Suraxanı rayonunun nümayəndələri
Memorial
Soyqırımı Muzeyi ilə tanış olublar
Suraxanı rayonu Heydər Əliyev
Mərkəzinin, rayon icra hakimiyyətinin və YAP Suraxanı
rayon təşkilatının birgə təşkilatçılığı
ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı
Günü ilə əlaqədar rayon icra hakimiyyətinin
başçısı yanında Şuranın üzvləri,
YAP Suraxanı rayon təşkilatının fəalları,
rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan
Respublikasının Hərbi Prokurorluğunda fəaliyyət
göstərən Memorial Soyqırımı Muzeyi ilə
tanış olublar.
Rayon icra hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında Ulu Öndərin büstü ziyarət olunub.
Muzeylə tanışlıq zamanı məlumat verilib ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın, demək olar, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törədiblər. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü il iyulun 19-da Baş prokuror Zakir Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyinin yaradılması barədə əmr imzalanıb. Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq Sərəncamına əsasən işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Memorial Soyqırımı Muzeyi yaradılıb və 2014-cü il fevralın 24-də Muzeyin açılışı olub. Muzey XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib.
Muzey dörd bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarətdir. Muzeyin girişində asılmış rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə də təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi ilə 100 mindən artıq insanın Xətai rayonu ərazisində ucaldılmış “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilib.
Tədbirin sonunda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı çıxışlarını, sərəncamlarını, habelə faktları özündə əks etdirən videoçarxa baxıblar.
Qeyd olunub ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.
Memorial Soyqırımı Muzeyinə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olunub.
Həftə içi.- 2019.- 30 mart-
1 aprel.-S. 7.