Mərkəzi Nəbatat Bağı
gül sərgisinə
hazırlaşır
Hər
il may ayının
10-da Ulu Öndərin doğum
günü ilə əlaqədar paytaxtda Gül bayramı təntənəli
şəkildə qeyd olunardı. Artıq
üç ildir ki, Gül bayramı aksiyalarla, ağac əkmək
kampaniyası ilə əvəz olunub.Hər il
olduğu kimi, bu il də Ulu
Öndərin doğum günü,
yəni 96 illik yubileyi
ilə əlaqədar ölkəmizdə keçirilən aksiyalar geniş vüsət
alıb.
Ayrı-ayrı
təşkilatlar, müəssisələr və qurumlar həmin
bu aksiyalarda yaxından iştirak edirlər. Bu dəfə yolumuzu AMEA Mərkəzi
Nəbatat Bağından saldıq. Bağda cərgə ilə
əkilmiş, öz ətiri və
gözəlliyi ilə seçilən müxtəlif gül sortları, nadir
bitkilər göz oxşayırdı.
Əvvəlki illərdən fərqli olaraq,
Mərkəzi Nəbatat bağında nəsli və kökü kəsilməkdə olan nadir bitkilərin qorunub saxlanılmasına və
artırılıb-çoxaldılmasına daha
çox diqqət yetirilir.
Mərkəzi Nəbatat Bağının məsul işçisi Yusif Zeynalov bildirdi ki, bağda bitkilərin və güllərin açıq satışı yoxdur. Onun sözlərinə görə, satışı təşkil edə bilməyiblər: “Bəzək və yerli ağacların sözügedən bağda 700-ə yaxın növü becərilir. Demək olar ki, bağda yetişdirilən bitkilərin 60 faizini yerli floradan olan bitkilər təşkil edir. Amma Milli Elmlər Akademiyasının göstərişi ilə Akademiyanın nəzdində fəaliyyət göstərən institutun, zavod və müəssisələrin həyətində yaşıllıq salmaq üçün ağac və kol bitkisi veririk. Hamısı da pulsuzdur. Bu il Rəsədxananın həyətində 1 500 ağac, Kimya İnstitutunun zavodunda isə 200-ə yaxın bəzək bitkisi əkmişik. Bu il Sərhəd Qoşunlarına 500 ağac hədiyyə etmişik. Biz yerli iqlimə uyğun olan bitkiləri seçib-artırmaqla yanaşı, onların yaşıllaşdırılma sahələrində əkilməsinə çalışırıq. Adamı ağrıdan odur ki, yaşıllaşdırma idarələri, həmçinin şirkətlər bəzək ağac və gülləri gedib xaricdən od qiymətinə alıb gətirirlər. Həmin bitkilər isə burada həm yerli mühitə uyğunlaşa bilmir, həm də özləri ilə bir çox xəstəlik və ziyanverici gətirirlər. Bu da yerli bitkilərə çox ziyan vurur və bununla mübarizə aparmaq çox çətinləşir. Gəlib bağdan pulla bitki alanların sayı çox azdır. Əgər bizdə ağac və güllərin satışı olarsa, əldə edilən gəlirin bir hissəsini bağın təmir işlərinə, qorunub saxlanmasına xərcləyərdik. Həm də az əməkhaqqı alan işçilərə mükafat şəklində verərdik”.
Yusif Zeynalov söylədi ki, Gül bayramı ilə bağlı bu il onlara sifariş verilməyib: ”Əgər qabaqcadan sifariş verilsəydi, həmin güllərin əkilib-becərilməsi üçün boş torpaq sahəsi ayrılardı. Ən azı, 10 minə qədər gül kolu yetişdirmək olardı. Buna baxmayaraq, hər il Fəxri Xiyabana bəzək bitkiləri, müxtəlif sort qızılgül kolları aparıb əkirik. Bu il Fəxri Xiyabanda 200-ə yaxın bəzək bitkisi əkilib. Gülçülüyün 5 min il tarixi var. Hələ o dövrdən güldən gülab hazırlanardı. Gülab ilk dəfə türk millətində, Azərbaycanda hazırlanıb. Sarı gülün çox gözəl ətri və görüntüsü var. Onun Vətəni Azərbaycan, Altay olub. Artıq həmin gül növü Avropada da yayılaraq bəzək bitkisi kimi çoxaldılır. Heç bir millətin tarixində qızılgül söhbəti olmayıb. Ancaq Azərbaycanda və Orta Asiyada təbii olaraq bitir. Türkiyədə Ağrı dağında da təbii sarı gül növünə rast gəldik”.
