“Kolleksiyamda Antraktidadan başqa bütün
qitələrdəki dövlətlərin
pulları var”
O, 12-13 yaşlarından pul
kolleksiyası toplayır. Dediyinə görə,
kolleksiyasında hazırda 80-dən çox
ölkənin keçmiş və indiki dönəmlərinə aid
pul nominalları var. Həm
dəmir, həm də kağız pulları toplayır. Budəfəki
müsahibimiz Şəmkirin
Ağlavaşlı kəndində yaşayan
Emil Aslanovdur. Kolleksiyaçı
Emil Aslanov hafta.az-a müsahibəsində
kolleksiyaçılığa başladığı dönəmlərdən
üzübəri başına gələn maraqlı hadisələri
danışıb. Monitora yaxın əyləşin
ki, maraqlı söhbətimizdən həzz
ala biləsiniz.
- Emil
bəy, necə oldu ki,
kolleksiyaçılığa başladınız?
- 12-13 yaşım var idi. Novruz bayramı ərəfəsi idi. Bekar idim, məşğul olmağa bir şey axtarırdım. Evdəki köhnə sandıqların, çemodanların içərisinə baxdım ki, bəlkə köhnə dövrə aid nə isə var. Elə uşaqlıqdan “nikolaydanqalma” əşyalara, pullara maraqlı idim. Sandığı açıb baxanda gördüm ki, içəridə 10-15 dənə “palazqulaq” pullar var. Hətta sovet dövrünün pulları da gözümə sataşdı. Maraqlı gəldi. Üzərində “1898”, “1909”, “1918”, “1919” kimi illər həkk olunmuşdu. Babamın pulları idi. Gəncliyində qarşısına çıxdıqca saxlayırmış. Amma kolleksiyaçı olmayıb. Bu pulları götürdüm. Təxminən 20-25 numinal idi. O vaxtdan toplamağa başladım.
- Bəs
kolleksiyanızı genişləndirməkdə kimlər dəstək
oldu?
- Dostlarım, tələbə yoldaşlarım. Qədim pullar yığdığımı görəndə gətirib verirdilər. Hətta bir dəfə Gəncədəki dostlarımdan biri mənə iki-üç dondurma qarşılığında yaxşı qədim pullar gətirə biləcəyini söylədi. İkiəlli razılaşdım. Hazırlıq dönəmləri idi. Universitetə hazırlaşırdım. Günlərin bir günü məni həyətə çağırdı. Baxdım ki, MDB dövlətlərinin müstəqilliklərinin ilk illərinə aid pullardır. Özü də saz vəziyyətdə. 5 manat verdim ki, gedib ürəyi istəyən dondurmaları alsın. Üç-dörd dəfə mənə yaxşı pullar gətirdi. Sonradan bildim ki, bunun da atası illərin kolleksiyaçısı imiş. Atasından xəbərsiz pulları mənə gətirirmiş (gülür).
- Təxminən
neçə ölkənin pullarını toplaya
bilmisiniz?
- Təxminən 82-83 ölkənin pulu var məndə. 50-dən çox ölkənin həm kağız, həm də dəmir pulları mövcuddur. 40-ya yaxın ölkənin isə ya kağız, ya da dəmir pulları var. Adlarını eşitmədiyim ölkələrin pullarını belə əldə etmişəm. Elektron vasitələrlə əldə etdiklərim də olur, şəxsən əldə etdiklərim də. Bir kolleksiyaçı var idi. Ancaq yeni çıxan və kağız olmayan əskinsaları yığıdığı üçün köhnələrini satırdı. Köhnə deyəndə ki, əvvəlkiləri… Amma saz vəziyyətdə idi. Birini 50 qəpikdən, 1 manatdan almağa başladım.
-Daha
çox hansı ölkələrin və
ya dövrlərin pulları var?
- Çar Rusiyasının və 1918-20-ci illərdəki keçmiş Çar Rusiyası ərazilərindəki şəhər dövlətlərinin “uprava”ları. Təxminən 100-150 ədəddir. Xarab olmasın deyə albomlara yığmışam. Yaxşı vəziyyətdə olanı da var, ortabab durumda olanı da. Amma bu pulları toplamaqdan aldığım həzzi heç nədən almıram. Yorulanda gəlib bunları vərəqləyirəm. Həzz alıram. Bu pullar vasitəsi ilə həzz aldığım qədər də bilgilər toplayıram. Tarixi bilgilərə, dövlətlərinə, onların pul vahidlərinə marağım böyükdür.
- Kolleksiyanda
ən qədim pulun neçə
yaşı var?
- Çar Rusiyasının
dəmir və kağız pullarıdır. Onların birinin
128, digərinin 127 yaşı
var. Çar dövrünün
“palazqulaq”ları İran
pullarına baxanda daha keyfiyyətlidir.
- Nə vaxtsa yüksək məbləğ qarşılığında
kolleksiyanı satmaq qərarına gəlibsinizmi?
- Qətiyyən, çünki
onlarla nəfəs alıram. 17 ilimi
sərf etmişəm
kolleksiyanın bu günə gəlib çıxmasına. İki min, üç
min dollar pul təklif edənlər də var. Özümün də maddi sıxıntılarım
çox olur. Çünki heç yerdə
işləmirəm. Amma kolleksiyanı
da satmaq ağlımdan keçməyib.
Sadəcə olaraq, yüksək
məbləğ təklif
edəndə fərəhlənirəm.
Bu mənə çox xoş təsir bağışlayır,
ləzzət alıram.
Pullara olan həvəsim məni təhrik etdi ki, sənədlərimi
Maliyyə və kredit ixtisası üzrə təhsil alım. Yəni, pullara olan sevgim ixtisasımı da müəyyənləşdirdi.
-Adlarını bilmədiyimiz
hansı ölkələrin
pulları var?
-(Gülür). Adlarını bilmədiyimiz deyəndə
ki, bir çoxları
o ölkələri tanımır.
Bizə uzaq dövlətlərdir.
Mikroneziya, Seyşel adaları, Cibuti, Butan və s. Kolleksiyamda Antraktidadan başqa bütün qitələrdəki dövlətlərin
pulları var. Kanadanın,
Meksikanın, Vyetnamın,
İngiltərənin, Fransanın
avrodan əvvəlki pulları, Avstraliya dolları, Hitler dönəmindəki
Almaniyanın monetləri…
Tərifləmək kimi olmasın,
kolleksiyam zəngindir.
-Bəs bu kolleksiyanı ərsəyə gətirmək
üçün nə
qədər pul xərcləmisiniz?
-Yalan deyə bilmərəm. Dəqiq rəqəm deməyə
qorxuram. Amma 5 min
manatdan az
xərcləməmişəm.
- Emil bəy, bəs bundan başqa hobbiniz də var?
-
1929-1940-cı illəri əhatə
edən latın
qrafikalı əlifba ilə çap olunan kitabları toplayıram. Təzə başlamışam bu işə. Hələlik, 6 kitabım var. Sağlıq
olsun, 100-ə çatdırım,
o barədə də söhbət edərik (gülür). Mənim üçün
əsas pul kolleksiyasıdır. Əsas məqsədim
dünyada nə qədər müstəqil
ölkə varsa, hamısının pul vahidini əldə etməkdi.
Tural Turan
Həftə içi.- 2019.- 17 may.-
S.6.