"Bakının tarixi mərkəzi yeni müstəqil

yerli idarə orqanına çevrilməlidir"

 

Xəbər verdiyimiz kimi, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdü. Görüş zamanı Prezident mədəniyyət sahəsində görülən işlərdən danışıb və mədəniyyət xadimlərini narahat edən məsələlərlə maraqlandı.

Prezidentlə görüşündə maraqlı təkliflə çıxış edənlərdən biri də Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə idi.

O Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidinin yaradılmasının vacibliyini bildirdi. Təklifə Prezident İlham Əliyevin də münasibəti müsbət oldu:

“Mən memarlıqla bağlı səslənən təklifləri də bəyənirəm. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbəy müəllimin səsləndirdiyi təklifi təhlil etsin, çünki siz tamamilə haqlısınız. Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur. Burada çox böyük məntiq var. Əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər. Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var. Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir”.

Hafta.az məsələnin aktuallığını nəzərə alaraq Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin görüşlə bağlı təəsüratını və səsləndirdiyi təkliflə bağlı fikirlərini öyrənib.

- Elbay müəllim, görüşdə iştirak edən və təklif irəli sürənlərdən biri də siz oldunuz. Görüş haqqında təəsüratlarınızı bölüşməyinizi istərdik.

- Doğrusu, bu görüş bizim çoxdankı arzumuz idi. Ölkəmizin sənətçiləri son illər ərzində, hərəsi öz sahəsində böyük nailiyyətlər əldə etmişlər. Bu uğurlarla bölüşmək, gələcək perspektiv planlar haqqında dövlət başçısını məlumatlandırmaq imkanı bizi çox sevindirdi.

- Bakının mərkəzi ərazi vahidinin yaradılmasını təklif etdiniz. Bu təklif Prezident tərəfindən də müsbət qarşılandı. Görüşdən sonra bu barədə yenilik varmı?

- Görüş zamanı hər yaradıcılıq sahəsinin nümayəndəsi sənətdə olan problemləri müzakirəyə çıxardı. Bakının tarixi mərkəzinin xüsusi status alması məsələsi haqqında mən çoxdan düşünürdüm. Hətta bu haqda bəzi dövlət məmurları ilə də söhbət aparmışdım. Lakin, əlbəttə cənab Prezidentə bu məlumatı verərkən, mən bilirdim ki, qaldırdığım məsələ onu da narahat edir.

- Baş memar olaraq necə düşünürsüz, bu kimi işləri necə planlaşdırmaq olar?

- Həqiqətən, şəhərimizin tarixi mərkəzinin qorunub saxlanılması, burada təmir, bərpa, abadlıq işlərinin aparılması son vaxtlar kifayət dərəcədə intensivləşdirilib. Bu yanaşmanı yüksək qiymətləndirərək, hesab edirəm ki, bu ərazi hal-hazırda tabeliyində olan Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarından alınıb, yeni müstəqil yerli idarə orqanına çevrilməlidir. Sadə sözlə desək, Bakı şəhərinin bir rayonu kimi status almalıdır. Sadəcə olaraq burada tətbiq olunan tələblər, normalar və reqlamentlər şəhərimizin başqa rayonlarından fərqli qaydada, daha ciddi tələbkarlıqla həyata keçirilməlidir.

- Təklifinizlə bağlı Prezidentin müsbət rəyi rəhbəri olduğunuz ittifaq üçün də yeni imkanlar yarada bilərmi?

- Son bir ilə yaxın müddətdə ölkədə şəhərsalma sahəsində Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar bir sıra son dərəcədə vacib məsələlərin həllini əhatə etdi. İllərlə bu sahədə yığılıb həllini tapmayan problemlər hal-hazırda proqramlı qaydada öyrənilir və aradan qaldırılır. Bakı ölkəmizin paytaxtıdır. Burada aparılan hər bir təsərrufat növü Bakının siyasi, mədəni, tarixi statusuna uyğun olmalıdır.

- Tarixi abidələrə yanaşma və bu sahədə memarlar tərəfindən irəli sürülən ideyalar nədir?

- Tarixi abidələr xalqımızın mədəni irsini təşkil edən amillərdir. Əsrlərlə yaradılmış irsimizi bu gün qoruyub saxlamaqla, Azərbaycan milli xüsusiyətlərini gələcək nəsillər üçün qoruyub saxlamalıyıq. Bu işə ideya yox, Vətən sevgisi, millət fərəhi və yüksək mədəniyyət gərəkdir.

 

Ruzbeh Məmməd

 

Həftə içi.- 2019.- 7 mart.- S.3.