Gəlib çatdın əlliyə sən

 

Aylar, illər gəlib keçdi,

Gəlib çatdın əlliyə sən.

Ahıl çağın da yetişdi,

Gəlib çatdın əlliyə sən.

 

Saf niyyətllər əməlində,

Dost sevgisi ürəyində.

Vətən yükü kürəyində

Gəlib çatdın əlliyə sən.

 

Gözlərində nisgil, bu qəm,

Sinəmizə dağlar çəkən.

Demə qardaş vətənsizəm,

Gəlib çatdın əlliyə sən.

 

Sözün ağır, özün batman,

Çarpışırsan bu həyatnan.

Fəxr edirsən dostlarınan,

Gəlib çatdın əlliyə sən.

 

Göydə sözü tez alırsan,

Zarafatından qalmırsan.

Andın təmiz, qəlbin cavan

Gəlib çatdın əlliyə sən.

 

Çevrəndədir saf insanlar,

Hər birisi igid onlar.

Mənalıdır keçən anlar,

Gəlib çatdın əlliyə sən.

 

Məclislərdə yerin başda,

Fəxarətin dost-tanış da.

Gül-çiçəkli bahar, yazda

Gəlib çatdın əlliyə sən.

 

Oğul-qız toyu görəsən,

Sevinəsən, sən güləsən.

Yaş üstünə yaş gələsən,

Gəlib çatdın əlliyə sən.

 

Dosta arxa dostdur gərək,

Hər vaxt versin ürək-dirək.

Ceyhun, ad günün mübarək,

Gəlib çatdın əlliyə sən.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 30 may.- S.8.