Təqvimdə rəngarəng gün – 8 Mart

 

Martın 8-də dünyanın böyük hissəsində qadınlar günü qeyd olunur. Düzdür, bəzi ölkələrdə onun qeyd olunması yasaqdır, ancaq çox sayda ölkə də var ki, onlar 8 mart tarixində işləmir, istirahət edirlər.

Bu cür ölkələrdən Azərbaycan, Əfqanıstan, Anqola, Ermənistan, Belarus, Burkina Faso, Kamboca, Kuba, Gürcüstan, Qvineya-Bisau, Eritreya, Qazaxıstan, Qırğızıstan, Laos, Moldova, Monqolustan, Nepal, Rusiya, Tacikistan, Türkmənistan, Uqanda, Ukrayna, Özbəkistan, Vyetnam və Zambiyanı misal göstərə bilərik. Əslində Çin və Madaqaskarda da bayramdır, amma yuxarıda adını qeyd etdiyimiz dövlətlərdən fərqli olaraq bu ölkələrdə ancaq qadınlar istirahət edir, kişilər isə adi qaydada işləyirlər.

Qeyd edək ki, bu ildən başlayaraq Aımaniyada da qadınlar günü rəsmən qeyd edilməkdədir.

Kamerun, Xorvatiya, Rumıniya, Bosniya və Hersoqovina, Bolqarıstan və Çilidə 8 martda rəsmən istirahət verilməsə də, insanlar bu tarixi geniş şəkildə qeyd edirlər.

Bəzi ölkələrdə bu bayramın qeyd olunmasına ayrı-ayrılıqda baxaq:

Kubada bu tarixdə qeyri-iş günüdür. Bu ölkədə Qadınlar gününün əhəmiyyəti böyükdür, hər yerdə inqilab və azadlıq ruhu hiss olunur. Demək olar ki, burada hər kəs inqilabın məhz qadınlar tərəfindən həyata keçirildiyini düşünür. Elə buna görədir ki, Kubada 8 mart bayramına inqilabi şövqlə yanaşılır. Əlbəttə, bir dəstə çiçək almaq da qadınları çox sevindirir.

Tacikstanda 8 mart günü ölkə başçısının sərəncamı ilə rəsmi olaraq “Analar günü” kimi qeyd edilir. Qeyri-iş günü sayılan bayram zəngin süfrə və hədiyyələrlə müşaiyət olunur.

Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla keçirilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də xanımların hesabına kifayət qədər böyük gəlir əldə edir.

Uqandada 8 mart günü yürli xalqların qədim ənənəsi ilə əlaqələndirilir. Əfsanəyə görə qadınlardan biri taxta ilə tanrılardan birini vurub. O vaxtdan Afrikada su qıtlığı yaranıb və qadınların qırmızı torpaqları olub. Suda yaşayan canlılar, əsasən, ilanlar qadınların simvoluna çevrilib. Bu bayramda uqandalı qadınlar zinət əşyaları taxır, rəqslər edir və problemlərini unutmağa çalışırlar. Ölkədə "Janjobi" adlı bir proqram şərçivəsində bütün növ konsertlər və festivallar keçirilir.

Yunanstanda “Babos” adlandırılan qadınlar bayramında gün ərzində bütün külli-ixtiyar xanımlara verilir. Ənənəyə görə bayram günündə müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.

Çində 8 mart qadınlar bayramı daha maraqlı qeyd olunur. Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün mətbəx işləri, ən başlıcası isə xörək hazırlamaq bəylərin birbaşa vəzivəsi və borcu sayılır.

Yaponiyada qadınlar mart ayında iki gün istirahət edirlər. Birincisi, 3 martda qeyd olunan Hina Matsuri bayramı qızlara və şaftalı çiçəklərinə həsr olunur. Martın 14-ü isə qadınlar günüdür və bu tarix "Ağ günün" simvoludur. Ənənəyə görə Sevgililər Günü üçün sevdiklərinə nəsə bağışlayan qadınlar məhz bu gün onlardan hədiyyə və təbriklər alırlar.

Vyetnamda 8 Mart çox ciddi şəkildə qeyd edilməkdədir. Bu gün vyetnamlıların folklorunda iki min il öncə vətənini cəsarətlə müdafiə edən Çing bacılarından ilham alır. Təsadüfən isə bu bayram və ya anım günü 8 mart tarixinə düşür.

İtaliyada xanımlar öz bayramlarını təntənə ilə keçirirlər. Burada qadınlar 8 mart günü axşamadək kişiləri özlərinə yaxın buraxmırlar. Onlar müxtəlif əyləncə məkanlarında yaxşıca istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı barlara təşrif buyururlar. Həmin gün barlara giriş xanımlar üçün pulsuz olur.

Martın 8-i tarixi Polşada qadınlarla görüşmək üçün fürsət sayılır. Baxmayaraq ki, bu ölkədə rəsmi bayram qeyd olunmur, ancaq hər halda kişilər axşam işdən evə gələndə xanımına hədiyyə gətirməyi xoşlayır.

Bolqarıstanda bu bayrama münasibət o qədər də coşqulu deyil. Hətta çox vaxt qadınlar özləri də unudurlar ki, bu gün onların bayramıdır. Çox da sevilən ənənə deyil. Buna baxmayaraq bir çox bolqar kişi 8 mart gününü sevdiklərinə, analarına, bacılarına nəsə bağışlayıb, təbrik etmək üçün fürsət bilir.

Fransada 8 mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir. “Nənələr bayramı” adlandırılan bu gündə bəylər öz xanımlarını hədiyyələrlə sevindirirlər.

İsveçdə qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür.

Qazaxıstanda da 8 martda bayram edilir. Ölkədə qeyri-iş günüdür, kişilər sevdikləri xanımları sevindirmək üçün onlara mütləq hədiyyə, gül dəstəsi bağışlayır. Özü də bu ölkədə çox elegant hədiyyələr seçilir, imkandan asılı olaraq qadınları restorana aparırlar.

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2019.- 8-11 mart.- S.7.