Hüseyn Ərəblinskinin qəbirüstü
abidəsinin açılışı
oldu
İyunun 27-də I Fəxri
xiyabanda Azərbaycan teatrının görkəmli
aktyoru, professional teatr
rejissoru sənətimizin
banisi Hüseyn Ərəblinskinin qəbirüstü
abidəsinin açılışı
oldu.
Kult.az xəbər verir
ki, taleyin qəribə güzarı
Hüseyn Ərəblinskini
qətlindən sonra da izləyibmiş. Belə ki,
ömrü 38 yaşında
faciəli şəkildə
bitmiş görkəmli
aktyoru əvvəlcə
Dağüstü parkın
yerindəki şəhər
qəbiristanlığında dəfn edirlər. Ötən əsrin otuzuncu illərində Dağüstü
parkın salınması
barədə qərar
çıxarılanda mərhumların
qohumlarına, varislərinə
məzarların köçürülməsi
təklif edilir.
O zaman gənc rejissor Zəfər Nemətov Ərəblinskinin
dəfnində iştirak
etmiş teatr xadimləri ilə birlikdə Ərəblinskinin
nəşinin təzə
yaradılan Fəxri xiyabanda torpağa tapşırılmasına nail olur.
Çox
adi görünüşlü
sinə daşı uzun illər xiyaban ziyarətçilərinə
böyük aktyor Hüseyn Ərəblinskinin
burada uyuduğunu bildirirdi.
Azərbaycan Teatr Xadimləri
İttifaqının (ATXİ) sədri, professor, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü, Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə vəfatından
100 il sonra Hüseyn Ərəblinskinin
möhtəşəm qəbirüstü
abidəsi hazırlandı.
Abidənin açılış mərasimində mədəniyyət
naziri Əbülfəs
Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, ATXİ-nin sədri Azər Paşa Nemətov, paytaxt teatrlarının kollektivləri,
teatrsevərlər iştirak
etdilər.
Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev dedi ki, bizim
Fəxri xiyabana budəfəki gəlişimiz
Azərbaycan teatrına,
milli teatr
tariximizə hörmət
əlamətidir. Bu qədər insanın xiyabana toplaşması o deməkdir ki, teatr sənətinə böyük töhfələr
vermiş şəxslər
heç zaman unudulmur. Adı Azərbaycan mədəniyyət
tarixinə qızıl
hərflərlə yazılmış
insanlardan biri olan Hüseyn Ərəblinskinin qətlindən
100 il keçir.
Azərbaycan teatrının intibahı
Hüseyn Ərəblinskinin
adı ilə bağlıdır. Onun dövründə
milli dramaturgiyanın mükəmməl nümunələri
yarandı, dünya dramaturqlarının əsərləri
Azərbaycan dilində
tamaşaya qoyulmağa
başlandı. Cəmiyyətin aynası adlanan teatr sənətinə bu gün dövlət
səviyyəsində qayğı
və diqqət göstərildiyini deyən
nazir vurğuladı ki, bu həm
də dünyasını
dəyişmiş şəxslərin
xatirəsinə ehtiram
kimi özünü büruzə verir.
Sonra çıxış edən
Xalq artisti Azər Paşa Nemətov H.Ərəblinskinin
məzarının köçürülmə
prosesi barədə məlumat verdi,
bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə
salınacağını və
qəbirüstü abidələrinin
ucaldılacağını dedi.
Daha sonra Xalq artisti Nurəddin
Mehdixanlı, teatrşünas
Dağlar Yusif çıxış etdilər.
Abidənin müəllifi, Xalq
rəssamı Ömər
Eldarov isə öz çıxışında
etiraf etdi ki, hələ qırx il əvvəl
Hüseyn Ərəblinskinin
ömrünün son anlarını
səhnədə təsvir
edən abidəsinin maketini hazırlayıbmış,
hətta bu maket onun əsərlərinin
kataloquna daxil edilibmiş. Odur ki, bu ideyanın qırx ildən sonra yerinə yetməsi onu da çox
sevindirir.
Hüseyn Ərəblinskinin qəbirüstü
abidəsində aktyor
yarı örtülmüş
səhnə pərdələrinin
arasında, sanki bu səhnədən getmək istəmirmiş kimi təsvir edilib.
Hüseyn Ərəblinskinin abidəsinin
açılış mərasiminin
iştirakçıları daha sonra Fəxri
xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını
ziyarət etdilər və abidələrin önünə tər çiçəklər düzdülər.
Həftə içi.- 2019.- 28
iyun.- S.8.