"Nəsimi ili: klassik
ədəbi irsə müasir baxış,
milli və bəşəri ideyaların təbliği"
...Hələb şəhərinin mərkəzindəki
hündür təpə üzərində ucalan qədim
qaladan üzüaşağı boylananda, iki-üç
qatlı köhnə binaların yayıldığı məhəllədə
görünüşcə gəmiyə oxşayan qədim
türbə gözə çarpır. Burada
xalqımız üçün əziz olan dahi İmadəddin
Nəsimi dəfn edilib. Təxminən 600
ildir Hələb qalasının əzəmətli
divarlarına söykənən türbənin qapısı
qala boyunca dairəvi şəkildə uzanan küçəyə
açılır.
Ziyarət
ocağının mərkəzində yerləşən
balaca, üstüaçıq və ağacların kölgəsinə
sığınmış həyətdə isə
üstü ərəbcə yazılmış və Nəsiminin
nəslindən olduğu deyilən insanlara aid bir neçə
məzar var.
İmadəddin Nəsiminin öz qəbri türbənin
qapalı otağında yerləşir. Üzərinə
ərəb əlifbası ilə yazılı yaşıl
örtüklə bürünmüş, sandıq şəkilli
qəbrin yanına iki-üç xalı döşənib ki,
gələn ziyarətçilər oturub şairin ruhuna dua edə
bilsinlər. Türbənin daxili divarlardan
asılmış çilçıraqlarla
işıqlandırılır. Şairin əsərlərini
əks etdirən portretlərin, dini ayələrlə
süstlənmiş tabloların asıldığı divarlar
yarıyadək mərmərlə üzlənsə də,
yuxarı hissəsi adi suvaqdır. Türbənin
üstündə bir günbəz, divarlarda isə iki sıra
balaca pəncərələr mövcuddur ki, gün boyu
içərini işıqlandırır.
Amma amansız müharibə canını insanların
savadlanması və inkişafı yolunda qurban vermiş
şairin türbəsinin divarlarında da izini qoyub. Günbəzin
kiçik hissəsi uçub, divarlarda qopmalar baş verib.
Amma şəhər Əsəd ordusunun nəzarətinə
keçəndən sonra uçuq-söküklər təmir
olunub, bərpa işləri indi də davam etdirilir...
Nəsimi necə olub ki, Hələbə gedib? Tarixi faktlara əsasən,
Əli adı ilə Şamaxıda doğulan şair
Bağdada gedəndən sonra İmadəddin Nəsimiyə
çevrilib və ömrünün sonunadək Xilafətin
böyük şəhərlərində məhz Azərbaycan
dilində yazıb-yaradıb. Taleyi elə gətirib ki,
bir daha Şamaxıya dönmür, Hələbdə dərisi
soyulmuş cəsədini ömürlük qara torpağa
verib, “Dünya duracaq yår dåyil, åy can, səfər åylə!” deyərək haqqa
qovuşur.
Aradan altı əsrdən çox keçsə də
bu gün Azərbaycan dövləti öz dəyərlərinə
qətiyyətlə sahib çıxmaqdadır. Prezident İlham Əliyev
2018-ci il noyabr ayının 15-də “Böyük Azərbaycan
şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
haqqında” və 2019-cu il yanvar ayının 11-də “Azərbaycan
Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında” sərəncamlar imzalayıb. Son illər Nəsiminin
iki cilddə “Seçilmiş əsərləri” latın qrafikası əsasında təkrar nəşr
olunub. 2012-ci ilin sentyabrında Heydər
Əliyev Fondu Nəsiminin poeziyasına həsr olunmuş
kitabı fransız dilində nəşr edib. Ötən
il noyabrın 19-da məhz Azərbaycan dövlətinin
yürütdüyü siyasət nəticəsində Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
Nəsiminin büstünün, bu il isə Ukraynanın
paytaxtı Kiyev şəhərində, eləcə də may
ayında Xaçmazdakı "Çənlibel"
parkında Nəsiminin abidəsi ucaldılıb.
