"Bütün fəxri adlarımı Arif Alışanovun vaxtında almışam"

 

Bəzən Jurnalistikanı dördüncü hakimiyyət adlandırırlar. Mətbuat ölkəyə, ictimaiyyətə, milli şüura bir güzgü tutur. İnsanların maariflənməsində rol oynayan televiziya və radio da zaman-zaman qınaq obiyektinə tuş gəlir. Milli televiziya və radio gününün yaranmasında elə də çox keçməyib. Biz bu gün daha keçmişə qayıdıb teıeviziya və radioların vəziyyəti ilə bağlı bir sıra suallarımıza cavab axtaracağıq. Müsahibimiz xalq artisti, tanınmış diktor Əli Məhəmmədoğludur.

- Əli müəllim, Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı münasibəti ilə gec də, olsa sizi təbrik edirik.

- Heç də gec deyil, hələ biz bayram ab-havasındayıq...

- Uzun müddət peşəkar diktor işləyən bir adam üçün bu bayramda hansı xatirələri yada düşür?

- Bu sual mənə ilk dəfə radioya gəldiyim günləri xatırlatdı. Mənim radioya gəlməyimin ilk səbəbkarı fizika müəllimimiz Kamal Qaradağlı idi. Kamal müəllim bizim böyük sənətkar Aydın Qaradağlı ilə əmioğlu idilər. Eləcə də Aydın Qaradağlının əmisi Şəfqət müəllim də anama Abdal kəndində birinci sinifdə dərs deyib. Qaradağlılar soyadının bizimlə hardasa bir bağlılığı var. Orta məktəbin 8-ci sinifində oxuyanda Kamal müəllim məktəbdə radio qovşağı yaratmışdı. Bir dəfə həmin radioqovşağda oxuduqdan sonra, Kamal müəllim mənə yaxınlaşdı. Dedi ki, sənin radio səsin var.  Dedim ki, Kamal müəllim, o nə deməkdir? Dedi ki, yəni sən diktor ola bilərsən. Sənin yerinə olsam bu sənətin dalınca gedərəm. Bir növ bu söz məni həvəsləndirdi. O fikirlə gəlib incəsənət institutuna qəbul oldum. Təsadüfən Rafiq Hüseynli ilə bir qrupa düşdüm. Tənəffüslərdə Rafiqə yaxınlaşırdım. Soruşurdum ki, necə diktor olmaq olar? O, dedi ki, görürəm sənin yaxşı səsin var, mənim radio ilə indi elə də əlaqəm yoxdur. Amma, bu yaxında bir müsabiqə olacaq, bir bəxtini sına. Müsabiqənin birinci şərti o idi ki, rus dilində də yaxşı bilməli idin. Ona görə ki, verlişlər iki dildə yayımlanırdı. Səsimi bəyəndilər, amma, dedilər rusca ləhcə ilə oxuyursan. Get radioya. Mütləq səni götürərlər. Mən də gəldim, qapıda Rafiqlə rastlaşdım. Aydın Qaradağlı o zaman radionun baş rejissoru idi. O səsimə qulaq asdı. Və 1967 –ci ildə təcrübəçi diktor kimi əmrim verildi. Bir də gözümü açdım ki, artıq 53 il keçib(gülür).

- Vurğuladınız ki, diktor olmaq üçün rus dili də vacib şərt idi. Bəs başqa hansı şərtlər var idi? Jurnalist diplomu alan, rus dilini bilən gedib diktor ola bilərdi?

- Yaxşı yadıma saldınız. Sən demə yaxşı diktor, yaxşı jurnalist olmaq üçün peşə təhsili lazım deyilmiş. Məsələn, bir misal çəkim. Siz də adlarını eşitmiş olarsınız, o dövrün məşhur jurnalistlər var idi - Balid Sənani, Altay Zahidov. Bunlar həm dost idilər, həm də eyni dövrdə işə başlamışdılar. Radionun ən görkəmli jurnalistləri olmasına baxmayaraq, universitetin geologiya fakultəsini bitirmişdilər. Ali savad hər şey demək deyil. Dünyagörüşlü olmaq şərtdir. İndi zamanın tələbi başqadır. Aydın Qaradağlı o vaxt kimsə işə daxil olmaq istəyən adamı, bir kənara çəkib xəritədə hansısa bir ölkəni göstərməsini istəyirdi. Hər bir jurnalist elementar siyasi biliyə malik olmalıdır. Heç olmasa öz ölkənin nazirlərini tanımalısan. Bir dəfə hansısa tv-də diktor müsabiqəsi keçirilirdi. Bir uşağa sual verdilər ki, baş nazirmiz kimdir, bilmədi.

- Məşhur diktorumuz – Aydın Qaradağlının adını çəkdiniz. Bir müsahibənizdə deyirsiniz ki, Aydın Qaradağlı gənc diktorlara müəllimlik edirdi. Bəs siz özünüz kimlərəsə bu sənətdə peşəkarlığınızdan nəsə verə bilmisinizmi?

