Salman Qəmbərovun 60 illik yubileyi keçirilib
Rəşid Behbudov adına
Mahnı Teatrında görkəmli caz ustası, Xalq artisti Salman Qəmbərovun 60 illik yubileyi qeyd edilib.Tədbirdə
Salman Qəmbərovun
ömür yolundan və yaradıcılıq
axtarışlarından geniş söhbət
açılıb.
Çıxışlarda Salman Qəmbərovun dəstxətinə fikir verilərək
xüsusi məqamlar qabardılıb. Bildirilib ki, ötən
əsrin 60-cı illərində Azərbaycan caz
pianoçuluğunda Vaqif Mustafazadə, Rafiq Babayev
yaradıcılığı qabarıq idi. Vaqif Mustafazadənin ölümündən sonra bir
neçə caz festivalı keçirilib. Ancaq
90-cı illərdə bu sahədə bir qədər
boşluq yaranıb. Gənc musiqiçilərlə
yaşlı nəsil arasında körpü yox idi. Sonradan bu körpü Salman Qəmbərovun
timsalında yaranıb. Qeyd edilib ki, Salman Qəmbərov
caza çox gec, 36 yaşında gəlib. Bu,
onun tərəfindən çox cəsarətli bir addım
idi. O, hər şeyə sıfırdan başlamalı
olub. Bu, gec gəlmək, güc gəlmək məsələsi
idi. Salman Qəmbərov 90-cı illərdə Azərbaycanda
caz hərəkatını inkişaf etdirib və həmin az saylı caz musiqiçilərdəndir ki, bu
gün Azərbaycan cazını dünya səviyyəsində
təbliğ edir. Salman Qəmbərov həm də
onunla yadda qalıb ki, o, Vaqif Mustafazadənin, Rafiq Babayevin təsiri
altına düşməyib, öz dəstxətini yarada bilib.
Bütün iştirakçılara minnətdarlığını
bildirən Salman Qəmbərov bildirib ki,
dostları tərəfindən belə bir yubileyin keçirilməsi
onun üçün çox gözlənilməz olub.
Sonra konsert proqramı təqdim edilib. Gecədə “Cəngi”
estrada folklor ansamblı ilə yanaşı, səhnədə
Tofiq Cabbarov, pianoda Elbəy Məmmədzadə, sintezatorda
Afşin Əlizadə, nəfəs alətində Firudin Həmidov
və digər musiqiçilər biri-birindən gözəl
kompozisiyalar təqdim ediblər.
Həftə içi.- 2019.-
15 may.- S.8.