Dostum

 

Dostum, haqq yoluna qayıt indidən,

Sonra əməlindən olma peşiman.

Gördüyün işlərə, dediyin sözə

Bir gün, sorğu-sual olacaq inan!

 

Yaşama, dünyanı hədər yerə, sən!

Sabahkı gün üçün yaşa bu gündən,

Nəfsin güdazına vermə ömrünü,

Sabahkı yaşayış doğur bu gündən!

 

Xülyalar yolunda olma canfəşan,

Arzu, istəyini inam üstə qur!

Bu gün elə yaşa, elə iş gör ki,

Peşiman olma, çalınanda “sur”!

 

Həqiqət

 

Nə qədər Günəş var, yaşayar insan,

İnsan öz ömrünü son edə bilməz.

Dünyasın dəyişər, nizamı ilə,

O, bir varlıq kimi yox ola bilməz!

 

Heçdən heç yaranmır, hrç nə heç olmur,

Bulud göydə dolur, yerdə su olur,

Sular buxar olub, göylərə uçur,

Bu, “dünya” nizamsız qurula biməz!

 

Gecələr, gündüzlər, Ay və ulduzlar,

Səhradakı qumlar, dəryada buzlar,

Acılı, şirinli, rəngli dənizlər,

Bir təsadüfdürmü? – bu ola bilməz!

 

Bütün yaranmışın öz nizamı var,

Canlılar, cansızlar, dərələr, dağlar,

Bütün xəstəliklər, bütün bəlalar,

Heçdən mövcud deyil, heç ola bilməz!

 

Dünyamız qurulmuş, bir nizam üstə,

Daşları daş üstə, otu ot üstə,

İnan ki, göz tökən acı tüstü də,

Heçdən yaranmayıb, heç ola bilməz!

 

Dostum, yaxşı düşün, düşün bir az da,

İnsan bu, mətləbi duymaya bilməz!!!

 

Ölüm nədir?

 

Ölüm, ən şirin nemət,

Ən sonuncu diləkdir…

Ölüm, sonuncu fürsət,

Ümidsizə ümiddir…

 

Oxşamır

 

(Özünə təskinlik verib, ovutma...)

Keçər deyib, ayran qatma aşına,

Əldə barmaq, bir-birinə oxşamır.

Əbəs yerə heç kim vurmaz başına,

Teldə qarmaq, bir-birinə oxşamır.

 

Bu dünyaya yumruq sıxıb, gələrik,

Əli göydə, baş alovlu gəzərik,

Gedəndə də göz yumulu gedərik,

Üstə torpaq, bir-birinə oxşamır.

 

Ustac deyər, söz gələn yer naməlum,

Yaradan de, ya Tanrı de, ya Qəyyum,

Dədələrin ibrətindən bu məlum;

Xəstə, dabaq bir-birinə oxşamır...

 

Yaradan

 

Kimi yerdə gəzir, kimisi göydə,

Qüdrət nə yaşılda, nə də ki, göydə,

Yer də ona möhtac, asılı göy də,

Zərrədə var olan gücdü Yaradan....

 

Biz bilən ölçülər büsbütün yaddır,

Çoxunun bildiyi quruca addır,

Sərhədsiz, hüdudsuz qurucu zatdır,

Bir “ol” – da var olan gücdü Yaradan....

 

Ruhuna min rəhmət, ya Seyyid Əli!

Yol açdın Ustaca olmadı dəli,

Dedin ki, hər insan özünə vəli,

Feli bizdən alan gücdü Yaradan....

 

Səhvlərimiz

 

Adəmlə başladıq səhv eyləməyə,

Bir alma dəyişdi qədərimizi...

Sevinci bölməyə dost axtarmadıq,

Paylaşmaq istədik kədərimizi...

 

Səhv bir mi, iki mi, sayasan bir-bir...

Səhvi səhv üstünə yığdıq hər zaman...

Zaman çox dəyişdi, dəyişdi nə var,

Ancaq, xasiyyətin dəyişmir insan...

 

Kağız bəxş eylədi, yazaq, oxuyaq,

Öpüb göz üstünə qoyurduq onu...

Ayaq uzatmağı günah bilirdik,

(Ağız, burun sildik, bəs eyləmədi...)

İndi haralara vurmuruq onu???

 

Dəyərlər aradan çıxır birbəbir,

Çörək də müqəddəs sayılmır daha...

