Mikayıl Müşfiqin adını

daşıyan park yenidən qurulub

 

Mikayıl Müşfiqin adını daşıyan Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin mərkəzində 1980-ci ildə onun büstü qoyulmuş və ətrafında park salınıb. Sözügedən istirahət guşəsi uzun illərdir, baxımsız qaldığından? acınacaqlı vəziyyətə düşmüş, şairin büstü belə dağılmışdı. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən park yenidən qurulub.

Müşfiqin büstü yenilənib. Piyada yolu asfaltlanıb. Ərazidəki yaşayış binalarının həyətində təmizlik işləri aparılıb, ağaclar budanılıb. Parkın içində yaşıl qazon və mövsümi çiçəklər, güllər, bəzək ağacları və kollar əkilib. Parkın daxili yollarına və meydança sahəsinə tamet daşlar vurulub, müasirtipli oturacaqlar və “söhbətgah”lar, uşaq oyuncaqları quraşdırılıb, küçə işıqları çəkilib. Park öz gözəlliyi ilə seçilir. Sakinlərin istirahəti üçün sözügedən parkda hər cür şərait yaradılıb. Yaz havasını xatırladan  parkda çox sayda sakin var idi.  Onlar ailələri, uşaqları ilə birlikdə gəlib istirahət edirdilər. Uşaqlar Müşfiqin büstü önündə şəkillər çəkdirirdilər, güllər qoyurdular.

Qabil adlı sakin yaşı  80-i  keçdiyini söylədi: “Hər tərəf toz-torpaq içində idi, park tamamilə dağılmışdı. Hər il şairin ad günündə qonaqlar gəlib büstü önündə tədbirlər, poeziya gecələri keçirərdilər. Şairin yararsız hala düşmüş heykəlinə və dağılmış parka baxanda adam xəcalət çəkirdi. Qaradağ RİH-in göstərişi ilə parkın ərazisi təmizləndi, genişləndirildi, abadlıq, təmir-bərpa işləri görüldü. Köhnə büst götürüldü. Şairin yeni düzəldilmiş büstü isə parkın daha da görkəmli, möhtəşəm bir yerində ucaldıldı. Çox gözəl bir parka çevrilib. Hər gün gəlib burada oturub dincəlirəm, təmiz hava qəbul edirəm”.

Sakinlər söylədilər ki, var olsun dövlətimiz: “Biz sakinlərə yüksək qayğı göstərilir. Yaşadığımız qəsəbədə bizim üçün belə bir gözəl şərait yaradıblar, gözəl bir park salıblar. İsti yay günlərində gəlib dincəlirik. Uşaqlarımız oyuncaqlarla oynayıb şənlənirlər. Göstərilən diqqətə və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarımızı bildiririk”.

Qaradağ RİH başçısı Müşfiqabad Qəsəbə Nümayəndəsi Coşqun Bayramov “Həftə içi”nə bildirdi ki, yaxın günlərdə Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və  adını daşıyan parkın açılışı olub. Ölkə başçısı cənab İlham Əliyevin ədəbi ictimaiyyətə göstərdiyi diqqət və qayğının davamı olaraq, Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə adını daşıdığı Müşfiqabad qəsəbəsində, təxminən, 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan və Mikayıl Müşfiqin özünə yaraşan yeni büstlə əvəz olunmuş, parkda isə abadlıq və yenidənqurma işləri aparılmışdır. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilmiş və şairin yeni tərtibatda abidəsi ucaldılmışdır. Abidənin açılış tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak etmişdir. Qəsəbəmizdə 23 çoxmərtəbəli yaşayış binasının dam örtükləri təmir edilib, 62 lift yenisi ilə əvəzlənib. Gələcəkdə qəsəbənin daxili yolları təmir ediləcək və asfalt örtük vurulacaq. Binaların həyətlərində isə abad məhəllələrin salınması da nəzərdə tutulub.

 

Qələndər

 

Həftə içi.- 2019.- 19-21 oktyabr.- S.7.