75 ölkənin mətbuatını
izləyən, 15 dildən tərcümə edilən sayt…
Azərbaycanda unikal bir internet resursu fəaliyyət
göstərir. Bu saytda dünyanın 75-dən artıq
ölkəsinin mətbuatı izlənilir, ölkəmizlə
bağlı məqalələr, təhlil yazıları,
reportajlar olduğu kimi Azərbaycan dilinə tərcümə
edilərək yayımlanır. Söhbət
hələ çoxlarımızın
tanımadığı, amma 15 dildən tərcümələr
edilən, çox ciddi bir işə imza qoyan WorldMedia.Az
saytından gedir.
Bu gün
saytın yaranmasından 4 il keçir.
“WorldMedia”nın qurucusu və baş
redaktoru Cahangir Həsənli ilə saytın fəaliyyəti
barəsində həmsöhbət olduq. Həmin müsahibəni
təqdim edirik:
- Cahangir
bəy, WorldMedia.Az Azərbaycanda olan çox unikal layihələrdəndir.
Bu ideya necə yarandı, nə zamandan
formalaşmağa başladı?
– İdeya xaricdə ölkəmizlə bağlı dərc
olunan materialların Azərbaycanın informasiya məkanında
yayılmasının təhlilindən doğdu. Bu materialların yalnız
neqativ tonda olması bizə qəribə gəlirdi – sanki
dünya mətbuatında Azərbaycanla bağlı yalnız
problemlər, çatışmazlıqlar, nöqsanlar
qabardılır, tənqid və iradlar səslənir və s.
Belə təsəvvür yaranırdı ki, kimlərsə məqsədli
şəkildə xarici KİV-də Azərbaycanla
bağlı yalnız neqativ yazılar axtarır və
onları saytlar, ardınca da sosial media vasitəsi ilə
tirajlayır. Sanki belə fikir yaratmağa
çalışırlar ki, dünya mətbuatı Azərbaycanı
yalnız belə görür. Lakin
apardığımız qısa monitorinq göstərdi ki, vəziyyət
heç də təqdim olunduğu kimi dramatik deyil, Azərbaycanla
bağlı müsbət, neytral, obyektiv yazılar qərəzli
və neqativ materiallardan qat-qat çoxdur. Amma
onları tapan, tərcümə edən, azərbaycanlı
oxucuya çatdıran yoxdur. WorldMedia.Az
saytının yaranması ideyası elə buradan
qaynaqlandı. Düşündük ki,
informasiya məkanını cəmiyyətə natamamlıq
kompleksi aşılamağa, xarici KİV-in gözündə
yalnız tənqid obyekti olduğumuz haqda rəy
formalaşdırmağa çalışanların
ixtiyarına vermək olmaz, yerli mətbuatda haqqımızda
yazılan yüzlərlə pozitiv məqalələri də
işıqlandırmaq lazımdır. Beləcə,
dünyanın müxtəlif dillərində Azərbaycan
haqda dərc olunan məqalələri taparaq, tərcümə
etməyə başladıq. Nəticədə
bu gün WordlMedia.Az saytına daxil olsanız dünya mətbuatında
Azərbaycanın nailiyyətləri, geosiyasi rolu, iqtisadi
inkişafı, turizm potensialı, idmanda, mədəniyyətdə
əldə etdiyi uğurları haqda dərc olunmuş kifayət
qədər məqaləyə rast gələ bilərsiniz.
- Təxminən,
neçə dildən tərcümə edirsiniz?
–
Dünyanın 75-dən artıq ölkəsinin mətbuatını
izləyirik. 15-dən artıq dildən tərcümələr
edirik. Ümumiyyətlə, 4 il ərzində
təxminən 2000 material tərcümə etmişik.
- Bura xəbərlər
də daxildir?
– Xeyr, xəbər
saytı formatında olmadığımıza görə
yalnız məqalələr, geniş reportajlar, təhlillər,
müsahibələri tərcümə edirik. Yeri
gəlmişkən, biz ölkədə yeganə resursuq ki,
xarici mətbuatın Azərbaycan haqda yazdığı
materialların tam mətnini oxucuya çatdırırıq.