Səhvlər qalaq-qalaq yığılır, artır,

Bədəllər ödənir ömürdən baha...

 

Bakir yox, bəkarət axtara indi,

Xeyir - bərəkət də çəkilib ərşə...

Dədədən, babadan qalma inanclar,

Ucqar bir komada bükülüb fərşə...

 

Ulaqla yabıdan döl tutan insan,

Heyvanı bitkiyə calaq eylədi...

Siçanla, pişiklə izdivac edib,

Gül kimi övrətin talaq eylədi...

 

Olub keçənlərin yazsaq hamısın,

Nə qələm tab eylər, nə kağız çatar...

Arif ilk kəlmədən duyar mətləbi,

Boşboğaz boşuna boğazın yırtar...

 

Yol-iriz doludu, biz tökən mıxla,

İndi addımbaşı ayağa batır...

Qazana bişməyə nə atmışıqsa,

Bişəndə özünü qaşığa atır...

 

Haqqın nizamını heçə sayanlar,

Çox dəqiq nizamın zərrəsiyik biz...

Bu gün qarşımıza çıxar həmişə,

Dünəndən aynaya düşən əksimiz...

 

“Mən”-ə gəl

 

Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,

Diri-diri tən üzülmüş, Sultanadır biətim,

Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,

Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl...

 

Təkər dönər, mil tutanı, döndərəni dən-dənə,

Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,

“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,

“Mən” axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl...

 

Ustac tutub söz mayasaın, Tanrı verən payından,

Taylı gərək, əzəl gündən, yarımalı tayından,

“Toydan sonra nağara” tək, fayda görməz hayından,

Yön axtaran, yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün axtar, “mən”-ə gəl...

 

Ehkam

 

(“Qırxında öyrənən görunda çalar”)

“Susuz quyu su tökməklə sulanmaz,”

Gic doğulan, gic böyüyər, gic ölər…

Ər oğuldan, ər törəyər, mərd olar,

Soysuz doğsa, bic yetirər, bic bələr…

 

Heyvanın cinsi var, bitkinin kökü,

Qarışmaz, tək durar, hər kəsin tükü,

Kimsəyə yüklənməz, kimsənin yükü,

Kimi tez anlayar, kimi gec bilər…

 

Ustac, iki doqquz, edər on səkkiz,

Arif bu sinindən səhv etməz hərgiz,

Qanmazsa, qovalar, teylər dörd doqquz,

Qırxda qurşaq tutar, boşa güc eylər…

 

Ədalət var

 

Hər kəlmənin mayası var, qoru var,

Haqq-hesabda ayaq olar, baş olar...

Şəkərçinin dili baldan şirindi,

Kisəçinin üstü-başı yaş olar...

 

Elə söz var, dəyərldir kitabdan,

Baxış var ki, uyarlıdır xitabdan,

Bəni-adəm ayarlıdır turabdan,

Donu yelsə, yolu qaya, daş olar...

 

Ustac desin, yazın daşa, qayaya,

Nədən kimsə düşsün boşa, ay-aya?

Nə vaxt haram düşsə döşə, mayaya,

Döl qüsurlu, gözü-qaşı çaş olar...

 

Dağların

 

“Şuşanın dağları abı dumanlı,

Qırmızı koftalı, yaşıl dumanlı…”

 

Əsrin dördə birin vermişik yelə,

Çulu çoxdan düşüb, çaya dağların…

Təmiz adı vardı, “quzey qarı” tək,

Bağrına xal düşüb, saya dağların…

 

Başında çalma tək, ta durmur duman,

Əynində qalmayıb, nə kofta, tuman,

Lütlənib haçandır, qalıb lüt-üryan,

Qarına qan düşüb, maya dağların…

 

“Göznən görən” olduq, ta yox yalanı,

Bəh-bəhlə şəlləndik, zərli palanı,

Daranıb, talındı, olan-qalanı,

Ah-naləsi düşüb, Aya dağların….

 

İgidə “Tur dağ”-ı deyib, görənlər,

Dağa oxşadıbdı, özün ərənlər,

Hanı o ayama, ya ad verənlər?

Kalı çoxdan düşüb, haya dağların…

 

Ustacam, öcümü ala bilmirəm,

“Dədəm” dediklərin* deyə bilmirəm,

O döndü, mən indi dönə bilmirəm,

Səyi məndə düşüb, zaya dağların…

 

Zaur Ustac

 

Həftə içi.- 2019.- 2 may.- S.8.