- Ad çəksəm inciyərlər. Tələbələrim çox olub. İndiki səviyyəyə gəlib çatmağımda, o vaxtki sənətkarların əziyyəti ilə olub. Bizə də cavan bir kadır göndərilirdi. Mənə deyirdilər ki, get bir onun səsinə qulaq as. Elə bil ki, məni bu işə hazırlayırdılar. Beş il müddətində radioda baş diktor olmuşam. Onun da səbəbi Aydın Qaradağlı olub. O, çox unikal adam idi. Elə adamlara rəhbər işçilər vəzifə verməyə çəkinir. Həmişə demişəm ki, səhv edəndə baş diktordan, rəhbərdən o qədər qorxmamışam. Bizim qorxduğumuz Aydın Qaradağlı idi. Deyirdik ki, kaş hamı eşitsin, bircə Aydın müəllim eşitməsin. O bizi döyüb-söymürdü. Onun üzündə elə ifadə yaranırdı ki, yəni dur yır-yığış et, get... Onun üçün radio müqəddəs yer idi. Məzuniyyətə gedəndə məni öz yerində qoydu. Hardasa beş-altı aydan sonra dünyasını dəyişdi. Rəhbərlik də, məni baş diktor təyin etdi. Beş ilə yaxın işlədim. Anladım ki, mən nə Aydın Qaradağlıyam, nə  Ramiz Musatafayevəm. Çünki onlar böyük insanlar idi, hər işin ən yaxşısını bilirdilər.  Sadəcə ad üçün bu vəzifədə qalmaq istəmədim. Öz ərizəmlə müraciət edib, çıxdım. Çalışırıq ki, bildiyimizdən bu gün gənclərə nəsə öyrədək.

- Adətən yaşlı nəsil deyir ki, bizim dövrümüzdə diktorluq, aparıcılıq belə deyildi, elə deyildi. O zamanki diktorlar indiki diktorlardan daha çox nə ilə fərqlənir?

- Burada zaman məsələsi var. Biz indi deyirik ki, çox oxumaq lazımdır. Ancaq bizim dövrümüzdəki zaman deyil, ona görə qınamıram. Mən özüm nə qədər lazımdırsa oxumuşam, mütaliəni sevən adam olmuşam. Dünya klassiklərindən tutmuş, Azərbaycan ədəbiyyatının tanınmış simalarına qədər hamısını oxumuşam. Sonra isə gözümə mirvari suyu gəldi deyə mütaliə edə bilmədim. Dünyada mütaliədən başqa heç nə savad verə bilməz. Diktorun dünyagörüşü nə qədər çox olsa onun başucalığıdır. Bu işə ilk növbədə həvəs lazımdır. Bizim nəsil diktorlar maddi cəhətdən əziyyət çəkmişik. Amma buna baxmayaraq həvəsimiz olub. Televiziya və radio çox az evlərdə olurdu. Kitab isə demək olar hamının evində var idi, oxunurdu.

- Bir çox insanlar deyirlər ki, o vaxtkı diktorlar hazır mətnlər üzərindən çıxış edirdilər. Bu isə dinləyiciləri yorurdu. İndiki aparıcılar həm də əyləndirir.

- Bunlar ayrı şeylərdir. Mən xəbər oxuyanı diktor sayıram. Qalan işlərdə diktorluq yoxdur. İndiki xəbər oxuyan diktorlar da bilməlidirlər ki, sözün əsl və pis mənasında meymunluq eləmək lazım deyil. Xəbər ciddi oxunmalıdır. Mən yeniliyin əlehinə deyiləm. Diktorluq bir sənətdir. Diktorluq başqasının yazdığını mənimsəyib, özününki kimi qəbul edib, dinləyiciyə çatdırmaqdır. Aparıcılıq, dicceylik başqa bir şeydir. Bunu hamı edə bilər.

 - Televiziyaya baxırsınız?

- Xəbərlərə baxıram. “ATV” sevdiyim kanallardan biridir. Orada yaxşı aparıcılar var, tanıyıram, Onların xəbərlərinə baxıram. Başqa “Səni axtarıram”, “Bizimləsən” kimi verlişlərə baxanda əsəbiləşirəm. Ailə məsələlərini ictimailəşdirmək olmaz.  Seriallarımıza baxmıram. Məni çəkmir. Deyilənə görə yaxşıları var.

- Elə yaxın günlərdə MTRŞ rəhbəri efirlərdə gedən serialların əxlaqi dəyərlərə zidd olduğunu dedi.

- Nuşirəvan müəllim haqlı deyib. Türk seriallarına baxıram. O seriallarda elə şeylər seçirlər ki, millətə aidiyyatı yoxdur. O serialları yazan yazarlarda da günah var. Aşağı zövqlü tamaşaçılar var. Bu gün serial verənlər də o tamaşaçıları düşünürlər.

