Qarmonçalan
Gülağanın ağrısı
Axşam düşüb.
Şər qaralır. Saat 9-a qalır. Səməd
Vurğun bağında uşaqların səsi,
böyüklərin söhbətləri, ağsaqqalların
mübahisələri qulaqlarımda bir-birinə
qarışıb. Birdən bağın ayaq
tərəfindən xaric bir
səs eşidilir. Tanış
melodiyadır. Qarmon səsidir. Musiqinin “ad-soyadını” xatırlamağa
çalışıram. Hə, tapdım... “Əziz dostum məndən küsüb
incidi...”.
Qulaqlarımdakı qarışıq səslərdən bezib həmin melodiyaya doğru addımlayıram. Fontanın şırıltısı isə həmin ritmdə “ayaq verir”. Yaşlı, saçının ortası keçəlləmiş bir kişi başını qarmona söykəyib. Öz aləmindədir. Şirin barmaqları var. Qarmona “dil dedirdir”. Yandırır, ağladır...
“Bu yaşda məni toylara kim aparar?!.”
Qarmonçu Gülağa ifasını
bitirən kimi söhbətə tuturam. Oturduğu skamyada
qarmonun qutusunu açıb. İçərisində iki-üç manatlıq kağız, bir o qədər də dəmir pul var. Deyir ki, axşamlar
Səməd Vurğun
bağına çörəkpuluna
çıxır. On beş il bundan əvvəl bu sənətdən uzaqlaşsa da, yenidən “küçə
bazarı”na qayıtmağa
məcbur olub: “Yaşım 60-ı keçib.
15 il bundan
əvvələ qədər
toylara getmişəm.
Bakılıyam. Bakı toylarının çoxunda
bu qarmonu döşümə basıb
evimə çörəkpulu
aparmışam. Sonra toyların
daşını atdım.
Ticarətə keçdim. Ticarətdən də pul çıxmayınca küçələrdə,
parklarda ifa etməyə başladım.
Bu yaşda məni toylara kim aparar?!. Yaşım keçib. Gənclər məni tanımır.
Müştərilərimi də itirmişəm.
Üstəlik, qarmonun təmirinə
xeyli pul lazımdır. Bu qarmonla ancaq parkda ifa etmək
mümkündür. Günə beş-altı
manat qazanmaq olur. Ən çox qazananda
10-12 manatı keçmir”.
“Burada “alkaş”lar üçün
çalıram...”
Parkın
plafonlarının sarı
işığında qısa
segah parçaları
ifa edən Gülağa kişi
söhbət etməyə
meylli deyil. Müştəriləri məmnun edib
evə çörəkpulu
aparmağının dərdinə
düşüb. Ara-sıra qonşu
skamyalarda Gülağanın
yanıqlı segahlarına
qulaq kəsilən yaşlı qadınlar 20,
30, 50-60 qarmonun qabına
qəpik pul atır. Yolu buradan düşən,
üst-başı, geyimi
o qədər də səliqəli olmayan fəhlə görünüşlü,
üzü tüklü
kişilər də əlikəsiklik etmirlər.
1 manat atırlar.
Amma diqqətimi bir məqam da çəkir.
Parka gəzməyə çıxan səliqəli
geyimli nisbətən gənc cütlüklər
yaşlı, qaş-qabaqlı
kişinin ifalarına
ağız büzüb
keçirlər. Gülağa
kişi də bunları göz altından süzür.
Birdən
hündürboy, üzü
tüklü orta yaşlı bir kişi yaxınlaşır.
Əlində də pivə
bultulkası. Bir
az aralıda
“Əli, bəri gəl” –deyən yoldaşlarının çağırışına
məhəl qoymur. Döş cibindən əzilmiş bir manat çıxarır:
-Usta, bir “Naxçıvan”
havası!
Gülağa kişi qarmona sarılır.
