“Biz instaqram,
feysbuk kimi portallarda
səs toplayan müğənnilərdən deyilik”
Xalq artisti Nazpəri
Dostəliyeva hafta.az-a müsahibəsində
yeni solo konsertindən,
çəkdirdiyi klipindən danışıb. Hətta
aşıq sənəti ilə bağlı müdafiə etdiyi elmi işlə
bağlı əməkdaşımızın
suallarını cavablandırıb. Maraqlı söhbətin daha ətraflı məqamları ilə
tanış olmaq istəyirsinizsə, telefonunuzun və kompüterinizin
monitoruna daha yaxın əyləşin:
-Nazpəri xanım, pərəstişkarlarınızdan
redaksiyamıza tez-tez ünvanlanan
suallardan biri də yeni solu konsertinizlə
bağlıdır. Üzümüzə gələn
yay-payız mövsümündə sizdən yeni
solo kansert gözləsinlərmi?
-İnşallah. Pərəstişkarlarım mənim üçün çox əzizdir. Amma yay-payız mövsümündə yox, sağlıq olsun, qış ayında solo konsert verməyə hazırlaşıram. İnşallah, həmin solo konsert baş tutacaq. Solo konsertin məkanı və dəqiq vaxtı haqda indidən bir söz deyə bilmərəm. Çünki xeyli vaxt var. Hardasa konsertə bir-iki ay qalmış pərəstişkarlarıma konsertin tarixi və məkanı ilə bağlı məlumat verəcəyəm. Çünki məndə belə bir qənaət formalaşıb ki, görəcəyim iş barədə qabaqcadan məlumat verəndə məndə alınmır. Amma nəsə problem yaranacağını düşünmürəm. İnşallah, solo konsertimiz gerçəkləşəcək.
-Başqa
nə yeniliklər var
yaradıcılığınızda?
-Əlbəttə ki, başqa yeniliklər də var. Yaradıcı adam heç vaxt bir yerdə qalmamalıdır. Hazırda hər yerdə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur. Biz də bununla bağlı konsert proqramlarına qatılırıq. Borcumuzdur. İlk növbədə bunları etməliyik. Eyni zamanda, səhərə qədər studiyalardan çıxmıram.
-Təzə nə
mahnılar yazdırmısınız? Tezliklə yeni kliplərinizi görə biləcəyikmi?
-Təzəcə “Döymə Kərəmi” aşıq mahnısını yazdırmışam. Artıq aşıq mahnılarını yazdırıram. “Döymə Kərəmi”ni Aşıq Əhmədəli Dostəliyevin – atamın sözlərinə yazılmış mahnını ifa etmişəm. Daha bir mahnı isə Nailə Mirməmmədlinin bəstəsidir. Həmin mahnını da artıq səsləndirmişəm. Həm də həmin mahnıya klip çəkdirirəm. Mahnının adı “Qədrimi bilməyənim” adlanır. Mahnılarım üzərində işləyirəm. Hazırda mənə elə bir stimul, yaradıcılıq enerjisi gəlib ki, inanmıram ki, bu yolda bir kəs, bir problem, hansısa söz-söhbət məni dayandıra bilər. Allahın izni ilə yaradıcılıq fəaliyyətimə çox böyük sürətlə davam edirəm. Sözsüz ki, təqdim etdiklərimi eləmişəm, edə biləcəyimi də etməyə çalışacağam. Pərəstişkarlarımın görüşünə daha çox kiliplərlə gəlməyi düşünürəm və gələcəyəm. Biz instaqram, feysbuk kimi portallarda səs toplayan müğənnilərdən deyilik. Bizim səsimizi Allah, sənətimizi dövlətimiz qiymətləndirib. Söz yoxdur ki, bütün gördüyümüz işlərlə yanaşı, yaradıcılığımızdakı yeniliklər davam edəcək.
-Nazpəri
xanım, bir müddət öncə Azərbaycanın
şərq və qərb aşıq məktəblərinin
xüsusiyyətləri və ifaçılıq ənənələrinin
müqayisəli təhlili ilə bağlı
yazdığınız elmi iş ölkə gündəmini zəbt etmişdi. Bitirdinizmi, elmi
işinizi? Müdafiə etdinizmi?
- Mən çoxları kimi üstündən keçib bir kənara atan adam deyiləm. Söz verdiyim kimi, elmi işi bitirən zaman sizlərə təqdim edəcəyəm. Hazırda iş qrafikim çox sıxdır. Bilirsiniz, bu işlərin üzərində işləmək ömür-gün tələb edir. Amma bu mənim atamın sənətidir. Atamın mənə qoyub getdiyi mirasdır. Mənim borcumdur ki, bu elmi işi bitirim. Mən aşıq sənəti ilə bağlı yazdığım elmi işimi bitirməsəm, o zaman böyük sənətkarların – Aşıq Pənahın, Aşıq Şakirin qarşısında borclu qalmış olaram. Ona görə də yaxın zamanlarda elmi işimi də bitirib təhvil verəcəyəm.
Tural Turan
Həftə içi.- 2019.- 8 may.-
S.8.