Prezident təqaüdçüsünün 30 illik yubileyi qeyd olundu
Oktyabrın
20-də millət vəkili Sona Əliyevanın, Şəmkir
rayon İcra Hakimiyyətinin və Şəmkir Regional Mədəniyyət
İdarəsinin birgə təşkilatçılığı
ilə Şəmkir şəhərində yerləşən
Heydər Əliyev Mərkəzində müasir Azərbaycan ədəbiyyatının
yeni nəsil nümayəndələrindən olan Azərbaycan
Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü,
şair-publisist Tural Turanın anadan olmasının 30 illiyi ilə
əlaqədar olaraq yubiley tədbiri keçirilib.
Manevr.az-ın
xəbərinə görə "30 yaşlı söz- Tural
Turan 30" adlı yubiley tədbirində Şəmkir rayon
ictimaiyyətinin nümayəndələri, ziyalılar, ədəbiyyatsevərlər,
media nümayəndələri, eləcə də müasir Azərbaycan
poeziyasının üzdə olan gənc nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusibov açıb. Fəxri Yusibov bildirib ki, Tural Turan ədəbiyyatımızın 2010-cular nəslinin parlaq nümayəndələrindən biri kimi artıq özünü təsdiq edib. O, şair Tural Turanın 30 yaş ərzində əldə etdiyi uğurlardan danışıb: "Tural Turan Prezident təqaüdçüsüdür. 5 kitab müəllifidir. Əsərləri bir çox xarici dillərə çevrilib. Hətta özbək dilində kitabı çıxıb. Ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə bir neçə ölkənin mükafatları ilə təltif edilib. Onun bədii yaradıcılıq nümunələri artıq dünyanın bir çox ölkələrinin mətbuat və media orqanlarında işıqlandırılır".
Sonra yubliyarın həyatından və yarardıcılığından bəhs edən video-çarx nümayiş olunub. Şəmkirdə doğulmuş şairin xoş səs-sorağının, uğurlarının artıq ölkə hüdudlarından kənarda da eşidildiyi vurğulanıb. Qazandığı naliyyətlərdən, yaradıcılıq uğurlarından bəhs edilib.
Bundan sonra söz yubliyara verilib. Şair Tural Turan Şəmkirdə keçən uşaqlıq dövründən, ilk addımlarını məhz doğulduğu Alabaşlı kəndində atdığından danışıb: “28 oktyabr 1989-cu ildə Şəmkirin Alabaşlı kəndində anadan olmuşam. İlk şeirimi birinci sinifə gedərkən yazmışam. Orta məktəbi də Şəmkirdə bitirmişəm. İlk şeirim də Şəmkirdə “Nur qapısı” məcmüəsində çap olunub. İlk dəfə böyük Turan sevdalısı, himnimizin müəllifi, Şəmkirimizin yetirməsi Əhməd Cavaddan mənəvi qida almışam. Sonra yaş ötdükcə bəşəri şeirlər yazmağa başlamışam. Biri özbək dilində olmaqla beş kitabın müəllifiyəm”.
Ardınca şairin atası Mətləb Mustafayev çıxış edib. O, Tural Turanın hələ uşaqlıqdan saza-sözə, ədəbiyyata maraqlı olduğunu vurğulayıb: “Şeir dəftəri yox idi. Həmişə şeirlərini kağız parçalarına, qəzetlərin künc-bucaqlarına, “ağ” yerlərinə, oxuduğu kitabların arxasına yazardı. Sonra da yazdığı şeiri uzun müddət axtarardı. İndi də bu xasiyyətini tərgitmir. 30 yaşı olsa da, beş kitab müəllifidir. O, birinci şeirlər kitabından imtina etdiyini qeyd edib. Amma mənə görə xalq ruhunda, heca vəznində olduğuna görə ən yaxşı şeirləri də məhz həmin kitabdadır”.
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü Fuad Cəfərli çıxışında qeyd edib ki, Tural Turanın modern ədəbi mühitimizdə öz dəst xətti və şeirlərinin çox yüksək koloriti var. Şair Fuad Cəfərli onu da vurğulayıb ki, Tural Turan illər sonra daha çox bəşəri mövzuda yazdığı şeirlərlə xatırlanacaq: “Onun dili ağrılıdır. Şeirlərində qəmli notlar çox olsa da, qəhrəmanları ağlamır. Misraları orijinaldır. Hər şeirdə yeni elementlər, bədii gedişlər görə bilərsiniz. Onun şeirlərində portret lövhələr azdır. Hərəkətli lövhələr isə daha çoxdur. Bu isə mətni oxuyarkən oxucunu yormur. Tural Turan “30 yaşlı söz”dür.”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü Emil Rasimoğlu çıxışında Tural Turan poeziyası haqqında dövrümüzün böyük söz adamları, xalq şairləri yüksək fikirdə olduqlarını deyib: “Tural Turan poeziyada həm şəxsiyyət, həm də şair kimi bütöv imzadır. Onun şeirlərində orijinallıq pərdə-pərdə, misra-misra boy göstərir. "2010-cular nəsli"ndə öz imzasını çox tez bir zamanda təsdiq etdirməyi bacaranlardan olub. O, xarici ölkələrdə dövlətimizi, ədəbiyyatımızı layiqincə təmsil edib. Mükafatlandırılıb. Hər şairə 30 illik yubley qeyd edilmir. Tural Turan bu mənada da öz nəsildaşları arasında öndədir. O, saz-söz həvəskarı olan bir ailədə doğulsa da, ədəbiyyatımızın boyutunu daha böyük müstəvilərə daşımaq iqtidarında olan istedada sahibdir və bu yolda da uğurla addımlayır”.
Daha sonra Şəmkir ədəbi ictimaiyyətinin nümayəndələri söz alıb, çıxış ediblər. Ardınca yubiliyar yeni yazdığı şeirlərindən oxuyub. Onun şeirləri oxucular tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda şair Tural Turan oxucular
üçün kitablarını
imzalayıb. Xatirə şəkilləri
çəkdirilib.
Azad
Həftə içi.- 2019.- 22-23
oktyabr. S. 8.