“Kimsə məndən də imkanlı və
məşhur
ola bilər, amma Xumar ola bilməz”
Əməkdar artist Xumar Qədimova
kulis.az-a müsahibə verib. Milli.az müsahibəni
təqdim edir:
- Xumar xanım, bəstələdiyiniz
musiqilərdə qəribə simfonik bir ab-hava olur. Bu sizin daxili səsinizdir, ya üslubunuz?
- Əyləncəli, oynaq bəstələrim də var.
Bu yəqin ki, nəğmə ilə söz demək, musiqi və
onun sözləri ilə yaşaya bilməkdir. İnsanın
ürəyi boş olsa, heç nə deyə bilməz.
İstəmirəm ki, məni dinləyəndən
sonra tamaşaçı özünə "hə, nə
olsun" sualını versin. İstəyirəm
ki, ifam tamaşaçının ürəyinə toxunsun, onu
riqqətləndirsin. Gündə efirə
çıxıb söz deyə bilməyənlərə
baxanda, onların yerinə mən utanıram. Bu adamlar ən
azından qohum-əqrəbalarına deyirlər ki, sabah efirə çıxacam, mənə
baxarsınız. Görəsən, onlar bu
sözləri deyəndə düşünmürlər ki,
insanlar onların ifasının nəyinə baxacaqlar, nədən
zövq alacaqlar. Müğənninin
boğazdan gələn səsi ilə yanaşı həm də
onun daxili səsi, içi olmalıdır.
- İnsanlar
ifanızın təsirinə çox asanlıqla
düşürlər. Özünüz
necə, dərdli, eşqli adamları dərhal hiss edə
bilirsiniz?
- Hiss edirəm,
amma çox vaxt buna imkan olmur. Sevmək də, dərdlənmək
də insanlıq halıdır. Mən də
insan halı üçün ifa edirəm. Əgər insanın vicdanı varsa, o, sevməyi,
vicdanlı, ədalətli olmağı, haqqın tərəfində
dayanmağı da bacaracaq. Mən də istəyirəm
ki, bütün bunların hamısını səsim vasitəsi
ilə göstərə bilim. Və o zaman
düşünmürəm ki, kimlərsə bunu başa
düşəcək, ya düşməyəcək. Amma nə yaxşı başa düşənlər
də var.
- Başa düşməsələr,
nə baş verər?
- Adam məhv
olar. Başa düşən azlıq, anlamayan
çoxluğa qalib gəlir. Yüz adam
Xumarın məşhurluğuna, dəbdə olmasına
görə yığılsın, onu dinləsin, amma dinlədiyini
anlaya bilmirsə, bu mənim nəyimə gərəkdir? Mən özüm Zəki Mürəni, Ququşu
böyük yanğı ilə dinləyirəm. Onların ifasına qulaq asa-asa həm də ləzzət
almağa çalışıram.
- Nazım Hikmətin məzarını
ziyarət etmisiniz. Bu yəqin ki, arzu idi...
Ziyarət
sözünü o qədər də sevmirəm, qəbul eləmirəm.
Mən heç atamın məzarını ziyarət
edə bilmirəm. Çünki onun məzarlıqda
olduğunu bilmək, hiss etmək mənim üçün
ağırdır. Ümumiyyətlə qəbir
üstünə gedə bilmirəm. Orda
ölə də bilərəm. Mən istəyərəm
ki, atamla oturub çay içim, söhbət edim, onu
bağrıma basım, musiqilərimi ona dinlədim. Atamı gedib məzarlıqda görmək istəmirəm.
Nazim Hikməti isə həyatda görmək mənə
nəsib olmayıb. Onun məzarına getməyim
sırf ona olan özləmimdən, sevgimdən irəli gəlirdi.
- Bu ziyarətinizi həm də
Nazimin qəribçilikdə olması ilə əsaslandırmısınız.
Ölənin də qəribi olur?
