BANM- Nəsiminin 650 illik yubileyi qeyd edilib

 

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli açılıb. Bu hər bir azərbaycanlının qürur mənbəyinə çevriləsi bir hadisədir.

Bütün bunları və dövlət başçısının İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında Sərəncamını rəhbər tutaraq noyabrın 1-də Bakı Ali Neft Məktəbi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirib.

Ədəbi-bədii gecənin açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Rektor qeyd edib ki, Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur.

Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib. Biz çox qürur duyuruq ki, ölkə səviyyəsində geniş miqyasda qeyd olunan “Nəsimi ili” çərçivəsindən keçirilən tədbirlərin tərkib hissəsinə çevrilə bildik. Bu gün həm Bakı Ali Neft Məktəbinin, həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri dahi Nəsimi yaradacılığından qəzəl, kompozisiya, şeir və bəstələr ifa edəcəklər”, – deyə rektor əlavə edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Bundan əlavə, universitet tərəfindən şairin qəzəlləri əsasında muğamlardan ibarət kompozisiya hazırlanıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, dünyada Nəsimidən başqa, insanı ilahi varlıq səviyyəsinə qaldıran ikinci sənətkar yoxdur.

Vurğulayıb ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olaraq, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətindən yoğurulan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilən ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Daha sonra Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimlərinin ifasında Azərbaycan və rus dillərində Nəsiminin qəzəlləri söylənilib, görkəmli bəstəkarımız Tofiq Quliyevin “Nəsimi” filminə yazdığı bəstələr ifa olunub, eləcə də Nəsiminin qəzəllərindən ibarət kompozisiyalar təqdim edilib.

Tədbir Sami Yusifin “Sığmazam” kompozisiyasının videorekviyemi ilə yekunlaşıb.

 

 

Həftə içi.- 2019.- 2-4 noyabr.- S. 8.