“Azərbaycanfilm” kinostudiyası,

Cəfər Cabbarlının heykəlinin qocalığı

 

Prezidentin mədəniyyət və incəsənət sahəsinə çalışan bir qrup insanlarla görüşü bu sahədə çalışanları həm sevindirdi, həm də məsuliyyət hissini artırdı. Çünki biganəlik yəqin bir gün keçib gedər. Biganəlik sözünü elə belə demədim. Elə yazıda mədəniyyət və incəsənət aləminin mühüm xadimləri ilər görüşdən söz salmışkən “Azərbaycanfilm” kinostudiyası yadıma düşdü.

Bu gün sevə-sevə baxdığımız filmlərin çəkilməsində xidmətləri olan bu film kino studiyası hazırda bərbad bir durumdadır. Rəhmətlik Cəfər Cabbarlının heykəli də lap köhnəlib. Heykəl də elə qocalıb ki

Bu gün hafta.az olaraq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş çəkdik. Bu planımız çoxdan olsa da, nəhayət bu gün baş tutdu. Qapısında bir neçə dəfə olub, geri qayıtmışdıq.

Binaya daxil olub xoş olmayan mənzərini gördükcə adam kövrəlir. Təzə olan yeganə şey divarlarda vurulan məşhur rejissorların, aktyorların rəsmləridir. Elə bu rəsmlərə baxa-baxa direktorun otağına yaxınlaşdıq. Bura bir az səliqəlidir. Hər halda müdür otaqları həmişə belə olur.

Gəlişimizi xəbər verdilər. Bizi qəbul edən direktor Müşfiq bəylə söhbət etdik. Kinostudiyanın vəziyyətinin yaxşılaşacağını bildirdi. (Direktorla müsahibəni artıq oxucularımıza təqdim etmişik).

"Bu gün dövlət bizə dəstək olur. Ancaq bu daimi ola bilməz. Ona görə kinoda böyük islahatlara ehtiyac var. Biz özümüz bir çox təklifləri vermişik. Yeni konsepsiyada bu daha çox özünü göstərəcək. Biz çalışmalıyıq ki, kino da qeyri neft sektoru kimi uğur qazansın. Daha hər hansı güzəştə, yardıma ehtiyac duymadan özü-özünü formalaşdırsın. Həm peşəkar kino məktəbinin qorunub saxlanılmasına, həm kinonu gəlirli sahəyə çevirməyə nail olaq. Dünya kinosuna inteqrasiya edək" - deyir direktor.

Sonra Müşfiq bəylə sağollaşıb studiyanın digər yerləri ilə tanış olmaq üçün gəzirik. Qaranlıq rütubət qoxan dar dəhlizdən keçib bir qıfıllı otağın qarşısında dayandıq. İçəri daxil olduq. Kinolarda istifadə olunan silahlara göz gəzdirdik. Maraqlıdır. Burada hər cür silahı görmək olar. Adamın diqqətini çəkir. Buradan çıxıb səs yazma otağıa daxil oluruq. Üç dörd nəfər var. Bir nəfər isə sakitcə vərəqdən mətn oxuyur.

Digərləri ilə tanış olmasaq da Elxan Cəfərovu tanıyırıq. Mətni oxuyan da elə özüdür. Bizi gördükdən sonra saxlayır. Salamlaşırıq.

- Elxan bəy, kinostudiyanın durumu sizə , bizə bəllidir. Amma vaxtilə həm bu bina, həm kinolarımız gözəl olub. Bu gün niyə bu sahə geridə qalır?

- Mədəniyyətin inkişafının cəmiyyətin həyatında rolu çox böyükdür. Artıq 25 ildən artıqdır ki, biz köhnə dünyadan çıxıb, yeni dünya qururuq. Bu cəmiyyətin quruculuğunda mədəniyyətin rolu danılmazdır. Sabah "Azərbaycan xalqı harada yaşayıb, işlə məşğul olub, etiqadı, düşüncəsi nədir sualı verildikdə" ağıla gələn mədəniyyət sahəsinin göstəriciləri olacaq. Bu nöqteyi nəzərdən kino sahəsi geridə qalmamalıdır. Sovet dövründə qurulan kino ənənələri bu gün davam etdirilir. Həmin ənənələrin üzərində neçə-neçə nəsil böyüyüb, azərbaycanlı olmasını dərk edib. Son dövrlər isə kino mədəniyyət sahəsinə dövlətimizin diqqəti danılmazdır. Cəmiyyət quruculuğu artıq başa çatmaq üzrədir.

- Kino sahəsində inkişafın olduğunu deyirsiz. Yeni çəkilən çəkdiyiniz filmlərdə o inkişafı görə biləcəklərmi izləyicilər?

- Əlbəttə. Yeni çəkilən filmlərimiz köklü surətdə olmasa da, keçmiş kinolarımızdan fərqlidir. Maddi- texniki bazanın yaradılmasına ehtiyac var. Bu gün isə maddi-texniki baza yoxdur. Cənab Prezidentin tapşırığı əsasında yeni konsepsiya işlənib hazırlanacaq. Kinonun inkişafı kinostudiyanın təmiri kinonun çəkilişindən ibarət deyil. Burada yayım işi, gənclərin professional şəkildə öyrədilməsi, maddi- texniki bazanın müasirləşdirilməsindən söhbət gedir. Bunlar olduqdan sonra müasir standartlara uyğun kinolar çəkiləcəkdir.

Elxan müəllim kino sahəsində istənilən qədər danışa bilən bir insandır. Lakin bu gün məqsədAzərbaycanfilmkinostudiyası haqqında, orada kimi yeniliklərin olacağını öyrənməkdir.

Böyük binada qapıların bəziləri bağlıdır. Biz başqa bir açıq olan otağa daxil oluruq. Burada diqqətimizi çəkən isə geyimlərdir. Filmlərimizdə çəkilən aktyorların geyindikləri paltarlara, papaqlara baxdıqca sevərək izlədiyimiz obrazlar gözümüzün qarşısında canlanır bir anlıq. Avadanlıqların saxlanıldığı bölmələrin adları da rus dilindədir. Bu fakt bir daha dahi dramaturq Cəfər Cabbarlının adını daşıyan, özləri həyatda olmasa da hələ bizlərin yaddaşında qəlbində silinməz izlər buraxan neçə-neçə aktyorlarımızın ikinci evi olmuş bu müqəddəs ocağın çağırışlarına diqqətlə yanaşmağın vaxtının çatdığını göstərir.

İnanırıq ki, bu böyük əzəmətli bina da təmir edilər, yeni avadanlıqlarla təchiz olunar. Yeni-yeni filmlərlə biz izləyiciləri sevindirər Azərbaycan kinosunun adını dünyaya tanıdar. Buna ümidimiz böyükdür

 

Ruzbeh Məmməd

 

Həftə içi.- 2019.- 15 mart.- S.5.