- Bu fikir
özümün də yadımdan
çıxmışdı. İndi
xatırlatdınız, kövrəldim. Təbii
ki, ölənin kimliyinin də rolu var. Amma ölən elə
qəribdir də. Nazim Hikmətin məzarının
yanında Boris Yeltsinin məzarı vardı. Onun üstündə bircə gül də yox idi.
Yaxınlığında bir ziyarətçi də
gözə dəymirdi. Amma Nazimin qəbrinin
üstü gül-çiçəklə doluydu, adamlar isə
növbə gözləyirdilər ki, Nazimin
başdaşına yaxınlaşsınlar, ona toxunsunlar.
- Mikayıl Mirzəni necə
xatırlayırsınız?
- Bir
neçə ölümlər var ki, adamı həmişə
yandırır. Bunlardan biri də Mikayıl Mirzənin
ölümüdür ki, həmişə məni
ağrıdır. Onun ölümünə
bu gün də çox pis oluram. Mikayıl Mirzə
içi dolu və coşqulu adam idi. Belə
adamlarla söhbətə həmişə ehtiyac hiss edirəm.
Çünki azdırlar.
- "Döz" klipinizdə də
çəkilib...
- Hə. Mən istəyirdim ki, klipimdə o da iştirak
etsin. Özündən xahiş etmişdim, o da
razılaşmışdı. Klipə
çəkiləndə ürəyi onu incidirdi, xəstəydi.
Klip çəkiləndən az sonra da rəhmətə
getdi.
- Aşıq musiqilərini sevirsiniz?
- O qədər
də yox. Amma ruhuma yaxın olan, məni tərpədən
ifalar olur. Bildim siz nəyi nəzərdə
tutursunuz (gülür). Biz əslən
İrəvanlıyıq, ancaq doğulduğum bölgənin
sözü, musiqisi mənə əlbəttə ki, təsir
edib. Səməd Vurğunun "Ana"
şeiri mənim daima pıçıldadığım
şeirlərdən olub.
- Məşhurluq, dəbdəbə və
maddiyyatın yaratdığı rahatlıq sizi
başqalarından fərqləndirir?
- Mən
daxilən, yaradıcılıq baxımından
özümü başqalarından fərqləndirə bilərəm.
Ola bilər ki, kimsə məndən də imkanlı və məşhur
olsun, amma o Xumar ola bilməz. Heç sözün düzü hamının mənim,
ifalarımın fərqində olmasını da istəmirəm.
Bu vacib də deyil. Sizin
dediyiniz kimi maddiyyat baxımından qəti şəkildə
özümü kimsədən fərqli bilmirəm. Şahzadələr kimi yaşadığım,
qadın kimi də, müğənni kimi də xoşbəxt
olduğum, ayağımın yerlərdən
üzüldüyü anlarda belə qərib məzarda yatan
insanı düşünüb ağlamışam. Hətta bu mənim ətrafımdakı insanlar
üçün də qəribə gəlib. Mənə sual veriblər ki, sən niyə hər
şeyin içində heç nə olursan. Mən onlara izah edə bilməmişəm ki, həmin
cah-calal, dəbdəbə mənə görə deyil.
Elə yerlərdə darıxmışam, özümü pis
hiss etmişəm. Amma həmin məkandan, o məkana
məxsus olan insanlardan uzaqlaşandan sonra
rahatlaşmışam, özümü azad, rahat hiss etmişəm.
Almas İldırımın dediyi kimi belə yerlərdə
özümü dörd yanı məhbəsdə olan adam kimi hiss etmişəm. Bu o demək
deyil ki, ətrafımda məni sevən və yaxud da mənim
sevdiyim adamlar yoxdur. Elə deyil. Amma sevdiklərimlə olanda da kimisə
arzulamışam. Demişəm kaş ki,
o da bizimlə olaydı, mənim xoş günümü
görəydi, bu gündən, bu saatdan ona da pay düşəydi.
Mən qazandığımı heç vaxt tək
yeyə bilmərəm.