Çiçəkçilik Laboratoriyasının rəhbəri, biolofiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov dünyada 50 minə yaxın qızılgül sortunun olduğunu dedi. Onun sözlərinə görə, bu qədər qızılgül 29 qrup üzrə bölünüb: ”Mərkəzi Nəbatat Bağında 50 ilə yaxındır ki, “Roza”növünün elmi əsaslarla öyrənilməsi ilə əlaqədar qızılgüllərin intraduksiyası, seleksiyası və kolleksiya genofondunun yaradılması istiqamətində tədqiqat işləri aparılır. Hazırda Nəbatat Bağının qızılgül kolleksiyasında 575 qızılgül sortu toplanıb. Seleksiya və hibridləşdirmə yolu ilə 800-dən artıq hibrid forma əldə olunub. Onlardan 31 hibridin yeni sort olduğu müəyyən edilib. Bu sortlardan 3-ü Dövlət Sort Sınaq Komissiyasından keçib. 7 sort isə adıçəkilən quruma təqdim olunub. Ümumilikdə bağda 1300-dən çox qızılgül sortu var. Qeyd edim ki, Nəbatat Bağında toplanmış kolleksiya Qafqazda ən böyük kolleksiya hesab olunur”.
Bioloq-alim söylədi ki, Ulu Öndərin adı ilə bağlı yeni qızılgül sortu “Əsrin müqaviləsi” adlanır. Alimin sözlərinə görə, 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanan ərəfədə İngiltərənin kraliçası Heydər Əliyevin adına qızılgül sortu göndərmişdi: ”Biz də bu adı dəyişib, “Əsrin müqaviləsi” qoyduq. Heydər Əliyevin adına gül sortları var. Eləcə də akademik Zərifə Əliyevanın, akademik Cəlal Əliyevin, akademik Lütfizadənin adına gül sortları var. Hazırda 31 tarixi şəxsiyyətin və elm xadiminin, eləcə də tanınmış mədəniyyət işçilərinin adlarını əbədiləşdirən qızılgül sortları bağda becərilir. Təəssüflər olsun ki, Gül bayramına güllər xaricdən gətiririlir. Amma Nəbatat Bağında yetişdirilən güllər xarici güllərdən dəfələrlə üstündür. Çünki hər sortun özünün ölçüsü, biologiyası var. Gül həvəskarları gəlib güllərlə maraqlanır və bizdən gül sortları alıb aparırlar. Biz satış üçün qızılgülləri xüsusi qablarda əkib becəririk. Xatırladım ki, gül çox gəlir gətirən sahə olmaqla yanaşı, müalicə üçün çox əhəmiyyətli bitkidir. SSRİ dövründə Zaqatala rayonunda efir yağı qızılgül plantasiyası təsərrüfatı fəaliyyət göstərirdi. 1990-cı ildə həmin plantasiya təsərrüfatı öz fəaliyyətini dayandırdı. Artıq ölkə iqtisadiyyatını gücləndirmək üçün Zaqatalada efir yağı, qızılgül təsərrüfatı yaradılmağa başlanılıb. Hazırda 150 hektar sahədə efir yağı qızılgül becərilir. Mərkəzi Nəbatat bağında 3 ildir ki, gül sərgisi keçirilir. Sərgidə Akademiyanın əməkdaşları ilə yanaşı, çoxsaylı gül həvəskarı da iştirak edir. Bu il may ayının 25-də sərginin keçirilməsi nəzərdə tutulub. Sərgiyə Ulu Öndərin adını daşıyan güllər çıxarılacaq”.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 11-13
may.- S.5.