Bir dəqiqə keçməmiş
hündür boy, ayaq üstə səndələyən
bu adam
əli ilə ifanı saxlamasını tələb edir. Özü də bir az əsəbi halda:
-“Heyvagülü”! (Sonra əvvəlki ifasına təşəkkür
əlaməti olaraq marçıltı ilə
Gülağanın üzündən
öpür.)
Gülağa kişi üzünü turşudur.
Bir az
əsəbi halda “Heyvagülü”nə güllər
vurmağa başlayır.
Oynaq ritmlərdə də yanğı duyuram.
İçkili adam yenə də əmiranə şəkildə
bayaq verdiyi manatın üçüncü
sifarişini verir:
-Bi dənə də “Ata” segahı!
Gülağa kişi lap hövsələdən çıxır.
Səs tonunu qaldırır:
-Alə, bir manat
vermisən, sabaha kimi “zakazunu” eşitceyüy?
Gülmək məni tutur. İçkili
adam susur.
Əlindəki butulkanı Gülağa
kişidən küsdüyünü
göstərmək üçün
bağdakı ağacların
dibinə atır.
Gülağa kişi başını
bulayıb bir segah dilləndirir. Hündürboylu adam
“ata-ata” deyib ağlamağa başlayır.
“Məni “moyşik”
yaradıb Allah umuduna qoyan dədəm” – deyib səndələyə-səndələyə
oradan uzaqlaşır.
Gülağa kişi deyir, bir neçə
gündür ki, bu bağa gəlir.
Əvvəllər başqa parklara
çıxırmış. Amma buranın da “ölü” yer olduğunu vurğulayır: “Burada ancaq “alkaş”lar üçün çalıram.
Bir manata beş mahnı
“zakaz” verirlər. Elə bilirlər ki, mahnının biri 20 qəpikdir. Bura kasıb bağdır.
Həmişə belə olub.
Fəhlələrin, rayon adamlarının, kasıb-kusubun bağıdır.
Onlarda da pul nə
gəzir?! Amma elə
ən əliaçıqlar
da kasıblardır.
Allah bərəkət versin. İki-üç belə “alkaş”
müştərim var. Yenə
bu yaxşıdı.
Hələ biri var, beş
dəqiqədən bir
gəlib 10 qəpik verir, “Baş sarıtel” sifariş verir. Bir dəqiqə qulaq
asıb, gedir. Axırda dünən qovdum”.
“Polislər şərait
yaradır ki, çörəkpulu qazanım...”
Gülağa kişi deyir ki, axşam
üstü saat 7-8 arası bağa gəlir. 10-11 arası
da qarmonu qutusuna yerləşdirib çıxıb gedir.
Başqa
yerlərdə də ifa edib. Amma tez-tez yer
dəyişməyə məcbur
qalıb: “Bura yaxın qalıram, urus məhəlləsində.
Əvvəllər “Tarqovı”da da
çalırdım. İki gün
getdim. Buradan qovurdular, o biri
tərəfdən çıxırdım.
Axırda dedilər ki,
burada “tas” gecəsi 20 manatdır.
Ver, çal. Məndə də hardadı
o qədər pul.
Qarmona pul atan yoxdur.
Amma qaraçı uşaqlarının
kapron tütəyinə
sarı beşlik də atırlar. Heç yerdə imkan vermirlər. Axırda Səməd
Vurğun bağına
gəldim. Buradakı polislər
şərait yaradır
ki, çörəkpulu
qazanım. Hamısı tanışlardı. Dəyib-dolaşan yoxdu. Bircə “alkaş”ların əlindən bezmişəm.
Amma nə edək, çörəkpuluna
görə dözürəm...”.
Cibimdən 30 qəpik çıxarıb
qutuya atıram:
-Ağsaqqal, bir parça “Qarabağ şikəstəsi” çal.
Mən getdim.
-Götür qəpiklərini,
onu pulsuz da çalaram...
Tural Turan
Həftə içi.- 2019.- 30 may.-
S.8.