyib, əksinə çox
iş görülüb. Müxtəlif yaş təbəqələrindən
olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri
hesabına nələrsə etməyə
çalışırlar. Hələ
ötən əsrin 90-cı illərindən başlayaraq,
müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə
törətdiyi fəsadlar haqqında hekayələr, povestlər,
romanlar, publisistik yazılar yazılmağa başlayıb.
Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən
və Aprel hadisələrindən (2016-cı il)
sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində
bu yazının yaranma səbəblərindən biri, bəlkə
də birincisi elə bu yazılar olmuşdur. Son illər nəşr
olunmuş bəzi əsərlərlə tanış
olduqda yazarın ən elementar məlumat və biliklərdən
xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda
buna aid “Bəxtiyar” filmindən “qazmaçı” “yoldaş
oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar
onların yanında toya getməlidir. Rast gəlinən ən
çox və yolverilməz səhvlərə
aşağıdakılardır:
-
Subardinasiya məsələlərinin pozulması (buna maksimum
Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində
icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi
və hal-hazırda bəzi döyüş postlarındakı
təcrübədən qaynaqlanır),
-Rütbələrin
və vəzifələrin qarışdırılması (X –
XI sinif səviyyəsindəki hərbi bilikdir),
-Bölmə
(bölük, tabor və s.) adlarının səhv
salınması, -Döyüş səhnələrinin təsvirində
adı keçən silah-sursatın texniki göstəricilərinin
bilməməzlik ucbatından nəzərə
alınmaması (çox gülünc mənzərlər
ortaya çıxır ki, əgər qiyaslasaq, heç
nağıllarımızda belə söhbətlər
olmayıb) və s. bu qəbildən olan digər məsələlər.
Unutmayaq ki, həkimlik, rəssamlıq, memarlıq,
coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq
kimi, hərb işi də spesfik bir sənətdir. Və
sadaladıqlarımın hamısından çətin, məsuliyyətli,
dəqiq olduğu qədər də yaradıcılıq tələb
edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz
əsərlərin müəlliflərinin həyatına bir də
qısa nəzər salaq:
-Həm
Lev Tolstoy, həm də Emmanuil Kazakeviç müharibədə
iştirak etmiş, real qanlı döyüş səhnələrinin
və bütün digər proseslərin canlı şahidi
olmuş peşəkar zabit idi.
-Həsən Seyidbəyli və İmran Qasımovun
ömürlərinin yeniyetməlik-gənclik
çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət
kimi formalaşdıqları vaxtlar müharibənin ən
amansız, qızğın dövrlərinə təsadüf
edir. Məncə, bu nəsil yaradıcı insanlar
üçün “onlar müharibənin şinelindən
çıxmışdılar” ifadəsi vəziyyəti tam
izah edir. Üstəgəl bu şəxslər
daim yazdıqlarını ilk öncə bir-birlərinə
oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan
əvvəl dost-tanışdan məsləhət
alırdılar.
-Müasirimiz
Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas,
şair ürəkli qələm adamı və eyni zamanda
Birinci Qarabağ Müharibəsinin başlandığı ilk
gündən istər-istəməz daim baş verən hadisələrin
tən ortasında qalmış, bütün baş verənlərdən
az-çox xəbəri olan ictimai-siyasi xadim.
Məncə,
müəlliflərin keçdiyi həyat yolu və onların
yaratdıları əsərlərlə tanış
olduqdan sonra bu məsələdə qaranlıq heç nə
qalmır.
Son
söz: - müharibə, hərb mövzusunda yazdıqda,
xüsusi ilə əgər orda döyüş səhnələri
varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə
məsləhətləşin, verin ilk oxucunuz dəyərli
qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla
dəqiqləşdirin, yox əgər bunların heç
birini etmək istəmirsizsə, “Google” dostumuzun xidmətindən
yararlanın (internetdə istənilən məlumatı
tapıb dəqiqləşdirmək olar). Əvvəlki
yazılarda da mütəmadi olaraq bu barədə qeydlər
edirəm. Ümumiyyətlə, onu unutmayaq
ki, indi nə yazırıqsa, sabahkı gənclik bizim bu
günümüzdən xəbərdar olmaq üçün
böyük acgözlüklə o yazıları tapıb
oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq...
Baxmayaraq ki, biz çox aldanmışıq... Qoy onlar
aldanmasınlar...
Sona qədər həmsöhbət olduğunuza görə
təşəkkürlərimi bildirir, fəaliyyətinizdə
yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız
bol olsun. Bu yazının ilk sözündən sonuna qədər
bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək...
Zaur Ustac,
Şair, publisist
Həftə içi.- 2019.- 25
iyun.- S.8.