Əbülfəs
Qarayev UNESKO-nun baş direktoru Odre Azuleylə
görüşüb
UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak məqsədilə Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev səfər çərçivəsində UNESKO-nun baş direktoru Odre Azuleylə görüşmüşdür.
Görüşdə Azərbaycan-UNESKO əlaqələri, “Bakı Prosesi” çərçivəsində təşkil edilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyası və nəticələri, 2020-ci il VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökümətlərarası Komitəsindəki fəaliyyəti, həmçinin İraqın Mosul şəhərinin tarixi və mədəni irsinin bərpasına dəstək layihəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Xanım Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Əbülfəs Qarayevə təşəkkürünü bildirmişdir. Baş direktor Azərbaycana ilk səfəri zamanı Azərbaycanın Birinci Vitse-Prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd etmişdir.
Əbülfəs Qarayev, öz növbəsində cari ilin 19 noyabr tarixində UNESKO baş qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək forumun formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırmışdır.
Nazir Bakı şəhərinin UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinə görə təşəkkürünü bildirmiş və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləmişdir.
Əbülfəs Qarayev, həmçinin cari ilin 27 noyabr tarixində UNESKO baş qərargahında təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ümumdünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirmişdir.
Görüşdə yaradıcı sənayelərin
inkişafı və bu istiqamətdə
UNESKO ilə birgə fəaliyyətin həyata keçirilməsi
ilə bağlı da fikir
mübadiləsi aparılmışdır.
Həftə içi.- 2019.- 28-29
noyabr. S. 7.