DOST mərkəzində bir gün

 

Bu gün yolumuzu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən saldıq. Yəni, artıq bir çoxlarımızın DOST mərkəzi kimi tanıdığımız məkandan. DOST mərkəzindəki bir günü hafta.az-ın obyektivindən oxucularımıza çatdırmağı düşündük.

 

Bizi DOST-un mətbuat katibi Şahin Əliyev qarşıladı. İlk olaraq yeni yaradılmış bu qurum barədə ətraflı məlumat verdi. Bildirdi ki, gün ərzində 350-400 nəfər DOST-a müraciət edir. Müraciətlər əsasən sosial müavinətlərlə bağlıdır: “Pensiyalarla bağlı müraciət edənlərin sayı da çoxluq təşkil edir. Əlilliyə görə də müraciətlər çox olur. Veteran puluna görə müraciət edənlərin sayı da kifayət qədərdir”.

Giriş qapısı önündə gələnləri qarşılayan könüllülərə yaxınlaşırıq. Gültəm xanımla həmsöhbət oluruq:

-Gültəm xanım, olurmu ki göstərdiyiniz xidmətdən narazı qalsınlar?

-Əlbəttə. Hamını razı salmaq mümkün deyil (gülür). Amma razı qalanların sayı narazılardan qat-qat çoxdur.

Qurumun sözçüsü Şahin Əliyevlə söhbətləşə-söhbətləşə müraciət pəncərələrinin önündən keçirik. Şahin müəllim deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumlarının, strukturlarının göstərdiyi xidmətlər – məşğulluq, pensiya, əlillik, əmək münasibətləri ilə bağlı məsələlər üzrə xidmətlərin hamısı bir məkanda - DOST Mərkəzində göstərilir. Yəni, bundan sonra ayrı-ayrı idarələrə getmək lazım gəlməyəcək:

-Bunların hamısı bir mərkəzdədir. Buradadır. Burada müraciətlərə daha sivil formada baxılır. Müraciət edənlər yaxınlaşır. Buradan nömrə götürürlər. Sıraya dururlar. Könüllülər onlara yaxınlaşır. Nə üçün müraciət etdiklərini soruşur. İstiqamətləndirirlər. Məsələn, pensiya məsələsi ilə bağlı müraciət edən vətəndaşı müvafiq istiqamətə yönəldirlər. Yəni, şəxs qapı-qapı düşüb müraciət edəcəyi ünvanı axtarmır. Müraciət edən müvafiq xidmətlə bağlı düyməni basır. Hansı pəncərəyə yaxınlaşmalıdırsa, o qeyd olunur. Növbə nömrəsi çıxır. Oturub gözləyir, monitorda adı çıxanda müvafiq pəncərəyə yaxınlaşır.

- ASAN xidmət modelinə çox bənzəyir...

-Bəli, bir sözlə, DOST xidməti sosial xidmətlərin ASAN modelidir. Müraciət edən şəxs yaxınlaşır, öz problemini deyir. Hansısa sənədləşmə prosesi olmalıdırsa, onların sənədləri qəbul edilir. Bundan sonra həmin sənədlər nazirliyin müvafiq strukturuna göndərilir, və yaxud hər hansı bir informasiya lazımdırsa, şəxsə həmin informasiya verilir, vəssalam.

 

Əməkdaşlara xüsusi təlim keçirilib...

 

DOST Mərkəzində çalışan əməkdaşlarla ünsiyyətimizdən məlum olur ki, onlar buraya işə qəbul edilməmişdən əvvəl müsahibə mərhələsini keçiblər. Hətta onlara xüsusi təlimlər də keçirilib. Faktı Şahin Əliyev də təsdiqləyir: “Burada bizim əməkdaşlara xüsusi təlim keçirilib. Həmçinin onlar psixoloji təlimlər də görüblər. İnsanlarla necə davranmaq lazımdır, müraciət edən şəxslərlə nəzakət qaydaları, davranış prinsipləri üzrə maarifləndirmə işləri aparılıb. Bura gələn insanlar həssas insanlardır. Onlarla məxsusi davranış forması olmalıdır. Hətta ola bilər ki, mərkəzə aqressiv insanlar da gələ bilər. Əməkdaşlarımız onlarla söhbət edərək prosedurları rahat şəkildə başa salırlar. Razı getmələri üçün əllərindən gələni edirlər. Məsələn, filan sənədlər lazımdır. Gətirin, problem yoxdur, hər şeyi həll edəcəyik –deyirlər. İndiyə qədər burada aqressiv davranış müşahidə etməmişəm”.