Onu da
xatırladaq ki, iyunun 3-də Beynəlxalq Astronomiya
İttifaqı dahi şairin 650 illiyi ilə əlaqədar Mars
və Yupiter planetlərinin arasında yerləşən
asteroidə Nəsiminin adını verib.
Nəsimi irsinin sistemli tədqiqi və təbliğində
vaxtilə Ümummilli lider Heydər Əliyevin də əməyi
çox böyük olub. Məhz Heydər
Əliyevin təşəbbüsü ilə Nəsiminin 600
illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına
salınıb, 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Yubiley ilində şairin həm Azərbaycan, həm də
başqa dillərə tərcümə edilmiş
kitabları, haqqında elmi tədqiqat əsərləri
işıq üzü görüb, sərgilər
açılıb, Nəsimiyə bir sıra əsərlər
ithaf olunub, 1979-cu ildə Bakıda onun heykəli
ucaldılıb, AMEA-nın Dilçilik İnstitutuna,
Bakının ən böyük rayonlarından birinə və
metro stansiyasına şairin adı verilib və sair.
Dünya klassikləri arasında xüsusi yeri olan
böyük söz ustadı İmadəddin Nəsiminin
yaradıcılığına nəzər saldıqda onun hər
zaman insana dəyər verdiyini görərik. Nəsimi
üçün insan əzəməti, məhəbbət və
şəxsiyyətin azadlığını hər şeydən
üstün olub. Hansı ki, onun altı əsr
öncə dəyər verdiyi meyarlar
aktuallığını bu gün də qorumaqdadır.
Nəsiminin həyata və insana baxışı birmənalıdır,
ikiüzlülüyü, riyakarlığı rədd edir. Onun fikrincə
eşq hər kəsi sevməyi və qorumağı tələb
edir. Çünki sevən adam pisliklərdən
uzaq olur. Bir çox alimlər Nəsimi
humanizmini məhz bu yönümdən fərqləndirir və
müasir dövrümüz üçün də aktual
yanaşma hesab edir.
Nəsiminin yaradıcılığı iki əsas
istiqamətdə inkişaf edib. Sufi təlimlərini
özünə dəyər seçdiyi dövrdə eşqi
həyatının mənası sayan Nəsimi məhz bu
istiqamətin onu Allaha
yaxınlaşdırdığını
düşünüb. Amma Nəimi ilə
yaxınlaşandan sonra tədricən düşüncələrini
hürufi ideyaları arasında əridib. Hürufilik
isə eşqi deyil, ağlı-zəkanı və müəyyən
manıda panteist ruhu tərbiyə edirdi. Beləliklə,
hürufilik onun əsərlərinin məna etibarilə mahiyyətini
də dəyişib. Nəsimin
dünyagörüşündə insanlar irqinə, dininə
görə fərqlənmir – insan olaraq qəbul edilir. Şair öz şeirlərində şəxsiyyətə,
insan ləyaqətinə və qüdrətinə
inamını göstərib, insanı həyatın
yaradıcısı kimi vəsf edib.
Nəsimi
istər sufi, istərsə də hürufi
cəbhəsində insanların savadlanıb, qəflət
yuxusundan oyanmasına çalışıb. O, avam və cahil
insanlara ünvanladığı rübailərindən birində
deyirdi:
Həq-təala
Adəm oğlu özüdür
Otuz
ikı həq kəlamı sözüdür
Cümlə
aləm bil ki, Allah özüdür
Adəm ol candır ki, günəş özüdür.
Nəsimi Azərbaycandan uzaqlaşıb ərəb mədəniyyətinin
içinə düşsə də, heç vaxt milli
mövqeyini inkar etməyib, əksinə, əsərlərini
məhz ana dilində yazıb. Nəsimini
dövrünün digər klassiklərindən fərqləndirən
amil də məhz onun Azərbaycan türcəsində
yazıb yaratmasıdır.