- Keçmişi və
keçmişdə qalanları unuda bilmədiyinizi deyirsiniz. Bəlkə keçmişdə qalanlar özlərini
unutdurmaq istəmirlər?
- Bəlkə
keçmiş çox dadlı, ləzzətli olub
ondandır. Bilmirəm... Amma ən pis
günümüzü belə unuda bilmirəm. Bəzən biz uşaq olanda atamla anamın nə barədəsə
mübahisə etmələrini, dalaşmalarını
xatırlayıram. İnanın ki, həmin
günlər üçün də darıxıram. Rayona gedəndə məktəbimizin qarşından
keçə bilmirəm. Ya yolu dəyişirəm,
ya da üzümü çevirirəm ki, oranı görməyim.
Yəni yaxşı mənada təsirlənirəm.
Bəzən yağışın səsi, bir
itin hürməsi və yaxud da torpağın qoxusu məni kəndimizə,
uşaqlıq illərimə aparır.
- İfa etdiyiniz
mahnıları ağrılarınızın ifadəsi hesab
etmək olar?
-
Ümumiyyətlə, mahnılarımı nəinki ifa edəndə,
onları bəstələyib bitirəndən sonra da çox
rahat və xoşbəxt oluram. Misal üçün Hüseyn
Cavidin sözlərinə bəstələdiyim "Niyə gəldin, niyə
getdin?" mahnısının bəstəsi çox
ağır iş prosesi oldu. Elə
mahnılarım var ki, onlar birbaşa mənim özümü
ifadə edir. Amma konkret olaraq "Qəribədir
deyilmi" mahnısı birbaşa mənim ruh halımdır,
mənə aiddir.
- İfa edə bilmərəm
dediyiniz musiqi olub?
-
Olmayıb. Amma ucuz, heç bir yükü
olmayan mahnılardan özüm imtina etmişəm.
- Muğam necə ifa etmisiniz?
-
Muğamı çox gözəl ifa edirəm. Anam
həmişə mənimlə dalaşır ki, niyə
muğam çox oxumursan? O, istəyir ki, mən qavalla,
kamançanın və tarın müşayəti ilə
muğam oxuyum. Aşıq mahnısı da
oxumağımı çox istəyir.
- Qadının yaşlanmasına
münasibətiniz necədir?
- Mənim
üçün ruhun yaşı önəmlidir. 25-26 yaşımda elə məqamlar olub ki,
özümü olduğumdan da çox yaşlı hesab
etmişəm. Bəzən də olub ki,
uşaq kimi olmuşam. Yəni insanı
salamat saxlayan onun içinin ruhudur, enerjisidir. Bizi onlar idarə edir. Allah o
enerjini bizdən almasın. İnsan nə
zaman ki, xoşbəxt olur, özünün
yaratdığı qayğılardan özünü azad edə
bilir, onda onun canı da ağrımır. Pis
xəstəlik belə ruhla sağala bilər.
- Ruhu diri saxlayan səbəblərdən
biri də sevgidir...
- Təbii
ki. Siz toxunulan sevgidən bəhs edirsiniz,
hansı ki, insanın yanındadır. Amma
mən bəzən sevgi olmasa belə elə hesab edirəm ki,
o var. Bir də ki, məni bu həyatda yaşadan səbəblərdən
biri də başlamaqdır. Mən nəyəsə
başlamaq üçün yaranmış adamam. Həftənin birinci günü ən çox
sevindiyim, xoşbəxt olduğum gün olur. Amma şənbə və bazar günləri gəlib
çatanda darıxıram. İnsan var,
istirahət günlərini həsrətlə gözləyir
ki, dincəlsin, harasa qonaq getsin. Mənsə
yox. Bilmirəm, bəlkə də birinci
gün dünyadan köçəcəm. O, da mənim
üçün toy-bayram olar. Bəzən
bacım deyir ki, sən həftənin bütün günləri
evdə idin, amma həmin günləri darıxmırdın,
indi isə darıxırsan. Onda
öz-özümə fikirləşirəm ki, o günlərdə
hələ başlayırdıq, yaşamağa, sevməyə,
işləməyə doğru hələ yol gedirdik. Həftə sonu isə elə sondur. Ömürdən, gündən gedən saatların,
günlərin daha aydın, daha dəqiq
xatırlatmasıdır.
