“Məscidimiz 100 il ayaqda dayana biləcək”

 

Sovetskiadlanan əski məhəllədə aparılan söküntü işləri, artıq Süleyman Tağızadə küçəsinin səkisinə dirənib. Hava aşırı küləkli olduğu üçün ətrafı bürüyən toz-duman məni də öz toruna salmağa çalışsa da, birtəhər özümü qararəngli, taybatay açıq dəmir mühəccərli qapıdan içəri atdım.

Hündür, yenicə yonulduğu üçün ağappaq görünən daş hasarın arxasında başqa aləm vardı. Burada nəinki şaxə qalxmış toz-torpaq məni boğmurdu, əksinə, küləl olsa da, özümü çox rahat, təbiətin şıltaqlığı qarşısında təhlükəsiz və hətta güvəndə hiss edirdim, mən Allahın evində – İmam Hüseyn məscidində idim...

Burada çoxdan olmuşdum. Yağışın, küləyin onillər ərzində çöküb-qaraltdığı daşlar indi qarşımda qar kimi bəyaz görünürdü. Həyət boyunca ayaq altına döşənmiş daş plitələr elə səliqə ilə düzülüb ki...

Artıq 130 ildir tarixə şahidlik edən, dünənədək qaralmış divarlarından sıxılan bu ibadət ocağı gün kimi parıldayır. Pəncərələri, qapıları dəyişdirilib, rənglənib, zədəli şüşələr yenisi ilə əvəz olunub.

Məscidin sol tərəfində yerləşən nisbətən geniş bağçaya keçdim. Divarın dibinə çürük taxta qırıqları, divar suvağının ovuntuları və sair yığılmış sellofan torbalar qalaq vurulub. Axı yardımçı tikililərdə təmir işləri davam edir. Buna baxmayaraq, təmir işləri başa çatan bağçada yerə kəsmə daş döşənib, ortadan iki cərgə gül kolları əkilib. Həyətin güney divarları boyunca sıralanan birqatlı otaqlar da təmirdən sonra çox təmtəraqlı görünürdü. Amma quzey küncdə, hələlik, yaşıl libasına bürünməsə də, qol-budaqları ilə Allah evinin həyətini çətiri altına alan böyük tut ağacının kölgəsinə sığınmış “Tövbə” cəmiyyətinin yerləşdiyi binanın fasadı yenilənsə də, içəridə işlərin başa çatmadığı toz basmış pəncərəsindən aydın görünürdü.

“Tovbə” cəmiyyətindən söz düşmüşkən, məscidlər yalnız namaz qılmaq üçün deyil, bura hər cür günahlardan təmizlənmək, doğru yola yönəlmək üçün gəlir insanlar. Amma nədənsə orada olduğum vaxtda bir-iki nəfərdən başqa gələn gözümə dəymədi. Əlbəttə, namaz saatı deyildi, buna baxmayaraq İstanbulda, Səmərqənddə, Qahirədə, Mədinədə, Tehranda, Bağdadda günün istənilən vaxtı məscidlərə gəlib-gedənləri görmüşəm. Bizdə niyə Allah evinə gələnlər belə azdır, bilmirəm, ya günahlardan uzağıq, ya da günahlarımız çoxdur deyə, üzümüz gəlmir müqəddəs qapıya yönəlməyə. Bunun bir misalı da məscidlə qiblə arasında göydələn ucaldıb minarəni gün işığından məhrum edənlərin ağlasığmaz əməlidir.

Budur, məscidin imamı, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül də gəldi. Bu mehriban insanla görüşüb, söhbətləşmək üçün içəri keçdik.

Həqiqətən, binanın içi adamı valeh etdi. Divarları, döşəməsi, xalça-palazı... Ayaqqabılar çıxarılan otaqda başqa məscidlərdə çox az hallarda görülən səliqə-sahmana şahid oldum. Divar boyunca ayaqqabıları qoymaq üçün səliqəli dolab quraşdırılıb, döşəmə boyunca isə rəngarəng xalılar döşənib. Bu otaqda ayaqqabısını çıxaran möminlər üçün iki qapı açılır: biri ibadət ediləcək böyük zala, digəri isə imamın otağına. Mən də ayaqqabılarımı çıxarıb ikinci qapıya - imamın otağına yönəldim.

Bu otaq yüksək səviyyədə təmir olunub, yerə al-əlvan xalılar döşənsə də, əvvəlki kimi sadə görünüşünü qoruyur. Otağın yuxarı başında Hacı Əbdülün masası, qarşısında isə qonaqların oturması üçün iki stul qoyulub. Bəlkə də İslam haqqı, mənəvi dəyərləri dünya malından üstün tutduğu üçün idi ki, otağın içi ibadət zalı ilə eyni görünürdü. Masanın üstündə qızılı mücrüdə Qurani-Kərim, bir-iki başqa kitab, sənəd-filan vardı. Bir ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın iri portreti.  Söhbətə başlayıram:

- Axır ki, məscid tamam yenidən quruldu, həmişə arzunuz olub bu binanın təmir edilməsi...

- Doğrudan da, budəfəki təmir sözün əsl mənasında məscidi xilas edib, - Hacının simasında təbəssüm parladı. - Demək olar ki, bina yenidən qurulub. Divarların suvağı tamamilə sökülüb-götürülüb, yenidən suvanıb. Məncə, bu təmirdən sonra məscidimiz 100 il ayaqda dayana biləcək.

- Yan tərəfdə çıxar taxta filan qalaqları gördüm...

- Mədrəsə binasının təmiri başa çatmayıb. Həmin qalıqlar da oradan çıxarılıb, daşıyıb atacaqlar.

- OraTövbəcəmiyyətinin binasıdır...