Yəni söhbət onun qısa xəbər
formasından yox, yazının tamamından gedir. Eyni
zamanda, məqalə tərcümə ilə yanaşı,
orijinal dildə də təqdim olunur ki, oxucu istədikdə
ilk mənbə ilə də tanış
olsun.
- Sizin
üçün yəqin, ən çətin məsələ
peşəkar tərcüməçilər tapmaqdır. Əsasən hansı dillərdən olunan tərcümələrə
üstünlük verirsiniz?
– Azərbaycanla
bağlı yazıların böyük əksəriyyəti
Avropa, Rusiya və Türkiyə mətbuatında olur. Odur ki, daha çox ingilis, rus və türk dillərindən
tərcümə edirik. Amma eyni zamanda,
yapon, çin dili kimi ekzotik dillərdən də tərcümələrimiz
olur. Əlbəttə ki, Ermənistan mətbuatı
daim diqqətimizdədir, erməni dilindəki məqalələri
də tərcümələr edirik.
Redaksiya heyətinə gəlincə, türk, rus və
ingilis dilindən tərcüməçilər ştatlı
işçilərimizdir. Digər dillərdən
tərcüməçilərlə kənardan əməkdaşlıq
edirik.
- Yəqin,
dildən asılı olaraq tərcümə üçün
qonorar da fərqlidir?
– Təbii
ki, hər dilin öz qiyməti var. Ən baha tərcümələr
erməni və çin dilindən olunan tərcümələrdir.
- Bəzi
dillərdən tərcüməçi tapmaq asan deyil. Üstəlik, sizinlə əməkdaşlıq etmək
üçün tərcüməçiliklə
yanaşı, siyasi bilik də tələb olunur. Bu mənada kadr problemini necə həll edirsiniz?
–
Doğrudur. Dəfələrlə olub ki,
müxtəlif tərcümə mərkəzlərinin əməkdaşları
bizə müraciət ediblər. Lakin
onların əksəriyyəti siyasi materialları, xüsusilə
“mətbuat dili”ndə tərcümə etməkdə çətinlik
çəkirlər. Bu üzdən daha
çox jurnalistika sahəsində çalışan tərcüməçilərlə
əməkdaşləğa üstünlük veririk.
- Əslində, çox maraqlı və vacib saytdır. Amma nədənsə 4 ildə
kifayət qədər tanına bilməmisiniz…
– Bəli,
ola bilsin WorldMedia.Az-ın təbliğini
lazımi səviyyədə qura bilməmişik. Bilirsiniz, əslində, bizim layihəmiz orta statistik
oxucuya hesablanmış layihə deyil. Bizim
işimiz daha çox yerli mətbuat və dövlət
qurumları üçün nəzərdə tutulub. Ötən dövrdə AzTV də daxil olmaqla, bir
sıra media qurumları bizim tərcümələrimizdən
istifadə edib və edir. Amma yenə də,
hesab edirəm ki, bizi mətbuat daha çox izləməlidir.
- Dediniz
ki, indiyədək 2 mindən çox məqaləni tərcümə
etmisiniz. Dünya mediası Azərbaycanın ən
çox nəyindən yazır?
– Birinci
yerdə turizmdir. Siyasi mövzular da çoxdur.
Burada əlbəttə ki, Qarabağ məsələsi
öndədir.
Turizmlə bağlı, əsasən, ərəb ölkələri
və İran mediasında geniş materiallara tez-tez rast gəlinir. Xüsusilə
ərəb ölkələri KİV-i bu mövzunu diqqətdə
saxlayır.
Ermənistan mətbuatında, təbii ki, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı materiallara
çox rast gəlmək olur. Sizə bir maraqlı
fakt deyim. Bilirik ki, Azərbaycan mətbuatı
və oxucuları Ermənistan saytlarını onların rus
dili bölməsindən izləyir. Amma biz Ermənistan mətbuatını
daha dərindən araşdırdıqda məlum oldu ki,
hökumətin Qarabağ siyasəti, Ermənistan ordusunun
durumu, hərbi imkanları, Azərbaycanın hərbi və
diplomatik üstünlüyü – yəni ümumilikdə
Dağlıq Qarabağ mövzusunda sərt tənqidi məqalələr
yalnız erməni dilində dərc olunur, onların çox
cüzi hissəsi rus və ingilis dilində də
yayımlanır. Saytların rus və ingilis dili
versiyalarında, əksinə, tərif, Ermənistan ordusunun
“qüdrəti”, diplomatik “uğurlar” haqda məqalələr
üstünlük təşkil edir.
