Adriatik dənizinin incisi
- Xorvatiya
Bu gün dost Xorvatiya dövlətinin
Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan etməsindən
28 il ötür. 1991-ci il iyun ayının 25-də sonuncu
müstəqillik qərarını verən xorvatların
tarixində əvvəllər də belə tarixi addımlar
atılıb.
Xorvat
xalqı ilk müstəqillik qərarını 21 may 879-cu ildə
verib. Bu mənada deyə bilərik ki, Xorvatiya respublikası
1991-ci ildə - 1122 il sonra sadəcə müstəqilliyini bərpa
edib. Mərkəzi Avropada yerləşib, Adriatik dənizinə
çıxışı olan Xorvatiyanın ərazisi 56,6 min
kvadratkilometr, əhalisinin sayı təxminən 4,3 milyon nəfər,
paytaxtı Zaqreb şəhəridir. İnzibati baxımdan
paytaxt ərazisi və 20 rayona bölünür.
Xorvatiya
günümüzdə turistlər tərəfindən ən
çox arzulanan və gedilən dünya ölkələri
arasında 18-ci yerdədir. Dünyadakı ən yaxşı
çimərliklərdən 116-sı məhz Xorvatiyanın
payına düşür.
Ölkədə
illik məhsul istehsalının həcmi 62 milyard dollar,
adambaşına düşən gəlir isə 15,2 min
dollardır.
Azərbaycanla
Xorvatiya arasında yaxşı əlaqələr mövcuddur.
Milli dəyərlərlə ciddi diqqət yetirən cəmiyyət
kimi tanınan Xorvatiya ilə Azərbaycan arasında xüsusilə
enerji-yanacaq sahəsində güclü portnyorluq mövcuddur.
Xorvatiya 2009-cu ildən NATO-nun üzvüdür və təbii
ki, həmin təşkilat çərçivəsində Azərbaycanla
əməkdaşlığı normal qəbul edilməlidir.
Ölkələrimizin
rəhbərləri 2005-ci ildən bu yana dəfələrlə
qarşılıqlı səfərlər ediblər. İlk səfər
2005-ci ildə prezident İlham Əliyevin Zaqrebə və
Xorvatiyanın eks-prezidenti Stefan Mesiçin 2007-ci ilin oktyabr
ayında Bakıya səfərə gəlməsi ilə
başlayıb. “Azərbaycan Respublikası və Xorvatiya
Respublikası arasında strateji tərəfdaşlıq və
dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi"
iki ölkə münasibətlərini daha da genişləndirməkdədir.
Bu sənəd bir çox sahələrdə - iqtisadi,
müdafiə və təhlükəsizlik, ticarət, sərmayə
qoyuluşu, turizm, nəqliyyatın bütün növləri,
elmi və texniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər
və idman sferalarında əlaqələrin
inkişafının "yol xəritəsi"dir.
Bütövlükdə Azərbaycanla Xorvatiya arasında
müxtəlif sahələri əhatə edən 22 sənəd
imzalanıb.
"Azərbaycan
və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa
İttifaqı çərçivəsində də dəstəkləyirik.
Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli
qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə
bağlı mövqeyini yüksək dəyərləndiririk.
İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı
inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə
müdafiə sahəsində də əməkdaşlıqla
bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan
zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz
bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə
öz təhsilini artıra bilərlər". Bu fikirləri
Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviç deyib.
O, deyib ki, Azərbaycanın reallaşdırdığı qaz
boru kəməri layihəsində iştiraka və Krk
adasında maye qaz terminalının tikintisinə
qoşulmağa ümid bəsləyir. Çünki Azərbaycan
da Cənubi Qafqazın inkişaf etmiş
qovşağıdır və onunla əlaqələrin
inkişafı ciddi perspektivlər vəd edir.
Azərbaycan
Avropa İttifaqının üzvü olan Xorvatiya ilə real məzmuna
malik strateji əməkdaşlıq modeli qura bilib. Dövlət
başçılarının söylədikləri fikirlərdən
tam aydın olur ki, tərəflər bütün sferalarda əlaqələri
daha da inkişaf etdirməkdə qərarlıdırlar. Burada
Avropanın enerji təhlükəsizliyi üçün
böyük əhəmiyyəti olan enerji layihələri və
nəqliyyat üzrə proyektlər başlıca yer tutur.
Ancaq Xorvatiya və Azərbaycan kənd təsərrüfatı,
dərman istehsalı sahələrində əməkdaşlığı
yeni səviyyəyə yüksəltməyə
hazırdırlar.
Hazırda
ölkələrimiz arasında geniş iqtisadi-ticarət əlaqələri
mövcuddur. Bu il aprel ayının 29-da Bakıda keçirilən
ikitərəfli biznesforumda da qeyd olunduğu kimi, 2018-ci ildə
Azərbaycanla Xorvatiya arasında ticarətin həcmi 250 milyon
dollar həcmində reallaşıb. O cümlədən, iki
ölkənin iş adamları vasitəsilə bu əlaqələrin
həcminin daha da genişləndirilməsi qərara
alınıb. Elə son biznesforumda da xorvatiyalı iş
adamları Azərbaycanda yaradılmış əlverişli
biznes və investisiya mühitindən yararlanmağa
çağrılıb.
Ümumiyyətlə, Azərbaycan-Xorvatiya münasibətləri bu gün dünya ölkələri arasında əməkdaşlığa bir nümunə sayıla bilər. Xorvatiya ilə Azərbaycanın iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu deyən deputat əlavə edib ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlıqla əlaqədar qarşılıqlı komissiya fəaliyyət göstərir. Qarşıdakı illərdə isə ticarət dövriyyəsinin artırılması və müştərək investisiya layihələrinin reallaşdırılması ilə bağlı müvafiq işlər görüləcək. Bundan başqa, tərəflər arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın inkişafı diqqət mərkəzindədir. Səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da bunu göstərir.
Vüsal
Tağıbəyli
P.S. “Həftə
içi” qəzetinin kollektivi olaraq Xorvatiyanın ölkəmizdəki
müvəqqəti işlər vəkili Branko Zebiçi və
Səfirliyin bütün əməkdaşlarını təbrik
edirik.
Həftə içi.- 2019.- 26-27
iyun.- S.4.