Onu da qeyd edək ki, buradakı mühit, içərinin ab-havası, aurası, əməkdaşların üzərindəki təbəssüm mərkəzə aqressiv şəkildə daxil olan şəxslərin könüllülərə, işçilərə qarşı münasibətinin dəyişməsinə səbəb olur. Müraciət edənlər xoş davranışı görüb, onlar da qarşılıq olaraq yaxşı reaksiya verirlər.

Üstəlik, bizə bildirilir ki, göstərilən xidmətin analizi ilə bağlı daimi monitorinq həyata keçirilir. Eyni zamanda, gələnlərin statistikası da aparılır. Bundan sonra hər ayın sonunda statistik göstəricilər ictimaiyyətə təqdim olunacaq. Hələlik təxmini deyə bilərik ki, gün ərzində 350-400 nəfər təşrif buyurur. Daha doğrusu, bunu biz yox, monitorinqi aparan şəxslərdən eşidirik.

Mərkəzin başqa bir əməkdaşı ilə söhbətləşirik. Bildirir ki, onlar yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki strukturlarla işləyirlər: “DSMF, əmək müfəttişliyi, məşğulluq, əlilliyin ekspertizası ilə məşğul olan müvafiq qurumlarla əməkdaşlıq edirik”.

 

DOST radio açıla bilərmi?

 

Xatirinizdədirsə, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanmışdı. Memorandum, bir sıra sahələrdəki əməkdaşlıqla yanaşı, eyni zamanda, sağlamlıq imkanları məhdud gənclərin əməyinin maddi və mənəvi stimullaşdırılması üçün könüllülük fəaliyyətinə cəlb olunması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq mövzularda təbliğat-maarifləndirmə məqsədilə “ASAN” radionun imkanlarından istifadə edilməsi və s. üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Elə məsələnin son aşamasından yola çıxaraq DOST-un sözçüsü Şahin Əliyevə gələcəkdə DOST radionun açıla ehtimalı barədə soruşduq. Qurumun mətbuat katibi bildirdi ki, DOST Mərkəzi ilə bağlı planlar çoxdur: “Rəsmi olaraq bu barədə açıqlama vermək istəmirəm. Amma gələcəkdə DOST radionun açılması müzakirə mövzusudur. Mənə elə gəlir ki, indi bu barədə danışmaq tezdir”.

 

Mərkəzdə neçə könüllü fəaliyyət göstərir?

 

Hal–hazırda burada 50 könüllü var. Gördüyünüz iki qadın təqaüd yaşında olan könüllülərimizdir – deyə, Şahin müəllim giriş qapısı önündəki gülərüzlü personala işarə edir və əlavə edir: “Nəzərdə tutulub ki, gələcəkdə könüllülərin sayı tədricən artırılsın. Orta hesabla hər mərkəzdə 50-60 könüllü olmalıdır. A kateqoriyalı mərkəzlərdə xidmət göstərən işçilərin sayı təxminən 100 nəfər olacaq. Ola bilər ki, bəzilərində fərqli olsun, çünki kateqoriya fərqi var. Yəni, kateqoriyası az –b, c, d olan mərkəzlərdə işçi sayı bir qədər az olacaq”.

 

Qarşıdakı planlar nədir?

 

Öyrənirik ki, gələcəkdə burada mərkəzləşdirilmiş informasiya bazası olacaq. Hələlik bunun üzərində iş gedir. Bu bazada insanların sosial vəziyyəti ilə bağlı informasiyalar yerləşdiriləcək.

