Ümummilli liderin əkdiyi ağac

görkəmi ilə müasir Azərbaycanı xatırladır

 

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasından 96 il ötür. Dahi şəxsiyyət kimi adını tarixə yazdıran Ümummilli lider, kiçikdən böyüyə - hamının qəlbini fəth etmişdir. Yenicə müstəqillik əldə etmiş, ancaq qürub etmiş bir ölkəni çiçəkləndirmək hər bir insanın edə biləcəyi deyildi. Lakin Heydər Əliyev əzmlə bunu bacardı.

 

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə çalışan bu şəxsiyyəti tarix heç zaman unutmayacaq. Onun təbiətə olan sevgisi, ağacəkmə tədbirlərində həvəslə iştirakı da hər kəsin yaddaşlarında silinməz izlər qoyub. İstər keçən əsrin 60-70-ci illərində, istərsə də 1993-2003-cü ilərdə onun paytaxt Bakının yaşıllaşdırma işinə xüsusi diqqəti sayəsində bu gün Bakı yaşıllıqların həcminə görə, paytaxtlar arasında öncül yerlərdən birini tutur. 

Akademik Zərifə Əliyeva Parkından keçərkən qarşımıza gözəl bir mənzərə açılır. Ağaclar içərisində bir ağac var və yanında qeyd edilib:

Bu ağacı Azərbaycan respublikasının prezidenti Zati-aliləri Heydər Əliyev əkmişdir.28 aprel 2000-ci il

Zərifə Əliyeva adına istirahət parkının sahəsi 6,2 ha, ətrafındakı zeytun bağlarının sahəsi isə 6,0 ha-dır. Parkın tikintisi 2000-ci ildə aparılıb, açılışında Ulu Öndər Heydər Əliyev iştirak edib.

Parkda Akademik Zərifə Əliyevanın abidəsi və onun ətrafında fəvvarə, həmçinin bir ədəd idman meydançası var.

İstirahət parkında Azərbaycanın müxtəlif iqlim qurşaqlarının faunasına aid 2000 ağac və 4000 yaşıl kol əkilib.

Parkda olarkən istirahət edən sakinlərlə də söhbətləşirik. 

"Mən hər səhər tezdən və axşamlar bu parka gəlirəm. Gördüyünüz yaşıllıqlara baxa-baxa zövq alırıq. İşə gedərkən yolumuzu mütləq bu parkdan salırıq. Axşamlar yenə də dincəlmək, yorğunluğumu çıxarmaq üçün bu parka üz tuturuq" - Adının Seymur olduğunu bildirən sakin deyir.

Onun sözlərinə görə, park yeni salınanda universitetdə təhsil alırdı. İndi isə artıq özünün universitetə imtahana hazırlasan övladı var:

"Bu ağaclar gözümüzün önündə boy atıb. Hər dəfə onlara baxdıqca Ümummilli liderimizi xatırlayır, körpə fidanların buraya ilk əkildiyi zamanlar gözümüzün önündə canlanır".

Fatma xanım isə əli ilə Heydər Əliyevin əkdiyi ağacı göstərərək deyir:

- Baxın, görün necə boy atıb, böyüyüb. Elə dövlətimiz kimi. O ağacı rəhmətlik Heydər Əliyev əkib. Bu gün nəvələrimlə burada istirahət edirəmsə, burada oynayan uşaqlarımızın üzündəki gülüşləri, sevinci Ümummilli liderə borcluyuq.   

Bəli, bu ağaca baxdıqca, gözümüzün önündə məhz Heydər Əliyevin əsəri olan müasir, müstəqil Azərbaycanımızın keçdiyi yol, boy atıb böyüməsi, ətrafına kölgə salan bir qüdrətə çevrilməsi canlanır.

Elə bu ağac kimi...

 

Ruzbeh Məmməd

 

Həftə içi.- 2019.- 11-13 may.- S.7.