Düzdür, biz əvəllər orada oturardıq, indi köçmüşük bura, – otağa işarə edir. – “TövbəCəmiyyəti elə bu otaqda fəaliyyət göstərir. Təmir başa çatan kimi Qızlar mədrəsəsi həmin binaya köçürüləcək. İndiyədək qızlar məscidin arxa həyətindəki otaqlarda dini təhsil alırdı, amma ora bir az darısqal idi, istədik yerləri daha müasir olsun. Üçqatlı binadırtamamilə mədrəsənin ixtiyarında olacaq. Orada böyük bir kitabxana fəaliyyət göstərəcək, dörd dərs otağı, müəllimlər otağı, müdiriyyət üçün kabinet, yeməkxanamüasir məktəblərdə gördüyünüz hər bir şərait yaradılacaq. Ən əsası isə mədrəsəyə giriş-çıxış birbaşa küçədən olacaq.

- Mədrəsəni kim təmir edir, ora da ümumi bərpa prosesinə daxildir?

- , əlbəttə... Özü çox sürətlə gedir, hər yer sökülüb yenidən qurulur. Buna görəTövbəCəmiyyəti dindarları adından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. Səmimi deyirəm: bu vaxtadək ayrı-ayrı imkanlı şəxslərin dəstəyi olmasaydı, bəlkə məscid bu gün mövcud olmazdı. Adam bir evi saxlaya bilmir, o ki qalıb bu boyda qədimi tikintiyə. 130 ilin binasıdır, sağ olsun, Mehriban xanımın diqqət qayğısı nəticəsində, gördüyünüz kimi, elə bil məscid indi tikilib.

Haşiyə: İmam Hüseyn məscidini 1890-cı ildə dövrünün imkanlı tanınmış simalarından sayılan Hacı Hacıbala öz şəxsi vəsaiti ilə tikdirilib. Binanın sahəsi 300 kvadratmetrdir burada eyni vaxtda 400 mömin ibadət edə bilir. Amma tikilib, istifadəyə veriləndən çox keçməmiş Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunur məscid qapılarını qeyri-müəyyən müddətə ibadətə bağlayır. Allahın evi bir müddət istifadəsiz qalır, sonra isə elektrik cihazları hazırlayan sexə çevirirlər. Daha sonra Layihə İnstitutunun balansına verilir. 70 illik sovet əsarətindən sonraAzərbaycan müstəqilliyinə qovuşduğu ilk illərdə bu Allah evi «Tövbə» cəmiyyətinin sədri Hacı Əbdülün səyi nəticəsində yenidən qapılarını mömin müsəlmanların üzünə açır

Yeri gəlmişkən, yuxarıda məscidin qarşı tərəfindəki məhəllələrin söküldüyünü vurğulamışdım. Bəs belə yaraşıqlı tarixi-dini binanın ətrafında yeni nələrsə tikiləcəkmi? Bu suala cavabı məscidin imamından aldım:

- Söz verilib ki, məscidə gələnlərin maşınlarını saxlamaları üçün avtomobil dayanacağı inşa ediləcək. Yəni hər halda məscidiə uyğun görünüş yaradacaqlar.

- Hacı, mən yarım saatdan artıqdır qapıdayam, amma bir-iki nəfər istisna olmaqla gələn yoxdur. Düzdür, namaz vaxtı deyil, amma bir çöx ölkədə gün boyu məscidlərdə qələbəlik olduğunu görmüşəm...

- Burda namaz vaxtı kifayət qədər adam olur. Gün boyu qələbəliyə gəlincə, təkcə İmam Hüseyn məscidində deyil, ölkədəki bütün dini-ibadət məkanlarında vəziyyət belədir. İnsanları ibadətə cəlb eləmək lazımdır.

 

Vüsal Tağıbəyli

 

P.S. Hacı mənə olduqca maraqlı, həm də təsiredici bir əhvalat da danışdı. Onun dediklərindən: “Təsadüfən Valodya adlı bir rusla tanış olmuşdum. Ailəli idi, iki oğlan övladı vardı. Valodya rus təbiətinə uyğun olaraq içib-gününü keçirən biri idi. Bir dəfə söhbət əsnasında ona dedim ki, islamı qəbul et. Dayanıb qaldı baxa-baxa, dedim fikirləş, amma İslam sənə xeyir gətirəcək. O, İslamı qəbul edib müsəlman oldu. Adını da Əli qoyduq. Başa saldım ki ailəni də bu dinə yönəlt, özü də ürəklə, səmimiyyətlə. Aradan bir müddət keçəndən sonra gəldi ki, ailəsi də İslamı qəbul edib. Yoldaşı adını dəyişib Fatimə, övladlarının adını isə Həsən və Hüseyn yazdırdı. Əsl möcüzə bundan sonra baş verdi. Sən demə bu adamın ciyərlərində xərçəng varmış və həkimlər ona tam dəqiq diaqnoz qoyublarmış. Moskvada növbəti yoxlanışa gedəndə bütün o boyda xəstəxana bir-birinə dəymişdi. Bilirsən niyə, aparata salanda görüblər ki ciyərləri tər-təmizdir, xərçəngdən əsər-əlamət yoxdur.

Neçə ilin həkimləri şoka düşmüşdülər ki, bu necə ola bilər... Aradan bir xeyli də keçəndən sonra gəldi ki, bəs müdir təyin olunub. İnsan düşünürdü ki, mən onu İslama dəvət etdiyim üçün o həm sağalmaz xəstəlikdən xilas olub, həm də vəzifəsi yüksəlib. Amma onu başa saldım ki, bunlar üçün mənə yox, Allaha minnətdar olmalısan...

 

Həftə içi.- 2019.- 13 mart.- S.3.