Tünzalə Ağayeva II Avropa

Oyunlarının ulduz elçisi olub

 

Aprelin 30-da Belarus Respublikasının ölkəmizdəki səfirliyində tanınmış müğənni və bəstəkar, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevaya Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz elçisi sertifikatının təqdimatı mərasimi keçirilib.

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç müğənninin ölkənin həm yaradıcılıq, həm də idman sahələrində xidmətlərini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, “2019-cu il II Avropa Oyunlarının ulduz elçiləri” layihəsi bu möhtəşəm idman tədbirinin təbliğinə, Belarus sakinlərinin və bütün dünya ictimaiyyətinin dünya idmanı üçün bu cür əhəmiyyətli hadisəyə marağının artırılmasına yönəldilib. Səfir Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlıq işlərindən də danışıb.

Göstərilən diqqətə görə minnətdarlıq edən Tünzalə Ağayeva Belarus xalqına qarşıdakı Oyunların keçirilməsində uğurlar diləyib. O deyib: “Üzərimə bu cür fəxri missiya qoyulması mənim üçün böyük şərəfdir və eyni zamanda, yüksək məsuliyyətdir. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Əminəm ki, Minskdə keçiriləcək Avropa Oyunları yüksək səviyyədə olacaq”.

Azərbaycan Milli Olimpiya Komitəsi baş katibinin müavini, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev vurğulayıb ki, Tünzalə Ağayeva artıq Bakıda keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunlarında ulduz elçisi titulunu daşıyıb. O, ölkəmizdə Olimpiya hərəkatını yüksək səviyyədə təmsil edib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Azər Əliyev müğənniyə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Sonda Gennadi Axramoviç ulduz elçisi sertifikatını Tünzalə Ağayevaya təqdim edib.

 

Həftə içi.- 2019.- 1 may.- S.8.