O, öz
yaradıcılığında yalnız Azərbaycan türkcəsini
deyil, eləcə də xalqına məxsus mədəniyyəti,
folkloru, adət-ənənələri də yaşadıb, əsərlərində
əcdadlarımızın dil əzbəri olmuş məsəllər,
atalar sözləri, yerli adət və ənənələr
özünü göstərib. Bu gün sevərək bayram
etdiyimiz Novruzla bağlı hələ o dövrdə Nəsimi
yazırdı:
Mövsimi-novruzü
neysan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
Qönçədən
gül baş çıxardı, saldı üzündən
niqab,
Bülbülü-şeyda
xətibi-lalazər oldu yenə...
Bəzən kimlərsə Nəsimini ateist kimi qələmə
verməyə çalışır. Hansı ki, o, dövrünün
ziyalısı olaraq, din pərdəsinə bürünən,
cahil davranışı ilə ətrafı zəhərləyən,
inkişafa mane olanlara qarşı çıxır. Nəsimi İslama bağlı, dövrünün
müridlərindən və ziyalılarından biri olub.
O, yenilikçi davranışı ilə xəlifə
sarayındakılardan adi kəndliyədək hər kəsi
çaşqına çevirib. Bu isə radikal
ruhanilərə avam kütləni və təsir altına tez
düşən xilafət əyanlarını Nəsiminin
Allah düşməni, kafir və eyş-işrət
düşkünü olmasına inandırmaq fürsəti
verib. Hər şeyin məhz həmin radikal ruhanilərin
istədiyi kimi getdiyini görən şair yazırdı:
Ey
özündən bixəbər qafil oyan
Həqqə
gəl kim həq deyil batil, oyan
Olma fani
aləmə mayil, oyan
Mərifətdən
nəsnə qıl hasil, oyan...
Əlbəttə, kütlə nəinki oyanmır, əksinə
ruhanilərin göstərdiyi yolu tuturlar. Mövhumatçı və
hiyləgər ruhanilərin iç üzünü
açmağa çalışan Nəsimi dərisi soyulanda
belə cahil kütləyə və onları idarə edən
sərvət və hakimiyyət düşkünü saray mənsublarına
son dəfə üz tutaraq “Zahidin əfsanəsindən
soydular nahaq məni” deyir. Elə həmin qəzəlində
qəddar ruhani qruplara “Zahidin bir barmağın kəssən
dönər həqdən qaçar” ismarıcını
göndərməklə onların dinə qəlbdən
bağlı olmadıqlarını, lazım gələrsə
İslamı öz nəfslərinə qurban verə biləcəklərini
başa salmağa çalışır.
Ömrünü Nəsimi irsini araşdırmağa həsr
edən türkmən əsilli suriyalı alim Əli
Öztürkmən bizimlə söhbət zamanı maraqlı
məqamlara aydınlıq gətirib. “Bir çoxları
onun edamına səbəb kimi dindən uzaq olduğunu əsas
gətirir. Hansı ki, Suriya, İraq və
Türkiyədəki mənbələrin hər birində Nəsiminin
adil müsəlman və hürufi təriqətinin öndərlərindən
olduğu isbatlanır. Amma dövrünün radikal
dindarlarının fikrincə, Nəsiminin qəzəllərində
yer alan fikirlər İslama ziddir” deyən
alimin qənaətincə, Nəsiminin həyatı iki yoldan
ibarətdir: biri dini, ikincisi ədəbi. Bunları
vahid görmək lazımdır, ayrı-ayrılıqda
baxılarsa Nəsimini anlamaq olmaz.