-
Maraqlı detaldır. Yəni, Ermənistan
KİV-i öz problemlərini öz daxilində müzakirə
edir, açıb-ağartmır?
– Belə
çıxır. Məsələn, Ermənistan
mətbuatında “Aprel döyüşləri” haqda çox
sayda məqalə dərc olunub və hələ də dərc
olunur – hiss olunur ki, onların “aprel yarası” hələ
sağalmayıb. Həmin hadisələrə
görə ölkənin o zamankı siyasi və hərbi rəhbərliyi
hələ də sərt tənqid olunur, bu qədər insan tələfatının,
ərazi itkisinin səbəbləri araşdırılır.
Amma Ermənistanın bu döyüşlərdəki
uğursuzluğu, ərazi və şəxsi heyət itkisi, Azərbaycanın
hərbi üstünlüyü ələ keçirməsi və
s. haqda yazıların böyük əksəriyyəti
yalnız erməni dilindədir, halbuki onu dərc edən saytda
rus və ingilis dili versiyaları da mövcuddur. Bu o deməkdir
ki, Ermənistanın kütləvi informasiya vasitələri
arasında siyasi yönündən asılı olmayaraq,
Qarabağ məsələsində ölkənin zəif tərəflərini
yalnız daxildə müzakirə etmək, real vəziyyəti
“kənar qüvvələr”dən gizli saxlamaq haqda qeyri-rəsmi
– bilmək olmaz, bəlkə də, rəsmi – razılaşma
var. Necə deyərlər, “ayıblarını eldən gizlədirlər”.
-
Açığı, dünya mediasında Azərbaycanla
bağlı dərc olunan bəzi materiallar onların
sifarişlə yazıldığı təəssüratını
da yaradır…
– Əlbəttə, olur. Əslində, bu, təbiidir,
çünki bütün dünyada müxtəlif vasitələrlə
lobbiçilik fəaliyyəti göstərilir, ölkənin
təbliğatı və ya anti-təbliğatı
aparılır və bu işdə KİV öncül yerlərdən
birini tutur. Amma bu cür yazıların
sifarişli, qərəzli olub-olmadığı ilk
baxışdan hiss olunur. Əlbəttə, bütün
tənqidlər qərəzli deyil və ola
da bilməz, bəzi tənqidi məqalədə müəllifin
və ya KİV-in tam səmimi olaraq bu fikirdə olduğu, belə
düşündüyü hiss edilir. Amma bir
çox hallarda təəssüf ki, söhbət qərəz
və sifarişdən gedir. Bəzən
ayrı-ayrı ölkələrin KİV-də, fərqli
müəlliflərin yazılarında qəribə formada təkrarlanan
tezislər, bəzən, hətta, eyni ifadələrə də
rast gəldikdə artıq bunun qərəz olduğuna
heç bir şübhə qalmır.
- Belə
başa düşdüm ki, qərəzli hesab etdiyiniz
yazıları dərc etmirsiniz…
– Obyektiv
tənqidin yer aldığı yazıları veririk. Bir yazıda hansısa beynəlxalq hüquq müdafiə
təşkilatının Azərbaycana
ünvanladığı tənqidlər yer alır, lakin ona Azərbaycan
tərəfinin cavabı da dərc olunursa, burada qərəz
yoxdur. Yəni, bizim məqsədimiz
dünya KİV-də Azərbaycanla bağlı yalnız qərəz
dolu yazıların yer almadığını göstərməkdir.
- Demək,
Azərbaycanla bağlı dünyadakı mənzərəni
siz daha yaxşı görürsünüz. Məsələn,
Azərbaycanla bağlı dediyini qərəzli yazılara daha
çox hansı ölkələrin mətbuatında rast gəlinir?