- Səsim batsa, ürəyimlə
oxuyaram demisiniz. Eşidilən səsdən
eşidilməyən səsə keçmək çətin
olmaz?
- Zatən
indi səsim var. Amma ürəyimlə oxumasam, səsimlə də
oxuya bilmərəm axı. Məncə, elə
məni hal-hazırda ifadə edən səsim yox, ürəyimdir.
- Toy gününüzü
xatırlamağı da sevmirsiniz...
- Sevmirəm.
O toy gününün bu gün mənim həyatımda
heç bir işığı, mahiyyəti, rolu yoxdursa
heç xatırlamaq da istəmirəm. Artıq
mən o günə arxamı dönmüşəm. O
günlər indi mənim üçün çox uzaqda
qalıb. Hətta həmin günü
olmamış bir gün kimi hesab edirəm. Ola bilər ki, kiminsə həyatında toy
günü önəmli, unudulmaz gün olsun, amma mənim
üçün belə deyil. Tam əksidir.
- Ədəbiyyata münasibətiniz
maraqlıdır...
- İnsanlar ədəbiyyatı sevsələr, cinayət
etməzdilər. Ədəbiyyat mənim üçün
həyatdır. Mütaliə edəndə
xoşbəxt oluram. Amma bəzən
çox həssas oluram, onda kitab oxuya bilmirəm. Həyəcanlı olanda oxuduğum kitab, orda baş
verən əhvalatlar məni daha da həyəcanlandırır.
Həyatımda elə bir dönəm oldu ki,
xeyli vaxt kitab üzü açmadım. Ancaq
indi yavaş-yavaş yenidən mütaliəyə
başlamışam. Bu tək kitaba aid
deyil. Bəzən filmlərə baxanda da ən
həyəcanlı anlarda üzümü çevirirəm.
Filmdə baş verəcək əhvalatın,
hadisənin kulminasiyasına baxa bilmirəm. Onsuz da təbiət etibarı ilə həssas adamam,
belə situasiyalarda daha da həyəcanlanıram. Həm də bəzən heç kitaba da o qədər
ehtiyac olmur. Kamil adam olmaq başqa
şeydir. Adam var ki, qalın-qalın kitablar
oxuyur, amma kamil deyil.
- Seymur Baycanın əsərlərini,
köşələrini oxuduğunuzu demisiniz. Ondan başqa kimləri oxuyursunuz?
- Seymur Baycan başqa aləmdir. Onu hamıdan çox
sevirəm. Bu yaxınlarda bir
yazısını oxudum. Orda
yazmışdı ki, Taqor hiper hissiyyatlı
yazıçıdır. Mən də eyni
ilə bu sözləri Seymurun haqqında deyirəm. O,
tamam başqa cür yazıçıdır. Onun
romanlarının, hekayələrinin, köşələrinin
bəlkə də ən birinci oxucusu mən oluram. Bu yaxınlarda da "Talesiz" adlı bir
köşəsini oxudum. Çox xoşuma
gəldi. Bir də Əli Novruzov adlı
bir yazarın "Bayağılığın müdafiəsinə"
adlı köşəsini oxudum. Maraqlı
yazmışdı. Ümumiyyətlə,
bugünkü gənc yazarlar hissiyyatlıdırlar. Yazdıqları ilə ürəyə toxuna bilirlər.
dəbdə olmasına görə
yığılsın, onu dinləsin, amma dinlədiyini anlaya
bilmirsə, bu mənim nəyimə gərəkdir? Mən özüm Zəki Mürəni, Ququşu
böyük yanğı ilə dinləyirəm. Onların ifasına qulaq asa-asa həm də ləzzət
almağa çalışıram.
Həftə içi.-
2019.- 9-10 may.- S.8.