Biz kinonu gəlirli sahəyə

çevirməyə nail olmalıyıq”

 

Mart ayının əvvəlində Prezident İlham Əliyev və Birinci vise-prezident Mehriban xanım Əliyeva bir sıra mədəniyyət və incəsənət adamları ilə görüşdü. Görüşdə təkliflər səsləndi. Daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayevin KİV nümayəndələri ilə görüşü keçirildi. Prezidentə ünvanlanan təkliflər barədə danışıldı. Bu təkliflər sırasında Azərbaycan kinosunun bugünki durumu da diqqətdən kənarda qalmadı.

 

Prezident kino haqqında sərəncam imzaladı və 5 milyon manat ayrıldı. Maraqlıdır, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hansı işlər görüləcək?

Müsahibimiz “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovdur. Hafta.az müsahibəni təqdim edir.

 

- Müşfiq bəy, Prezident mədəniyyət və incəsənət sahəsinə çalışan bir qrup insanlarla görüşdü. Sizinbu görüş haqqında fikirləriniz maraqlıdır...

- Cənab Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşü böyük bir hadisə idi. Onların təkliflərinin tez bir zamanda həyata keçirilməsi çox gözəl bir addım idi. Bilirsiniz, kino haqqında da sərəncam imzaladnı. 5 milyon manat pul ayrıldı. Həmçinin yeni konsepsiyanın hazırlanması məsələsi ortaya qoyuldu. Bu tarixi bir hadisədir. Bu gün dövlət bizə dəstək olur. Ancaq bu daimi ola bilməz. Ona görə də, kinoda böyük islahatlara ehtiyac var. Biz özümüzbir çox təklifləri vermişik. Yeni konsepsiyada bu daha çox özünü göstərəcək. Biz çalışmalıyıq ki, kino da qeyri neft sektoru kimi uğur qazansın. Daha hər hansı güzəştə, yardıma ehtiyac duymadan özü-özünü formalaşdırsın. Həm peşəkar kino məktəbinin qorunub saxlanılmasına, həm də kinonu gəlirli sahəyə çevirməyə nail olaq. Dünya kinosuna inteqrasiya edək.

- Deyilməsi lazım olan hansı məsələlər səsləndirilmədi?

- Kino sahəsində islahatlar haqqında heç nə deyilmədi. Biraudioviziual təsvir vasitələri haqqında fikirlər olmadı. Dünyanın aparıcı dövlətlərində kino haqqında edilən işlərin ölkəmizdə tətbiq olunması haqqında cənab Prezidentə məlumat verilmədi.

- Həmin görüşdən sonra sizdə hansı işlər aparılır?

- Mədəniyyət Nazirliyində kino idarə qurumları ilə, nazirin birinci müavini Vaqif Əliyevin görüşləri oldu. Bizə tapşırıqlar verildi. Azərbaycanfilm kino studiyasında aparıcı mütəxəssislərlə görüşlərimiz keçirildi. Artıq təkliflərimiz hazırlanır. 3 ay müddətində təkliflərimiz tam hazırlanıb cənab Prezidentə təqdim olunacaq.

- Kinoteatr binalarının təmiri məsələsinə cənab nazir dəfələrlə toxundu. Yəqin “Azərbaycanfilm” kinostudiyası da təmir olunar

- Vaxtilə fransız şirkətlərindən biri buranın konspetual layihəsini hazırladı. Sonra maddi problemlərə görə bu davam etmədi, dayandırıldı. Tezliklə təmir olunsa çox yaxşı olardı.

- Hazırda kinolar çəkilirmi?

- Bir sinemaklub təsis etmişik. Bu sinema kluba gənc aktyorlar, rejissorları dəvət edirik. Bütün kino komponentlərində çalışan gəncləri toplayıb, qısa metrajlı filmlər çəkirik. 4 qısa metrajlı film yekunlaşıb. Artıq gənclər tərəfindən çəkiliş yekunlaşdırılır.

- Təlabat necədi?

- Əgər tələbat olmasa bu qədər kinolarımız festivallarda iştirak etməzdi.

- Bildiyimiz qədər, texnikalar Sovet dövründən qalanlardır

- Bəli, kinostudiyanın texniki təchizatı Sovetdən qalmadır. Ancaq özümüz daxili imkanlar hesabına kiçik texnikalar alırıq. Yaxın gələcəkdə bu məsələ həll olunacaq.

- Tanınmış aktyorlarımız gəlirlərmi, dəvət edirsinizmi yeni filmlərə?

- Bizim bədii şuranın peşəkar rejissor aktyorları var. Biz onları dəvət edirik, görüşürük. Dünya kino sahəsində baş verən yenilikləri təhlil edirik. Bu fərmandan sonra daha da sıx görüşlər, təhlillər aparacağıq.

- Bədii şuralardan söz düşmüşkən, onların yaradılmasının tərəfdarısınızmı?

- Birinci audiovizual siyasət formalaşmalıdır. Ondan sonra bu planlar ardıcıl yerinə yetirilməlidir. Konsepsiyalar formalaşdıqdan sonra işlər həyata keçirilsə yaxşı olar. Audiovizual təsvir vasitələrinin müyyənləşdikdən sonra, bədii şuralar yaradılmalıdır. Ümümi konsepsiya prinsiplərimiz olmalıdır.

- Sinema klublar yaratdığınızı dediniz. Ancaq görünən odur ki, çəkilən filmlərə insanlarda maraq oyatmır. Burada aktyorların peşəkar olmaması əsas rol oynayır, yoxsa rejisorlar çəkə bilmir?

- Bunun bir çox səbəbləri var. Birinci səbəbi odur ki, biz tamaşaçıları hazırlaya bilmirik. Onlar belə filmə az meyillidirlər. İkinci, rejisorların senaristlərin peşəkarlıq məsələsinin aşağı olmasıdır. Dünyada küçə musiqisi, küçə şeiri var. Bu gün küçə filmi meydana gəlib. Bu da tədricən keçib gedəcək. İnsan zövqünü inkişaf etdirməliyik. Tamaşacı zövqü bizim tutacağımız yoldur. O formalaşsa, bizim filmlərimizin keyfiyyəti yüksələcək.

 

Ruzbeh Məmməd

 

Həftə içi.- 2019.- 14 mart.- S.7.