– Bu
sualı birmənalı cavablandırmaq çətindir. Ən azından ona görə ki, belə bir
statistika aparmırıq. Amma yəqin ki,
ABŞ və Britaniya mətbuatı ilk sırada olar. Maraqlısı odur ki, sifariş olduğu aydın
görünən belə yazılar əsasən bu ölkələrin
ən nüfuzlu qəzetlərində dərc olunur. Tutaq ki, ABŞ kimi ölkədə bunu təşkil
edənlərin gücünü təsəvvür edirsinizmi?
Əlbəttə ki, bu, əsasən, erməni
lobbisinin imkanlarından qaynaqlanır.
Bir məqamı da qeyd etmək istərdim. Bizimlə
bağlı sərt, tənqidi yazılar dalğasına bir
qayda olaraq, Azərbaycanda baş tutacaq hansısa əhəmiyyətli
hadisə ərəfəsində rast gəlinir. Bunu təhlil etmək artıq siyasi dairələrin
işidir, amma yaxşı məlumdur ki, hansısa dövlətə
təzyiq göstərmək lazımdırsa, bu,
özünü ilk olaraq mətbuatda büruzə verir.
-
Qayıdaq yenə saytınızın tanınması,
yararlığı məsələsinə. Müəyyən
etmisinizmi əsasən sizin oxucularınız kimlərdi?
Məsələn, dövlət qurumları sizi
izləyirmi?
– Dövlət
qurumlarını deyə bilmərəm, amma xarici ölkələrdəki
səfirliklərimiz tərəfindən izləndiyimizi bilirəm.
Bir çox səfirliklərimiz özləri
bizimlə əməkdaşlıq qurub və hətta,
çalışdıqları ölkə mətbuatında Azərbaycanla
bağlı dərc olunmuş məqalələri tərcümə
edib yaymaq üçün özləri bizə göndərirlər.
Materiallarımızın ayrı-ayrı səfirliklərin
sosial şəbəkə hesablarından
paylaşılması da diplomatik nümayəndəliklərimizin
WorldMedia.Az-ı izlədiyini göstərir.
-
Əslində, sizin layihəniz vasitəsilə Azərbaycanın
xarici ölkələrdəki səfirliklərinin nə qədər
fəal olduğunu da müəyyənləşdirmək
mümkündür…
–
Qarşıya belə məqsəd qoyulsa, bəli, analiz etmək
üçün kifayət qədər material var. Bəzi
ölkələrdə səfirliklərimiz çox fəaldır,
yerli mətbuatda Azərbaycan haqda materialların mütəmadi
yayılmasına nail olurlar,
ölkəmizə marağın artırılması üçün nələrsə
edirlər. Amma təəssüf ki, heç də
bütün səfirliklərimiz bu sahədə işini
lazımi səviyyədə qura bilməyib, bəzi hallarda bu
məsələyə xüsusi diqqətlə
yanaşılmadığı görünür.
-
Bakıda baş vermiş son proseslər – müxalifətin
mitinqi dünya mətbuatında necə
işıqlandırıldı?
– İstər Avropa, istər Türkiyə KİV-də
bu haqda xəbərlər var idi. Videogörüntülərə
də rast gəlinirdi. Lakin sırf xəbər
şəklində. Biz isə qeyd etdiyim
kimi, xəbər tərcümə etmirik.
- Xarici
telekanalları da izləyirsinizmi?
– Əlbəttə. Xarici televiziya kanallarında Azərbaycanla
bağlı gedən süjetləri tərcümə edib Azərbaycan
dilində səsləndiririk.
- Yəni,
videosüjetləri də dublyaj edirsiniz?
– Bəli,
indiyədək 100-ə yaxın belə videoreportaj dublyaj
etmişik.
- Gündə
təxminən neçə material olur? Başqa
sözlə, material qıtlığı ilə
rastlaşırsınızmı?
–
Açığı, layihənin ideyası yaranan zaman material
tapa bilməyəcəyimizdən narahat idik. Şəxsən
mən xarici mətbuatda Azərbaycan haqda bu qədər
materialın dərc olunduğunu təsəvvür etmirdim.
İşə başladıqdan sonra
yanlış təsəvvürdə olduğumuzu anladıq.
Dünya KİV-də Azərbaycanla bağlı materiallara demək
olar ki, hər gün rast gəlinir. Xüsusilə
Azərbaycanda önəmli beynəlxalq tədbir, idman yarışı
olan zaman yazılar daha çox olur.