Hətta vətəndaşın gəliri, sosial vəziyyəti ilə bağlı məlumatlar burada yer alacaq. Bundan sonra sistem özü avtomatik olaraq müəyyənləşdirəcək ki, filankəsin gəliri minimum ehtiyacdan aşağıdır. Şahin Əliyev gələcəkdəki prosedur barədə daha anlaşılan dillə bizə informasiya çatdırır: “Deməli, bu insana sosial yardım düşür. Həmin şəxsə sms, telefon vasitəsi ilə bağlı təklif göndərəcəyik ki, sizin sosial vəziyyətiniz sizə ünvanlı sosial yardım almaq hüququ verir. Həmin şəxsin müvafiq mərkəzə yaxınlaşması tövsiyyə olunacaq. Artıq belə bir sistem üzərində iş gedir. Digər tərəfdən, əlillik, məşğulluqla bağlı problemi olan insanlar da gələcəkdə bu xidmətdən istifadə edə biləcəklər. Təbii ki, bu çox böyük işdir. Əmək pensiyası ilə bağlı bu sistem artıq tətbiq olunub. Buna uzun müddət hazırlıq gedib. Bu sistem tətbiq olunandan sonra hansısa mərkəzə üz tutmağa, növbə gözləməyə ehtiyac qalmayacaq”.

 

Bəs vətəndaşlar xidmətdən razıdırmı?

 

Zəka adlı DOST könüllüsü ilə söhbətləşirik. Bildirir ki, hər bir müraciət edən şəxsdən sorğu götürülür. Xidmətdən razı qalıb-qalmadıqlarını soruşulur: “Çoxlarının ortaq fikri budur, deyirlər ki, xidmətdən razıyam amma işim alınmadı. Yəni, bəzən sənədləri düzgün gətirmədikləri üçün işləri düzgün alınmır. Məsələn, birinci qrup əlillərə prezident təqaüdü təyin olunubsa, ikinci qrup əlillər də yaxınlaşır. Elə bilirlər ki, onlar da təqaüd alanlar arasındadırlar. Müraciət edənlərin bəziləri başa düşür ki, təqaüdə düşmürlər. Bəziləri isə başa düşmək istəmirlər. Elə bilirlər ki, təqaüd düşür, biz vermirik”.

Həmsöhbətimiz deyir ki, aqressiv şəkildə mərkəzə yaxınlaşan müraciət edənlər də var. Demək olar ki, bu qəbildən insanlar hər gün olur: “Biz burada Yasamal və Sabael rayonuna xidmət göstəririk. Vətəndaş isə yalnız iki rayonun sakinlərinə xidmət göstərdiyimizi bilmir. Məsələn, Qaradağ rayonunda qeydiyyatda olan bir şəxs yaxınlaşır. Bizim həmin şəxsə xidmət göstərə bilməyəcəyimizi deyəndə qayıdır ki, yalan deyirsiniz”.

Mərkəzə gələnlərə, müraciət edənlərə yaxınlaşırıq. Göstərilən xidmətdən razı qalıb-qalmadıqlarını soruşuruq. Cavabların nöqtə-vergülünə toxunmadan təqdim edirik:

-Xidmətdən çox razıyam. Məlumat öyrənmək üçün gəlmişdim. Pensiya ilə əlaqədar sənədlər barəsində məlumat alırdım. İndi gedib sənədlərimi yığacağam.

-Xidmət yaxşıdır. Xoş rəftar var. Əvvəl bir işin düzəlməyi üçün min qapı döyürdün, indi yalnız buraya gəlmək bəs edir.

-Razıyam, oğlum. Növbə götürürsən, sıraya durursan. Növbən çatanda da yaxınlaşırsan.

-Əlilliklə bağlı müraciət edirəm. Bir neçə gündür ki, gəlirəm. Sənədləri toplayıram. Razıyam, nə lazımdırsa, soruşuram. Səbrlə cavab verirlər. Sağ olsunlar. Belə bir mərkəzin yaradılması yaxşı oldu. İşi düşənlərin işləri azaldı. Vaxt itkisi olmur. Əsas olan da budur.

Bu arada, onu da qeyd edək ki, ilin sonuna qədər Bakıda daha 4 DOST mərkəzi açılacaq. Regionlarda isə 2020-ci ildən başlayaraq, mərkəzlər fəaliyyət göstərməyə başlayacaq. Əyalət sakinləri ilk olaraq iri şəhərlərdə mərkəzin xidmətlərindən yararlana biləcəklər. 2025-ci ilə qədər isə 31 mərkəzin açılması nəzərdə tutulur.

 

Tural Turan

 

Həftə içi.- 2019.- 25-27 may.-S.3.