- Həm tv-də, həm radioda qarşınıza çıxan kobud ifadə və ya efir üçün yaraşmayan hərəkətlər gördükdə heç iradınızı bildirirsiniz?

- Təəssüf  ki, mən heç o şuranın telefon nömrələrini də bilmirəm. Özümüzdə olanda isə, zəng vurub bildirirəm. Bu vaxta qədər olmayıb, zəng edim irad bildirim, narazı olsunlar. Televiziyalarımız çoxdur. Bir-iki verlişə baxmışam, diqqətimi çəkməyib.

- Televiziya və radioya nəzarət mexanizmi sizcə qanedici səviyyədədirmi?

- Yox. Nuşirəvan müəllimin dediyi irad özlərinə də aiddir. Ora da qulaq asılmalıdır. Bəziləri deyir ki, kontrol lazım deyil. O vaxt senzura var idi. Senzuradan keçməyən bir söz belə səslənmirdi, efirə getmirdi. Senzura özü də yaxşı deyil. Amma tamam başlı-başına buraxmaq da düzgün deyil. Elə adamlar var necə gəldi danışır. Azadlıqla özbaşınalığın arasında kiçik bir sərhəd var. Özbaşınalığa yol vermək olmaz. Mütləq nəzarət olmalıdır.

- MTRŞ bizim saytımıza açıqlama verəndə dedi ki, heç bir problem yoxdur. Biz də onlara efirlərdə səslənən vulqar sözlər, kobud ifadələrlə bağlı müraciət etmişdik. Siz radiolara qulaq asırsınız yəqin. Sizcə də belə problem yoxdur?

- Düzgün mövqe deyil. Mən özüm kanalları çevirəndə elə bayağı verlişlərə rast gəlirəm. Vulqar ifadələr eşidirik. Özəllərdə daha çoxdur. Aparıclar elə verliş aparır ki...adam utanır. Özəldi deyə necə gəldi danışmalıdırmı?

 

- Tv-lərdə kadr dəyişikliyi oldu. Yeni formatlı verlişlər yayımlanır. Sizi qane edirmi?

- Mən heç vaxt gedən rəhbərin dalıyca danışılmasının tərəfdarı olmamışam. Özü də şəxsən mən gedən rəhbərdən yerdən-göyəcən razıyam. Bir adam hamı üçün yaxşı ola bilməz. Ola bilsin bu sözüm çoxuna yaxşı təsir etməz. Amma onların öz işdir. Bu mənim işimdir. Bütün fəxri adlarımı Arif Alışanovun vaxtında almışam. Mən bunu unuda bilmərəm. Dalıyca danışsam nankorluq edərəm. Ola bilər müəyyən sahələrdə səhvlərim olub. Ancaq işçilərlə münasibətdə pis olmayıb. İndiki rəhbərlik çox gözəl başlayıb. Yeni verlişlər açılıb.

- Azərbaycan radiosunda indi vəziyyət necədi?

- Təzə rubrikalar açılıb. Təzə sədr gələndən sonra maarifləndirici verlişlər efirə gedir. Həftənin dördüncü günləri “Qadın səsi” efirə gedir və s. belə proqramların sayı artıb.

- Akademiyada da işlədiyinizi dediniz. Əvvəlki kimi həvəs varmı, yeni istedadlı diktorların yetişəcəyini görə bilirsinizmi?

- Onlara düzgün ədəbi danışıq öyrədirəm. Demək olar ki, indi oxumuram, öyrətməklə məşğulam. İndiki öyrətməyim, o vaxtki oxumağımdan daha yaxşıdı, həvəslidi. Mənim öyrəndiyim adamlar elə məktəb idi ki... O məktəbi özləri yaratmışdılar. Biz də onlardan öyrəndiyimizi cavanlara ötürürük.

- İllər keçib və siz köhnə yazılarda səsinizi eşidəndə hansı hissi keçirirsiniz?

- Qəribə bir hiss oyanır. Lap cavanlıq səsimi eşidəndə az qala tanımıram. Onu sözlə ifadə etmək çətindir.

- Heç olubmu, hər hansı bir yerdə səsinizdən sizi tanısınlar...

- İnanın, bazarda çox adam deyib ki, sizin səsiniz tanışdır, radio diktoru deyilsiniz? Mən elə bilirdim radioya qulaq asan yoxdur. Bir dəfə də yoldaşımla mebel alırdıq. Orada bir qadın yaxınlaşıb dedi ki, sizin səsiniz mənə tanış gəlir. (gülür).

- Sizin üşün ən yaxşı diktor səsi kimdir?

- Bizim nəslin səsləri sanki seçilib. Yaşlı nəsildən Aydın Qaradağlı, öz nəslimizdən Yusif Muxtarovun səsi məni hər zaman çəkib.

 

Ruzbeh Məmməd

Həftə içi.- 2019.- 13-14 noyabr. S. 5.