Şair Qələndər
Xaçınçaylıya “Vintsas” mükafatı təqdim
edildi
Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda tanınmış jurnalist,
şair-publisist Qələndər
Xaçınçaylının “Dəyişmirik”
kitabının təqdimatı keçirildi. Tədbiri
filologiya üzrə elmlər doktoru, folklorşünas
İslam Sadıq açraq bu gün tanınmış və
istedadlı şair Qələndər
Xaçınçaylının ”Dəyişmirik” adlı
yeni kirabının işığına
yığışdığını dedi: “Sözügedən
kitaba son dövürlərdə qələmə
aldığı şeirləri və “Dəyişmirik”
poeması daxil edilib.
Müəllif müasirlərinin və
eləcə də bütövlükdə yeni dünya
adamının düşüncə aləminə nüfuz etməyə
çalışır. Bu aləmdə duyduqlarını
poetik sözə çevirir. Q.
Xaçınçaylının poeziya dili rəvan və
aydındır. Fikirləri başadüşülən,
qavranılandır, O, şeirlərində publisistikada
olduğu kimi, öz oxucuları ilə birbaşa danışa
bilir. Qələndərin özü kimi şeirləri də
saf və bütövdür. Onun
yaradıcılığının əsas qayəsini Qarabağ dərdi, yurd həsrəti.
bu gün işğal altında qalmış doğulduğu
Ağdam yanğısı təşkil
edir. Bir sözlə, Qələndər vətənpərvər
şairdir”.
Ədəbiyyatşünas, tənqidçi
alim Qurban Bayramov söylədi ki, Qələndər
Xaçınçaylı Kolanı elində doğulub,
böyük bir nəslin övladıdır: “Babası Behbud
kişi müsavatçı olub. Ona “Kolanı Behbud” deyə
müraciət edərdilər, çox qorxmaz kişi olub. Rus
imperiyasına, bolşeviklərə qarşı vuruşub. Azərbaycan
Cümhuriyyətinin yaradılmasında bir cəsur
döyüşçü kimi, o kişinin də böyük
xidmətləri olardı. Erməni daşnakları onun
adından qorxardılar. Qələndər də babası kimi
mərddir, istedadlı şairdir. Keçən əsrin 80-ci
illərindən ədəbiyyata gəlib. Qələndər
Xaçınçaylı öz yazılarında aktual
mövzulara, düşündürücü problemlərə
toxunur, milli-mənəvi dəyərlərin
carçısı kimi çıxış edir. Şeirlərində
də belədir. O həmişə çalışır ki,
mühüm əxlaqi-mənəvi məsələlərə
toxunsun... Qələndər Xaçınçaylı
bütün varlığı, ruhu ilə şairdir. Onun qələmi
milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin
möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin
qorunmasına xidmət edir. Mən Qələndərin Azərbaycan
Respublikası Cümhuriyyətinin
yaradılmasının 100 illiyinə həsr elədiyi
“Güllə işığında” povestinə ön söz
yazmışam. Hadisələr 20 Yanvar qırğını
günlərində və erməni
işğaıçıları ilə Qarabağda gedən
bölgələrində cərəyan edir. Çox gözəl
bir əsərdir. Qələndərin yaradıcılığının
böyüklüyü ondan ibarətdir ki, müasirliyi ilə
seçilir, köhnəlikdən çox uzaqdır,
yaradıcılığına yenilik gətirib. Real hadisələrdən
yazır. Həyatda olan insanlardan yazır, adlarını da
olduğu kimi göstərir. Bu da hər bir oxucuda xoş təəssürat
yaradır.
Bir sözlə, səmimiyyət,
saflıq, vətənpərvərlik duyğuları onun
şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən
həsrəti, Qarabağ dərdi şairin yaradıcılığının
ana xəttini, mənəvi qatını rəşkil edir”.
Onu da qeyd edək ki, təqdimatda professor Qurban Bayramov çox
şirin və munis söhbəti, qəlbəyatımlı
nitqi ilə Natəvan klubunda Qarabağ əhval-ruhiyyəsi
yaratdı. Qurban müəllim Qələndər
Xaçınçaylının
yaradıcılığını təhlil etməklə
yanaşı, tariximizə, mənəvi dəyərlərimizə
də toxunaraq, yaxın-uzaq keçmişə qayıtdı, əzəmətli
və möhtəşəm məkanı – Ağdamı
gözlərimizin önündə canlandırdı.
Şuşadan söhbət saldı, Xan əmini
xatırladı, sanki bir daha hansı yurdu erməni
tapdağında qoyduğumuzu bizlərə bəyan etdi…
Söz adamlarından Ramiz Məmmədzadə,
Allahverdi Eminov, Musa Ələkbərli, Hikmət Xudiyev, AYB
Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin,Təranə
Məmməd, Maşallah Məftun, Zaur Ustac, Sərvaz
Hüseynoğlu və
başqaları Qələndər
Xaçınçaylının
yaradıcılığından söz açdılar, şeirlərinin
özəl xüsusiyyətlərini qeyd etdilər.
Sonda şair – publisist Zaur Ustac
yazarlar adından Qələndər
Xaçınçaylıya “Vintsas” mükafatını təqdim
etdi.
Olduqca maraqlı və digər
analoji tədbirlərdən xüsusi ab-havası ilə fərqlənən
məclis (bütün çıxış və söhbətlər,
demək olar ki, Qarabağ, Vətən mövzusu üzərində
qurulmuşdu) Qələndər
Xaçınçaylının şeirlərindən
nümunələr səsləndirilməsi ilə başa
çatdı. Kitablar imzalandı, xatirə şəkilləri
çəkdirildi.
Azad Əliyev
Həftə içi.-
2019.- 23-25 noyabr. S. 7.