Ə.Öztürkmən deyir ki, Nəsimi Oğuz
türkünün övladı və ziyalısıdır. Baxmayaraq ki, o dövrdə ədəbi
mühit ərəb və fars dillərinin
təsiri altındaydı. “Nəsimi
araşdırıcıları olaraq onu həm Azərbaycan, həm
Anadolu, həm də ümumiyyətlə Oğuz türkü
adlandırırıq. Çünki o,
yaradıcılığı boyu bütün türk milli ədəbi
cərəyanlarını özündə birləşdirib”
deyir suriyalı alim.
Nəsiminin İslama münasibəti üzərində
dayanan Ə.Öztürkmən deyir ki, o, əslində dinə
bağlı övliyyadır. Onun sözlərinə
görə, hürufi məzhəbinin əsas fikir sahiblərindən
olan Nəsimi daha əvvəllər İran şairi Həllac
Mənsurun yolu ilə gedib, böyük uğurlar qazanıb.
Əsərlərində din əleyhinə
görünən məqamlar isə çox güman ki, məhz
Həllac Mənsurun təsiri altında olduğu dövrdə
yazılıb. Axı Həllac Mənsur
özünü Allah elan etmişdi və nəticədə
dar ağacından asılmışdı. Amma Nəsiminn hürufilərə pənah gətirəndən
sonra yazdığı əsərlərdə birmənalı
şəkildə nəsihət və eşq özünü
göstərməkdədir.
O da
maraqlıdır ki, İslam mürşidi olan Nəsimi
eşqin özünü də Allaha bağlayardı və məhəbbətin
İlahi qüdrətdən xəlq olunduğunu yazardı. “Allahü əkbər, åy sənəm, hüsnünə håyran olmuşam” deyən şairi
ateist adlandırılması, göründüyü kimi,
gülüncdür.
Ə.Öztürkmən deyir ki, prezident İlham Əliyevin Nəsimi irsinə belə yüksək dəyər verməsi, onun adını yüksəklərdə tutması milyonlarla suriyalı türkməni hədsiz sevindirib. “Nəsimi bizim atamızdır, böyüyümüzdür. İstər Suriyada, istərsə də İraq və digər ölkələrdə yaşayan türkmənlər onu öz əcdadı hesab edir. Nəsiminin məzarı Hələb qalasının divarları dibində - atəş xəttində yerləşir. Burada gedən döyüşlər zamanı türbə də müəyyən zərərlər çəkib. Hazırda döyüşlər dayanıb, türbə dövlət tərəfindən qurunan digər abidələrlə birlikdə nəzarətə götürülüb. Uçub dağılan yerlər yüngülvari bərpa edilib, müəyyən təmir işləri aparılıb” deyən suriyalı tədqiqatçı əlavə edir ki, Hələbdə yaşayan türkmənlər uzun illər Nəsiminin məzarna etinasız yanaşmadan məyus olublar. Narahatlıqlarını dəfələrlə ilə gətiriblər, amma təəssüf ki, Suriya hökuməti Nəsiminin türbəsinə münasibətini yaxşılaşdırmayıb. “Biz məcbur olub Türkiyənin buradakı konsulluğuna da müraciət etdik. Amma onlar da mövcud siyasi şəraitdə heç nə edə bilmədilər. Bütün bunların baxmayaraq, Suriya türkmənləri olaraq Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirik ki, Nəsiminin şəxsinə və zəngin ədəbi irsinə belə böyük sayğı göstərir, 2019-cu ili Nəsimi ili elan edib, ilboyu Nəsimi yaradıcılığı ilə bağlı konfranslar, tədbirlər keçirilir. Arzu edirik ki, prezident İlham Əliyev öz siyasi mövqeyindən istifadə edərək Nəsiminin Hələbdəki məzar-türbəsinə sahib çıxsın, bu müqəddəs məkanı təmir etdirsin və Nəsimi ocağının dünyada daha çox tanınmasına səbəb olsun” deyir Ə.Öztürkmən.
Vüsal
Tağıbəyli
Məqalə
"Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi birgə müsabiqəyə təqdim etmək
üçün" hazırlanıb
Həftə içi.- 2019.- 25
iyun.- S.4.