- Fəaliyyət
göstərdiyiniz 4 il ərzində
dünya mətbuatının Azərbaycanla bağlı təəssüratında
hansı dəyişikliyi müşahidə etmisiniz?
– Müsbətə
doğru xeyli dəyişiklik var. Xüsusilə ölkədə
turizmin inkişafı fonunda Azərbaycanın xaricdə
tanıdılmasına xidmət edən yazılar
çoxalıb.
Yaralı yerimiz olan Qarabağ münaqişəsi
mövzusunda da eyni şeyi deyə bilərəm. İndi, Azərbaycanın
bu problemlə bağlı mövqeyi dünya KİV-də daha
çox, daha ədalətli işıqlandırılır.
Bu, əlbəttə ki, dövlət səviyyəsində
informasiya müharibəsində yürüdülən
düzgün siyasətin nəticəsidir.
- Bəs
mədəniyyət sahəsində? Sənətçilərimizlə,
mədəniyyətimizlə bağlı yazılar
çoxdurmu, bu mövzu əcnəbilər üçün
maraqlıdırmı?
– Belə
yazılara xüsusilə Fransa mətbuatında rast gəlinir.
- Niyə
məhz Fransa?
–
Düzü, birmənalı deyə bilmərəm, amma
bildiyiniz kimi, Heydər Əliyev Fondu Fransada hər il Azərbaycan mədəniyyətinin
tanıdılmasına, Azərbaycanın təbliğinə
hesablanmış silsilə tədbirlər keçirir. Ola bilsin, Fransa mətbuatında belə yazılara
çox rast gəlinməsi həm də bununla
bağlıdır.
- Dediniz
75-dən artıq ölkə KİV-ni izləyirsiz. Bu qədər ölkənin mətbuatını necə
izləyirsiniz?
–
Hazırkı internet dövründə, axtarış sistemlərinin
olduğu şəraitdə bu, çətin deyil. Ən populyar saytlarda hər gün axtarış
aparılır. Bununla yanaşı,
ümumilikdə “açar sözlər”dən istifadə etməklə
də Azərbaycana dair yazıları tapmaq
mümkündür.
- Gələcəkdə
layihənizi genişləndirmək haqda
düşünürsünüzmü?
– Əvvəla əlbəttə ki, PR sahəsində
addımlar atmalıyıq. Çünki bu layihə,
ilk növbədə, yerli mətbuat üçün nəzərdə
tutulub. Bizim mətbuat orqanlarımızda məsələn,
Çin, ərəb ölkələri, Ermənistan KİV-ni
izləyən, o dillərdən tərcümə edən nə
qədər əməkdaş olar ki? Təbii
ki, mətbuat orqanının əksəriyyətinin buna
imkanı yoxdur. Əslində, gərək,
bizim mətbu orqanlarımız saytımızdakı
materiallarla daha çox maraqlansınlar. Çünki
bizim materiallarımız onlara çox maraqlı mövzular
verə bilər. Bəzən elə
materiallar yayımlayırıq ki, bəlkə, həftələrlə
onun müzakirəsi aparıla bilər. Bu tərcümələr
təhlillər, araşdırmalar üçün mənbə
ola bilər. Odur ki,
mediamız ölkəmizlə bağlı xarici KİV-in
yazdıqlarını öz oxucularına daha dolğun
çatdırmaq üçün bizim tərcümələrimizdən
yararlansa, həm bizim gördüyümüz işlər
geniş auditoriyaya çatar, həm də onların işi
bir qədər yüngülləşər. Bunun üçün gələcəkdə tərcümələrimizi
bülleten formasında hazırlayıb yaymaq haqda da
düşünürük.
Bundan əlavə hesab edirik ki, sosial medianın
bütün dünyada sürətlə inkişafını nəzərə
alıb, işimizi təkcə saytları və
televiziyaları, qəzetlərin internet variantlarını izləməklə
yekunlaşdırmamalıyıq. Kadr imkanlarımızı
artırıb, sosial şəbəkələri də,
bloqları da izləməliyik ki, üzərimizə
götürdüyümüz missiyanı tam şəkildə
yerinə yetirə bilək.
Həftə
içi.- 2019.- 2-4 noyabr. S. 4.